Mühasibat uçotunun hesablar Planı və onun tətbiqinə dair təlimat Bakı-1996
Q.R.Rzayev – «Mühasibat uçotu və audit», Bakı-2002
Q.Ə.Abbasov, S.M.Səbzəliyev, Ə.İ.Daşdəmirov, V.M.Quliyev, Ə.A.Sadıqov «Mühasibat (maliyyə) uçotu», dərslik, Bakı-2003
5.1. Hazır məhsul haqqında anlayış, onun qiymətləndirilməsi
Hər bir istehsal müəssisəsinin fəaliyyətinin son mərhələsi onun istehsal etdiyi hazır məhsul, gördüyü işlər və yerinə yetirilən xidmətlərlə müəyyən olunur. Hazır məhsullar o məhsullar hesab olunur ki, onlar mövcud olan standart və texniki şərtlərə, keyfiyyət göstəricilərinə uyğun olaraq tam şəkildə bütün istehsal əməliyyatlarından keçmiş, müəssisə anbarına və ya sifarişçiyə təhvil verilmiş olsunlar.
Hesabat ayında o məhsullar hazır məhsullara daxil edilir ki, onlar qəbul-təhvil sənədləri əsasında müəssisə anbarına təhvil verilmiş və ya ayın son gününün 24 saatı ərzində alıcı müəssisəyə yüklənmişdir.
Hazır məhsullar müəssisənin məhsulunun əsas hissəsini təşkil edir. Bundan başqa hazır məhsula istehsal olunan və kənara satılan yarımfabrikatlar, yerinə yetirilmiş sənaye xarakterli işlər və xidmətlər də daxildir. Sənaye xarakterli işlərə kənar müəssisələrə verilə bilər, su,elektrik enerjisi, avtoyükdaşınma və digər xidmətlər, özünün qeyri-sənaye istehsalı və təsərrüfatı, kapital qoyuluşu ilə əlaqədar işlər daxildir.
Hazır məhsullar əsasən kənara satılmaq üçün istehsal olunur, lakin onun müəyyən hissəsi müəssisə daxilində də istifadə oluna bilər.
Müasir şəraitdə məhsullar əsasən alıcı müəssisələrlə bağlanmış müqavilələr (kontraktlar) əsasında satılır. Bağlanmış müqavilə şərtlərindən asılı olaraq satılan məhsul həmin məhsulun yüklənməsindən sonra və ya alıcı müəssisə tərəfindən qəbul olunub dəyərinin malsatanın hesablaşma hesabına ödənilməsindən sonra satış həcminə daxil olunur.
Beləliklə, məhsul satışı prosesinin yerinə yetirilməsi ilə müəssisənin təsərrüfat fəaliyyəti həyata keçirilir. Bununla da müəssisə dövlət büdcəsi, bank kreditlərinin ödənməsi, işçi heyətinə əmək haqqının, malsatan təşkilatlara olan borcunun və istehsal məsrəflərinin ödənilməsini təmin etmək imkanı əldə edir.
Müəssisənin təsərrüfat fəaliyyətinin ən vacib göstəricisi olan məhsul satışının məbləğindən asılı olaraq müəssisə mənfəətinin həcmi müəyyənləşdirilir.
Deyilənlərlə əlaqədar olaraq hazır məhsulların, onların yüklənməsi və satışının uçotunun xüsusi əhəmiyyəti vardır.
Hazır məhsulların uçotu qarşısında əsasən aşağıdakı vəzifələr durur:
- hazır məhsulların anbarlarda və digər saxlanma yerlərində saxlanması və hərəkətinin uçotunun düzgün və vaxtında təşkili;
- məhsulların müəyyən olunmuş plan həcmi, çeşidi, keyfiyyəti üzrə istehsalına nəzarətin təmin olunması;
- alıcı müəssisələrlə bağlanmış müqavilələrə uyğun olaraq məhsulun yüklənməsi, satışı üzrə öhdəliklərə nəzarət olunması;
- alıcılara yüklənmiş, satılmış məhsulların (işlərin, xidmətlərin) uçotunun düzgün təşkili və alıcılarla hesablaşmaların dəqiq və vaxtında aparılması;
- hesablaşma-ödəmə sənədlərinin alıcılara vaxtında təqdim olunmasının təmin olunması, onların ödənməsi üzərində nəzarət;
- məhsul (iş, xidmətlər) satışı nəticələrinin vaxtında və düzgün müəyyən olunması;
- anbardan hazır məhsulun normativə uyğun olmasına nəzarət etmək, vaxtında normativdən artıq ehtiyatları aşkara çıxarmaq və onların satışını təşkil etməyə nəzarəti gücləndirmək;
- bütün məhsullar və onların ayrı-ayrı növləri üzrə rentabelliyi düzgün müəyyən etmək.
Dostları ilə paylaş: |