İrsi mikrosferositar anemiya
İrsi sferositoz və ya irsi mikrosferositoz (Minkovski-Şoffar xəstəliyi) klinikasına görə bir-birinə bənzəyən, lakin eritrositlərin membranindakı zülalların molekulyar quruluşuna görə fərqlənən irsi hemolitik anemiyalar qrupudur. Eritrositlərin üzərində membran tamlığının pozulması nəticəsində çox kiçik qabarcıqlar yaranır, səthi kiçilir, deformasiya qabiliyyəti azalır. Bu isə eritrositlərin ömrünün qısalmasına və dalaqdakı makrofaqlar tərəfindən parçalanmasına səbəb olur.
Xəstəlik haqqında ilk dəfə belçikalı alimlər Vanlair və Masius (1871) yazmışdırlar.Wilson (1890) bir ailənin dörd nəslinin nümayəndələrində sarılıq, anemiya, böyük ölçülü dalağın olması haqqında məlumat vermişdir.
1900-cü ildə O. Minkovskiy bir ailənin iki üzvündə sarılıq, splenomeqaliya, urobilinuriya olması haqqında yazmışdır. Xəstələrdən biri pnevmoniyadan vəfat edir və autopsiya zamanı onda splenomeqaliya, normal qara ciyər və öd kisəsində piqment daşları aşkar olunur.
1907-ci ildə isə Chauffardilk dəfə olaraq müəyyən etdi ki, belə xəstələrdə eritrositlərin osmotik rezistentliyi azalır, retikulositlərin miqdarı artır. Hər iki alimin bu sahədəki tədqiqatları nəzərə alınaraq xəstəliyi Minkovski-Şoffar xəstəliyi adlandırdılar.
Xəstəliyin rastgəlmə tezliyi Şimali Avropa ölkələrində 1:4500 nisbətindədir. Yaponiyada və Afrikada daha az təsadüf edilir.
Xəstəlik əsasən autosom-dominant yolla irsə verilir. Ancaq autosom-resessiv yolla da irsə verilməsi inkar edilmir. Xəstənin valideyinlərindən birində mikrosferositoz olur. Bəzən uşaqda xəstəlik ağır keçir, ata və ya anasında isə yalnız müayinə zamanı mikrosferositoz aşkar olunur. 20-25% halda irsiyyəti aşkar etmək mümkün olmur. Dominant irsə verilən xəstələr əksərən heteroziqot olur, lakin homoziqot variantı da ola bilir. Bu variantda xəstəlik daha ağır keçir.
Dostları ilə paylaş: |