ON İKİNCİ SUAL OSMAN QUR᾽ANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR
İkinci rəvayətdə Osmanın, Qur᾽anın imla olunmasını və yazılmasını İbni Zubeyr, Səid ibni Asa və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə tə᾽yin olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə ayələri imla etməyə tə᾽yin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun şahidi oluruq. Yə᾽ni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə tə᾽yin olunduğu göstərilir.
Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubey ibni Kə᾽bə, yazılmasının Zeyd ibni Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni Asın tə᾽yin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda nəql olunmuşdur. Lakin, orada nüsxələrə nəzarət olunması işi Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir.
İKİNCİ CAVAB QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR QUR᾽AN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə e᾽tibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.
Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:
1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:
Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,* «Tövbə» surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında «Bismillah» olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi “Tival”* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bə᾽zi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, “Ənfal” və “Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni “Tival” surəsindən sonra aralarında «Bismillah» olmadan yerləşdirdik.
2. Təbərani və İbni Əsakir, Şə᾽bidən nəql edərək deyir: Qur᾽an, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kə᾽b, Zeyd ibni Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Sə᾽d ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə᾽ ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Qur᾽anı bir yerə yığa bilmişdir.
3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Qur᾽anın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kə᾽b, Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.
4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məs᾽ud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s) bizlərə Qur᾽anı ondan, Salim Muazdan və Ubey ibni Kə᾽bdən öyrənməyimizi tövsiyə etmişdir.
5. Nəsai, mö᾽təbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Qur᾽anı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Qur᾽anı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽an, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.
İRAD VƏ CAVAB
Deyə bilərik ki, Qur᾽anın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Qur᾽anın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Qur᾽an hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Qur᾽anın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Qur᾽an hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.
Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Qur᾽anı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu tə᾽kid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Qur᾽an hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Qur᾽anı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.
NƏTİCƏ
Qur᾽anın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?
Bir anlıq fərz edək ki, elə doğrudan da Qur᾽an Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Qur᾽anın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Qur᾽anın tədrisinə tə᾽yin olunan Abdulla ibni Məs᾽uda, Muasa, Ubey ibni Kə᾽bə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Qur᾽anın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş və Qur᾽anla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tə᾽rifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mö᾽təbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Qur᾽an Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.
Dostları ilə paylaş: |