İbni Abbas deyir: Peyğəmbər (s) belə buyurdu: «Mənim Əhli-beytimin məsələsi Nuhun gəmisinin məsələsi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs ondan ayrılsa qərq olar.» Zəxairul-uqba, səh-20; Əs-səvaiqul-muqriqə (İbni Həcər) Qahirə çapı, səh 84 və 150; Tarixul-xüləfa (Cəlaləddin Süyuti) səh-307; Nurul-əbsar (Şəblənci) Misir çapı, səh-114; Bəhraninin Ğayətul-məram kitabı, 237-ci səhifədə həmin hədisi sünnilərdən 11 yolla, şiələrdən 7 yolla nəql etmişdir.
Səqəleyn hədisi.
Zeyd ibni Ərqəm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Belə nəzərə gəlir ki, Allah məni Öz dərgahına də᾿vət etmişdir və Onun də᾿vətinə cavab verməliyəm. Lakin mən sizin aranızda iki ağır və böyük əmanəti qoyub gedirəm. Allahın kitabı və Əhli-beytim. Ehtiyatlı olun və görün onlarla necə rəftar edəcəksiniz. Bu iki ağır əmanət kövsər hovuzunda mənim yanıma gəlincə bir-birindən ayrılmazlar.» (Əl-bidayəti vən-nihayə, 5-ci cild, səh-209; Zəxairul-uqba, səh-16; Füsulul-mühimmə; səh-22, Xəsais, səh-30; Əs-səvaiqul muqriqə, səh-147; Ğayətul-məram kitabında bu hədis sünnilərdən 39 və şiələrdən 82 yolla nəql edilmişdir.)
Səqəleyn hədisi çoxlu sənədlərlə və müxtəlif ifadələrlə rəvayət olunan qəti və danılmaz hədislərdəndir ki, sünni və şiələr onu etiraf edərək bu barədə fikir birliyindədirlər. Bu hədisdən və onun kimi hədislərdən bir neçə mühüm məsələ aydın olur:
1. Qur᾿an qiyamətə qədər camaatın arasında qaldığı kimi, Peyğəmbərin (s) Əhli-beyti də qiyamətə qədər qalacaqlar. Yəni hər bir zamanda imam və həqiqi rəhbər mövcud olmalıdır.
2. İslam Peyğəmbəri (s) bu iki böyük əmanətin vasitəsilə müsəlmanların bütün dini və elmi ehtiyaclarını tə᾿min etmiş, Əhli-beytini müsəlmanların elm və müraciət yeri kimi təqdim etmiş və onların sözlərini və əməllərini mö᾿təbər sanmışdı.
3. Qur᾿an və Əhli-beyt heç vaxt bir-birindən ayrılmamalıdır və heç bir müsəlmanın Əhli-beytin elmindən üz çevirərək özünü onların hidayətindən yayındırmağa haqqı yoxdur.
4. İnsanlar Əhli-beytə itaət edərək onların sözlərinə sarılsalar, heç vaxt yollarını itirməzlər və həmişə haqq yolda olarlar.
5. Camaatın dini ehtiyaclarının və lazım olan elmlərinin hamısı Əhli-beytin yanında mövcuddur və hər kəs onlara tabe olsa heç zəlalətə və azğınlığa düşməz, həqiqi xoşbəxtliyə və səadətə nail olar. Yəni Əhli-beyt xətadan və səhvdən uzaqdırlar. Məhz həmin şahidlərdən mə᾿lum olur ki, Əhli-beyt dedikdə məqsəd Peyğəmbərin (s) bütün qohum-əqrəbaları və övladları deyil, dini elmlər baxımından kamil olan, xəta və səhvdən pak olan müəyyən şəxslərdir ki, rəhbərlik səlahiyyətinə malik olsunlar. Onlar aşağıdakılardan ibarətdir.
Əli ibni Əbi Talib (ə) və onun on bir övladı; Onların hər biri imamət məqamını digərindən təhvil almışdır. Rəvayətlərdə də həmin mə᾿na təfsir olunmuşdur. Misal üçün: İbni Abbas deyir ki, Peyğəmbərə dedim: Sevilməsi vacib olan qohum-əqrəban hansılardır? Buyurdu: Əli, Fatimə, Həsən və Hüseyn (Yənabiul məvəddət, səh-311).
Cabir deyir: Peyğəmbər (s) belə buyurdu: «Allah hər bir peyğəmbərin zürriyyəsini onun öz sülbündə qərar vermişdir, lakin mənim zürriyyəmi Əlinin sülbündə qərar vermişdir.» (Yənabiul məvəddət, səh-318).
Haqq hədisi.
Ümmi Sələmə deyir: Rəsuli-Əkrəmin belə buyurduğunu eşitdim: «Əli haqq və Qur᾿anladır, haqq və Qur᾿an da Əli ilə olacaqdır. Onlar kövsər hovuzunda gəlib mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.» (Ğayətul-məramın 539-cü səhifəsində bu məzmunda 14 hədis sünnilərdən, 10 hədis isə şiələrdən nəql olunmuşdur.)
Mənzilət hədisi.
Sə᾿d ibni Vəqqas deyir: Rəsuli-Əkrəm (s) Əliyə buyurdu: Razı olmazmısanmı ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun?! Yalnız bu fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq?! (Əl-bidayətu vən-nihayə, 7-ci cild, səh-339; Zəxairul-uqba, səh-63; Fusulil-mühimmə, səh-21; Kifayətu Talib, (Gənci Şafei) səh. 148-154; Xəsais, səh. 19-25; Səvaiq, səh-177; Ğayətul-məramın 109-cu səhifəsində sünnilərdən 100 hədis, şiələrdən isə 70 hədis nəql olunmuşdur.
Qohum əqrəbanın də᾿vət olunması hədisi.
Peyğəmbər (s) öz qohum-əqrəbalarını yeməyə də᾿vət etdi, qonaqlar yeyib qurtardıqdan sonra onlara buyurdu: «Mən elə bir şəxs tanımıram ki, mənim sizin üçün gətirdiyimdən daha yaxşı bir şeyi öz qövmü üçün gətirmiş olsun. Allah mənə göstəriş vermişdir ki, sizi Ona tərəf də᾿vət edim. Kim bu yolda mənə kömək edər və nəticədə mənim sizin aranızda qardaşım, vəsim və xəlifəm olar?
Hamı sükut etdi, lakin Əli (ə) hələ yeniyetməlik bir dövründə olduğu zamanda ərz etdi: Mən sənin vəzirin və köməkçin olaram. Sonra Peyğəmbər (s) əlini onun çiyininə qoyub buyurdu: Bu mənim qardaşım, vəsim və xəlifəmdir. Ona itaət edin. Bundan sonra camaat gülə-gülə Əbu Talibə deyirdilər: Məhəmməd sənə əmr edir ki, oğluna itaət edəsən. (Tarixi Əbil Fida, 1-ci cild, səh-116).
Bu qəbildən olan hədislər çoxdur. O cümlədən Huzeyfə Peyğəmbərin (s) belə buyurduğunu deyir: «Əgər Əlini mənim xəlifəm və canişinim qərar versəniz – heç də güman etmirəm ki, belə bir işi edəsiniz – onu çox bəsirətli bir rəhbər kimi görəcəksiniz ki, sizi doğru yola vadar edər.» (Hilyətul-övliya, (Əbu Ləim) 1-ci cild, səh-64; Kifayətul Talib, Nəcəf çapı, 1356, səh-67).
İbni Mərdəveyh Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Hər kəs həyat və ölümünün mənim kimi olmasını, behiştdə sakin olmasını istəyirsə məndən sonra Əlini sevsin və mənim Əhli-beytimə iqtida etsin; çünki onlar mənim itrətimdir... mənim elm və dərrakəm onlara nəsib olmuşdur. Belə isə vay olsun o kəslərin halına ki, onların fəzilətlərini təkzib edər, mənim şəfaətim belə şəxslərə çatmaz.» (Müntəxəbi Kənzül-ümmal (Əhmədin Müsnəd kitabının haşiyəsində çap olunub), 5-ci cild, səh-94)