Məsimova Arzu Heydər qızı Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin mühafizəsinin ekoloji-hüquqi aspektləri


Fəsil II. Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və qlobal modellər



Yüklə 481,46 Kb.
səhifə3/6
tarix21.12.2018
ölçüsü481,46 Kb.
#86401
1   2   3   4   5   6

Fəsil II. Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və qlobal modellər

2.1. Davamlı inkişaf konsepsiyası, proqramm və qlobal modellər
Təbiətlə cəmiyyət arasındakı münasibətləri əks etdirən bir neçə konsepsiya mövcuddur.Qədim və orta əsrlər dövrünün konsepsiyalarında təbiətə cəmiyyətdən yüksəkdə duran müdrik yaradıcı kimi baxılırdı. Bu ideologiya belə ifadə olunurdu: təbiət daha yaxşı bilir, ona edilən istənilən müdaxilə münaqişələrə, ekoloji fəlakətlərə, sosial sarsıntılara səbəb olur. Bu mövqenin tərəfdarları təbiətə müdaxilənin «sıfır» strategiyasını təbliğ edirdilər.

Kapitalizmin inkişaf mərhələsi dövründə istehlakçı konsepsiyası hakim idi. Bu dövrün əsas şüarı insanın iqtisadi maraqlarının prioritetliyi idi. Təbii mühitə insanın maddi rifahlarını təmin edən xəzinə kimi baxılırdı. Bu baxışlarda təbiət bir emalatxana rolunu oynayırdı ki, bu emalatxanada insan həm yaradıcı, həm qulluqçu, həm də ağa idi.

XX əsrin 50-70-ci illərində baş vermiş ekoloji böhran nəticəsində istehlakçı konsepsiya yeni baxışla – bəşəriyyətin biosferin taleyindən narahatlığı ilə əvəz olundu. Yaşayış mühitinin dağılmasına insanın reaksiyasını əks etdirən müxtəlif ictimai hərəkatlar meydana gəldi. Pessimistlər bəşəriyyətin bədbin gələcəyini təsvir edir, müasir sivilizasiyanın labüd məhvə doğru irəlilədiyini bildirirdilər. Optimistlər insan şüuruna əsaslanaraq onun ekoloji problemləri həll edəcəyinə inanırdılar.

Müasir ekoloji konsepsiya keçən əsrin 70-ci illərində Roma Klubu hesabatları şəklində formalaşıb. 1968-ci ilin aprelində italyan sənayeçi Aurelio Peççei və şotland alimi Aleksandr Kingin təşəbbüsü əsasında 10 ölkədən 30 nəfər alim Romada toplaşaraq bəşəriyyətin indiki və gələcək problemlərini müzakirə etdilər. Bu toplantı Roma Klubu (Club of Rome) adlandı və «Bəşəriyyətin çətinlikləri» (The Predicament RF Mankind») adlı hesabatlar seriyasının hazırlanmasını sifariş verdi.

Bu modeldə ilk dəfə olaraq inkişafın fiziki hüdudları – mümkün yuxarı həddi müəyyən edildi:

— Potensial əkin sahələrinin ümumi sahəsi 3,2 mrd. ha (1970-ci il göstəricisindən 2 dəfə çox);

— Maksimal məhsuldarlıq 1970-ci il üçün orta dünya göstəricisindən 3 dəfə çox;

— Bərpa olunmayan resursların əlçatan ehtiyatlarının ümumi həcmi 1970-ci ilə nisbətən 250 dəfə çox;

— Biosfer tərəfindən çirkləndiricilərin udulma səviyyəsi təbii ekosistemlərin 1970-ci il vəziyyətinə görə 25 dəfə çox.

Bu zaman bərpa olunmayan resursların həcmi və ümumi çirklənmə qlobal sistemin ümumi ekoloji vəziyyətini təyin edir. Əhalinin artımı, sənaye və kənd təsərrüfatının inkişafı mühitə təsiri, antropogen və texnogen yüklənmələri müəyyənləşdirir. Əhalinin artımı və istehsalın inkişafı bir-birini sürətləndirir, onlara eksponensial artım tempi verərək, bütün qlobal sistemi tarazlıq halından çıxarır.

1974 cü ildə «Bəşəriyyət yol ayrıcında» («Mankind at the Turning Point») adlanan ikinci hesabat hazırlandı. Müəlliflər «İnkişafın yuxarı həddi»ndəki qüsurları həll etməyə çalışdılar. Onlar hesab edirdilər ki, planetin müxtəlif hissələrində müxtəlif ekoloji problemlər mövcuddur. Ona görə də ekoloji problemləri daha effektiv həll etmək məqsədilə Yeri 10 regiona böldülər (ABŞ, Kanada və Meksika daxil olmaqla Şimali Amerika: Latın Amerikası; Qərbi Avropa; SSRİ və Şərqi Avropa; Şimali Afrika və Yaxın Şərq; Tropik Afrika; Cənubi və Cənub-Şərqi Asiya; ÇXR və Asiyanın sosialist ölkələri; Yaponiya; Okeaniya və CAR). Bu hesabatın əsas ideyası ondan ibarətdir ki, kortəbii inkişaf bəşəriyyəti məhvə apardığından regionlar «üzvi inkişaf» tempinə keçməlidir. Alimlər hesab edirdilər ki, müasir böhranın əsas səbəbi iki uçurumdan ibarətdir. Onlardan biri təbiətlə insan arasında, ikincisi isə varlılarla yoxsullar arasındakı uçurumdur. Bu uçurumların ləğvi dünyanın vəhdətini təmin edəcək.

Dünyanın çoxsəviyyəli regional modellərindən ibarət olan bu model çevik planlaşdırma instrumenti, tərkib hissələri bir-birinə qarşılıqlı təsir edən və bir-biri ilə sıx əlaqədə olan bir sistem şəklində çıxış edir. Müəlliflər böhran vəziyyətlərdən səhvlər detektoru qismində istifadə etməyi təklif edir.

«Beynəlxalq nizamın yenidənqurulması» (RİO: Reshaping the International Order») adlanan üçüncü (1977) hesabatda zəif inkişaf etmiş ölkələrə xüsusi diqqət verilib. Çünki bu ölkələrin liderləri iqtisadi inkişafın məhdudlaşdırılmasını rədd edirdilər (17,22).

Hesabat müəllifləri hesab edirdiklər ki, ikinci hesabatda təklif edilən «üzvi beynəlxalq nizam» ideyasının həyata keçirilməsi üçün bütün ölkələr lokal məqsədləri qlobal məqsədlərlə uzlaşdırmalıdırlar. Yalnız o zaman regionlarda atılan addımlar bütövlükdə bəşəriyyətin rifahına xidmət edəcək. Hesabatda müasir «xətti» iqtisadiyyatın «dövri» iqtisadiyyatla əvəz olunması təklif edilir (Şəkil 2.1.)


Xətti iqtisadiyyat

Resursların

çıxarılması

İstehsalın maksimizasiyası (maddələr axını maksimallaşdırılır)

İstehlakın maksimizasiyası

Tullantıların böqük hissəsi təkrar istifadə edilir

İnsanların əsas tələbatlarını ödəyən yüksək keyfiyyətli mallara üstünlüyün verilməsi (maddələrin axınının minimal həddi)

Resursların çıxarılması

İstehlak əsas tələbatlara və həyatın ekoloji keyfiyyətinin yüksəldilməsinə yönəldili

Çirklənmələr



Dairəvi iqtisadiyyat

Şəkil 2.1. «Xətti» və «dövri» iqtisadiyyatların struktur sxemləri (22)


Müəlliflərin fikrincə, müxtəlif ölkələrin vətəndaşlarını və siyasi liderlərini inandırmaq lazımdır ki, milli məqsədlərin bəşəri məqsədlərə uyğunlaşdırılması bu ölkələrin maraqlarına xidmət edir.

Onlar hesab edirdilər ki, qızğın silahlanmanın zəiflədilməsi həyati vacib əhəmiyyət daşıyır. Çünki bu məqsədlərə sərf edilən vəsait bütün ölkələrin yaşamaq naminə həmrəyliyi üçün yönəldiləcək səyləri, pul vəsaitləri və enerji imkanlarını azaldır. Nəzərə almaq lazımdır ki, təbii sistemlər belə hallarda rəqabətdən mutuallizmə keçir.

«Bəşəriyyətin hədəfləri» («Goals for Mankind») adlanan dördüncü hesabat 1977- ci ildə hazırlanıb. Hesabat iki fundamental suala həsr edilib: bəşəriyyətin əsas hədəfləri nədən ibarətdir və insanlar ətraf mühitin keyfiyyətlərinə deyil, maddi rifaha üstünlük verməyə razıdırlarmı? Burada söhbət ondan gedir ki, bəşəriyyət ətraf mühitə ziyan vurmamaq şərti ilə öz elmi-texniki gücünü insanların maddi rifahına sərf etmək əzmindədirmi? Əgər belədirsə, onda gələcək nəslin varlığı xatirinə bir sıra arzulardan imtina etmək lazımdır.

Milli və qlobal maraqlar arasındakı uyğunluq 0 bal (səylər yalnız milli maraqlara yönəlir) ilə 10 bal (bütün səylər qlobal problemlərin həllinə yönəlir) intervalında qiymətlənlirildi. Bu zaman işgüzar dairələr, hökumət, siyasət adamları, intellektual və dini cəmiyyətlərin fəaliyyəti bu şkala ilə ayrıca qiymətləndirildi. Cədvəl 2.2.-də bəzi ölkələr üçün bu uyğunluq dərəcəsi verilmişdir.

Cədvəl 2.2.

Milli maraqların qlobal hədəflərlə uyğunluq dərəcəsi

Ölkələr Qiymətləndirmə, bal

Belçika 3,7

Braziliya 4,0

ABŞ 4,0


Səudiyyə Ərəbistanı 4,2

Hindistan 4,3

Misir 4,6

İsveç 4,6

Kanada 4,7

Niderland 4,7

Pakistan 4,7

Yaponiya 5,5

Əlcəzair 6,4

Qana 6,5


Çin 7,0
1978-1980-ci illəri əhatə edən sonrakı hesabatlar tullantıların idarə edilməsi, enerjidən istifadə, yüksək rifaha çatmağın yolları kimi ayrı-ayrı problemlərə həsr edilmişdir.

«Öyrənməyin hüdudu yoxdur» («No limits to learning») adlanan 1980-ci il hesabatında mikro və makrotəhsil məsələlərinə toxunurlar. Burada mikrotəhsil deyərkən hal-hazırda dünyada geniş yayılmış ayrı-ayrı insanların fərdi peşəkar təhsili nəzərdə tutulur. İnsan ictimai həyatda elə iştirak etməlidir ki, şəxsiyyətin hüquqları ilə bəşəriyyətin gələcəyi qarşısındakı cavabdehliyin üzvi vəhdəti, hər bir şəxsin sərbəst inkişafı ilə bütün insanların vahid cəmiyyətdə humanist dəyərlər ətrafında inteqrasiyası təmin edilsin.

Roma Klubunun Yorgen Randersin rəhbərliyi ilə hazırlanmış «2052 – gələcəyin yaxın 40 il ərzindəki ssenarisi» («2052 – A Global Forecast for the Next Forty Years») adlı sonuncu hesabatında iqlim dəyişmələrinin kəskin artacağı, dünya ümumdaxili məhsulunun artım tempinin azalacağı, inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsinin azalacağı, inkişaf etmiş ölkələrdə bərabərsizliyin artacağı, iqtisadiyyatın durğunluğu qeyd edilir. Proqnozlardan biri də planetin əhalisinin artım tempi haqqındadı. Müəlliflərin fikrincə, dünya əhalisinin sayı əvvəllər təsvir edildiyi templə artmayacaq. Proqnoza görə, əhalinin sayı 2042-ci ilə qədər əlavə 1 mlrd. artaraq özünün pik həddinə – 8.1. milyarda çatdıqdan sonra dayanacaq.

Keçən əsrin 80-ci illərinin əvvəllərində dünyanın gələcək inkişafı haqqında 10-dan çox irimiqyaslı model yaradılmışdı.

İnkişafın Qlobal Modelləri dünyanın fiziki və sosial-iqtisadi sistemlərinin riyazi imtisayasını verir, verilmiş göstəricilər əsasında gələcəyi proqnozlaşdırır. Bundan əlavə, resurslar və əhalinin sayının nəzərə alınmadığı sosial-iqtisadi modellər də mövcuddur.

Bu modeldə hesab edilir ki, «yüksəliş» və «enerji mənbələrinin və digər resursların tükənməsi nəticəsində baş verir. Qida və sənaye məhsullarının miqdarı o vaxta qədər eksponensial artır ki, resursların tükənməsi sənayenin inkişafını ləngidir. Sənayenin pik həddini aşmasına baxmayaraq, əhalinin sayı və mühitin çirklənməsi hələ müəyyən müddət artacaq. Sonra ölümün artması və iqtisadi böhran nəticəsində əhalinin sayının artması və çirklənmələr tədricən azalmağa başlayacaq.

Bütün modellər ona əsaslanır ki, bədbəxtliklərin hamısının əsasında təkcə resursların çatışmazlığı və əhalinin kəskin artımı deyil, həm də siyasi, sosial və iqtisadi bərabərsizliklər durur. Konsepsiyalar və modellər arasındakı bir sıra fərqlərə baxmayaraq mütəxəssislər bəzi ümumi nəticələri qeyd edirlər (22).

1. Texnoloji proqress arzuolunan və həyati vacibdir, lakin bu zaman adekvat sosial, iqtisadi və siyasi dəyişikliklər vacibdir;

2. Planetdə əhalinin məskunlaşması və resurslar sonsuz arta bilməz;

3. Dünya ictimaiyyətinin planetin tutumu, əhali artımı və texniki proqresə qarşı biosferin dözümü haqqında etibarlı və hərtərəfli məlumatı yoxdur. Lakin iqtisali inkişaf tempinin azaldılması ekoloji ölümün qarşısını ala bilər;

4. İnkişaf etmiş ölkələrin iqtisadi yolunu izləyərkən aydın olur ki, bu zaman həyatın keyfiyyəti artmır, əksinə, arzuolunmaz ziddiyyətlər çoxalır. Yaranan problemlərin çox az hissəsi həll olunur;

5. İnkişaf etmiş ölkələrdə hər bir nəfərə düşən enerjidən istifadənin ifrat səviyyədə artması cəmiyyətin sabitliyinin təmin olunmasını bahalaşdırır;

6. Uzunmüddətli əməkdaşlıq hamı üçün daha sərfəlidir, nəinki rəqabət siyasəti;

7. Bütün qərarlar qlobal yanaşma kontekstində qəbul edilməlidir. Yalnız dar milli maraqların həllinə yönəlmiş fəaliyyətlər səmərəsiz olacaq. Çünki xalqlar, ölkələr, ətraf mühit təsəvvür edildiyindən daha sıx əlaqələrlə bir-birinə bağlıdır. Beynəlxalq əməkdaşlıq obyektiv zərurətdir;

8. Qlobal nizamın gələcəyi inkişafın arzuolunmaz səylərindən çox asılıdır.

Stabil, harmonik cəmiyyət quruculuğu istehlakçı təfəkküründə inqilabi dəyişikliklər edərək onun yenidən qurulmasını, səriştəli rəhbərlik və insanların yüksək maariflənmə səviyyəsini tələb edir.

Ekoloji dünyagörüşün təkamülü cəmiyyətin ekoloji maraqlarını pozmayan balanslaşdırılmış iqtisadi inkişaf konsepsiyasının möhkmələnməsinə səbəb oldu.

Roma Klubunun hesabatlarını yekunlaşdıraraq aşağıdakıları qeyd etmək olar:

Mühüm hadisə olan «İnkişafın yuxarı həddi» hesabatında Roma Klubu sosial, ekoloji və iqtisadi amillərin qarşılıqlı əlaqəsinin gələcək münasibətlərini proqnozlaşdırmaq üçün ilk dəfə mürəkkəb riyazi modelləşdirmələrdən istifadə etdi. Hesabatın əsas tezisi ondan ibarət idi ki, bərpa olunmayan enerji mənbələrinin tükənməsi 2015-ci ildə digər amillərə kəskin təsir edəcək, ərzaq və dünya sənaye istehsalı azalaraq əhalinin artım tempinə təsir edəcək. Buradan mühüm bir nəticə çıxır. Bu ssenarinin özünü doğrultmaması mürəkkəb proqnozlar üçün etibarlı ssenarilərin verilməsinin nə qədər çətin olduğunu göstərdi. İnsanlar hesabatdakı proqnozdan fərqli olaraq daha bacarıqlı olaraq yeni şəraitdə daha yaxşı uyğunlaşdılar.

Yeni tədqiqatlar isə qarşıya çox mürəkkəb suallar qoyurdu

— Şist neft-qazı (shale gas) mənbələrinin kəşfi gələcəyin energetik problemlərini həll edə biləcək, yoxsa əlavə ekoloji problemlər yaradacaq?

— Siyasi liderlər hansı strategiyalara üstünlük verəcək?

— Neftli qumlar gələcəyin energetika strukturunda hansı rolu oynayacaq?

— Bərpaolunan enerji mənbələri nə zaman rəqabətədavamlı olacaq?

Roma Klubunun əhəmiyyətini qiymətləndirərkən onu da qeyd etmək lazımdır ki, məhz bu hesabatlar sayəsində beynəlxalq ictimaiyyət ekoloji problemlərin qlobal xarakterə malik olması haqqında məlumatlar əldə etdi, vəziyyətin təsvirindən problemlərin həlli yollarının axtarışına keçid edildi, əməkdaşlığın rəqabətdən üstünlüyü dərk edildi (17).

Artıq XX əsrin sonunda dünya bu qənaətə gəldi ki, ətraf təbii mühiti mühafizə etmədən iqtisadiyyatın sonrakı inkişafı mümkün deyil. Eyni zamanda, iqtisadiyyatı inkişaf etdirmədən ətraf mühiti mühafizə etmək olmaz. İqtisadiyyatla ekologiyanın bir-biri ilə qarşılıqlı əlaqəsi yeni ekoloji konsepsiyanın əsasını qoydu. Bu konsepsiyanı inkişaf etdirmək məqsədilə 1992-ci ildə 180 dövlətin iştirakı ilə BMT-nin dövlət və hökumət rəhbərləri səviyyəsində «Ətraf mühit və inkişaf» mövzusunda Beynəlxalq Konfrans təşkil edildi.

Davamlı inkişaf mövzusu konfransın əsas qayəsi oldu. Bu termin ilk dəfə Qru Harlemin (Gro Harlem Brundtland) BMT-nin ətraf mühitin mühafizəsi və inkişafı üzrə Ümumdünya Komissiyasındakı məruzəsində yer aldı (1987). O, sivilizasiyanın inkişafının yeni modelinin – davamlı inkişaf modelinin qurulmasının zəruriliyinin vurğuladı. Bu model indiki nəslin tələbatlarının ödənilməsində gələcək nəslin də hüquqlarını nəzərə alan tərəqqi və irəliyə doğru hərəkətini nəzərdə tutur. Modelə görə, sosial-iqtisali və ekoloji məsələləri qarşılıqlı, balanslı şəkildə həll etməklə bu məqsədlərə çatmaq mümkündür.

Davamlı inkişaf aşağıdakı müddəalara əsaslanır:

1. İnsanların təbiətlə harmonik sağlam və məhsuldar həyata malik olmaq hüququnun olması;

2. Ətraf mühitin mühafizəsinin inkişafın ayrılmaz tərkib hissəsi olması;

3. İndiki və gələcək nəsillərin əlverişli ətraf mühitə olan tələblərinin ödənilməsi;

4. Dünya xalqları arasında, hər bir ölkədə yoxsullarla varlıların həyat səviyyəsi arasındakı fərqin azaldılması;

5. Təbiəti mühafizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi;

6. Davamlı inkişafa uyğun olmayan istehsal və istehlakın inkişafının dayandırılması;

7. Uzunmüddətli ekoloji problemlərin diqqətə çəkilməsi və qarşısının alınması;

8. Əhalinin təhsil səviyyəsinin yüksəldilməsi;

9. Ekoloji dünyagörüşün aşılanması.

İştirakçılar əsasən aşağıdakı müddəalara xüsusi yer verib:

1. Yeni qlobal inkişaf modelinin işlənib hazırlanmasının vacib şərt və mənəvi öhdəlik olması. Elə bir model ki, orada hər kəsin rifahı və ətraf mühitin mühafizəsi anlayışları eyni məna kəsb etsin.

2. Sosial ədalət olmayan cəmiyyətdə ekoloji təşlükəsizliyi təmin etmək mümkün deyil.

3. Bu yolda əsas problemlər aşağıdakılardır: a). inkişaf etmiş ölkələrdəki ifrat istehsal və ifrat istehlakın təsirilə Yerdəki həyatı təmin edən təbii sistemin dağılması; b) inkişaf etməkdə olan ölklərdə əhalinin artım tempinin partlayış xarakterli olması; c). varlılarla yoxsullar arasında fərqin güclənməsi.

4. İqtisadi inkişafın sonsuz artımının proqress sayılması və buna yol verilməməsi. İnkişafda olan ölkələrin əhalisi planet sakinlərinin ¾ hissəsini təşkil etdiyi halda iqtisadi nemətlərin 1/3-dən istifadə edir. Bu dizbalans ekoloji və iqtisadif dayanıqsızlığa səbəb olmaqla həm varlılar, həm də kasıblar üçün təhlükələr yaradır.

Davamlı inkişafın prinsipləri mövcud resursların dayanıqlı şəkildə mühafizəsi və istifadəsini, uzunmüddətli menecmenti, insana, onun sosial tələbatlarına, təbii resurslara investisiyalar etməyi nəzərdə tutur.

«Davamlı inkişaf» mürəkkəb anlayış olub özündə aşağıdakı müddəaları ehtiva edir (Şəkil 2.3.):

— Sosial bərabərlik (ədalət) əhalinin ərzaq məhsulları, səhiyyə, təhsil kimi müxtəlif və əsas tələbatlarının ödənilməsini prioritet məsələ hesab edir.

— İqtisadi effektivlik əhalinin rifahının artmasına xidmət edir. Buradakı əsas hədəflər iqtisadi inkişaf tempinə nail olmaq, bu tempi saxlamaq, gəlirləri artırmaq və yeni bazarlar əldə etməkdir. Qloballaşma iqtisadi tərəqqiyə yeni ahəng verdi.

— Ətraf mühitə qayğı (cavabdehlik) ekoloji sistemlərin funksiyalarının qorunmasına hörmətlə yanaşmağı tələb edir.

Baxmayaraq ki, davamlı inkişaf 150 parametr əsasında qiymətləndirilir, onların içərisində ən əsas 5 göstərici qeyd edilir: energetika və atmosfer havasının göstəriciləri; su, materiallar və tullantılar; torpaq və bioloji müxtəliflik; nəqliyyat və abadlıq; insan sağlamlığı və rahatlıqları (22).

Davamlı inkişaf

Sosial bərabərlik

İqtisadi effektivlik

Ətraf mühitə qayğı

Həyat təhlükəsizliyi

Bərabər imkanlar

Sosial həmrəylik

Beynəlxalq birgə məsuliyyət

İnsan kapitalına dəstək
İqtisadi inkişaf

Effektivlik və

rəqabətədavamlılıq

Çeviklik və stabillik

Məhsul/İstehlak

Məşğulluq

Beynəlxalq ticarət
Resurslardan istifadə

Materiallar və tulantılar

Risklər

Sürətli dəyişikliklər



Təbii və mədəni landşaftlar

Şəkil 2.3. Davamlı inkişafın əsas göstəriciləri.


İnsan cəmiyyətinin inkişafı limit həddinə çatmışdır. Bundan sonrakı siyasət artıq fərqli olmalıdır. Məsələn, qızğın silahlanmaların qarşısının alınması nəticəsində əldə edilmiş vəsaiti ümumi kollektiv təhlükəsizlik məsələlərinə – ekoloji təhlükəsizlik problemlərinə yönəltmək mümkündür. Problemlərin əksəriyyətinin planetar xarakterli olduğunun dərk edilməsinə baxmayaraq hər bir ölkənin öz milli maraqları mövcuddur. Ölkələr qlobal böhran şəraitində belə, bu maraqlardan imtina edə bilmir. Məsələn, iqlim və bioloji müxtəliflik haqqındakı konvensiyalar müzakirə edilərkən ABŞ nümayəndələri xüsusi mövqe tutdular. Çünki təklif edilən həll yolu onların dövlətinin iqtisadi maraqlarına zidd idi. Tədqiqatlar göstərir ki, Kioto Protokolu tətbiq edilərsə bu, istehsal qüvvələrinin zəifləməsinə, benzinin və elektrik enerjisinin, malların qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasına və nəticədə, iqtisadi inkişaf tempinin zəifləməsinə səbəb olacaq. Tullantı qazlarının miqdarının azaldılması bir çox zavodların müflis olması, nəticədə, işsizliyin artması və sosial sarsıntılarla nəticələnəcək. Məhz bu səbəbdən RF, Yaponiya və Yeni Zelandiya Protokolun müddəalarına əməl etmir, ABŞ isə ümumiyyətlə onu ratifiyasiya etməyib. Onlar hesab edirlər ki, iqlimin qorunub saxlanmasına Kioto Protokolunda nəzərdə tutulduğu kimi, atmosferə atılan istixana qazlarının miqdarının azaldılması ilə deyil, müasir texnologiyaların inkişaf etdirilməsi ilə nail olmaq olar.

Qlobal konsensus prinsipləri haqqında Deklarasiya və Bəyannamə dövlətlərin davamlı inkişaf üzrə öhdəliklərinin əsas prinsiplərini elan etdi. Bu prinsiplər davamlı inkişafa doğru irəliləyişin mahiyyət və hədəflərini, milli və bəşəri maraqların razılaşdırılmasının zəruriliyini, dövlətin və əhalinin müxtəlif təbəqələrinin rolunu açıqlayan tövsiyə xarakterli 27 prinsipdən ibarətdir. Burada insanların təbiətlə harmonik münasibət şəraitində sağlam və məhsuldar həyat hüququna malik olduqları, lakin gələcək nəsillərin də bu hüququnun qorunmasının vacibliyi, davamlı inkişafın ümumi inkişafın tərkib hissəsi olduğu, dövlətlərin ekosistemlərin sağlamlığı və tamlığı uğrunda əməkdaşlıq etdikləri, davamlı inkişaf prosesində qadınların iştirakının vacibliyi və s. müddəalar səsləndirilir. Deklarasiyada həmçinin beynəlxalq elmi əməkdaşlığın, elmi tədqiqatların nəticələrinin istifadə edilməsi və yenim texnologiyaların təşviqi məsələləri də qeyd edilir.

Hal-hazırda Ermənistan Respublikası Azərbaycana qarşı ekosid siyasəti aparmaqdadır. Müxtəlif kimya və mədən sənayesinin zəhərli tullantılarının, Metsamor AES-in radioaktiv tullantılarının, iri şəhərlərin sənaye sularının və məişət çirkablarının birbaşa Araz çayına axıdılması buna misaldır.

Digər tərəfdən, işğal olunmuş ərazilərdəki meşələrin kütləvi surətdə qırılması meşə ekosistemlərinin bioloji müxtəlifliyinin böyük miqyaslı məhvinə, iri torpaq eroziyalarına və torpaqların məhsuldarlığının azalmasına səbəb olur. İşğal olunmuş ərazilər tmamilə nəzarətdən kənarda qalaraq ekoloji təhlükə mənbəyinə çevrilmişdir.

Ekosid (ecocide) – bitki və heyvanat aləminin kütləvi surətdə məhv edilməsi, atmosferin və ya su resurslarının zəhərlənməsi və ya ekoloji fəlakətlərə səbəb olan digər hərəkətlərə deyilir. Bir çox ölkələrin cinayət məcəllələrinə əsasən, bu tip hərəkətlər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə isə cəzalandırılır.

Azərbaycanın təbiəti və onun sərvətləri Azərbaycan xalqının milli sərvəti olub, onun davamlı sosial-iqtisadi inkişafının və rifahının təbii bazasıdır. «Ekoloji təhlükəsizlik haqqında» qanunda bildirilir ki, hər bir vətəndaş öz sağlamlığını ekoloji təhlükələrdən (təsərrüfat və ya digər fəaliyyətlər, qəzalar, fəlakətlər nəticəsində ətraf təbii mühitin zərərli təsiri) qorumaq hüququna malikdir. Bu hüquqları müdafiə etmək məqsədilə ölkəmizdə ətraf təbii mühitin keyfiyyətini təyini edən parametrlər müəyyənləşdirilmişdir. Ətraf təbii mühitə təsirin zərərsiz həddinin normaları əhalinin ekoloji təhlükəsizliyini və geneetik fondunun qorunmasını təmin edir, təsərrüfat fəaliyyətinin davamlı inkişafı şəraitində təbii sərvətlərin davamlı istifadəsinə və bərpasına şərait yaradır.

Ekosidin ictimai təhlükəsi ondan ibraətdir ki, bu cinayət tərkibinin təsiri bitki və heyvanat aləminə, insanın həyatı və fəaliyyətinin təbii özülü olan ətraf təbii mühitə, ölkənin və cəmiyyətin davamlı sosial-iqtisadi inkişafına, xalqların genofondunun qorunmasına çox böyük ziyanlar vurur.

Rio Deklarasiyasının digər mühüm cəhəti odur ki, burada ilk dəfə olaraq dünya inkişafının və ətraf mühitin mühafizəsinin bir-biri ilə bağlılığı və ayrılmaz olduğu elan edildi. Deklarasiyada, həmçinin, ətraf mühitin mühafizəsi fəaliyyətinin və davamlı inkişaf konsepsiyasının reallaşdırılmasının dövlət siyasəti və beynəlxalq siyasət səviyyəsinə keçirilməsinin zəruriliyi qeyd edildi. Lakin əsas strateji proqramm sənədi Gündəlik 21 sənədi oldu (1992).

Gündəlik 21 – Ətraf mühit və inkişaf haqqında Deklarasiyanın əsas hədəflərinə həsr edilmiş sənəddir. Bu sənəd sivilizasiyanın XXI əsrin astanasında üzləşdiyi problemlərin həllinə, dünya ictimaiyyətinin hazırlanmasına yönəlmiş superproqramdır. XXI əsrin gündəliyi bəşəriyyətin tarixdə özünün həlledici dövrünü yaşadığını qeyd edir. Təbiətlə sivilizasiyanın inkişaf səviyyəsi arasındakı ziddiyyət özünün ən yüksək həddinə çatmışdır. Sənəd 500 səhifədən o cümlədən 4 hissə, 40 bölmədən ibarətdir.

Birinci hissə sosial və iqtisadi aspektlərdən bəhs edir. Buradakı bölmələr yoxsulluqla mübarizə, istehlak strukturunun dəyişdirilməsi, əhalinin artım dinamikası, insan sağlamlığının mühafizəsi və s. məsələlərə həsr edilmişdir.

İkinci hissə resursların mühafizəsi və rasional istifadəsi məsələlərini araşdırır. Burada atmosferin mühafizəsi, torpaq resurslarından istifadə, meşəsizləşmə, səhralaşma və quraqlığa qarşı mübarizə, dağ rayonlarının mühafizəsi, kənd təsərrüfatı, bioloji müxtəlifliyin mühafizəsi, biotexnologiyadan təhlükəsiz istifadə, dənizlər və dəniz canlılarının mühafizəsi, içməli suyun keyfiyyətinin qorunub saxlanması, toksiki və təhlükəli məhsulların qanunsuz dövriyyəsinin qarşısının alınması, radioaktiv və digər təhlükəli tullantıların zərərsizləşdirilməsi, çirkab sularının təmizlənməsi problemləri araşdırılır.

Üçüncü hissə əhalinin əsas təbəqəsinin XXI əsr proqramm hədəflərinin həyata keçirilməsinə cəlb edilməsinin gücləndirilməsi təkliflərindən ibarətdir. Burada qeyd edilir ki, bütün proqramların effektiv icrası bu tədbirlərdə qadınların, gənclərin, uşaqların, yerli xalqların, qeyri-hökümət təşkilatlarının, həmkarlar ittifaqlarının, sahibkarların, fermerlərin, alimlərin aktiv iştirakından asılıdır.

Dördüncü hissədə proqramın həyata keçirilməsi yolları təklif edilir: maliyyə resursları və mexanizimləri; ekoloji təhlükəsiz texnologiyalar; elmin inkişafı; əhalinin maarifləndirilməsi və kadrların hazırlanması; inkişaf etməkdə olan ölkələrə yardım; beynəlxalq təşkilati mexanizmlər və hüquqi sənədlər; inormasiya sistemlərinin vacbliyi qeyd edilir.

Rio+20 (Rio-deJaneyro, 2012) görüşündə iqtisadiyyat, davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması kimi problemlər yenidən müzakirə edildi. İştirakçılar bir daha Gündəlik 21 sənədinə sadiq qaldıqlarını bildirməklə yanaşı, bəzi məsələlərə yenidən baxdılar. Nəticədə 283 bənddən ibarət yeni «İstədiymiz gələcək» («The Future We Want») sənədi imzalandı, Sənəddə sonrakı inteqrasiya, yeni yaranmış çağırışların nəzərdən keçirilməsinin vacibliyi bildirildi, planetdə hələ də hər beşinci insanın (1 milyarddan çox) ifrat yoxsulluq şəraitində yaşadığı, hər yeddinci insanın (14%) aclıqdan əziyyət çəkdiyi, bəşəriyyətin hələ də pandemiyalar və epidemiyalar kimi səhiyyə problemləri qarşısında acizliyi, xüsusilə gənclər arasında işsizliyin yüksək səviyyəsi, iqlim dəyişmələrinin neqativ təsirləri təəssüflə qeyd edildi. Proqnozlara görə, planetin əhalisinin 2050-ci ildə 9 milyarddan çox olacağı, əhalinin təxminən üçdə iki hissəsinin şəhərlərdə yaşayacağı şəraitdə davamlı inkişafın məqsədlərinə çatmaq üçün bütün səylərin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrə yardımların artırılması, davamlı inkişafın hər 3 komponentinin daha da möhkəmləndirilməsi, ölkələrdə «yaşıl» iqtisadiyyat siyasətinin təşviq edilməsi tövsiyə edildi.

Yoxsulluğun ləğvi, ərzaq təhlükəsizliyi, qida və kənd təsərrüfatının davamlı təşkili, su təchizatı və sanitar məsələlər, energetika, davamlı turizm, ekoloji təhlükəsiz nəqliyyat vasitələri, ekoloji damlı şəhərlər və yaşayış məntəqələri, səhiyyə, hamının tam məşğulluq və ləyaqətli iş yeri ilə təmin olunmasına kömək etmək kimi problemlər fəaliyyətlərin çərçivə proqramlarına daxil edildi (17,22).

Bu proqramm sənədləri və növbəti beynəlxalq forumlar əsasında AİB, Şərqi Avropa ölkələri, ABŞ, Kanada və digər ölkələr özlərinin davamlı inkişafa keçid konsepsiyalarını hazırladılar və ətraf mühitin mühafizəsi üzrə milli proqramlar qəbul etdilər.


Yüklə 481,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin