ÜÇÜNCÜ YOL: KƏŞF (Mə`nəvi müşahidə)
İnsan və irfani idrak
İnsan fərdlərinin əksəriyyəti gündəlik tələbatını və məişət ehtiyaclarını tə`min etməklə məşğul olduqları üçün mə`nəviyyatla maraqlanmırlar. Halbuki, insanın batinində “həqiqət görənlik” adlı bir hiss vardır ki, bə`zən müəyyən şəxslərdə fəallaşaraq onları bir sıra mə`nəvi idraklara vadar edir.
Hər bir insanın (həqiqətləri və real gerçəklikləri sırf təsəvvür və xurafat hesab edən şəkkakların əksinə olaraq,) sabit gerçəkliklərə imanı vardır. O, bə`zən saf və aydın bir zehnlə, pak bir batinlə yaradılış dünyasının sabit gerçəkliklərinə tamaşa edir, digər tərəfdən dünyanı təşkil edən zərrəciklərin fani olduğunu başa düşür, dünyanı və onda olan varlıqları gözəl və sabit gerçəklikləri əks etdirən bir güzgü hesab edir. Belə ki, bu idrakın ləzzəti başqa ləzzətləri onun nəzərində çox dəyərsiz və əhəmiyyətsiz göstərir. Bununla o, təbii olaraq maddi həyatın müvəqqəti və şirin nümunələrindən əl çəkir.
Bu da məhz irfanda izah olunan “cəzb” halətidir; bu hal Allahı tanıyan insanı yüksək aləmlərə doğru seyr etdirir, pak və münəzzəh Rəbbinin höccətini insanın qəlbinə yerləşdirir, nəticədə ona hər bir şeyi unutdurur; bu məqam həmin şəxsi öz uzun-uzadı və puç arzularından birdəfəlik əl çəkməyə vadar edir, onu hər bir görülməli və eşidilməli şeylərdən uzaqlaşaraq aşkar şəkildə başa düşülən, eyni zamanda gözə görünməz Allaha sitayişə gətirib çıxarır. Həqiqətdə bəşər aləmində ilahi dinləri vücuda gətirən də məhz bu batini qüvvədir.
Arif insanlar Allaha savaba nail olmaq, yaxud cəhənnəm əzabından qorxduğu üçün deyil, Ona məhəbbət bəslədiyi üçün sitayiş edir.1 Buradan da aydın olur ki, irfan sair məzhəblər qarşısında müstəqil bir məktəb sayılmamalıdır; o, sadəcə olaraq, pərəstiş (ümid, yaxud qorxu üzündən deyil, məhəbbət əsasında olan sitayiş) yollarından biridir. Bu yol əqli təfəkkür və dini zahirlər müqabilində dinlərin həqiqətini dərk etmək üçün bir yoldur.
Təkallahlı dinlərin hər birinin, hətta bütpərəstliyin belə, bu yolla seyri-süluk edən ardıcılları vardır. Bütpərəstlərin, yəhudilərin, məsihilərin, məcusilərin və islamın həm arifləri, həm də qeyri-arifləri vardır.
İSLAMDA İRFANIN MEYDANA GƏLMƏSİ
İslam Peyğəmbərinin (s) səhabələri arasında2 yalnız Həzrət Əli ibni Əbitalib (ə)-ın yetərli və gözəl bəyan üslubu irfani həqiqətlərdən, mə`nəvi həyatın mərhələlərindən ibarət olan böyük və sonsuz ehtiyatlara malikdir. Sair səhabələrdən yadigar qalan əsərlərdə bu kimi məsələlər barədə əsla söhbət getmir. O həzrətin köməkçiləri və şagirdləri arasında Salman Farsi, Üveys Qərəni, Kumeyl ibni Ziyad, Rəşid Hicri və Meysəm Təmmar kimi şəxsiyyətli insanlar yetişmişdir ki, islam aləmində məşhur olan ariflərin hamısı Əli (ə)-dan sonra onları öz silsilələrinin başlanğıcı hesab etmişlər. Bu təbəqədən sonra ikinci hicri əsrində Tavus Yəmani, Malik ibni Dinar, İbrahim Ədhəm və Şəqiq Bəlxi kimi böyük şəxsiyyətlər də yaranmışlar ki, irfan və sufilik izhar etmədən zahidlər cərgəsində olmuş, xalq arasında haqq övliyalar, görkəmli şəxsiyyətlər kimi tanınmışlar. Amma onlar eyni halda özlərindən qabaq olan təbəqə ilə tərbiyəvi əlaqələrini də gizlətmirdilər.
Bu təbəqədən sonra ikinci əsrin axırlarında və üçüncü əsrin əvvəllərində digər bir təbəqə – Bayəzid Bəstami, Mə`ruf Kərxi və Cüneyd Bağdadi və sair şəxsiyyətlər yarandı. Onlar seyri-süluk yolunu gedərək irfan və sufilik məsləkində zahir oldular, kəşf və şühud anlamını xatırladan bə`zi sözlər deməyə başladılar; bu ifadələr zahirdə xoşagəlməz mə`nalara malik olduqlarına görə dövrün fəqih və mütəkəllimləri e`tiraz və qiyam edərək onlar üçün müəyyən çətinliklər yaratdılar. Onların çoxu ev dustağına çevrildi, yaxud işgəncə verilərək dar ağacından asıldı.
Bütün bunlara baxmayaraq, onlar öz yol və əqidələrinə müxalif olanlarla çox ciddi şəkildə rəftar edirdilər. Təriqət cərəyanı günbəgün genişlənərək yeddinci və səkkizinci hicri əsrində öz qüdrət və genişliyinin son həddinə çatdı. Bundan sonra da bə`zən irəliləyişdə, bə`zən isə tənəzzüldə olmaqla, indiki dövrə qədər öz varlığını davam etdirmişdir.1
Adları “Təzkirə” kitablarında qeyd olunan irfani şəxsiyyətlər zahirdə sünnü məzhəbli idilər. Bu gün müşahidə olunan təriqətlər də onların yadigarlarıdır.2 Onların bə`zi adət-ən`ənələri hətta şiələrə də sirayət etmişdir.
Qeyd olunduğu kimi, sünnülər inanırdılar ki, islamda irfani seyri-süluk üçün heç bir proqram və tədbir nəzərdə tutulmamışdır, nəfs barədə mə`rifət kəsb etmək yolunu müsəlmanların özləri dərk etmişlər və məhz bu da Haqqın nəzərində qəbul olunan yoldur; rahiblik də (tərki-dünyalıq) eynilə belədir. Belə ki, İsa (ə)-ın də`vətində belə bir məsələ və əqidənin olmamasına baxmayaraq, məsihilər onu özləri icad edərək məqbul hesab etmişlər.1 Buna görə də təriqət şeyxlərindən hər biri məsləhət gördükləri qayda-qanunları özlərinin seyri-süluk proqramlarında yerləşdirmiş, müridlərinə də bu göstərişləri vermiş, nəticədə tədrici olaraq geniş və müstəqil proqramlar yaranmışdır. O cümlədən, baş yellətmək mərasimi, zikrin təlqin olunması, xirqə, musiqidən istifadə olunması, ğina, zikr deyərkən vəcdə gəlmək və s.-ni qeyd etmək olar. Bu işlər bə`zən elə bir həddə çatırdı ki, şəriət bir tərəfdə, təriqət isə digər bir tərəfdə qərar tuturdu. Bu üslubun tərəfdarları əməli olaraq batiniyyəyə qoşulmuşlar. Lakin şiəliyin nəzəri me`yarlarını mülahizə etməklə aydın olur ki, islamın əsl mənbələrindən (kitab və sünnə) əldə olunanlar yuxarıdakıların tam əksinədir. Dini göstərişlərin insanı bu həqiqətlərə doğru sövq etməməsi, yaxud onun müəyyən proqramlarının bəyan edilib açıqlanmasında e`tinasızlığa yol verilməsi, yaxud da müəyyən bir şəxsin barəsində (kimliyindən asılı olmayaraq) öz vacib və haramlarını qüvvədən salması heç vaxt mümkün deyildir.
KİTAB VƏ SÜNNƏNİN NƏFS HAQDA MƏ`RİFƏT ƏLDƏ ETMƏYƏ DAİR GÖSTƏRİŞİ
Allah-taala Öz kəlamının bir neçə yerində insanları Qur`an barəsində dərindən təfəkkür etməyə, sadə, səthi idrakla qənaətlənməməyə əmr edir. Bir çox ayələrdə yaradılış dünyası və onda olan varlıqlar (istisnasız olaraq) Allahın ayə, əlamət və nişanələri kimi təqdim olunur.
Ayə və nişanə sözlərinin mə`nasında azacıq düşünməklə aydın olur ki, onlar özlərini deyil, məhz başqasını göstərdikləri üçün belə adlandır-ılmışlar. Məsələn, yol kənarında “ehtiyatlı olmaq” əlamətini göstərən qırmızı işıq qoylur və insan onu görməklə qarşıda təhlükə olduğunu başa düşür; bu zaman o, hadisə və xətərdən başqa heç bir şey düşünmür, həmin işığın özü haqda dərindən fikirləşmir. Əgər sürücü qırmızı işığın quruluşu və forması, şüşənin mahiyyəti və rəngi barədə fikirləşsə, bu halda onun təfəkkür qüvvəsində təhlükənin məhfumu deyil, şüşənin, yaxud çırağın surəti və ya rəngi qalacaqdır.
Dünya və onda mövcud olan varlıqlar da hamılıqla və hər bir cəhətdən Allahın əlamət və nişanələridirsə, deməli onların özlərinin heç bir müstəqillikləri yoxdur; hər tərəfdən görünsələr belə, yalnız pak olan Allahın göstəricisi olacaqdır. Qur`anın belə bir tə`lim və hidayətinə əsasən, dünya və onun simasına məhz bu nəzərlə baxan hər bir şəxs Allahdan başqa heç bir şey dərk etməyəcəkdir. O, başqalarının dünyanın ürəkoxşayan gözəlliklərindən dərk etdikləri şeyi bu dünyanın dar pəncərəsindən təcəlli edən sonsuz gözəlliklərə açılan bir qapı olduğunu görəcək; məhz belə olan surətdə öz varlığını əldən verərək ilahi məhəbbətə ürək bağlayacaqdır.
Mə`lum olduğu kimi bu cür idrak göz, qulaq və sair duyğu üzvləri, yaxud xəyal və əql qüvvəsi ilə həyata keçmir. Çünki bu vasitələrin həm özləri, həm də işləri ilahi ayə və nişanələrdir; Allahın varlığına dəlalət etmək, Ona doğru yol göstərmək məqamında bunların özləri unudulur.1
Allahı yad etməkdən, Ondan başqa hər bir varlığı unutmaqdan başqa bir iradə və əzmi olmayan bu şəxs Allahın buyurduğu: “Ey iman gətirənlər! Öz nəfsinizi tapın, siz (düz) yolu tapdığınız zaman yollarını azanlar sizə ziyan çatdıra bilməz”1 – kəlamını eşidəndə anlayacaqdır ki, kamil və real hidayətə şamil olan ən böyük yol onun nəfsinin yoludur; “Həqiqi Yol Göstərən” (Allah) da ona özünü tanımağı, bütün yolları arxada qoyaraq öz nəfsinin yolunu getməyi, Allahına öz nəfsinin pəncərəsindən baxmağı, bununla da özünün həqiqi istəyinə nail olmağı əmr etmişdir. Buna görə də Peyğəmbəri-Əkrəm (s) buyurur: “Hər kəs özünü tanısa Rəbbini də tanıyacaq.”2 Başqa bir hədisdə buyurulur: “Sizlərdən o kəs Allahı daha yaxşı tanıyır ki, özünü (nəfsini) daha yaxşı tanımış olsun.”
Bu yolun proqramları və seyri-süluku barəsində insanı Allahı yad etməyə əmr edən çoxlu Qur`an ayələri vardır. Belə ki, buyurulur: “Məni yad edin ki, Mən də sizi yad edim.”3 Bu barədə sair ayələri də misal göstərmək olar. “Allahı yad etmək” dedikdə məqsəd Qur`an və sünnədə ətraflı şəkildə bəyan olunan saleh əməllərdir və bunun axırında da buyurulur: “Öz Peyğəmbərinizə itaət edin.”4
İslam dininin bu yolu ilahi yol kimi müəyyənləşdirməsi, amma bəndələrə o yolla getməyə tövsiyə etməməsi, yaxud onu tanıtdırıb, lakin onun proqramlarını bəyan etməkdə qafil qalması, yaxud da bu barədə e`tinasızlıq göstərməsi necə mümkün və ya təsəvvür oluna bilər; halbuki, Allah-taala Öz kəlamında buyurur:
“Biz Qur`anı sənə nazil etdik ki, hər bir şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə qaynağı olsun.”1
Dostları ilə paylaş: |