Günahın tə`sirləri
Ayə və rəvayətlərdə günahın bir çox tə’sirləri bəyan olunmuşdur. Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı e`tibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur.
İmam Sadiq (ə) buyurur: “Əgər günah olmasa heç bir damar kəsilməz, heç bir ayağa daş dəyməz, qarşıya heç bir çətinlik çıxmaz, heç bir xəstəlik baş verməz. Ona görə Allah-Taala öz kitabında buyurur: “Düşdüyünüz müsibətlərin səbəbi yol verdiyiniz günahlardır və Allah çox günahlarınızı bağışlayır.”48 Başqa bir rəvayətdə İmam (ə) buyurur: “Şübhəsiz ki, insan günaha batdığı üçün gecə namazından məhrum olur və günah bıçaqdan daha kəsərlidir.”49
İmam Riza (ə) buyurur: “Allah-Taala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: “Mənə itaət olunsa razı qalaram. Razı qalsam, bərəkətimi göndərərəm və mənim bərəkətim sonsuzdur. Mənə itaətsizlik göstərilsə qəzəblənərəm. Qəzəblənsəm, lə`nət edərəm və lə`nətim yeddi qatdan keçər.”50
Tarixə nəzər salsaq görərik ki, bir çox övladlar atalarının günahı səbəbindən xəstəliyə kasıblığa, çətinliyə düçar olmuşlar. Onların düşdükləri vəziyyət əslində Allahın rəhmətidir. Əziyyət görən övladlar, adətən, atalarının günahlarını təkrar etmirlər.
Günahların davam etdirilməsi haqqında Həzrət Əli (ə) buyurmuşdur: “Bütün bəndələrin qırx günahını örtəcək pərdələr vardır. Allah-Taala öz mələklərinə vəhy edər ki, bəndəmi qanadlarınızla gizlədin. Mələklər bəndəni qanadları altına alar. Günahlar davam etdikdə mələklər deyər: “Pərvərdigara! Bəndən hər bir günaha batır və biz onun işlərindən xəcalət çəkirik”. Allah-Taala buyurar: “Qanadlarınızı çəkin”. İş Əhli-beytlə (ə) düşmənçilik həddinə çatdıqda hörmət pərdələri yarılar. Mələklər deyərlər: “Pərvərdigara, bəndən örtüksüz qaldı”. Allah-Taala vəhy edər: “Əgər Allah ona diqqət yetirsəydi, sizə göstəriş verməzdi ki, qanadlarınızı qaldırın.”51
Qiyamətə günahın nəticəsinə diqqətli insan diri, günaha batmağın ağrılı nəticələrindən çəkinməyən insan isə ölüdür!
Dostları ilə paylaş: |