Ключевые слова: дастан, любовь, дастан «Гурбани», стих, суфизм, символ, элемент
Azərbaycan folklorunda məhəbbət dastanları xüsusi yer tutur və epik folklorda əhəmiyyətli mövqeyə malikdir. Məhəbbət dastanlarının əhatə olunduğu rəmz və məcazlar aləminə nəzər salmaqla dastanlarda işlənən ayrı-ayrı söz və ifadələrin daşıdığı məna yükünü açmaq mümkündür. Dastan şeirlərini diqqətlə oxuduqda görürük ki, bunların əsasında təsəvvüfi simvollar üstünlük təşkil edir. Dastanların əsasını təşkil edən təsəvvüf fəlsəfəsinin yaratdığı irfani rəmzlərin köməkliyilə dastan şeirlərinin poetik xüsusiyyətlərini öyrənmədən onu dərk etmək qeyri-mümkündür. Azərbaycan məhəbbət dastanlarından «Qurbani», «Leyli və Məcnun», «Əsli və Kərəm», «Abbas və Gülgəz», «Aşıq Qərib» və başqa dastanlar təsəvvüf çalarları ilə zəngindir. Xüsusən də dastan şeirlərində təsəvvüf elementləri özünü daha çox göstərir.
Azərbaycan məhəbbət dastanlarından «Qurbani» dastanı da bu baxımdan diqqəti xüsusi cəlb edir. Dastanın nəzm hissəsinə nəzər saldıqda görürük ki, bunlarda təsəvvüf simvol və elementləri kifayət qədərdir. Məhəbbət dastanlarında eşq anlayışı daha qabarıqdır. Belə ki, aşiq bütün gözəlliklərə Tanrının hüsnünün inikası kimi baxır, Allahı sevdiyi üçün onun yaratdıqlarını da, o cümlədən bütün bəşəri gözəllikləri və bütün gözəllikləri özündə cəmləşdirən sevgilini də sevir:
Cəbinin təcəlla, camalın günəş,
Külli-şeyin halik-Allah deyibdi.
İki qabi-qovsun, qürrətüleynin,
Bilmirəm qanıma nə susayıbdı (1, 220).
Nümunədə gözəlin hüsnünü tərif edən aşiq əslində Allahı vəsf edir.Dastan şeirlərində təsəvvüfi simvol kimi eşq mövzusu başlıca yer tutur və əslində Allah sevgisini ifadə edir. Məhəbbət dastanlarında aşiqin məhəbbəti Haqqa olan məhəbbətdir, yəni Haqqa, Tanrıya aşiqlikdir. Ona buta verilən məşuqə isə Allahın insanda təcəllasıdır. «Təsəvvüfdəki mənası həqiqi sevgili Allaha olan həqiqi eşqdir. …Təsəvvüfə görə, eşq məcazi (keçici) və həqiqi (əbədi, ilahi) olmaqla ikidir. Həqiqi, yəni əbədi eşq Allah eşqini, Allaha insan sevgisini əks etdirən eşqdir. Məcazi eşq isə… Allahın yaratdığı bütün varlıqlara duyulan eşqdir, məhəbbətdir. Çünki insan bu sevgi ilə yenə də Tanrını, onun təzahür etdiyi varlıqları sevmiş olur. Məcazi, yəni keçici eşq əbədi eşqə bir hazırlıqdır» (7, 117). Məhəbbət dastanlarında da həqiqi, ilahi eşq başlıca mövzudur və əslində sevgiliyə, insana yox, Allaha olan məhəbbətdən danışılır. Bu baxımdan «Tanrının eşqlə qavranılması fikri sufizmdə başlıca məsələdir» (11, 80). Bu barədə prof. M.Cəfərlinin də fikirləri maraqlıdır: «Təsəvvüfdə məcazi və İlahi məhəbbət var. Məcazi məhəbbət qadınadır. İlahi məhəbbət isə bu qadında təcəlla etmiş mütləq başlanğıca – İlahinin özünədir. Məhəbbət dastanlarının baş qəhrəmanları haqq, yəni Allah aşiqidirlər (4, 102). Təsəvvüfdə eşqin insanın mənəvi aləminə təsiri, aşiqdə yaratdığı ruhi-psixoloji vəziyyət özünü aydın şəkildə göstərir. Məhəbbət dastanlarında yüksək sənətkarlıqla işlənmiş eşq parçaları, aşiqanə qoşmalar, gəraylılar sevgi hisslərinin həyatiliyini təsdiq edir.
Demək olar ki, məhəbbət dastanlarının bütün qəhrəmanları eşq badəsini içdikdən sonra əbədi sevdaya düşmüş, bu yolun əbədi yolçusu olmuşlar. Əslində eşq Tanrının bir lütfüdür və hər kəsə qismət olmur. Bu ancaq Məcnuna, Kərəmə, Qəribə, Qurbaniyə və digər aşiqlərə qismət olan Allahın bir lütfüdür.
Məhəbbət dastanlarında adı tez-tez xatırlanan poetik obrazlardan biri Həzrət Əli (ə.) obrazıdır. Adətən dastanlarda eşq badəsi müqəddəslər tərəfindən içirilir. Belə müqəddəslərdən isə əsasən Həzrəti Əlinin (ə.) adı xatırlanır. Belə ki, məhəbbət dastanlarında aşiqə eşq badəsini içirən, buta verən əksər hallarda Həzrəti Əli (ə.) olur. Təsəvvüf dünyagörüşünün əsas ideya daşıyıcıları kimi aşıqların erkən orta əsrlərdə hər hansı hücumlardan, təzyiqlərdən qorumaq üçün xalqda onlar haqqında müəyyən müqəddəslik təsəvvürü yaratmaq lazım olduğunu göstərən folklorşünas M.Qasımlı bu barədə yazır: «…aşıqlara ilahi tərəfindən vergi verilməsi, Həzrət Əlinin əli ilə badə içirilməsi, onlara qırxlar, ərənlər, nurani pir-dərvişlər məclisindən pay çatması kimi müqəddəslik qeyri-adilik təlqin edən fikirlər təriqət xətti ilə xalq arasında yayılırdı. Həmin təbliğat əsasən dastanlar, müxtəlif dərviş rəvayətləri, mənqəbəvi-fantastik hekayətlər vasitəsilə aparılırdı. Uzunmüddətli və ardıcıl təbliğat əsasında xalq təsəvvürünə yeridilmiş himayəçi-qoruyucu məzmun haqq aşıqlarına həsr olunmuş bütün dastanların («Qurbani», «Abbas-Gülgəz», «Aşıq Qərib», «Yetim Aydın» və s.) süjet xəttində bu və ya digər dərəcədə öz əksini tapmışdır» (12, 103-104). Folklorşünas F.Bayat da eşq dastanlarında vergi alıb haqq aşiqinə (aşığına) çevrilən qəhrəmana verginin Həzrət Əli tərəfindən verildiyini qeyd edir: «Bir qayda olaraq vergini verən istər dərviş olsun, istər saqi olsun, istər nurani qoca olsun, istər Xızır olsun, istər qırxlar olsun, bütün hallarda Hz.Əli kultu ilə bağlıdır (3, 358). Dastandan da göründüyü kimi eşq badəsi Qurbaniyə məhz Həzrəti Əli (ə.) tərəfindən verilir:
Mənə badə verib Həzrəti Əli,
O nə ki, buyurub demişəm: – Bəli,
Qurbaninin fikri, zikri, xəyalı,
Axır ki, mətləbi Pəri xandadı (1, 215).
Dastanın Diri versiyasında da eşq badəsini Qurbaniyə verən yenə də Həzrət Əlidir (2, 109).
Təsəvvüfdə Kəbə sözü müxtəlif irfani məzmuna malik şəkildə işlənir. Kəbə – «Beytullah», yəni Allahın evi adlandırılır. Sufilər Kəbəni möminin qəlbi ilə müqayisə edirlər, yəni sufilərə görə möminin qəlbində Allahdan başqa heç bir şey olmadığına görə, ora Allahın evidir. «Təsəvvüfi lüğətlərdə Kəbə müxtəlif mənalarda – Vüsal məqamı (Əraqi), təriqət incəlikləri (Lətifeyi-Ğeybi), vəhdət məqamı (Mirati-Üşşaq) və s. kimi şərh olunur» (10, 315-329). Lakin bəzi dastanlarımızda gözəli sevən, onun vüsalına çatmağı arzulayan qəhrəman gözəlin simasını, gözəlliyini Allahın müqəddəs evi hesab olunan Kəbə evi ilə müqayisə edir. «Qurbani» dastanında da eyni motivin izləndiynin şahidi oluruq:
Sevgilimin qaşı Kəbə küncüdü,
Mən öləndə kimlər onu yöncüdü?
Ağız süddü, diş dürr, dəhan incidi,
Sərraf mənəm, nar almağa gəlmişəm (1, 233).
Burada da Qurbani sevgilisini vəsf etməklə, qaşını Kəbə küncü ilə müqayisə etməklə əslində yenə də Allaha olan sonsuz məhəbbətini izhar etmişdir. Bu nümunələrdə dünyəvi gözəllik sufi məzmun kəsb edir, müəyyən mənada bir-birini tamamlayır.
Məhəbbət dastanlarında zülf simvolu bol-bol işlənmişdir. Belə ki, dastan qəhrəmanları gözəlin simasını, hüsnünü, eyni zamanda zülfünü tərənnüm etmişlər. Məhəbbət dastanlarında ənənəvi rəmz olan zülf gözəllik simvolu kimi dastan şeirlərində, qoşma və gəraylılarda, xüsusən gözəlləmələrdə daha çox işlənmişdir. Belə ki, aşiq sevgilisinin saçlarını müxtəlif vəziyyətlərdə təsvir etmiş, onun cazibədarlığı qarşısında heyrətini tərənnüm etmişdir. Gördüyümüz kimi, bu ənənəvi simvol bütövlükdə bütün məhəbbət dastanlarına məxsus təsvir elementidir. Hətta bəzi hallarda qəhrəman sevgilisinin zülflərini özünün dini-imanı bilir:
Qurbani der: zülfün ucu xəyətdi,
Qurandakı qulhuvəllah əhətdi,
Desələr sərində bu nə halətdi?
De ki, bir Pərinin yadigarıdı (1, 223).
«Orta əsrlər sufiləri Tanrını hər şeydə, hər yerdə gördüklərindən onun müəyyən atributlarla da dərk olunduğunu bildirirdilər» (5, 25-43). Burada da Qurbani sevgilisinin zülfünü qeyri-adi şəkildə təsvir etmiş, hətta onu müqəddəs «Qurani-Kərim»in «İxlas» surəsi ilə müqayisə etmişdir. Beləliklə, dastanda zülf simvolunun işlək mövqedə olması tamamilə təbii hadisədir.
Məhəbbət dastanlarında tez-tez rast gəlinən simvollardan biri də xaldır. Dastanlarımızda bəzən gözəlin xalı ilə tanınması və yaxud onun üzündəki xalın mədhi təsadüfi hadisə sayıla bilməz. Təsəvvüf ədəbiyyatının ən görkəmli simalarından biri olan Yunus Əmrənin (Hətta onun təsəvvüf ədəbiyyatında oynadığı rolu daha aydın göstərmək üçün F.Köprülü Ə.Yəsəvinin Orta Asiya türklərinin təsəvvüfü mənimsəməsindəki rolu nə idisə, Yunus İmrənin də Anadolu türklərinin təsəvvüfü mənimsəməsindəki rol o qədərdir deyir) həyatı ilə bağlı rəvayətlərin birində deyilir ki, o, qarşısındakının Hacı Bektaş Vəli olduğunu məhz onun əlinin üstündəki yaşıl rəngli xaldan bilir. Çünki bu əl bir müddət əvvəl pərdə arxasından çıxaraq ona nəsib vermişdir. Odur ki, “Tapdıq, padşahım” deyir və o gündən də Tapdıq İmrə kimi çağrılmağa başlayır (11, 259). “Qurbani” dastanında Pəri xanım da çənəsinin iki tərəfində olan qoşa xallı qız kimi təsvir olunur və Qurbani onun xallarını belə vəsf edir:
Camalı Yusifin-İbni-Yəqubun,
Aləmə şəms olan hüsnü həbibin,
Ala gözlü, şirin sözlü məhbubun,
Zənədxanı dörd şöləli xal oldu (2, 62).
Təsəvvüfdə əsas yer tutan dörd ünsür (əlasir) mövzusu məhəbbət dastanlarında qismən özünü göstərir. Sufizmə görə, hər şeyin, canlının və cansızın əsli dörd ünsürdən (od, su, hava, torpaq) ibarətdir. «Bunlardan ikisi (od və hava) cəhənnəmdən (əski türkcədə tamudan), ikisi isə (su və torpaq) cənnətdən (əski türkcədə «uçmaq»dan)» (8, 155). Folklor və təsəvvüf ədəbiyyatı sözlüyündə abi-həyat haqqında yazılıb: «Mifoloji təsəvvürlərə görə içənlərin ölümsüz olacaqlarına inanılan su, həyat suyu. Abi-həyat aşıq ədəbiyyatında və müasir ədəbiyyatda da «dirilik suyu», «ölməzlik suyu» mənalarında söylənilməkdədir» (7, 23). Məhəbbət dastanlarında bu ünsürlərdən əsasən su ünsürü ilə bağlı motivlərə rast gəlirik. «Qurbani» dastanında Qurbaninin sevgilisinin gözəlliyinə verdiyi dəyər olduqca geniş və çoxşaxəlidir:
Tərəhhüm eylədi abi-kövsərdən,
Onunçün keçmişəm can ilə sərdən,
İstədim mətləbim payi-Qənbərdən,
Kəramət eylədi mənə bir buta(1, 209).
Təsəvvüfdə geniş işlənən simvollardan biri də abdal obrazıdır. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyündə bu haqda maraqlı məlumatlar var: «Dünya ilə əlaqəsini kəsib Tanrıya bağlanmış dərviş. …Təsəvvüfdə isə «Rıcalul-qayb» deyilən ərənlərdir. Az yemək, az danışmaq, az yatmaq, xalq kütləsindən ayrı yaşamaq, ehtiyacı olanlara və fağırlara kömək etmək, ölkəyə gələ biləcək fəlakətlərin qarşısını almaq üçün Allaha niyaz etmək, quraqlıq zamanı yağışın yağması üçün dua etmək, düşmənlə savaşan orduya kömək etmək kimi xüsusiyyətlərə malikdirlər» (7, 21). Tədqiqatçı X.Hümmətova abdal obrazının xalq ədəbi ənənəsində və təsəvvüf şeirində yerini araşdıraraq bu barədə yazır: «Kökləri şifahi xalq ədəbiyyatına gedib çıxan abdal tipi bütün dövrlərdə olmuş, xalqla əlaqəli şəkildə onun problemlərinin iştirakçısı və çarəçisi rolunda çıxış etmişdir» (9, 39). Alim haqlı olaraq göstərmişdir ki, abdal obrazı yazılı ədəbiyyatda, şairlərin yaradıcılığında zaman-zaman aparıcı mövqeyə malik olmuşdur. Əlavə olaraq deyə bilərik ki, bu poetik obraz məhəbbət dastanlarına da nüfuz etmişdir. «Qurbani» dastanı da bu baxımdan istisna təşkil etmir:
Başına döndüyüm gül üzlü oğul,
Dərd çəkməyə heç kim olmaz məncə, hey!
Gözəl sevib, abdal olub çaşıbsan,
Tayın yoxdu soltanca, hey, xanca, hey! (1, 210)
Gördüyümüz kimi, atası Mirzalı xan Qurbaninin sevgisi yolunda abdal olduğunu, dünyanın zövq-səfasından, nemətlərindən əl çəkdiyini bilib, onu bu yoldan çəkindirməyə çalışır. Abdal obrazı, həmçinin, dərviş, mürid anlamlarında da işlənir. Belə ki, «təsəvvüf əhli təriqət yolunda varlığından keçməyi şüar edənləri bu adla adlandırır» (7, 98). Bilindiyi kimi, dastanlarda dərviş obrazı Haqqı təmsil edir. «Dərviş təsəvvüfdə haqqa qovuşan “haqq ilə haqq olan ərəndir» (6, 72). Çünki dərviş öz nəfsini yenən, nəfsinə qalib gələn, Tanrısına tapınan kəsdir və xüsusilə dastanların mətnində, yeri gəldikcə şeirlərdə də işlənmişdir.
Təsəvvüfdə daha çox işlədilən və xüsusi əhəmiyyəti olan sufi simvollarından biri də «Qırxlar piri» poetik fiqurudur. Belə ki, bu, dastan poeziyasında tez-tez işlədilən maraqlı obrazlardan biridir. Bildiyimiz kimi qırx sayı müqəddəs sayılan rəqəmlərdən biridir. Bu baxımdan, nağıllarımızda, eyni zamanda dastanlarımızda da bununla bağlı çoxlu sayda nümunələr gətirmək olar. «Qurbani» dastanında “qırxlar” kəlməsi ilə yanaşı, “qırxlar məclisi” ifadəsi ilə də rastlaşırıq:
Qurbani der, arayıban tapmışam,
Qırxlar məclisindən bir pay qapmışam.
Kəbədisə mən də birin yapmışam,
Min könüldən bir yol gedər o burca (2, 26).
Yaxud:
Qırxlar məclisində söylənir adım,
Ərşə bülənd olub dadü-fəryadım,
Su yerinə qan içici cəlladım,
Bilmək olmaz, üryan qılınc dal olu (1, 234).
Beləliklə, Azərbaycan məhəbbət dastanlarından olan «Qurbani» xalqımızın sevgi, məhəbbət, ailə-məişət salnaməsi olduğu kimi, eyni zamanda bu dastanda təsəvvüf elementləri də üstünlük təşkil etmişdir. Bu da əski türk düşüncəsi ilə islami-təsəvvüfi görüşlərin sintezi kimi özünü göstərir.
Dostları ilə paylaş: |