Beynəlxalq münasibətlərdə siyasi realizm nəzəriyyəsinin ideya əsaslarını Platonun, Makiavellinin və Hobbsun tezislərində müşahidə etmək mümkündür. Onların müvafiq tezislərinin ümumiləşmiş nəticəsi belə bir fikrin vurğulanmasında ifadə olunur ki, hüququn əsası gücdədir, dövlətin xarici siyasətinin mahiyyətini isə qüvvələr balansı zəminində milli mənafelərin reallaşması cəhdləri təşkil edir. Siyasi realizm konsepsiyası bu anlayışın etimologiyasını Bismark dövründə işlədilən "Realpolitik" termini ilə əlaqələndirir. Beynəlxalq münasibətlərdə siyasi realizm konsepsiyası Hans Morgentaunun "Millətlər arasında siyasət" adlı əsərində özünün hərtərəfli və sistemli şərhini tapdığından, elmi mühitdə bu nəzəriyyə onun adı ilə əlaqələndirilir. H.Morgentaunun baxışları uzun müddət Amerika Birləşmiş Ştatlarının xarici siyasətində hökmran mövqelərdə olmuş, bu ölkənin siyasi rəhbərliyinin bir çox nəslinin siyasi xəttinə güclü təsir göstərmişdir.
H.Morgentaunun siyasi realizm nəzəriyyəsinin başlıca ideyaları aşağıdakılarda ifadə olunur:
1) Beynəlxalq münasibətlər hakimiyyət və dünya sahibliyi uğrunda mübarizədir. Beynəlxalq münasibətlər haqqında nəzəriyyənin məqsədi isə bu mübarizənin necə baş verdiyini dərk etməkdir. Beynəlxalq münasibətlərin mahiyyətini obyektiv dərk etmək üçün bu münasibətlərin başlıca amillərini ayırmaq tələb olunur. Beynəlxalq münasibətlərin mahiyyətini şərtləndirən əsas amillər milli dövlət və onun mənafeləri, habelə dövlətlərin rəhbərlərindən ibarət vahid sistem kimi qavranıla bilər.
2) Beynəlxalq münasibətlər sahəsində "siyasi realizmi" şərtləndirən əsas amil "hakimiyyət kateqoriyasında ifadə olunan mənafe anlayışıdır". Beynəlxalq aləmdə siyasi hadisələrin əsasında duran mənafe anlayışı xarici siyasəti müəyyənləşdirən siyasi və mədəni amillərdən asılıdır və həmin amillərdə baş verən dəyişikliklər mənafelərin transformasiyası ilə nəticələnir.
3) "Siyasi realizmin" qayəsini təşkil edən səmərəli siyasi fəaliyyət tələbi əxlaqi amillərin əhəmiyyətini heçə endirmir və buna görə də beynəlxalq münasibətlər sahəsində əxlaqi dəyərlərlə səmərəli siyasi fəaliyyət arasında ziddiyyətlərin mövcudluğu obyektiv reallığın xüsusi halı kimi dərk edilməlidir.
4) Ümumi əxlaqa qanunların abstrakt şəkildə tətbiq edilməsi yolverilməzdir. Ayrı-ayrı millətlərin əxlaqi baxışlarının bəşəri inkişafın ümumi əxlaqi əsasları kimi qələmə verilməsi cəhdi onların milli mənafelərinin hökmranlığı uçün zəmin yaratmaq məqsədləri daşıyır. Hakimiyyət kateqoriyasında dərk edilən mənafe anlayışı ayrıayrı dövlətlərin iddiaçılığını məhdudlaşdıraraq beynəlxalq müna sibətlər sferasında bütün millətlərə qarşı ədalətli və humanist davranış ehtimalını yüksəldir.
Beynəlxalq münasibətlər sahəsində hamılıqla qəbul edilən diq - qət çəkən nəzəriyyələrdən biri uzun müddət Fransa siyasi fəlsəfəsində həlledici rol oynayan müharibə və sülh konsepsiyasıdır. Onun müəllifi Raymon Arondur. Bu nəzəriyyənin əsas prinsipləri aşağı - dakı lar dan ibarətdir:
1) Beynəlxalq münasibətlər, hər şeydən əvvəl, dövlətlər arasında münasibətlər kimi dərk edilir. Dövlətlər arasında münasibətlər isə simvolik fiqurların davranışında öz ifadəsini tapır. Beynəlxalq münasibətlərdə dövləti konkret şəraitdən asılı olaraq ya əsgər (müharibə şəraitində), ya diplomat (diplomatiya sahəsində) təmsil edir
2) Dövlətlər arasında münasibətlərin inkişafı ölkələrin daxili həyatında baş verən hadisələrin təsiri ilə müəyyən edilir. Daxili siyasətin məqsədi leqal hakimiyyəti təmin etmək üçün güc tətbiq etmək olduğu halda, xarici siyasət dövlətin mövcudluğunu təmin etmək üçün silahlı qüvvələrə arxalanır. Müharibənin qiyməti ya dövlətin mövcudluğu, ya dövlətin məhvi, ya da dövlətin yara - dılmasıdır.
3) Müharibə və ya sülh alternativi beynəlxalq münasibətlərin əsas etibarilə diplomat və ya əsgər kimi fiqurlarına əsaslandığından, bu sahədə rasional davranış qeyri-mümkündür. Qərar qəbul edən mərkəzlərin muxtariyyatı diplomatın və ya hərbi strateqin davranışında risk ehtimalının yüksəkliyini təmin edir.
4) İkinci dünya müharibəsi nəticəsində dövlətlər arasında əlaqələrin genişlənməsi və əhəmiyyətinin artması beynəlxalq müna - sibətləri qlobal sistemə çevirib. Müharibə təhlükəsi silahlanmaya sə - bəb olur, silahlanma isə beynəlxalq münasibətlərdə münaqişələrin qar şı sını alan amil kimi çıxış edir. Bir sıra şərtlər daxilində silahlanma ərazi münaqişələri və ideoloji münaqişələrdən azad dünya birliyi ya - ra dılması ehtimalı kimi nəzərdən keçirilə bilər.
Müəllifi Kuinsi Rayt hesab edilən amillər nəzəriyyəsini aşağıdakı cəhətlər səciyyələndirir:
1) Dünya bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan və bir-birini tamamlayan qüvvələr arasında dinamik münasibətlər sahəsidir. Onu siyasi, iqtisadi, psixoloji, sosioloji və digər amillər müəyyən edir. Həmin amillər beynəlxalq münasibətlər sahəsi üçün vacib qərarların qəbul edilməsi, fəaliyyət forması seçilməsi prosesinə daim təsir göstərir.
2) Beynəlxalq münasibətlərin xarakterinə, inkişafına daha güclü təsir göstərən və daha asanlıqla təyin edilən amil maddi amillərdir. Bununla yanaşı, mənəvi amillər də beynəlxalq siyasətdə az rol oynamır.
3)Amillərin hərəkəti beynəlxalq münasibətlərin gerçək sistemini yaradır. Maddi amillər həmin sistemin qüdrətini, mənəvi amillər isə istiqamətini təyin edir.
Dostları ilə paylaş: |