Açar sözlər: Sağlam təhsil, layihə, məktəb xəstəlikləri, sinif
GİRİŞ
Azərbaycanda 2014-2015–ci tədris ilindən ümumtəhsil məktəblərində "Sağlam Təhsil–Sağlam Millət" layihəsinin tətbiqinə başlanmışdır. Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Pilot layihənin tətbiqinə öncə Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil müəssisələri başlamışdır. Bəs belə bir layihənin reallaşmasına hansı səbəbdən ehtiyac yaranmışdır?
XXI əsrdə məktəb xəstəlikləri kimi tanınan görmə qabiliyyətinin zəifləməsi, qamətin əyilməsi, uşaqların sinir-psixi inkişafında müəyyən problemlərin əmələ gəlməsinin tez-tez şahidi oluruq. Uşaqların daha çox oturaq həyat tərzində təhsil almaları onların sağlam inkişafına mənfi təsir göstərir. Bu problemlərin aradan qaldırılması layihənin tətbiq olunmasını reallaşdırdı. Müəyyən olundu ki, ümumtəhsil məktəblərində Sağlam təhsil texnologiyalarından istifadə etməklə uşaqlara sağlam həyat tərzini aşılamaq olar.
“Sağlam Təhsil” texnologiyasının əsas məqsədi 2013-cü il 24 oktyabr tarixli Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəalarının gerçəkləşdirilməsi, məktəblilərin yaradıcılığı üçün şəraitin yaradılması və stimullaşdırılması, müasir tədris şəraitinin məktəblilərin fiziki, psixi və mənəvi sağlamlığına zərər yetirməsini minimum səviyyəyə endirməkdir. Bu təhsil texnologiyası Rusiya Yaradıcı Pedaqogika Akademiyasının akademiki, tibb elmləri doktoru V.F.Bazarnıy tərəfindən irəli sürülmüşdür. “Sağlam Təhsil” inteqrativ dərsin əsas hədəfi–proqressiv, təlim və yaradıcılıq nailiyyətləri yüksək olan, psixi-fiziki və mənəvi baxımdan sağlam Azərbaycan vətəndaşı və şəxsiyyəti formalaşdırmaqdır.
Bu tədqiqatın məqsədi ümumtəhsil məktəblərində təlim prosesində şagirdlərin sağlamlıq imkanlarını araşdırmaqdır.
ARAŞTIRMA
Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən 2500 uşaq əhatə olunmaqla müayinələr aparılmış və müəyyən edilmişdir ki, uşaqların məktəbdə təhsil aldığı illərdə onların fiziki sağlamlığında müəyyən dəyişikliklər baş verir. Məsələn, məktəbi bitirən uşaqların 45 faizində görmə qabiliyyətinin zəifləməsi, 40 faizində qamət problemləri müşahidə olunur. Bununla bağlı dünya üzrə statistikaya görə, uşaqların yalnız 2-15 faizi məktəbi tam sağlam bitirə bilir. Bütün bu problemləri nəzərə alaraq, məktəbi bitirən uşaqların psixi, fiziki və sosial baxımdan daha sağlam böyümələri üçün Təhsil Nazirliyi tərəfindən "Sağlam Təhsil" sinifləri yaradılmışdır. Layihəyə başlamazdan əvvəl bu siniflərdə dərs aparacaq müəllimlər xüsusi təlimlərə cəlb edilib və layihənin tədris metodikasını öyrəniblər. Eyni zamanda valideynlərlə görüşlər təşkil edilib və onlar layihə ilə bağlı maarifləndiriliblər.
“Sağlam Təhsil” siniflərində təhsilalanların sağlamlığının qorunmasına ənənəvi siniflərə nisbətən daha çox önəm verilir. Bu da sinif otaqlarının tərtibatı ilə əlaqədardır. Göz məşqi üçün nəzərdə tutulmuş tavanda olan universal simvollar, reaksiya məşqi üçün nəzərdə tutulmuş işqlananan şəkillər, hündür və oturacaqlı iş masaları, hər 15 dəqiqədən bir yerdəyişmə şagirdlərin baş, boyun, göz əzələlərini, dayaq hərəkət aparatını, yan görməni və reaksiyanı məşq etdirir, zehni yorğunluğu aradan qaldırır. Bundan əlavə əyani vəsaitləri asmaq üçün asqılardan istifadə olunur ki, ənənəvi siniflərədə bunlara rast gəlmək mümkün deyil. Tənəffüz zamanı isə oğlanlar idman pilləkanından istifadə edir, qızlar isə canaq sümüyünün normal inkişafını təmin edən idman hərəkətlərini yerinə yetirirlər. Sinfin tərtibatı elədir ki, biz otağın künclərində heç bir iti bucağa rast gələ bilmərik.
Sağlam təhsil siniflərində yeni təlim texnologiyaları uğurla tətbiq olunur. Bu texnologiyaların əsaslandığı dərs modellərindən biri interaktiv (kurikulumun tətbiqi), digəri isə interaktiv-inteqrativ, yəni “Bir gün bir nağıl” dərs modelidir. Müşahidələrə görə, təlim prosesində nağıllardan istifadə şagirdlərin daha çox xoşuna gəlir. Nağıllar şagirdlərə həm emosional, həm də tərbiyəvi cəhətdən müsbət təsir göstərir. O, şagird şəxsiyyətinin hərtərəfli inkişafını təmin etməklə yanaşı yaradıcı potensialın aşkara çıxarılmasında da çox əhəmiyyətlidir. İnteqrativ dərsin quruluşunda epizodlar və personajlar olur və onlar təlim məqsədlərini reallaşdırmaq üçün mövzuya uyğun müəyyən edilir. Qurulan nağıl xeyir və şərin mübarizəsi, personajların səyahəti, onların müxtəlif maneələri dəf edərək xoşbəxt sonluğa çatması və nəticədə xeyirin qalib gəlməsinə əsaslanır. Şagirdlər hətta özləri birbaşa nağılın iştirakçısına çevrilir, özlərini nağıl qəhrəmanlarının yerində hiss edir, empatiya hissi formalaşır. “Bir gün bir nağıl” dərs modelində şagirdlərin funksional qabiliyyətləri ilə yanaşı qeyri-funksional qabiliyyətləri (qrup halında çalışmaq və əməkdaşlıq) də inkişaf edir. Bu texnologiyada əsas fənlər (azərbaycan dili, riyaziyyat, həyat bilgisi, informatika, musiqi, təsviri incəsənət, xarici dil, texnologiya, fiziki tərbiyə) üzrə məzmun standartlarının reallaşdırılması ilə yanaşı əlavə fənlər də müəyyənləşdirilmiş (hüsnxətt, ritorika, qeyri funksional qabiliyyətlər, əxlaq və milli şüur) və onların da standartları yerinə yetirilir.
Dostları ilə paylaş: |