Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə151/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   147   148   149   150   151   152   153   154   ...   238
13. ALTI ŞAHILIQ RUZU
I mətn

Bir dənə şəxsi olur, bir oğlan. Onun məşkulatı oyumuş ku, kəndirini götürürmüş, baltasını götürürmüş, gedirmiş meşədən bir şələ odun yığırmış, gətirip satırmış. Eşitmisən munu? (söyləyici sua­lı toplayıcıya verir – top.). Satır altı şaaya, gətirir verir çörəyə, yeyir. Bir günnəri deyir:

– Ə, mən nə vaxdatan günümü çürüdəjəm belə? Bir şələ odun gətirirəm, verirəm altı şaaya, yeyirəm.

Çıxır durur yolun qırağında. Görür kü, Allah-talaynan danışan varımış dana, icazə alır, gedir Allah-talaynan söhpət eləməyə. Deyir:

– Sən allah, mənim ərzi-bəndəliyimi Allaha elə, görüm mən nə vaxdatan bu kəndirnən, balteynən dolanajam. Altı şaaya verirəm, altısını da gətirirəm verirəm çörəyə, yeyirəm.

Gedir Cəbreyil Allah-talaynan danışanda deyir ki, oğlanın şikayəti saa agahdı dana. Deyir mən nə vaxdatan altı şaheynən dolanajam. Bunnan artıx maa bir dolanışıx var, yoxdu?

Deyir:

– Yox, onun taleyinə altı şaa yazılıp. Onnan artıx onun tale­yində yoxdu.



Belə deyənnən sora Cəbreyil gəlif deyir ki, Allah-tala deyir onun taleyinə yazılan altı şaadı. Deyir:

– Altı şaadı, altı şaadı, heş oduna da getmiyəjəm, bəlkə Allah-tala yetirəjəh burda.

Oğlan yatır, durur. Nəysə, axşam düşür, durur döşəhcənin ora­sını, burasını qurtdalıyır. Görür heş altı şaa gətirip ora qoymu­yuplar. Altı şaa yerində yoxdu. Qalır məhətdəl. Səhərdən yatıp axı, ajdı. Oğlan durur gərnəşə-gərnəşə çıxır küçüyə, baxır, görür bevaxdı. Qalır aj, altı şaadı yoxdu. Qalır belə.

Bunun qonşuluğunda bir qazı varımış. Bu qazı bütün qazıları qonax çağırır, bu axşam çağırıfmış. Deyir ki, ay arvat, bir şey bişirmisən, düzəltmisən? Qazılar gələjəh bu saatı. Arvad deyir ki, bir adam tapseydin, bir az odun yarardı. Darvazadan çıxır çölə, görür – bu oğlan həmişə odun daşıyandı dana – bala-bala bura gəlir. Deyir:

– Gəl birəz odun yar maa, hakqı da verəjəm.

Bunun da canınnandı bu. Gəlir odunu-zadı yarır, tökür bəri­dən əynə. Deyir ki, ay arvat, beyjə bizə bir əl buyruxçusu lazımdı, qonaxların əlinə su gəzdirə, su verə. Nağayrax?

Deyir:

– Elə bizim ayrı adamımız yoxdu da hərrənə. Bunun əynini-başını geyindirəh, beyjəlih bizə burda qullux eləsin, bu gələnnərə.



Nəysə, deyir:

– Get üzuu-gözuu qırxdır.

Nəysə, qırxdırır oğlanın üzünü-gözünü. Birəz də paltar verir müvəkqəti, deyir:

– Bunu geyin əynə. Mənim qonaxlarım gələjəh, su gəzdir onnarın əlinə. Təmiz olsun əyin-başın.

Oğlan geyinir, olur bir şukarnı* oğlan. Qazılar gəlir, oturur, başdıyıllar söhpət eləməyə. Nəysə, bunun böyüh yoldaşdarı, molla­lar, qazılar bu əv yiyəsinə deyir:

– Qazı, bu hərrənən kimdi?

Day bu utandığınnan deyir ki, qardaşım oğludu.

– Qardaşın oğludu?

Deyir:

– Hə.


Deyir:

– Bilirik ki, sənin siyapərdə** bir dənə qızın var. De görək o qızıı buna adaxlı eləmisən, yoxsa yox.

Deyir ki, yox. Deyir:

– Pahoo, sən düz eləməmisən – qazılar deyir buna. Sən düz eləməmisən. Bəs yaxşı, sənin gül kimi qardaşın oğlu burda hərrənir, sən niyə munu adaxlı eləməmisən? Biz heş sənin çörəyii də yemirih.

Qazı qalır məhətdəl. Görür kü, bunnar durup getsə olmu­ya­cax. Qazılar deyir ki, biz indi bunnarı göndərəciyik kəbin məcli­sinə, kəbin kəsəciyik bunnara. Kişi qalır aciz. Deyirlər ki, kimdi qız tərəfdən vəkil. Kişi deyir:

– Özüməm.

Yaxşı, oğlan tərəfdən kimdi? Deyir:

– Özüməm vəkil, heş kəs dəyil – oğlan tez deyir. Oğlan özü olur vəkil. Kəbini qeyd eliyillər. Eliyənnən sorasına bunnara qullu­ğunu bitirir. Aşağı-yuxarı, nəysə, suyunu paylıyır, eliyir. Bunnar yeyillər, içillər. Deyillər mübarəhdi, durup çıxıllar.

Çıxannan sorasına qazı deyir:

– Bala, gedirəm həmən pulu verəm, sıyğanı geri oxutduram. Çıx get əvına.

Deyir:

– Əşi, sən arvadını boşa, mən də boşuyum, niyə boşuyuram? Vəkil özüm olmuşam, mən icazə vermirəm.



Qazı qalır məhətdəl.

– Əgər mənim yerimə vəkil varsa, o icazə versin, mən icazə vermirəm. Sən arvadını boşa, mən də boşuyum.

Kişi qalır məhətdəl. Deyir:

– Ə, mən nejə əngələ keşdim e, mən nağayrım?

Kişi deyir:

– İrast kı belədi, – heş qızını muna görkəzmir, – gə tükan açım, səni qoyum tükana.

Gedir, nəysə, bir tükan açır, butğa açır, qoyur içinə, deyir:

– Satış elə.

Bu oğlan da adamları çağırır, deyir:

– Ə, bura gəlin, sizə şey verəjəm.

Onu çağırır, halva verir, bunu çağırır filan şey verir. Kişi gəlir, baxır, daxılı çəkir bəri, görür qəpih də yoxdu. Deyir:

– Bəs pulu neyləmisən?

Deyir:

– Allah hakqı, satdım birdəfəlik qutardım da malın hamısını.



– Bəs hanı pulu?

Deyir:


– Əşi, pul nədi, verdim uşaxlara, yedi getdi.

Deyir:


– Nəhlət şeytana, nə pis əngələ düşmüşəm – kişi deyir e.

Kişi bir gün eşidir ki, tacirrər yığışır, hamısı gedir alverə, uzax şəhərrərə. Deyir ki, bala, gəlsənə səni də qoşax tacirrərə dana, bizə bir xeyir gətirəsən. Oğlan qalır ələşsiz dana. Deyir:

– Gedərəm.

Deyir:


– Onnar mal alıp, burdan aparıp orda satır, ordan gətirip burda satır. Saa biz nə alax verəh?

Deyir:


– Mana iyirimi qatır, otuz qatır yükü çörəh bişirtdir yığ çuallara.

Deyir:


– Neynirsən?

Deyir:


– Nə işaa qalıp. Mən də çörəh aparajam.

Nəysə, kişi deyir, arvat deyir:

– Neynək, olmasın bir anbarın taxılı.

Nəysə, çağırır qonşudan arvatdarı yığır. Bişirtdirir yığır çual­lara. Tacirlər yola düşəndə qonşular çualları qatırlara yüklüyüllər. Bunnar çox gedir, az gedir, xeylax getmiş bir dəryanın qırağında bu oğlan deyir:

– Mən burda qalajam, getmiyəjəm.

Bunnardan ayrılır, qalır dənizin qırağında. Bunnar çıxır gedir, hamısı gülüşür. Deyir:

– Hə, filan qazının yeznəsi yaxşı alver eliyəjəh. Çörəh gətirip, neyliyəjəh bu çörəyi?

Bir dəryanın qırağında bu tərəf kəntdi, bu tərəf dəryadı. Nəy­sə, burda yükünü açır, qoyur yerə, burda qalır. Hər səər tezdənnən durur, çualın birinin ağzını açır, çörəyi silkəliyir dəryaya. Dəryada balıxlar yeyir, kefləri sazdaşır.

Xəbər gedir balıxlar patcahına kı, bir dənə şəxsi var, çörəynən sirab eliyip*. Gündə nəğədə bizə çörəh verir. Yeyirik, əməlli başdı olmuşux. Balıxların patcahı deyir ki, siz də dənizdən hərəniz bir dənə ləl-cəvahir tulluyun qırağa, oğlan götüsün.

Oğlan səhər-ertə durur görür, vallah, orda nəysə işım-işım işıldıyır. Gün düşür, şafakı yanır. Bunu gedir götürür, görür qızıldı. Mən bunu neyliyim, hara yığım? Kəndin uşaxları yığışır bunun başına, deyir:

– Əmi, sən niyə düşmüsən bura, əmi nağayrısan, neyliyirsən?

Deyir:


– Bala, sizə pul verəjəm. Heyvan saxlıyırsınız?

Deyir:


– Hə.

Deyir:


– Gedin onun, ayıb olmasın, peyininnən yığın, gətirin bura, yapba qayırajam. Günün qabağına qoyup qurudajam.

Uşaxlar, puldu də, pulun ujunnan gedillər, yığıllar, gətirillər bedirə-bedirə. Bu gətirir bu qızılları qoyur bu peyinin içinə, tolpa­lıyır qoyur günün qabağına, quruyur. Quruyur, yığır çuala. Neçə gün qalır burda. Heylə bu qatırları yığır, yükünü düzəldir, bir dənə qatırın yükünə qızıl qoymur. Elə-belə qurudurmuş, anırı qoyup qa­tırı yük­lüyür. Bir də görür kü, bunun bu zəvvar yoldaşı gəldi. Gələndə deyir:

– Nağardın, a qazının yeznəsi? A qazının alverçisi, neyləmisən?

Deyir:


– Vallah, bu dee, mən də gətdim çörəyi, yaxşı yappa qurut­muşam. Aparram qazıya.

Gülüşüllər. Düşüllər yola, gəlillər. Gələndə yolda bir çouğun başdıyır. Çouğun başdıyanda gülüşə-gülüşə bir yerdə səhman tapıl­lar. Deyir:

– Ə, çouğuna düşəjiyih, ojax qalıyax, birəz özümüzü isidəh. Nə qalıyax, nağayrax?

Deyir:


– Ə, nolajax, bir qatırın yükünü ver, yandırax dana. Çox olar, gedərih qazının yanında hakqını verərih, – deyəndə bu axı bilir ki, bir qatırın yükü elə-belədi, – deyir:

– Yaxşı, mən burda heş ona qiymət qoymuyajam. Gedərih ağamın yanına, siz də yığışıp gələrsiz, ağamın yanında nə qiymət qoyar onu verərsiz.

Gətirir bu içində qızıl qoymadığını verir, bunnar tökür yan­dırır. Yandırıllar, qızışıllar, nağayrıllar, duruf yühlənillər. Gəlillər, hərkəsdən dağılışır öz evinə. Gəlir çatır evinə. Qazı görür kü, səni, oğlan gəldi çıxdı. Deyir:

– Ay arvat, qapını aş, qatırrarımızın bağı qırılar, hayıfdı.

Nəysə, bunnar danışıllar. Deyir ki, bəs bunnarı hara yığım?

– Əşi, apar yığ kuma* dana, apar yığ kuma.

Deyir ki, yox, yox, yaxşı yerə yığmax lazımdı. Yağış yağar, isdadar. Aparır yığır bir tilin** altına, ağzını qayırır, gəlir.

Gəlir bunun yoldaşdarı, kəndin bəzi adamları kı, o malını batırdı, gedək dil-ağız eləməyə. Deyir ki, həm də biz bu işə gəlmi­şik ki, sənin adamının bir dənə yükünü yandırmışıx yolda. Onu qiymət elə, qayıdax çıxax gedək. Deyir ki, əşi, bu da bunun on maatı. Deyir:

– Yox, nə maa beş maat lazımdı, nə on maat. Onun bir dənə-sini gətirəh salax suya, əridəh. Ağalarım nə qiymət qoysa, onu verin.

Bir əz də gülüşüllər. Nəysə, arvada deyir ki, get maa bir bedrə qaynar su gətir. Arvad gedir bir bedrə qaynar su gətirir. Bir əz də gülüşüllər. Gətirir bu suyu qoyur ora, gətirir o kökənin birini salır onun içinə. Salanda görüllər nəə, axçalanır***, adamın gözü qama­şır, par-par parıldıyır. Deyir ki, hə, mən verdiyim yük bunnandı, nə qiymat qoyursuz verin. Baxıllar, deyillər ki, biz atımızı da, qatırı­mızı da versəh, heş bunu ödəmiyəjəh, bunun hələ bir kökəsini. Qalıllar məhətdəl. [Qazı] tez oğlanı yannıyır, deyir:

– Bala, hamısı bunnandı?

Deyir:


– Əşi, dayan hələ.

Nəysə, bunu qiymat eliyillər, durup gedillər. Kişi deyir buna ki, dur bala, dur get hamama hamamlan, üzünü-gözünü qırxdır. Neçə vaxdı yoldaşınnan nakamsan. Bəs zad elə, gəl yoldaşınnan birrəş.

Deyir:

– Yox, gedirəm sıyğanı geri oxutduram.



Deyir:

– Ay oğlan, Allaha bax, tanrıya bax, nə danışırsan sən? Get-ginən hamamlan gəl ayləən yanına.

Nəysə, bu birəz naz satır, gedir. Yuyunur eliyir, bunnar uje kə­bin­­nidi dana, birrəşillər. Bu yaxşı varranır, gətirip dana, hər şey gətirip.

Bir günnəri gənə gedir çıxır yolun ağzına, deyir:

– Ya Cəbreyil, Allah-talıya deynən ki, bəs maa deyir ki, kiş­si­nin* altı şaaddı. Bəs niyə, mən belə varranmışam.

Allah-tala deyir:

– Get o şəxsiyə deynən ki, gejə yerini ayrı salsın. O qismət, o talee qızınkıdı. Elə onun baxtında, taleyində altı şaa var. O gəlininki gətirip ha, kəbin olannan sora gətirdiyi var-döölət onunkudu. Yerini ayrı salsın, ayrı yatsın, görəjəh.

Gejə yerini ayrı salır, görür həmən kəndirdi, həmən düsərdi** göydən asılıp. Deyir:

– Vay, əvi yıxılan canım, onun taleyinəymiş bu gəlirin hamısı.

Hə, indi, ay bala, bu belə getdi.


II mətn

Bir kişi olur. Bunun bir arvadı olur. Bu kişi gileylənir. Allah­dan gileylənir ki, mən nəkqədər tikan qırıram, odun şələsi gətiri­rəm, balacasını da gətirəm, yekəsini də gətirəm, bir abbasıya veri­rəm. Qurban olduğum Musa peyğəmbər gedəndə bunun qabağını kəsir. Deyir ki, Allahnan kəlmələşəndə mənim də arzumu deynən ona. Qurban olum Allaha.

İndi oların məsləhətdəşmə yeri var. Allah-tala bunun görükür gözünə. Məsləhətdəşəndə dediyini deyir, demədiyni demir. Qayı­dan­da deyir ki, axı sən gələndə bir adam bir amanat demişdi sana, niyə demirsən.

Deyir:


– Qurban olum, bağışdaginən. Bəs belə-belə.

Deyif ki, get ona deynən ki, elə onun urzası odu, onnan artığ ola bilməz.

Bu qayıdır gəlir. Yoldan keçəndə gözdüyürmüş dana kişi də. Gəlib deyir ki, noldu, nə dedi Allah?

Musa peyğəmbər dedi:

– Dedi ki, vallah onun urzası odu.

Qayıdır gəlir. Arvadına deyir ki, uşaxları da götür, çıxağ ge­dək. Bu vilayətdə mən qalmıram, buranın Allahı bizə kömək eləmir. Arvat da hamilə imiş. Bu arvadı da götürüf çıxıb gedillər. Gedillər, məsələn, gedib Tehranda yerləşillər. Arvad deyir:

– Evin tikilsin, civində bir maatın yox, mən də hamilə, uşağ dünyaya gətirəcəm. Bəs nağarağ, yeməyimiz-işməyimiz.

Görür üş-dört adamdı darvazanın ağzına yığışıflar. Gedif ora. Deyir:

– Nə danışıxdı, nədi?

Deyir:


– Bu mülkün yiyəsi satır buranı.

Deyir:


– Neçiyə satır?

Deyir:


– Beş yüz tümənə.

Deyir:


– Qardaş, get, səhər bu vaxtı gələrsən, beş yüz tüməni mən­nən alarsan. Mən aldım sənin mülkünü.

Bular dağılır, bu ev yiyəsi də çıxıb gedir. Arvadı da götürür, gedir içəri. Deyir:

– Evin yıxılmasın, civində bir köpük yox. Səhər, günorta gələ­cək də bu adam, bəs sən buna nə verəssən? Dur heç olmasa onun qapısındakı ağaşların divini qazıginan, gələndə görsün ki, səriştən var, işdiyirsən, bir gün, iki gün artırar da vaxtını.

Deyir:


– Düz deyirsən, arvat.

Durur lapatkanı götürür. Birinin divini qazır, ikincinin, üçün­cü­nün, dördüncüdə görür ki, lapatkaya nəysə dəyir. Görür ki, bir küp qızıldı. Küpü götürür, gəlir içəri. Səhər bu mülkün yiyəsi gəlir. Deyir:

– Qardaş, gəlmisən?

Deyir:


– Hə.

Deyir:


– Neçə tümənə demişdin?

Deyir:


– Beş yüz tümən.

Çıxarır şapbaşap beş yüz tümənini verir, gedir. İndi həmən peyğəmbər gedəndə genə deyir ki, mənnən Allah-talaya salam dey­nən ki, deyirdi axı sənin günruzan elə bir abbasıdı. Bu Allahın mən­nən xoşu gəlir, mənim bərəkətimi artırdı. Bu gedir deyir. Deyir:

– Ona deynən ki, verdiyim urzu var haa, onun deyil. Ananın bətnindən uşağ gəldi dünyaya, onundu. O uşağındı urzu.

Orda qalseydi o uşağ o urzunu görəceydi? Allah onu gətirif ey bura.

Gəlif bunnan görüşəndə deyir ki, Allah nə dedi? Axı bu buna demişdi ki, o biri Allah mənnən düz dolanmırdı, bu Allah yaxşıdı. Elə bilir ki, hər şəhərin öz Allahı var. Deyib:

– Ə, o ruzu sənin deyil. Nə sənindi, nə arvadın, o körpənin ruzusudu. Onu Allah ona verib.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin