Məsələ 2293: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.
Məsələ 2294: Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Tə’mir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.
Məsələ 2295: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.
Məsələ 2296: Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.
Məsələ 2297: Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir e’tibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.
Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.
Məsələ 2299: Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yə’ni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2ay orucun 31 günü ardıcıl tutulur).