Bismilləhir Rahmənir Rahim



Yüklə 0,72 Mb.
səhifə28/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

NAMAZIN ƏXLAQİ FƏLSƏFƏSİ


Alimlərin nəzərində “əxlaq” insanın nəfsində olan bir qüvvədir ki, onu yaxşı işlər görməyə rəğbətləndirir və pis işlərdən isə çəkindirir. Bunun tam formulunun mənası namazdır. Çünki namaz yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirəndir.

Bizə əmanəti qorumağı, təcavüz və xəyanət etməməyi və başqalarına hörmət göstərməyi öyrədən namazdır. Bizə təvazökarlığı, bərabərliyi, qardaşlığı öyrətməklə yanaşı, təkəbbürdən, lovğalıqdan, fəxr etməkdən və millətçilikdən uzaqlaşmağı tövsiyə edən namazdır. Çünki İslam dini hamını qardaş və bərabər tutaraq namaz sıralarında yüksək təbəqə üçün xüsusi yer nəzərdə tutmur.

Şəxsiyyətini üstün sayıb şeytanın nəzərini özünə cəlb edən və var-dövlətə görə özünü başqalarından yüksəkdə görən bir şəxs namaz sıralarında özünü yoxsullarla birlikdə, həmçinin bütün müsəlmanları bir cərgədə müşahidə etdikdə qəlbində olan şeytani hisslər zəifləyir və təkəbbür atəşi sönür. Bunun əvəzinə isə qardaşlıq, bərabərlik və kömək göstərmək hissləri güclənir.

Digər bir tərəfdən özünü insanlıqdan çıxmış bilən, öz qarşı ehtiram görməyən qəlbisınıq bir kasıb hər gün bir neçə dəfə özünü var-dövlət və şan-şöhrətə sahib olan şəxslərlə birlikdə camaat namazının cərgələrində gördükdə tədricən özünə qiymət verir və ürəklənir. Belə ki, o şəxsdə bir neçə hal meydana gəlir. O cümlədən:

-Müsibətdə və qarşıya çıxan çətinliklərdə səbirli olub küframiz sözlərdən uzaqlaşır.

-Özünə inanaraq var-dövlət sahiblərinə yaltaqlanmağı tərgidir.

-Yaranış aləmində özü ilə sərvətlilər arasında heç bir fərq görmədikdə fəaliyyətini daha da gücləndirir.

Bəli, namaz vasitəsilə insanlarda bir-birinə qarşı olan dostluq və məhəbbət hissi daha da güclənir. Artıq namaz sıralarında olan kasıb və varlı biri-birinin vəziyyəti ilə daha da yaxından tanış olur.

Yavaş-yavaş cəmiyyətdə qardaşlıq və bərabərlik hissi hakim olur. Namazqılan özü və başqaları üçün xeyir-dua istəyir. O, hamının xoşbəxtliyini və səadətini arzulayır. Bu duaları hər gün təkrar edən müsəlman gündəlik əməllərində də bunları biruzə verir.

Varlı və güclünün fəqir və zəiflə namazda yan-yana durması onun təkəbbürünü sındırır. Təvazökarlıq təkəbbürü əvəz edir. O, (varlı və ya güclü) görür ki, hamı namazda Allah-Təalanı səsləyib bu kəlmələri təkrar edir:

“Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik”.

Bu mübarək kəlmələr həmin şəxsin Allaha olan təvəkkülünü daha da gücləndirir və Yaradandan qeyrisinə ümid bəsləməməyə səbəb olur. Bunu hiss etməklə bərabər hər bir işin Allah-Təaladan asılı olduğuna yəqinliyi daha da artır.

Xülasə, hər gün namazın nurani kəlmələrini təkrar edən müsəlmanda tədrici olaraq bəyənilmiş sifətlər cilvələnir və heyvani sifətlər məhv olub gedir.

Bunu da qeyd edək ki, bəzi namazqılanların heyvani sifətləri bəyənilmiş sifətlərdən çoxdur. Məsələn, camaatın malına təcavüz edib rahatlıqla yeyir və s. Belələrinin rəftarında namazın təsirini görmək olmur. Bunun əsl səbəbi ondan ibarətdir ki, bu şəxsləırin namazı həqiqi namaz deyil. Onlar zahirdə namaz qılmaqla onun şərtlərini yerinə yetirmir, mahiyyətini dərk etmirlər. Belələri ya riya xatirinə, ya da başqa səbəblərə görə namaz qılırlar. Bunlar namazlarını adət şəklinə salanlardır. Belə namazların ruhu və həqiqəti yoxdur. Bu cür namaz içində badam və ya qoz olmayan qabığa bənzəyir.

Bu cəhətdən də Rəsuli-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm) bəzi namazları tənqid edərək buyurmuşdur:

Qəlbin hüzuru ilə qılınmayan namaz namaz deyildir.1

2)Fatihəsiz qılınan namaz namaz deyildir.2

3)Azan və iqaməsiz namaz namaz deyildir.3

4)Ruku və səcdəsi kamil olmayan namaz namaz deyildir.4

5)Yaxın məsciddə qılınmalı olan namaz başqa məsciddə qılınsa, namaz deyildir.5

6) İmam Sadiq (əleyhissalam) buyurur:

“Qiraətin düzgün oxunuşu, namazın əvvəl vaxtına riayət olunması, barmağa (əqiq) üzük taxılması və habelə digər əməllər namaz qılanın insanlığına, yaxşılığına və ədalətinə dəlil deyil. Əksinə, pislik və yaxşılığın ölçüsü iki şeydən ibarətdir; Birincisi rəftarda düzgünlükdür. İkincisi isə danışıqda doğruçuluqdur. Belə ki, bunların vasitəsilə insanların yaxşılığı sübuta yetir. Həmçinin cinayət və yalan vasitəsilə də onların pisliyi məlum edilir”.1




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin