“Qüsl” (müəyyən hallarda dini qayda əsasında yuyunmaq)
Vacib qüsüllər
Məsələ 359: Yeddi vacib qüsl var: Cənabət qüslü, istihazə qüslü, heyiz qüslü, nifas qüslü, meyyitə toxunma qüslü, meyyit qüslü, vacib olmuş müstəhəb qüsl (nəzir, and və bu kimi səbəblərlə)
1. Cənabət
Məsələ 360: İnsan iki halda “cünub” (cənabətli, qüsl verməyə borclu) olur:
1.”Cima” (cinsi yaxınlıq);
2. Yuxuda və ya oyaq vaxt, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz sperma (məni) xaric olması.
Cənabətin hökmləri
Məsələ 361: İnsan ondan xaric olan rütubətin sperma və ya başqa bir şey olduğunu bilməsə, bu maye atıcılıq və şəhvətlə xaric olduqda sperma hökmündədir. Əgər bu əlamətlərin heç biri və ya biri olmazsa, həmin rütubət sperma hökmündə deyil. Amma qadında və ya xəstə insanda həmin mayenin atıcılıqla xaric olması şərt deyil. Əgər rütubət xaric olan vaxt insan yüksək şəhvani durumda olarsa, həmin rütubət sperma sayılır.
Məsələ 362: Sperma xaric olduqdan sonra bədən adətən süstləşir. Amma bu Məsələ qəti şərt və nişanələrdən sayılmır.
Məsələ 363: Müstəhəbdir ki, sperma xaric olduqdan sonra sidiyə gedilsin. Belə olduqda sperma zərrələri kanaldan xaric olur. Əgər sidiyə gedilməsə, qüsldən sonra özündə rütubət görsə, bu rütubətin sperma olub-olmadığı mə’lum olmazsa, o sperma hökmündədir və yenidən qüsül verilməlidir.
Məsələ 364: Əgər insan cima (cinsi yaxınlıq) etsə və sünnət yeri həddində yaxınlıq olsa, həm kişi, həm də qadın cünub, cənabətli olar. Tərəflərin büluğ həddində olub-olmaması, spermanın xaric olub-olmaması şərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq olarsa, vacib ehtiyata əsasən, həm qüsl, həm də dəstəmaza ehtiyac var.
Məsələ 365: Əgər sünnət həddində yaxınlıq olub-olmadığı şübhəlidirsə, qüsül vacib deyil.
Məsələ 366: Allah eləməmiş, insan heyvanla yaxınlıq edərsə və sperma xaric olarsa, cünub olar və qüsl etmək kafidir. Amma sperma xaric olmasa, vacib ehtiyata əsasən, namaz və bu kimi ibadətlər üçün həm qüsl lazımdır, həm də dəstəmaz. Amma bu işdən öncə dəstəmazı olarsa təkcə qüsl bəs edər.
Məsələ 367: Əgər sperma yerindən hərəkət edərsə amma onun qarşısı alınarsa və ya hər hansı bir səbəbdən xaric olmazsa, qüsl vacib deyil. Spermanın xaric olub-olmadığına şübhə ediləndə də qüsl vacib olmur.
Məsələ 368: Bir şəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə bilər və bu iş üçün təyəmmüm kifayat edir. Bu işin namaz vaxtından öncə və ya sonra olmasının fərqi yoxdur.
Məsələ 369: İnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu onun öz spermasıdır, qüsl verməlidir. İnsan hansı namazları cənabət halda qıldığına əmindirsə, onları təzələməlidir. Şübhəli namazları təzələməyə ehtiyac yoxdur.