Yuqoslaviyada etnik münaqişələr etnik millətçiliyin nümunəsi kimi.
XX əsrin sonlarında Yuqoslaviyada baş verən hadisələr etnik münaqişələrin təsviri üçün ən parlaq nümunə ola bilər. Soyqırımın bir növü olan etnik təmizləmə etnik mənsubiyyətinə görə insanların məhv edilməsidir. 1991-ci ildə SSRİ-nin dağılması ilə Yuqoslaviyada başlanan bu proses 1990-cı illər boyunca davam etmiş, serblər, xorvatlar, Bosniya müsəlmanları və Kosova albanları arasında ciddi itkilərə səbəb olmuşdu. SSRİ İDM bitdikdən sonra uzun müddət Yuqoslaviyanı təsir dairəsində saxlamağa müəyyəssər olmuşdu. SSRİ dağıldıqdan sonra Balkan xalqları arasında başlanmış düşmənçiliyin qarşısını almaq mümkün olmadı. Qərb dövlətləri və Şimali Amerika ölkələri silsilə danışıqlar uğursuzluğa düçar olduqdan, münaqişələrin qarşısını almağın mümkün olmadığını anladıqdan sonra güc tətbiq etmək qərarına gəldi. Yuqoslaviyada etnik münaqişələr Serbiyada Slobodan Miloşeviçin (1941-2006) hakimiyyətə yüksəlişindən sonra gərginləşdi.
İDM dövründə Yuqoslaviyada millətlər arası münasibətlər olduqca kəskinləşmişdi. Yuqoslaviyanın siyasi rəhbərliyi Almaniya ilə hərbi ittifaqa girsə də A.Hitler Belqradın bombalanması əmrini vermişdi. Alman əsgərləri Yuqoslaviya torpağına 1941-ci il aprelin 6-da qədəm qoydular. Yuqoslaviya 11 günlük müharibə nəticəsində məğlub oldu. Bundan sonra Yuqoslaviyanın müstəqilliyindən söz gedə bilməzdi, Yuqoslaviya Almaniya və müttəfiqlərinin işğal ərazisinə çevrildi. İtaliya və Almaniya Sloveniyanı bölüşdürdü, İtaliya eyni zamanda Albaniya və Kosovanı nəzarətdə saxlayırdı. Almaniya ilə Bolqariya isə Serbiya və Makedoniyanın bir hissəsinə nəzarət edirdi. Xorvatiya müstəqilliyini elan edərək Nasist Almaniyasının köməyi ilə Bosniya-Hersoqovinanın böyük hissəsini işğal etmişdi. Nasist ideologiyasını qəbul etmiş Xorvatlar serblərin Xorvatiyadan qovulmasına nail olmuşdular. 1941-1945-ci illərdə xorvatlar bütün serbləri ölkədən qovaraq almanların yəhudilərə qarşı tətbiq etdikləri taktikanı onlara qarşı tətbiq etmiş, serbləri düşərgələrə sıxışdırmışdılar. Bu dövrdə 300.000-dən çox serb və yəhudi öldürülmüş və ya itkin düşmüşdü. Almanlar Sloveniyanın şimalını işğal etdikdən sonra slovenləri Serbiyaya köçürmüş, slovenlərin mədəni mövcudluğuna qadağalar qoymuşdular. Yuqoslaviyada nasizmə qarşı müqavimət hərəkatı da var idi. Onların birinə kommunist, yarı xorvat-yarı sloven olan İosif Broz Tito başçılıq edirdi. 1945-ci ilin noyabrında kommunistlər hakimiyyətə gəldikdən sonra 6 dövlət və ya vilayətdən ibarət (Serbiya, Sloveniya, Bosniya-Hersoqovina, Xorvatiya, Makedoniya və Çernoqoriya) Yuqoslaviya Federativ Xalq Respublikası yaradıldı.
Bosniya-Hersoqovinada müsəlman Bosniyalılar, serblər və xorvatlar yaşayırdı. Bosniyalı müsəlmanlar etnik olaraq serb idilər, aralarında yalnız din fərqi var idi. Bosniya müsəlmanları əsasən şəhərlərdə yaşayır və hökumətdə vəzifə tuturdular.
Serblər əsasən Serbiyada yaşayırdılar, dövlətin Kosovo adlanan cənub hissəsində isə albanlar yaşayırdı. Xorvatlar əsasən Xorvatiya ərazisində yaşayırdı. Digər respublikalarda da əsasən etnik çoxluq dövlətin mənsub olduğu xalqından ibarət idi. Titonun rəhbərliyi dövründə Bosniya müsəlmanları digər millətlərlə bərabər hüquqlara malik idilər. 1970-ci illərdə Bosniyada bir neçə müsəlman dini ocaqları tikilmiş, müsəlmanlar Məkkə ziyarətinə getmişdilər. XX əsrin ikinci yarısından müsəlman bosniyalılarla digər millətlər arasında qarışıq nigahların sayı da artmışdı.
1980-ci ildə İ.Tito öldükdən sonra ölkədə sosial-iqtisadi böhran başlandı. Etnik münasibətlər də yaxşı səviyyədə deyildi. Slovenlər və xorvatlar müstəqil dövlətlərini qurmaq istəyirdilər, serblər isə federativ quruluşun tərəfdarı idilər. Kosovoda yaşayan albanlar muxtariyyət istəyirdilər. 1981-ci ilin martında Priştina Universitetində təhsil alan alban tələbələr yaşadıqları şəraitlə bağlı etiraz nümayişi keçirirlər, Kosovo albanları onlara dəstək verir. Bu nümayiş tezliklə anti-serb çağırışlarına səbəb olur. Sayca albanlardan az olan serbləri soyqırımda, diskriminasiya siyasəti və terrorda ittiham edirlər. Albanların qiyamı Yuqoslaviya ordusu tərəfindən yatırılsa da etnik münasibətləri nizamlamaq mümkün olmadı. Beləliklə Yuqoslaviyada etnik müharibələr başladı.
1990-cı ilin avqustunda Serbiya hökuməti tərəfindən silahlandırılan və maliyyələşdirilən Xorvatiyada yaşayan serblər üsyan etdilər. Xorvatiya hökuməti serbləri silahsızlaşdırmağa və onları işdən çıxarmağa başladı. 1991-ci ilin yanvarında Yuqoslaviya Milli Ordusu antiserb hərəkətlərinə görə xorvatları həbs etməyə başladı. 1991-ci ilin iyulunda millətlər arasında münasibətləri danışıq yolu ilə həll etmək mümkün olmadı və Xorvatiya ilə Sloveniya müstəqilliklərini elan etdilər. Xorvatlar serblərə özləri ilə eyni hüquqlar verəcəklərini vəd etsələr də ölkə əhalisinin 12%-ni təşkil edən serblər bu vədlərə inanmayaraq Serb hərbiçilərinə qoşulub Xorvatiyanın müstəqillik hərəkatına qarşı çıxdılar. Serblərə cavab vermək iqtidarında olan xorvatların müstəqilliyi 1992-ci ildə Avropa dövlətləri tərəfindən tanındı. Bunun ardınca Bosniya müsəlmanlarının idarə etdiyi Bosniya-Hersoqovina, Bosniya və Makedoniyada yaşayan xorvatlar Yuqoslaviyadan ayrıldıqlarını elan etdiıər. Bosniya serbləri Serb ordusu ilə birləşərək müstəqillik elan etmiş xalqlara qarşı savaşmağa başlayanda Balkanları müharibə bürüdü.
Kosovo üzərində nəzarəti ələ keçirdikdən sonra Miloşevic Xorvatiya və Makedoniyada yaşayan serblərə müraciət edərək onlardan dəstək istədi. Nəticədə, Bosniya müsəlmanları, xorvat və serblərin daxil olduğu etnik müharibə alovlandı. Serblər nəzarət etdikləri ərazilərdə Bosniya müsəlmanlarına və xorvatlara qarşı görünməz vəhşiliklər tətbiq etməyə başladılar. 1992-ci ilin aprelində Bosniya-Hersoqovinanın müstəqilliyi tanındı. Sloveniya və Makedoniyada vəziyyət stabil olsa da digər respublikalarda baş verən etnik müharibə bu iki dövlətə də təsirsiz ötüşmədi. Avropada İDM sonra ən qanlı döyüşlər başladı.
1991-ci ildə Yuqoslaviyaya səfər etmiş ABŞ dövlət katibi C.Beyker Yuqoslaviyanın federativ dövlət olaraq qalmasını dəstəklədiyini bildirmişdi. Lakin ABŞ ayrılmanın qarşısını almaq üçün hər hansı gücün tətbiqini də qəbuledilməz sayırdı. 1991-ci ilin sentyabrında Avropa dövlətləri Balkanlarda sülhü təmin etmək üçün konfrans çağırdı və konfrans çərçivəsində Karington-Kutiyero Planı təklif edildi. BMT Balkanlarda baş verən dəhşətli hadisələrdə Miloşeviçi günahlandırır, bəziləri onu müasir dövrün Hitleri adlandırırdı. 1993-cü ildə Bosniya üzrə yeni plan təklif edildi. BMT xüsusi səfiri S.Vance və Avropa Birliyi lideri L.Ouenin müəllifi olduğu plan Bosniyanı 10 muxtar vilayətə bölməyi təklif edirdi. Bütün danışıqlar iflasa uğradıqdan sonra 1994-cü ildə NATO münaqişəyə qarışmalı oldu. Serbiya hava qüvvələrini Bosniyadan uzaqlaşdırmaq məqsədi ilə NATO qüvvələri Serblərin 4 təyyarəsini vurdu. NATO-nun bölgədə olmasına məhəl qoymayan serblər Bosniya dövlət idarələrinə və BMT-nin etibarlı elan etdiyi ərazilərə hücumu davam etdirirdi.
1994-cü ilin dekabrında müvəqqəti atəşkəs elan edildi, lakin 1995-ci ilin martında Bosniya-Hersoqovina qüvvələri serblərə hücuma keçdi və atəşkəs pozuldu. 1995-ci ilin iyulunda Bosniya-Hersoqovinanın şərqində yerləşən Srebrenitsa müsəlmanları serblər tərəfindən ələ keçirildilər. Təqribən 8 min kişi və oğlan ailə üzvlərindən ayırılaraq serblər tərəfindən öldürüldü. 1995-ci ilin avqustunda xorvatlar Xorvatiyanın əsasən serblərin məskunlaşdığı Krayina vilayətinə hücum edərək təqribən 170.000 serbi 3 gün ərzində öldürdülər. 1995-ci ilin sentyabrında NATO qüvvələri serblərin mövqelərini havadan bombalamağa başladı. Nəticədə Bosniya xorvatları, Xorvatiya və Bosniya müsəlmanları əvvəllər serblərin nəzarət etdiyi əraziləri ələ keçirə bildi. 1995-ci ilin noyabrında Deyton Sülh danışıqları başlandı. 3 həftə davam edən danışıqlar Bosniya və Sloveniyanın şərqi məsələsi, eləcə də Xorvatiyadakı serb mülkiyyətinə aydınlıq gətirdi. Noyabrın 21-də bağlanan müqavilə Bosniya müharibəsinə son qoydu. Balkan müharibələri zamanı müharibə cinayətində günahkar bilinən bir sıra şəxslər, o cümlədən Z.Meakiç, S.Miloşeviç, beynəlxalq tribunal tərəfindən ittiham olundular.
1991-ci ildə Serbiyanın vilayəti Kosovoda muxtariyyət uğrunda hərəkat başlamış, 1993-cü ildə Kosovada yaşayan albanlar Kosovo Azadlıq Ordusu formlaşdırmışdılar. 1997-ci ildə albanlarla serblər arasında partizan müharibəsi güclənir. Hərbi toqquşmalar 1998-ci ildə 300.000-dən çox albanın Makedoniyaya qaçması ilə nəticələnir. Kosovo problemi ilə bağlı sülh danışıqları cəhdləri olsa da onların hamısı uğursuz nəticələnmişdi. 1999-cu ilin martından iyun ayına qədər Kosovoda yüzlərlə alban öldürülmüş, 800.000-dən çox alban Kosovanı tərk etməli olmuşdu. Bu cəza tədbirlərinə son qoymaq məqsədilə NATO 1999-cu ildə Kosovodakı serb qüvvələrini bombalamağa başladı. Əməliyyat nəticəsində Yuqoslaviya Polis qüvvələri Kosovadan çıxarıldı, albanlar geri qayıda bildilər. NATO əməliyyatı zamanı 1500 mülkü şəxsin öldürüldüyü bildirilir.
Dostları ilə paylaş: |