Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə139/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   135   136   137   138   139   140   141   142   ...   228
YAZIYA POZU YOXDUR
I mətn

Elə bil iki dənə padşah olurmuş, biri günbatanda yaşıyırmış, biri gündoğanda. Bılların uşağı olmurmuş. Nəysə, birinin bir oğlu olur, birinin bir qızı olur. Allah-taaladan hökm olur, bılları axırda bir-birinə yazır Allah-taala. Hə, bıllar da özü də düşmən oluplar bir-biriynən. Biri deer ki, dunyada həylə şey ola bilməz. Hə, deer mən qızımı itirejem dünyadan, verejem, getsin çıxsın bir tərəfə. Qızı yekəlmişimiş da, on bir, on iki, on üç yaşı olanda, bı qızın verir bir dənə Zümrüd quşuna. Zümrüd quşu bını vırır caynağına, götürür, aparır elə bil dünyanın o başında bir dəryanın qırağında bir qaya varıymış. Aparır bı qayanın səkisində bir kahı var, bı kahıda bı qızı saxlıyır. Bını bırda saxlıyır, saxlıyır, saxlıyır, ta bı yekəlir, yekə qız olur da. Bı oğlan da orda yekəlir. Bının nə qədir atası deer ki, bala, səni əvləndirim. Deyir, yox, mən baş götürüp getməliyəm. Harda qismətim olsa, orda əvlənərəm, əvlənmərəm, öz işimdi. Bı oğlan da durur bir ilmi, iki ilmi, gəzə-gəzə düz gedir çıxır orıya. O qız harda yaşıyır, harda olursa, orıya. Dəryanın qırağında otumuşumuş. Görür ki, dəryanın qırağında böyüh bir, qəlbi qaya var, bı qayanın səkisində bir dənə qız gəzir. Deyir ki, ay bajı, sən kimsən, nəçisən, nətəərsən? Deyir ki, bəs hal-nağıl belə-belə. Mənim atamnan, elə bil bir padşah düşman olullar. Mənim də Allah-taala yazımı onun oğluna yazıb. Atam da qoymur ki, məni verələr ona. Məni gətirip bırda saxlatdırır. Deyir, hə, elə mən də sənin günündəyəm. Nəysə, deyir ki, nətəər eliyax ki, məni orıya çıxardasan? Deyir, mənim qanadım var, quşam? Mən səni nətəər götürüm çıxardım? Deyir, bəs nətəər eliyax? Bı qız oğlanı örgədir ki, get bir mal kəs, tulux so­yurmuşdar irəli, qatığı onun içinə yığırmışdar. Malı kəs, soy dərisin, üfür, qoy irilənsin, ağzını da bağla. Gəti qoy bırya, dənizin qırağına. Anam gələndə deəjəm mən onu, onu çıxart mənnən oynasın. Özun da gir onun içinə.



Həə, Zümrüt quşu gəlir ki, bı qız elə bekefdi, ele bekef. Deer, ay mənim qızım, niyə belə bekefsən? Deer ki, bax belə, sən çıxıf gedirsən, mən də təh qalıram bı qayanın üsdündə, bir adamnan da­nış­mıram. Deer, bəs neyliyağ, nətəər eliyağ? Bu oğlan da malı kəsip, tuluğ eliyib. Girip tuluğun içinə ağzın bağlıyıb, orda yerdədi. Deer, bax onu çıxart, gətir bırya. Onnan mən günümü keçirim, sən harya gedirsən, get. Zümrüt quşu da ayrı quş olur dayna. Vırır çaynağına, çıxardır. Qoyur bının yanına. Bıllar bırda (bağışda dayna) ikisi də bir yaşıyıllar. Bının da iki uşağı olur. Həə, iki uşağı olur. Olanda paşşah Zümrüt quşuna deer ki, get mənim qızımı gətir. Zümrüt quşu gəlir deer ki, ay qızım, onda balaceydın, mən səni qanadımın üs­dü­nə aldım apardım, mən indi səni nətəər alım? Deer, nənə, mən bıde, girəjəm bı tuluğun içinə, məni vır çaynağına, apar. Vırır cay­na­­­ğına, Zümrüt quşu gətirir, padşahın meydançasında yerə qoyan­da, tulu­ğun ağzı açılır, uşax da, gəlin də, oğlan da çıxır. Deer, Züm­rüt quşu heysinnən ceynağıynan vırır, özü-özün öldürür. Hə, odu ki, deyiflər yazıya pozu, tağdıra tədbir yoxdur. Bax böyün bırda yazıla ki, mənim başıma bir oğat gələjəy, onu pozmağ yoxdu. İlahi yazıf da.
II mətn

Bir gün Şah Abbas vəziri Allahverdi xanı da götürür çıxır sə­yahətə. Dərviş libaslı olullar. Gedir, bı şəhər mənim, o şəhər sənin. Gedip bir kəndə çıxıllar. Kənddə birəz nə bilim, mərsiyə-zad de­yillər, pul yığıllar. Sora gecə buları qonağ eliyən olmur. Qalıllar ikisi də çöldə. Naxırçı gəlir. Gedir naxırdan çörəyi yığmağa. Çörəyi yığanda görür, ə, burda iki kişi oturuf. Deyir:

– A kişi, bırda niyə oturmusunuz?

Deyir:


– Vallah, neyniyəh, qonağ eliyən yoxdu.

Deyir:


– Ə, gəl bura. Gəlin gedəciyih bizə. Amba tay, evimiz çous­tandı41. Düzdü, qapıda artırması var, orda yerıızı salajam. Çörəyi də, bu naxır çörəyinnən yeyehsınız.

Deyir:


  • Əşi, nə olur olsun, evin olsun.

Gedillər, bılar, baxır görür ki, çox imkansız adamdı bı. Day nə bilir? Deyillər ki, dəvrişdi da ikisi də. Görüllər ki, ayə, bının doordan bir arvadı var, hamilədi, uje yetdihdi. Amba o qəddər də uşağı var, həddən artığ. Dört-beş.... Nəyisə. Allah verənnən yeyillər. Bu çavus­da­­nın artıması varımış. Bırda bılara yer salır. Özdəri çavusdanda yatır, mərəyin içində. Gecənin bir yarısı arvat başdıyır vayhameyi42 yerə qoymağa. Bu arvat doğannan sora vəzir görür ki, bir kişi peyda oldu, gejənin bir yarsı. Bı kişi arvat yatan yerə girəndə yapışır qolun­nan:

  • Ə, hara gedirsən, görmürsən orda, arvad doğup? Sən hara gedirsən ora?

Deyir:

– Ə, sənin gördüyünə baxma, məni heş kəs görmür.

Nəyisə. Gedir.

Deyir:


– Hara gedirsən?

Deyir:


– Gedirəm onun yazısın yazam. Onun yazısın yazmağa gedirəm mən.

Gedir. Çıxır.

Deyir:


  • Ay qardaş, nə yazdın? Maa de da, başına dönüm.

Deyir:

– Beyjə Şah Abbasın bir qızı olufdu, o qızı bu oğlana yazdım.

Deyir:

– Ə, naxırçının oğluna?



Deyir:

– Hə.


– Ə, nə danışırsan?

Deyir:


–Vallah ( söyləyici gülür – top.).

Səhər durur. Şah Abbasa deyir ki, şah sağ olsun, beyjə sənin bir qızın oluf, bu naxırçının da bir oğlu oldu. Sənin o qızını bu naxırçının oğluna yazıp. Belə bir hadisə oldu. Deyir:

– Hə, o yazan belə, oyan, bayan. O kimdi? Onu mən pozaram.

Deyir:


– Yox, şah sağ olsun, heç ora-bura əl-ayağ atma, Allah yaz­dı­ğı yazını poza bilməzsən.

Deyir:


– Yox, pozajam.

Deyir:


– Nə deyirəm?

Naxırçını çağırıf deyir:

– Naxırçı.

Deyir:


– Hə.

Deyir:


– Qardaş, başaa dönüm, görürəm sənin on-on uşağın var da, mən züryət üzünə həsrətəm. Beyjə olan oğluu ver maa. Uşağı qo­yax tərəzinin bir gözünə, qızılnan barabər. Ver onu maa, mən apa­rım. Mənim də zuriyətim olsun.

Deyir:


– Ay dərviş qardaş, mən ona hes-zad dəəmmərəm, çünki mənim şərikim var. Anasıynan danışıb saa dəə bilərəm.

Anasıynan danışır. Deyir:

– Əşi, ver də. Noolajax? Birinci, Allaha da xoş gedər, ikinci də yəqin züryəti yoxdu. Bizim də o qədər qarnı açığ, başı açıx uşağımız var, bax gör, saxlıya bilmirih. Uşağı gətirir, qızılnan bara­bər qoyur. Uşağı götürür, gedir. Gedillər indi başqa kəndə. Gedir bir sıldırım qayanın başında dayanır. Deyir ki, vəzir, indi bax. Uşağın əyağınnan tutuf tulluyur ağzı aşağı tərəf. Deyir:

– İndi yazsın görüm, yaza bilir?

Guya rəvayətə görə, uşağı göydə tutullar, qoyullar ora, bir yerə. Ta heş-zad olmur. Allah-taala tərəfinnən bir ceyran gündə gəlir bu uşağı əmizdirir, gedir. Bir gün bir ovçu gedirmiş, görür, ə, ceyran sərilip nəysə. İsdiyir vura. Deyir, ə, sən öləsən, balası var, əmizdirir. Bını vırmağ olmaz. Birəz yaxınnaşır, ceyran qaçır, görür yerdə nəysə qaldı. Tez gedir, görür ki, ə, bı, bir oğlan uşağıdı. Deyir, mənimkin Allah yetirib, züriyyətimiz yox, bir şeyimiz yox. Götürüb tez qaçır, gəlir əvə. Ovçu deyir ki, arvad, belə bir şeydi, Allah yetirib maa. Sən də qoynunnan onu sal, lap olsun doğma oğlumuz. Allah yetirib. Nəysə, bu uşağı elə böyüdüllər, keyfin isdiyən. Qulluğ eliyil­lər. Bı yekəlir, uje om beş-on altı yaşına çatır. Yenə bir günnərisi indi bı səfər Şah Abbas dərviş libasında yox, öz libasında bütün məmləkəti gəzir, bıra da gəlir. Buranın da kətxudasına deyillər ki, şah ordan gəlip, gələcəh sizin kəndə, o kətdən də çıxıp gedəjəh. Kətxu­da da burda çay, çörəh, yaxşı yeməh hazırrıyır, ağsakqalı, qa­ra­sakqalı yığır. Bu şaha layiq bir adam tapbır ki, şahın qabağına çay aparsın, çörəy aparsın də. Hamı gedə bilməz. Hamı deer, ovçunun oğlunnan başqa heş kəs onu apara bilməz. Ovçunun oğlu apara bilər. Deyillər, gəlsin. Ovçunu çağırıllar. Deyir, nə deerəm, gəlsin də. Dəə bilər ki, vermirəm? Nəysə, şah gəlir, vəzir Allahver­di xannan düşür, sifdə məhrəba çiynində, afdafa əlində, içəri girən kimi vəzir Allahverdi xan gülür. Deyir:

– Vəzir, nəə gülürsən? Mən şaham, məni görmüsən? Neçə ildi yanımda işdiyirsən. Bırda da bizdən başqa bir kəs yoxdu. Pisəmsə də, Allah yaradıp, yaxşıyamsa da. Niyə gülürsən? De də.

Deyir:

– Şah sağ olsun, bilirsən nə var?



Deyir:

– Nədi?


Deyir:

– Vaxdilə sənin qızaa yazılan oğlandı bı. Ona gülləm ki, sən tulladın haa qayadan.

Deyir:

– Həylə şey ola bilməz.



Deyir:

– Bıy. Çağır soruş.

Nəyisə. Çörəh-zad yeənnən sora, şah deyir ki, bu oğlanın sahibi kimdi? Deyir ki, ovçunun oğludu. Deyir:

– Ovçunu çağırın gəlsin.

Ovçu gəlir. Deyir:

– Ovçu, sənnən bir söz xəbər alacam. Düzün dedin, saa ənam da verif, çıxıf gedəcəm, nağdısın mən billəm. Səf dedin, boynunu vurdurajam.

Deyir:

– Əşi, mən kiməm ki, şahın qarşısında səf danışam?



Deyir:

– Sən maa deynən görüm, bu oğlanı hardan tapbısan? Kimdi? Deyir, öz oğlun dəyil, mən bilirəm.

Deyir:

– Şah sağ olsun, yalanın nə sözü var? Filan yerdə bir qaya varıdı. Orda gördüm bir ceyran əmizdirir. Ordan tapıf gətimişəm.



Deyir:

– Hə, vəzir, düz deyirmişsən. Bıdı deyir, ovçu.

Deyir:

– Ha.


Deyir:

– O oğlanı verehsən maa, göndərəcəm İsfahana, bir kağız var, aparıf vəkilə verəjəh, çünki mənim ürəyim bircə bına qızır.

Tay nə dəə bilər bı? Deyir:

– Nə deyirəm.

Həə, bu götürür vəkilə bir kağız yazır ki, vəkil, bu oğlan ora çatan kimi bının boynun vırdırıb tökürsən quyuya, üsdün də bas­dırırsan. Bir dəyqə imkan vermirsən. Kağızı verir. Kağızı bükür, papağı varmış, papağın bırasına qoyur, çıxır gedir. Gethaget, get­haget, bıra İsfahan, ora İsfahan, gedif çatır. Gecə gedir çatır. Çatır, ə, mən harda qalım? Hamı yatıb, ora-bura. Görür, ə, bir yer­də güllü, bülbüllü, gəşəy bir bağ var. Deyir, sən öl, girim elə bu kolun altında yatım. Səhər durup gedərəm də, taparam vəkili. Bu girir, burda yatır. Bu da olur həmən qızın bağı ki, bı qızı o oğlana yazmışdılar. Bu qız durur, tezdənnən çıxır səyahətə, təmiz hava alsın, gəzsin. Bağı gəzir, gəzə-gəzə görür kü, kolun dibində bir qaraltı var. Gəlir belə baxır, görür kü, bu, bir oğlandı. Qız birinci səfər baxan kimi bına vırılır. Görür, ə, bı bir oğlandı ki, Allah-taala bını tək yaradıb. Burasına hərrənir, orasına hərrənir. Baxır, görür papağında bir kağız var. Kağızı xəlvət götürür. Gədə yatıf, xəbəri yoxdu. Oxuyur, görür kü, dədəsi yazıp ki, bu oğlanın çatan kimi boynun vırdırın. Bu bilirmiş da, atasının peçatın-zadın, hamısını bilirmiş. Keçir içəri. Götürür yazır ki, vəkil, bı oğlan ora çatan kimi qızımı verib ona, yeddi gün, yeddi gecə toy eliyəjəhsən, bir dəyqan əskih olsa, boynuu vırdırajam. Onnan sora oğlan da qıznan gedir qızın evinə, qızın otağında qalıllar. Səhər bir də gətirir qatdıyır qoyur dədəsinin əvdəki peçatınnan vurur qız, gətirir, qoyur oğlanın qabağına. Oğlan durur tezdənnən bura vəkil, ora vəkil, gedir, sarayı tapır. Deyir:

– Şah Abbasdan kağız gətimişəm.

Kağızı alır. Görür yazıb ki, vəkil, bu oğlan ora çatan kimi mənim o balaca qızımı verip yeddi gün, yeddi gecə toy eliyirsən, bir dəyqə əskih olmamalıdı. Həə, tez əmr verir. Toy hazırrığı olur. Yeddi gün toy vırdırır, qızı verir bına. Bu da qalır bırda. Deyir:

– Bırda da qalmalısan, paççah deyif. Heş yerə gedə bilməzsən.

Qalır qızın imarətində. Bunnar o qədər bırda qalıllar ki, bir oğlannarı olur. Uşağ olur üş yaşında, qolunnan tutub yeritməli. Şah da bir neçə ilin müddətinə getmişimiş də. Xəbər gəlir ki, carçı gəlir ki, uje şah qayıdır. Hamı çıxır bının pişvazına. Bı da deyir ki, çıxax da dədəmin qabağına. Çıxır. Uşağın bir əlinnən gədə tutur, bir əlinnən də qız. Uşax da yeriyə-yeriyə gedir. Vəzir o yannan gəlirmiş, bıları görən kimi gənə gülür. Deyir:

– A vəzir, indi nəyə gülürsən?

Deyir:


– Şah sağ olsun, düz yeddi ildi, on ildi sənnən döyüşürəm ki, bı yazıya pozu yoxdu. Sən gündə bir hokqa çıxardırsan. Deyir, o gələn sənin qızındı, o sənin nəvəndi, o da həmən göndərdiyin oğ­landı, alıf qızı.

– Ə, sən nə danışırsan? Vəkili gör neyniyəjəm?

Deyir:

– Neyniyehsən, ta orasını özün bilərsən.



Gəlir görür, qız bınındı. Görüşüllər. Belə əlüjü bı oğlannan da görüşür, uşağnan da. Heç evə getməmiş qırmızı geyinip çıxır taxda. Vəkil gəlsin bıra.

– Ə, vəkil, sən nə ixdiyarnan mənim qızımı götürüb vermisən gədənin birinə, mən nə bilim kimə, nəyə?

Deyir:

– Şah sağ olsun, sən yazmısan əmir, mən də eləmişəm.



Deyir:

– Nə yazmışam, ə?

Deyir:

– Yazmısan.



Deyir:

– Kağızı saxlamısan?

Deyir:

– Bəli. Kağızı mən ata bilərəm?



Kağızı gətirir. Şah baxır görür kü, hə, düzdü, elə xətd də bının xətdinə oxşuyur, ama peçat bınındı. Özü də yazılıf ki, yeddi gün, yeddi gecə toy elə. Deyir:

– Soruş, bircə dəyqə kəm eləmişəmsə, boynumu vurdur.



Onnan sora deyir, hə. Vəzir düz deyirmiş. Yazıya pozu yoxdu.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin