WITH THE EARLY VIEWS
(On the base of Shirvan folklore)
Summary
The article deals about the folklore genres belonging the folk publications. Folk publications are the initial epic genres that people create in the labor process. At the same time disputable thought and polemical put out dealing with the folk publication. On the base of Shirvan folklore a lot of analyzes have been carried out dealing with the genre.
Key words: Shirvan, myth, people, medium, thought, snake, child, gold
ЖАНРОВАЯ СПЕЦИФИКА МИФОВ, ОТРАЖАЮЩИХ ПЕРВОБЫТНЫМ ВОЗЗРЕНИЯМИ
(На основе материалов Ширванского фольклора)
Резюме
В статье рассказывается о фольклорных жанрах, относящихся к народной прозе. Народная проза состоит из первичных эпических жанров, которые сформировались, на протяжении долгого трудового процесса человека. В то же время народная проза создает полемику и спорные вопросы в фольклористике. В статье анализируются многие проблемы связанные с народной прозой в Ширванской фольклорной среде.
Ключевые слова: Ширван, миф, народ, среда, мысль, змея, ребенок, золото
Folklor canlı ünsiyyət mübadiləsi əsasında formalaşıb meydana çıxır. Çünki insanların maddi-fiziki, ruhi-mənəvi tələbatları ünsiyyət ehtiyacı yaradır. Məhz ünsiyyət vasitəsilə qurulan münasibətlər də jest, mimika, rəqs, səs və nitq ünsürü əsasında folklorlaşma prosesini həyata keçirir. Fərdlərarası əlaqələnmə müxtəlif situasiyalarda müxtəlif mövzular yaratdıqca folklor örnəkləri yaranmağa başlayır. Fərd-fərd cilalanan bu nümunələr sonucda toplumların mədəni-mənəvi dəyərlərinə çevrilir. Lakin folklor bununla bitmir. Eyni zamanda maddi-mədəni sənət nümunələri də bu kütləvi prosesdə fəal iştirak edir. Etnosun, yaxud etnosların inkişaf mərhələləri bu canlı dinamikada aydın izlənilə bilir. Fərdi yaradıcılıqdan xalq yaradıcılığına doğru təşəkkül prosesi folklor janrlarının meydana gəlməsinə səbəb olur. İnsanların məqsədyönlü fəaliyyətləri müxtəlif janrlarda xalq ədəbiyyatı nümunələrinin ortaya çıxmasını şərtləndirir. Mərasimlərlə bağlı epik-lirik-dramatik örnəklər, xalq dramları, əmək nəğmələri, atalar sözü və məsəllər, tapmacalar, nağıllar, əfsanələr, lətifələr, bayatılar, xalq mahnıları, uşaq folkloru, aşıq yaradıcılığı, epos, dastan və bu kimi saysız-hesabsız folklor nümunələri ona görə janrlaşıb müxtəlif şəkillərdə aşkara çıxır ki, onların hər biri bir məqsədlə yaradılır. Təbiidir ki, layla ilə ağı, tapmaca ilə deyişmə, nağıl ilə dastan, əfsanə ilə rəvayət və digər sayagəlməz nümunələr müəyyən situasiyada müəyyən bir məqsədlə meydana gəldiyi üçün şəkil və məzmuna görə də fərqli olur. Məhz xalq ədəbiyyatı öz geriyədönməz mütəhərrikliyi ilə bu spesifik janrlar əsasında əsrdən-əsrə davam edib heyrətamiz əzəmətini qoruyub saxlayır.
Xalq ədəbiyyatının janrları ədəbi-nəzəri baxımdan məlum ədəbi növlərə daxil olur. Belə ki, ədəbiyyatşünaslıqda bir qayda olaraq şifahi və yazılı ədəbiyyat nümunələri əsasən lirik, epik, dramatik kimi ədəbi növlərə bölünür. Məlumdur ki, nəsr əsərləri tipik olaraq epik və dramatik növdə, nəzm əsərləri isə lirik növdə, bəzi hallarda dramatik növdə olur. Nəzm ilə dramatik növdə ifadə tərzi seçmək yazılı ədəbiyyat üçün daha xarakterikdir. Elə bu baxımdan aydın olur ki, xalq nəsri anlayışı xalq ədəbiyyatında, folklorda epik növə aid olan janrları özündə ehtiva edir.
Adından göründüyü kimi, mövzumuz xalq nəsrinin regional xüsusiyyətləri, daha konkret olaraq, Şirvan folklor mühitində xalq nəsri olduğu üçün tədqiqat işimizin istiqaməti regional səviyyədə araşdırma tələb edir. Elə bu səbəbdən də biz xalq nəsrinin nəzəri-metodoloji əsaslarını deyil, Şirvan mühitinə uyğun spesifik cəhətlərini araşdırmağa ehtiyac hiss edirik. Təbiidir ki, bu baxış bucağından ilkin olaraq nəzəri cəlb edən spesifik cəhət Şirvan folklor məkanında yayılmış xalq nəsrinə mənsub janrların özünəməxsusluğudur. Əlbəttə, bütün hallarda bu janrların klassifikasiyası dəyişməz olaraq qalır, lakin lokal (məhəlli) və regional (bölgə) xüsusiyyətlər janrlara birbaşa və ya dolayısı ilə təsir edir. Məkan, mühit və fərdi özəlliklər baxımından xalq nəsrinin janrlarında yaranan yeniliklər bu janrların yalnız regional cəhətdən deyil, həmçinin milli-etnik və dünyəvi (qlobal) cəhətdən kamilləşməsində rol oynayır. Xalq nəsrinin Şirvan folklor mühitində janr xüsusiyyətlərinin araşdırılması bütün janrlar üzrə özünü ən qabarıq səviyyədə göstərməsə də, bir janrın digər janra nisbətində müəyyən qədər diqqət çəkir. Elə bu baxımdan da janr xüsusiyyətlərini digər bölgə, ölkə və s. ilə müqayisə əsasında tədqiqata cəlb edərkən bütün janrlar haqqında əhatəli şəkildə bəhs açmaq ehtiyacı hiss etmir (əlbəttə, bu, digər janrlardan bəhs açmamaq anlamına gəlmir), Şirvan folklor mühitində öz spesifikası ilə seçilən janrlara daha çox diqqət çəkmək gərəyi duyuruq. Çünki heç bir bölgə xalq nəsrinin bütün janrlarında bərabər səviyyədə folklor örnəkləri meydana qoymur. Bu həmin bölgənin öz spesifik quruluşundan irəli gəlir. Bölgə arealı, relyefi, ərazisi, əhalisi və s. kimi amillər folklor örnəklərinin yaradılmasına birbaşa təsir etdiyi üçün hər bölgənin daha aktiv və daha passiv janrlar üzrə folklor nümunələri yaratdığı aşkara çıxır. O.Əliyev Şirvanda xalq nəsrinin epik nümunələrinin daha çox mövcud olduğunu, bunların içərisində isə nağıl janrının ən geniş səviyyədə yayıldığını elə bu cəhətdən qeyd edir: “Onu da deyək ki, bu ərazidə lirik folklor örnəklərinə nisbətən epik folklor örnəkləri üstünlük təşkil edir. Xüsusən, nağıllar Şirvan folklor xəritəsində mühüm yer tutur”(1, 42).
H.İsmayılov və S.Qəniyev isə Şirvan folklor mühitində tapmaca janrının digər janrlara nisbətən regional xüsusiyyətləri bir qədər zəif şəkildə daşıdığını qeyd edirlər: “Düzdür, bunlardakı regionallıq atalar sözlərində, yaxud məsəllərdə olduğu qədər üzdə deyil, ancaq bununla bərabər bölgədən əldə edilmiş tapmacalar içərisində yerli təbiət, həyat şəraiti, məhəlli təsərrüfat formaları və s. ilə bağlı örnəklər vardır...”(2, 31).
Diqqət edildikdə aydın görünür ki, tədqiqatçı alimlər Şirvan bölgəsində yayılan janrlar arasında müqayisə aparır, atalar sözü və məsəllərin daha geniş səviyyədə regional janr xüsusiyyətlərini qeyd edirlər. Göründüyü kimi, O.Əliyev, H.İsmayılov, S.Qəniyev bölgədə aktiv və passiv janrların mövcud olduğuna diqqət çəkir, lakin bu janrların hər birinin qismən də olsa, regional xüsusiyyətlərə malik olduğunu da inkar etmirlər. Elə bu baxımdan da Şirvan folklor mühitində xalq nəsrinin janr spesifikasını araşdırarkən bu janrlara az və ya çox, aktiv və ya passiv, hər necə olursa olsun müəyyən yer ayırmaq, əhatəli və ya dar çevrədə, bu janrların özəlliklərini mətnin alt laylarında belə araşdırıb üzə çıxarmaq ehtiyacı meydana gəlir. Bu cəhətdən də Şirvan folklor mühitini janr təsnifatı ilə araşdırmaya cəlb etmək lazım gəlir ki, hər janr üzrə xalq nəsrinin Şirvan folklor arealındakı özünəməxsusluğu aşkara çıxsın. Eyni zamanda xalq dünyagörüşünün ifadə səviyyəsi hər hansısa bir janr əsasında özünü göstərir ki, janr xüsusiyyətlərini araşdırmaq elə regional spesifikanı bütünlüklə əhatə edir. Biz bu səbəbdən xalq nəsrinin regional xüsusiyyətlərini Şirvan nümunələri əsasında araşdırmaya cəlb edərkən janrların özünəməxsus cəhətlərini tədqiqat boyu izləməyə çalışmışıq.
Məlumdur ki, arxaik janr təsnifatı baxımından meydana çıxan mif və əsatirlər nəsr örnəyi kimi ilkin olaraq diqqət çəkir. Bu barədə A.Nəbiyev haqlı olaraq yazır ki, “Xalq nəsrinin ilk nümunələrindən biri miflərdir” (3,284). Şirvan regionunun istər qədim, istərsə də müasir ərazi bölgüsü geniş məkan xəritəsini meydana çıxarır. Təbiidir ki, bu ərazinin lokal səviyyələri ən qədim davranış stereotiplərini bu ərazilərdə yaşayan toplumların düşüncə kodunda daşlaşdırıb. Elə bu səbəbdən də təhkiyə üsulu kimi götürdüyümüz miflərin ayrıca janr kimi meydana çıxmasına ehtiyac yoxdur. Mif mifik xüsusiyyətləri özündə cəmləyən hər hansı bir davranış səviyyəsində ən müxtəlif janrlar içərisində təzahür edib, yeni bir janr kimi diqqət çəkir. Təsadüfi deyil ki, mifoloq alim S.Rzasoy tapmacalarda mifoloji düşüncənin mövcudluğundan bəhs edərkən tapmacada miflərin araşdırılması qənaətini də ortaya qoyur: “Tapmacalarda kosmoloji çağın etnosunun əhatə etmədiyi dünya sahəsi qalmır” (4,163).
Şirvan folklor mühitində miflərin araşdırılması çox vacibdir. Çünki, bir çox tədqiqatçıların qeyd etdiyi kimi, bu zəngin ərazinin folklor mühiti gərəyincə öyrənilməmişdir (2,13,23;5,151,163;6,9;7,9; 8,4). Xüsusilə, nəzərə alsaq ki, mif qədim dünyanın təhkiyə tipi sayılır (9,64) və mifin öyrənilməsi daha da gərəkli olur.
Onu da qeyd edək ki, qədim tarixi olan ərazilərdə mifik təsəvvürlərin mövcudluğu və bunun ifadə səviyyəsi kimi mif mətnlərinin yaddaşlarda daşınması daha müasir ərazilərə nisbətən daha asanlıqla bərpa olunub aşkara çıxa bilər.
Bunun üçün həm açıq mətnlərin – təhkiyə forması üzərində qurulan mif hekayətlərinin, həm də, yuxarıda diqqət çəkdiyimiz kimi, digər janrların ifadə səviyyəsində mövcud olmasa da, müxtəlif lay səviyyəsində bu istiqamətdə araşdırmaya cəlb olunmasına böyük ehtiyac vardır.
Şirvan folklor məkanında miflərin təhkiyə forması kimi spesifik şəkildə öyrənilməsi baxımından məqsədyönlü olaraq bir neçə mif hekayətini və onların digər regionlarda nisbətən fərqli şəkillərinə diqqət çəkək. Azərbaycan Folklor Antologiyasının (Şirvan folkloru) XI cildində nəşr edilmiş “İlan sədaqəti-ilan xəyanəti” adlı bir mif mətnini nəzərdən keçirək. Bu mifin qısa məzmunu belədir: “İman kişi arıçılıqla məşğul olurdu. O, gündə şərbət düzəldir və camda arı pətəklərinin qarşısına qoyurdu. Bir gün şərbət camının birinin içində qızıl onluq gördü. Üç gün keçəndən sonra bu iş yenə təkrar olundu. İman kişi arı pətəklərini gözətləyib gördü ki, bir böyük sarı ilan gəlib camın birindəki şərbəti içdi və bir qızıl onluq qoyub getdi. Nəhayət, İman kişi müəyyən etdi ki, üç gün bitib dördüncü günə keçəndə həmin ilan gəlib şərbəti içir və qızıl onluq qoyub gedir. Bu minvalla kişi xeyli qızıl onluq yığır. Bir gün İman kişi xəstələnir, oğlu Tanrıverdini yanına çağırıb əhvalatı ona danışır və onunla birlikdə gedir. Tanrıverdi də bunun doğru olduğunu və nə etmək lazım gəldiyini öyrənir. İman kişi dünyadan köçəndə oğluna vəsiyyət edir ki, arıçılığı atmasın, çünki çörəyi arıçılıqdan çıxacaq, onu sadə şəkildə dəfn etsin, bir də kənd koxasından uzaq dursun. O, vəsiyyət-nəsihət edib dünyadan köçür. Tanrıverdi kənd koxasının qızını sevirdi, buna görə də atasının vəsiyyətini unudub məsələni acgöz Koxaya açır. Koxanın qızı ilə evlənən Tanrıverdi ilan üçün şərbət düzəldib qızıl götürmək işini də Koxaya həvalə edir. Çünki Koxanın qızı özünə bənzəmir və qızıldan imtina edib insan kimi yaşamağa üstünlük verir. Koxa isə bir neçə dəfə ilana şərbət verdikdən sonra tamah ona güc gəlir və ilanın yuvasını dağıdıb bütün xəzinəni birdən əldə etmək istəyir. İlan isə Koxanın külüngü ilə yaralandığı üçün onu çalıb öldürür. Kənd adamları Koxanı nə qədər xilas etməyə çalışsalar da ilanlar Koxanın bədəninə daraşır. Sonra ilanlar kəndə yayılmağa başlayır. Bir müdrik qoca nəsihət edir ki, hamı kənddən köçüb getsin. Çünki bu kəndin altında ilanlar məmləkəti var. Yəqin ki, Koxanın yaraladığı ilan da ilanlar padişahı imiş. Ona görə də ilanlar onlardan əl çəkməyəcək. Bütün kənd koxaya lənət oxuya-oxuya öz ev-eşiklərini tərk edir” (2, 114-119).
Əlbəttə, bu mətnin semantik-mifoloji təhlili ayrıca bir tədqiqat işi tələb edir. Bu səbəbdən Azərbaycan klassik ədəbiyyatı kitabxanasının 20-ci cildliyinə daxil edilmiş “Xalq ədəbiyyatı” adlanan I - cilddə “Miflər-əsatirlər” başlığı altında eyni variantda bir mif mətnini gözdən keçirək. Öncə onu qeyd edək ki, yuxarıda diqqət çəkdiyimiz mətn aşağıda təqdim edəcəyimiz mətnlə eyni motivli olsa da Şirvan folklor toplusunda bu mətn təəssüf ki, “Əfsanələr və rəvayətlər” başlığı altında verilmişdir (2, 438). Əlbəttə, biz mifin əfsanə janrında mövcudluğunun gərəksizliyini ortaya qoymuruq. Yuxarıda da qeyd etdiyimiz kimi, mif konkret janr olmadığı üçün əksər janrlarda daşına bilir. Lakin miflərin təhkiyə kimi aydın göründüyü janrlardan mifləri alıb “Miflər və əsatirlər” başlığı altında yerləşdirməyin tərəfdarı olduğumuza diqqət çəkirik.
İkinci mətnin qısa məzmunu belədir: “Qaraçux kəndində bir kişi yaşayırdı. Bu kişi bir bərə düzəldib camaatı Arazın o tayına, bu tayına keçirib çörək pulu qazanırdı. Bir gün gecə yarısı bu kişinin qapısı bərk döyülür. Kişi qapını açdıqda qapı ağzında bir yekə ilanın durduğunu görür. Kişi qorxub qapını örtür. Qapı yenə döyülür. O, qapını açıb görür ki, ilan onun ardınca gəlməsi üçün kişiyə işarət edir. Kişi fikirləşir ki, burada nəsə bir iş var. Dinməz-söyləməz durub düşür ilanın arxasınca. Gethaget gəlib çıxırlar Arazın qırağına. Kişi baxır ki, bunun bərəsinin üstündə o qədər ilan var ki, ayaq qoymağa yer yoxdur. İlanlar kişiyə bir təhər yer eləyir. O da bərəni Arazın o tayına sürür. Qırağa çatanda ilanların hamısı bərədən düşüb gedir. Bu əhvalatdan bir neçə gün keçir. Bir səhər kişi qapıdakı səs-küyə ayılıb görür ki, qapıda bir neçə dəvə durub. Üstləri də ilanlarla doludur. İlanlardan birinin quyruğu yoxdu, birinin başı qanlıdı, birinin bədəni yaralıdı. Bir sözlə, çoxu əzilib, yaralanıb. Kişi anlayır ki, ilanlar davadan gəlir. Kişini görəndə ilanlar bir-bir sürüşüb dəvələrin belindən yerə düşürlər. Onlar kişinin qabağına gəlib yerə tüpürürlər. Kişi baxır ki, hər ilanın ağzından bir qızıl düşür. Çox keçmir ki, yekə bir qızıl qalağı yığılır. Sonra ilanlar təzədən dəvələrin belinə dırmaşıb dəvələrlə birlikdə çıxıb gedirlər. Qızıllar da kişiyə qalır” (10,20). Qeyd edək ki, bu mif örnəyi Naxçıvan şəhərində əldə olunmuşdur (10,49).
Qarşımızdakı bu iki nümunəni müqayisə edərkən aydın görürük ki, eyni mif motivinə (“İlanların qızıl gətirməsi”) söykənsə də miflərin regional özünəməxsusluğu qabarıq şəkildə diqqət çəkir. Belə ki, Şirvan nümunəsində mif ictimai-sosial mövzu ilə kontaminasiya edilib. Yəni mif mətnin içində bir mətn kimi diqqət çəkir. Belə ki, kənd əhalisinin yoxsulluğu bu zəmində Koxanın varlılığı və acgözlüyü, eyni zamanda xalq dilinin geniş imkanları vasitəsilə ifadə olunur, ictimai satiranın bariz nümunəsi kimi diqqət çəkir. Tanrıverdi atasının vəsiyyətinə əməl etməyib qızıl gücünə ona təm-təraqlı yas mərasimi düzəltdikdə kənd Koxası öz-özünə deyir: “Mən Koxa ola-ola elə bir süfrə düzəldə bilmirəm. Bəs ağzından süd iyi gələn bu uşağın varı haradandır? Atası da kim idi, üç-dörd arı pətəyi olan İman kişi”(2,115).
Başqa bir yerdə xalqın hüquqlarının tapdalanması, ictimai bərabərsizliyin bir kənd timsalında xalq dilində yer alması bu şəkildə ifadə olunur “Koxa yalançı olduğu qədər bic, fırıldaqçı və çox tamahkar bir insan idi. Nəfsinin qədəri-qəsəmi yox idi. Var-dövlətdən gözü doymazdı. Caamatla rəftarı da o qədər yaxşı deyildi.”(2,114)
Bu misalların sayını bir qədər də artırmaq olar. Göründüyü kimi, Şirvan Folklor məkanında miflər də dövrün çağdaş nəsrinin içərisinə daxil olur, lakin mif xüsusiyyətlərini qoruyub saxlayır. Motiv spesifikasına uyğun şəkildə variativ mif nümunəsi kimi diqqət çəkir. Bu düşüncə tərzi Şirvan folklor mühitində yalnız xalq nəsrinin deyil, həmçinin digər janrlarda olan nəzm nümunələrinin də payına düşür ki, bu da Şirvan regionunun özünəməxsusluğundan irəli gəlir. Yuxarıda qeyd etdiyimiz Naxçıvan şəhərindən toplanmış mifin də öz regional özəlliyi vardır. Mətndə birinci diqqət çəkən məsələ Araz çayı kənarında yaşayıb dolanışığını çıxaran bir kişinin məhz Araz çayından istifadə etməsidir.
Əgər bu mətn Naxçıvan ərazisindən deyil, Şirvan ərazisindən alınmış olsa idi, o zaman bu çay Araz çayı deyil, Kür çayı olacaqdı. Məkanın folklor psixologiyasına, düşüncə tərzinə və deyiliş üslubuna birmənalı şəkildə təsiri bu mətndə üzə çıxır. Eyni zamanda ilanların dəvə üstündə gəlişi də Naxçıvan mühitinin etnoqrafik səciyyəsi olaraq diqqət çəkir. Ancaq ən əsas məsələ isə bu miflər arasındakı motiv yaxınlığı və fərqli mif görüşüdür. Naxçıvanda toplanmış bu örnəkdə ilanın müsbət funksiyası diqqət çəkir. Şirvan nümunəsində isə ilanın müsbət funksiyası ilə yanaşı dağıdıcı funksiyası da nəzərdən qaçmır. İlan əhdə vəfa edib içdiyi şərbətə görə qızıl gətirirsə də, yaralandığı zaman da yalnız ona zərər vuranla kifayətlənmir, bütün kəndi qovub ev-eşiyindən didərgin salır. Əlbəttə, bu heç də Şirvan mifində təsadüfi səciyyə daşımır. İlanın mifoloji arealda yeri kosmoloji baxımdan xtonikdir. Elə bu səbəbdən də bədii ifadə səviyyəsində onun dağıdıcılıq funksiyası mətndə diqqət çəkir. Mifoloq alim R.Əliyev bu barədə daha əhatəli araşdırma apararaq yazır: “İlk dəfə ilan məzmunu təfəkkürdə yarananda o, əvvəlcə xtonik məzmun daşıyıb. Xtonik ilandan sonra səma ilanı məfhumu formalaşıb. Su ilə bağlı ilan hər iki tipin aralığında yerləşən, daha doğrusu təfəkkürdə formalaşan tipdir” (11,144-145).
Bu mifoloji baxış bucağından baxdıqda biz Şirvan örnəyində təsvir olunan ilan(lar)ın xtonik olduğunu, Naxçıvan örnəyində olan ilanların isə su ilə bağlı olduğunu görürük. İlanlar Araz çayı üzərindən keçməklə su ilə bağlılıqlarını göstərir (10,20). Demək, Şirvan mifinin Naxçıvan mifinə nisbətən daha qədim olması mifoloq alim tərəfindən öz təsdiqini tapır. Əlbəttə, biz Naxçıvanda toplanan miflərdə də eyni mövzu ilə rastlaşa bilərik və rastlaşırıq. Bu da ondan irəli gəlir ki, Naxçıvan ərazisi də qədim ərazilərdən biridir. İstər Şirvanda, istərsə də Naxçıvanda toplanan mifoloji mətnlər müasir ərazilərlə nisbətdə təbiidir ki, mif strukturuna uyğun gələn ən ilkin təsəvvürlərlə bağlı arxetipləri özündə daşıyır. Lakin onu da qeyd edək ki, folklorşünaslığımızda bu sahədə Naxçıvan ərazisi ilə müqayisədə Şirvanda görülən işlər çox zəif və yetərsizdir. Şirvan ərazisində miflər yetərincə toplanmamış və öyrənilməmişdir. Əlbəttə, bu da hər birimizin, xüsusilə də folklor örnəkləri araşdırıcılarının və toplayıcılarının təxirəsalınmaz borcudur.
Əlimizdəki “Şirvan folkloru”nun “Atlar” başlıqlı nümunəsi də əslində tam olaraq əfsanə, yaxud rəvayət deyil, mif olması qənaətini verir. Əlbəttə, qeyd etdiyimiz kimi, mif təhkiyəsi konkret janr olmadığı üçün əfsanə və digər janrlar arasında da özünə yer alır. “Atlar”mifinin qısa məzmunu belədir: “Bir dövlətli kişinin bir kasıb qonşusu var idi. Bu kasıbın atı ölür, o da varlı qonşusundan cütə qoşmağa bir at istəyir. Qonşu deyir ki, ilxım sənə qurbandır, get ilanlı dağa, ilxım orda otlayır. Bir at tut gətir. Qonşu razılıq edib gedir, bir at tutub gətirir. Xəsis varlı qonşu atı görüb deyir ki, bunu burax, get ayrısını gətir, bunun sancısı var. Kasıb yenə dağa qayıdır. İkinci atı gətirir. Xəsis eyni qaydada ikincini də gözdən salıb deyir ki, bu madyan ilkinə boğazdır, get, ayrısını gətir! Belə-belə kasıb bir ay müddətində nə at gətirirsə, varlı qonşu atı qaytarıb başqasını gətirməyi söyləyir. Beləliklə, cüt qoşub əkin əkmək vaxtı sovuşur, kişi ac qalır. Bundan iki gün sonra varlı qonşu öz ilxısına baş çəkməyə gedir. Ancaq oraya çatanda görür ki, atların hamısı dönüb daş olub”(2, 71-72).
İlkin olaraq onu qeyd edək ki, bu mətn də yuxarıda göstərdiyimiz kimi ifadə səviyyəsində ictimai-sosial məzmun kəsb edir, ikili qarşıdurma kimi sosial kontekstdə diqqət çəkir. Eyni zamanda Şirvan ərazisinə bağlı olan əkinçilik-təsərrüfatçılıq mətndə özünəməxsus şəkildə özünü göstərir. Əvvəldə göstərdiyimiz kimi məkan işarəsi mətn strukturunda əhəmiyyətli rol oynayır. Lakin bu örnəkdə atların daşa dönməsi varlı xəsis qonşunun cəzalanması ilə bərabər mifoloji struktura söykənir. Elə bu baxımdan bu nümunə də mif olaraq diqqət çəkir. Daşa dönmə mifoloji kompleksə aid olan motiv kimi bir çox əfsanə, rəvayət, nağıl, inam və sınamalarda diqqət çəkir. Ən qədim təsəvvürlərdən bugünə qədər daşa çevrilmə anlayışı ilə bağlı bir çox şifahi və yazılı mətnlər mövcuddur. Lakin daşa dönmə qavramanın mifik sferaya daxil olan anlayış kimi izahı mövzumuz gərəyincə vacibdir. Daşa dönmə motivinin əfsanələrdə yer alması təbiidir ki, təsadüfi olaraq meydana çıxmır. Etnosun göz açıb gördüyü, məkan arealı, təbiət ünsürləri, flora və fauna çevrəsi, relyef və digər georeallıqlar düşüncə hadisəsinə, dil faktoruna, əqli-fiziki-psixoloji durumuna təsir edir. Məhz bu müxtəlif şaxəli bilgi yığını ifadə səviyyəsində müəyyən təhkiyyə elementləri kimi təzahür edib bədii-lirik-epik örnəklərə çevrilir. Əski mifoloji görüşlər çağdaş reallıqlarla birləşib müəyyən folklor nümunələri meydana çıxarır. Belə ki, bu nümunələrdə həm mifoloji baxışlar sistemi, həmçinin müasir-ənənəvi görüşlər bir-biri ilə çulğalaşmış şəkildə yaddaşlardan yaddaşlara ötürülür. Bir daş, bir qaya, bir qala və s. kimi mövcud məkan ərazisində olan maddi-mədəni abidələr xalq təfəkküründə etnotarixi bilgilərin müxtəlif şəkillərdə daşınmasına səbəb olur, bu yerlər haqqında miflər, əfsanələr, rəvayətlər, nağıllar və s.nin yaranması üçün əsas verir. Elə bu səbəbdən də bu folklor mətnləri tədqiqata cəlb edilərkən müxtəlif laylar səviyyəsində oxunub aşkarlanma tələb edir. Yuxarıda göstərdiyimiz atlarla bağlı əfsanə həm bu ərazidə daşların atlara bənzərliyindən doğursa, bu səbəbdən bir əfsanə nümunəsi yaranırsa, bu əfsanədə eyni zamanda ictimai-sosial kontekst məzmun quruluşuna daxil olursa, digər tərəfdən də bu laylar səviyyəsindən daha dərin səviyyədə mifoloji görüşlər iştirak etməyə başlayır.
M.Cəfərli Naxçıvan folklor mətnlərinin mifoloji görüşlərlə bu spesifikadan doğan bağlılığı haqqında maraqlı fikirlər söyləmişdir: “Bunlar izahedici mətnlər olmaqla ən əski kosmoqonik təsəvvürlərlə bağlıdır. Onların araşdırılması ilkin kosmoqonik təsəvvürlər ortaya qoymuş olur” (12,389).
QAYNAQLAR
1. P.Əfəndiyev. Azərbaycan folklorşünaslığının problemləri. Bakı, Elm və Təhsil, 2010
2. AFA, XI, Şirvan folkloru. Toplayıb tərtib edənlər H.İsmayılov, S.Qəniyev. Bakı, Səda, 2003
3. A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. Bakı, Çıraq, 2009
4. S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004
5. B.Abdulla. Haqqın səsi. Bakı, Azərnəşr, 1984
6. S.Rzasoy. Oğuz mifi və atalar sözləri. “Dədə Qorqud” jurnalı. 2005
7. Q.Sayılov. Azərbaycanda Novruz. Bakı, Çıraq, 2012
8. E.Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, Elm, 1998
9. R.Əliyev. Mif və folklor: genezisi və poetikası. Bakı, Elm, 2005
10. AFA, I, Naxçıvan folkloru. Tərtibçilər: T.Fərzəliyev, M.Qasımlı. Bakı, Sabah, 1994
11. Q.Sayılov. XX əsr Şirvan aşıqları. Bakı, Araz, 2007
12. M.Cəfərli. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, Elm, 2000
Gülnar OSMANOVA
AMEA Folklor İnstitutu, elmi işçi,
gulnar_osmanova@list.ru
“AĞ QOÇ, QARA QOÇ”: MİFOLOJI YADDAŞ VƏ BU GÜN
Xülasə
Məqalədə çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” əsərinin mifoloji mənbəyi araşdırılır. Xalq ədəbiyyatı nümunəsi olan “Məlikməmmədin nağılı” ilə müqayisələr aparılır. Həmçinin əsərdəki ağ və qara rənglərin simvolikası, bu rənglərin özündə daşıdığı mifoloji semantika izah edilir.
Açar sözlər: Anar, nəsr, mifoloji motiv, nağıl, rəng simvolikası
“AG GOCH, GARA GOCH”: MYTHOLOGICAL MEMORY AND TODAY
Summary
In the article the mythological source of the novel “Ag goch, gara goch” by a well-known representative of the contemporary Azerbaijan literature, folk writer Anar is investigated. The work is compared with "The tale of Malikmammad" as an example of folk literature. Symbolism of white and black colours and the mythological semantics which carries itself in the colours are also explained in the novel.
Key words: Anar, prose, mythological motive, tale, colour symbolism
«АГ КОЧ, КАРА КОЧ»: МИФОЛОГИЧЕСКАЯ ПАМЯТЬ
И СЕГОДНЯ
Резюме
В статье рассматривается мифологический источник произведения видного представителя современной Азербайджанской литературы, народного писателя Анара «Аг коч, кара коч» («Белый баран, черный баран»). Данное произведение сравнивается со «Сказкой Маликмамеда», представляющее собой образец народной литературы. В настоящей статье также дается толкование символики и мифологической семантики белого и черного цветов в произведении.
Dostları ilə paylaş: |