Ədəbiyat məsələləri üzərinə söyləşi Sual: İşlər necə gedir Guntay bey? Yenilik varmi? Cavab



Yüklə 67,45 Kb.
tarix22.10.2017
ölçüsü67,45 Kb.
#10494

Ədəbiyat məsələləri üzərinə söyləşi
Sual: İşlər necə gedir Guntay bey? Yenilik varmi?
Cavab: Sənət hüzurlu bir iç dünyadan yoğrulmaz. Hüzursuz və sürəkli axtarış içində olan bir iç dünyanın ürünüdür sənət əsəri. İnsanın düşüncəsində doğan yaradıclığın cövhəri öz-özünə oluşar çox hallarda. Yəni yaradıcılığı alışqanlıq halına dönüşdürdükdən sonra hər hansı olaydan sənət bəlirtilərini çıxarmaq mümkündür. İç bəlirsizliyin, iç axtarışın durmadan yürüməsidir yaradıclıq. Gördüyümüz yuxuları unutmadan bir dəftərə yaza bilsək, böyük yaradıcılığın sirli qatını yaxalamış olarıq. Mənim hikayə və romanlarımda bir çox yerlər, həm də ən çəkici və sirli yerləri yuxumda gördüklərim olaylar olur bəzən. Yəni bəzi olayın özünü (cövhərini) yuxuda görmüşəm. Sonra yuxumu mətnləşdirirb açıqlamışam.

Yenilik qavramına gəldikdə isə, hər zaman yeni açqılamalar olacaq. Yoxsa bütün yeniliklər unudulmuş əskiliklərdi. Yenilik hər çağın nəbzində çırpınan ehtiyaclara görə açıqlama və açıqlama yöntəmləri gəlişdirməkdir. Bu açıdan məndə yeniliklər sürəkli oluş içindədir. Yenilik oluşumdur. Bir düşüncə pozisionundan bir başqasına adlayış. Yeni içəriyin göstərgəyə bürünməsidir. Yeni məzmunun yeni formaya bürünməsi. Bu yenilik də sürəkli aramanın ürünüdür. Bu aramalar və bilgi birikimi kəndiliyindən yeni oluşum sağlar. Insan duyqularının yeni bilgilərlə iç-içə girərək estetik göstərim biçimini bulmasıdır bu. Duyqusal coşqu ilə düşüncə dərinliyinin geniş iç dünyada devinimi (hərəkəti). Bu anlamda yenilik yox deyildir, vardır. Ədəbiyat bu yeniliklərin göstərim meydanıdır.


Sual: İlk yaziniz nə olub? Nədən və kimdən qaynaqlanmisiz?
Cavab: İlk yazımın dəqiq nə olduğunu xatırlaya bilmirəm. İranda farsca oxuyurduq. Evimizdə isə, çox milli ortam var idi. Böyük qardaşım türkçə yazmağı öyrədirdi. İlk yazım “Yağmayan qara buludlar” adlı hikayə olmuş. İranda bir dərgidə çap olmuşdu. Daha sonra ən çox şeirə yönəldim. Bol şeir oxuyub və özüm də bəzən şeirlər yazırdım. Çoxlu şeirlərim çap oldu Təbrizdə. Ancaq düşündüm ki, mən özümü şeir yazmaqla sınırlı etməməliyəm. Təbiətimdə varlığa və insana fəlsəfi yanaşma əyilimləri (meylləri) var idi. Çox güclü bir şəkildə fəlsəfi əsrlər oxumağa başlamışdım. Oxuduqca da iç dünyamın genişləməsinə tanıq olurudm. Yaradıclığın ilk işi yaradanın iç dünyasını genişlətməsidir. Dar iç dünyadan nə çıxa bilər ki? Bu nədənlə Doğu irfanını dərindən oxumaq mənim sənət anlayışımı çox dərindən etkiləyirdi. Bunun yanı sıra modernitə nədir sualına da çağdaş bilgilərin verilərindən yola çıxaraq cavab verməyə çalışırdım. Bir sözlə mən çox geniş qapsamlı mütaliə edirdim və edirəm. Yazarlıq və şairləiyin ilkin görəvi güclü oxumaqdır. Buna Böyük Füzuli də işarə etmişdir ki, “Elmsiz şeir əsassız divar olur, əsassız divar qayətdə bietibar olur.” İlk çocuqluq yaşlarımdan ailə şərtlərim elə gətirmiş ki, mən klassiklərlə yaxından ilişkidə olmuşam. Füzuli, Nəsimi, Hafiz, Əttar, Xaqani, Xəyyam kimi böyük sənət adamlarının kitabları mənimlə olmuşlar. İndi onlardan yüzlərcə şeir əzbər bilirəm. Onların şeiriyət dünyası ilə ilişkidə olub şeir yazmaq çox çətindir. Hətta nəsr yazmaq da çətindir. Çünkü onlarəın dünyaya baxışları istər-istəməz öz təsirini buraxacaqdır. Örnəyin Şəmsi-Təbrizinin dünyagörüşü mənim yaradıcılığımı dərindən etkiləmişdir. İrfan ədəbiyatını deyirəm. İrfan sonsuz bir dənizdir və orada hər kəsə yer var. Türk dilində irfan dərinliyində olan nəsr əsərlərimiz yox dərəcəsindədir. Şeirlərimizi də əskilər yazmışlar. Yəni Hüseyn caviddə irfan zirvəyə çatır. O da şeirdə . Nəsrdə irfani dərinliyi olan yaradıcılığa rast gəlmirik. Yusif Vəzir Çəmənzəminlidə bir az var. Çünkü bizim dilimiz fəlsəfəyə girməmişdir. Fəlsəfəyə girməyən bir dillə böyük əsərlər yazıb-yaratmaq olmaz. Dil öz sınırlarını qırıb və azad biçimdə fəlsəfi, irfani dərinliyi anlatmağa özənməlidir.
Sual: Yazıçı olmağa sizi nə vadar etdi?
Cavab: Yazıçı olmaq bəlli amaclara çatmaq üçün arac kimi də ola bilər, kəndisi bir amac kimi də ola bilər. Mənim İrandakı ədalətsizliyə, dini istibdada qarşı savaş duyqularım olmuşdur. İslam istibdadı bir çoxları kimi mənim də həyatımı vurmuşdur. Qaranlıq dini istibdad. Şəxsi və fərdi həyatımı bəırbad etmişdir. Böylə bir ortamda istər-istəməz mübarizə etmək istedadı adamın içində baş qaldırır. Çoxları siyasi mübarizə yolunu seçdiklərindən edam edildilər. Mən isə, milli dilimiz və milli kimliyimiz yolunda mədəni planda bir işlər etmək istədim. Qələmə sarlışımın əsas nədəni bu idi. Çünkü İslam Orta Çağı qaranlıqlarını sökmənin tək yolu qələmlə mümkün ola bilər. Bu tarixi, bu qaranlıq din və xürafat tarixini ancaq qələm savaşı ilə devirmək olar. Mən belə qənaətə gəlmişdim. Bu üzdən yaxşı oxuyub özümü yetişdirməli idi. İslam Orta Çağı basqısı üzündən yurdumu tək etdim. Ölkədən ölkəyə gəzib-dolaşdım. İslam Orta Çağı qaranlığının hakim olduğu ölklələrin dışında yaşamaq çox rahatdır. İnsan “azadlıq nədir” sorusuna bütün duyquları və düşüncələri ilə cavab tapa bilir. Bütün bunlar məni yazmağa sövq edirdi. Gördüklərim, gözləmlədiklərim qələmimə yansıyırdı. Düşünürdüm ki, yazarlığım həm öz içimi rahatladar, həm də öz dilimə verimli ola bilərəm. Çünkü mənim gerçək vətənim dilimdir. Türk dili mənim üçün həyatın tam kəndisidir. Bir neçə dil bilsəm d\ə bu dil mənim evrənlə bütünləşmə aracaımdır. Dili sevmənin yolu da o dildə yaradıcılıqla uğraşmaqdan keçər.
Sual: Yazıçılıq Tanrıdan verilir ya sonradan insan onu qazana bilərmi?
Cavab: Məncə Tanrı ilə bir o qədər ilişkisi yox. İnsanın bulunduğu toplumsal qoşullar daha çox etkili olur. Yəni Tanrı bir şeyi versə də, əgər bir köydə məktəb yoxdursa, uşaq yazıb-oxumaqdan məhrum qalırsa o, necə böyük insan ola bilər. Böyük insan olmaq üçün hər kəsə bərabərcə özünü yetişdirmə olanağı sağlamaq lazımdır. Bunun üçün milli dövlət olmalıdır. Bu daha dərin bir qonudur və oraya girmirəm. Məsəla düşünürəm ki, mənim milli dövlətim olsaydı, bir çox ödüllərə aday ola bilərdim. Bunu ödülün dəyərli olduğu üçün demirəm. Yanlış anlaşılmasın. Sadəcə bütün çabalarımıza rəğmən yox sayılmamız açısından deyirəm. Ancaq bizi tanıyan yox. Biz islam tərəfindən vururlmuş və qaranlığa gömülmüşük İranda. Din qaranlığında millət farslaşır. Bu üzdən də bu qonularda mənə görə Tanrı məsələsi söz qonusu deyildir. Fərdi istedadla toplumsal güvənin özdeşləşməsi böyük sənət adamı yara bilər. Bizdə bir çox istedadlı türk gəncini edam edir, zindana soxur, sosial statuslardan məhrum buraxıb yoxsulluğa məhkum edirlər. Belə mühitdə istedadlar ancaq söndürülər. Din hakimiyəıti olan yerdə qaranlıqlar çox istedadları söndürər. Din və azadlıq bir-birinə düşməndir. Biri olanda digəri olmur. İrandakı kimi. Tariximizdə kimi. Tariximizdə də azadlığın olmaması və ya azad insanların dərhal öldürülməsi bu üzdəndir. Despotizm tarixi.


Sual: Gənc yaziçilardan kimlərin fəaliyyətini uğurlu sayirsiz?
Cavab: Günel Mövlud, Nərmin Kamal, Şaman, Aqşin, Sevinc Pərvanə, Cavidan Xəlilova, Sevinc Çılğın, Rasim Qaraca, Şərif Ağayar, Qanturalı və…
Sual: Bu dövrün yaziçilarinda nə çatişmir?
Cavab: Bu dövrdə ana dilimizdə cahanşümul bilgilərin və dünya ədəbiyatının olmamasıdır. Ən azından ayda bir dərgi çıxmalı və dünyadakı ədəbi, fikri gəlişmələri yansıtmalıdır. Buna dövlətin dəstəyi olmalıdır. Düşüncələrimiz dünyadan təcrid edilirsə, öz yerimizdə sayıb durarıq. Ölkəmizdə kitab satışı yazarın maddi həyatını təmin edəcək düzeydə deyildir. 300 tirajla çap olan kitab 4-5 il içində satışa getmir. Kitab oxuma kültürü çox zəifdir. Bu kültür güclənsə, böyük sənət adamları da meydana çıxa bilər. Əslində son 20 ildə Soyuq Savaş sonrasında böyük yazar və şairlərimiz ortaya çıxmamış. Dilimiz və yaradıcılığımız çox sürətli biçimdə çağdaşlaşmalıdır qənaətindəyəm. Son 20 ildə xoşuma gələn tək olay dilimizin digər türkçələrlə iç-içə girməsidir. Mənə görə bu, çox böyük irəliləyiş. Çünkü böyük sənət əsərinin yazılması üçün evrənsəlləşmiş bir dil lazımdır. Yazıçılarda çatışmayan şeylər çoxdur. Ancaq nəyin çatışmadığına yazıçı özü qərar verməlidir. Hər yazar nəyin əksik olduğunu yaxşı bilir. Yazıçı hər şeydən bir memardı və qullandığı nəsnə də sözlərdir. Bu üzdən sözlərin yazar üçün çox önəmi olmalı.
Sual: Vətənpərvərlik ruhu olan Güntay bey nədən bu qədər odlu alovlu yazır vətən sevgisini?
Cavab: Çox gənckən elə düşünürdüm ki, mən dünyada olmadığım üçün, işlər belə qarışıq olmuş və yurdumuzda belə sorunlar olmuş. Bu inancla içimdə atəşin vətənsevərlik duyqusu yarandı. Tam bir Donkixot olmuşdum. Bilmirdim bu dünyanı yenidən qurmam üçün hardan başlamalıyam. Bunun ayrıntılarına keçsəm çox uzun olar. Bunu burda durduralım. Yaş keçdikcə insan gerçəklərlə qarşılaşır. Bir zaman gəlir ki, görürsən boş xəyallar yolunda həyatını bərbad etmisən. Ona görə də realist olmaq duyqusunu türk gəncləri bir alışqanlıq və davranış halına dönüşdürməlidir. Daha çox oxumağa və yazmağa yönəldim. Mənim əsasən oxu dilim türkçədir. 1995-ci ildən bəri Türkiyə türkçəsində oxudum. Türkiyə türkçəsinə yönəlnməsəydim fars dili qarşısında aşağılıq kompleksi məni əzərdi. Çünkü Azərbaycan türkçəsində farsca ilə qiyasda bilgi daha azdır. İranda yaşayan türklərin dili Azərbaycan—Türkiyə ləhcələrinin qarışımı olacaq. Başqa seçənək yoxdur. Tarixi sürəc də bunu gərəkdirir. Bu üzdən mən də tam bir Qaspiralçı kimi ortaya çıxdım. Yəni “Dildə birlik, fikirdə birlik, iştə birlik” ilkəsini özümə yönləndirici dünyagörüşü olaraq seçdim. Məncə dilimiz dərinləşər və öz yapısı üstündə böyüyərsə, böyük mədəni devrim gerçəkləşdirə biləcəyik. Yoxsa ərəb-fars islamı vurmuş bir dillə ancaq dönüb—dolaşıb özümüzə zərər verərik. Hər dil öz içindəkilərlə dünyanı görür. Son min ildə dilimiz ərəb-fars islamı tərəfindən sərtcə vurulmuşdur. Ərəb- fars dilinin məzmunu dilimizi və düşüncəmizi işğal etmişdir.
Sual: “Pərdələr arxasında gizlədilən tarix”nə zaman ortaya çıxdı?
Cavab: Bu kitab çap olduqdan sonra İranda yasaqlandı. Kitab Hz. Məhəmmədin qadınları ilə olan ilişkiləri üzərinə yazılmış. Ayrıca, islam tarixində nə qədər saxta hədislər uydurulduğunu möhkəm bəlgələrlə isbat edir. Bu kitabı feminist Mərakeşli bir xanım yazmış. Fatimə Mernisi. Kitab çap olduqdan sonra özünə də post etdim çox sevinmişdi. Bu kitabda bu gün islam aləmi tərəfindən qəbul edilən Buxarinin “Səhih” kitabında da hələ saxta hədislərin var olduğunu bu xanım isbatlayır. Məsələn peyqəmbər demiş ki, hər kəs kərtənkələ öldürsə o dünyada cənnətə gedəcək, çünkü Hz. İbrahim atəşdə yanarkən kərtənkələ piləyirmiş ki, atəş daha da sərt yansın! Buna inanmaq üçün adam ağlını itirməlidir. Ancaq gəl gör ki, bir çox islam ölkələrində bu hədisə dayanaraq dağ-dərədə işsiz-gücsüz müsəlmanlar kərtənkələ öldürmə gələnəyi oluşdurmuşlar. Müsəlman iştə. Hər tür kötülüyün və əyriliyin qaynağı. Bu kitab bu pislikləri ifşa etdiyi üçün bir çox islam ölkələrində yasaqlandı. Mən də düşündüm ki, bu kitabı tərcümə edib öz dilimizə millətimiz oxuyub bilgilənsinlər. Qumdan, Məşhəddən, Kərbəladan gələn xürafələrə inanmasınlar.
Sual: “Seznin sevgisi” hekayəsindəki Sezəni yeniden tapa bildizmi?
Cavab: Yox, tapa blmədim. Bəlkə gələcəkdə rastlanarıq.


Sual: Sezen kimi xanimlar varmi indi?
Cavab: Məncə var, olmalıdır. Bəzən adamlar bir-birinə rast gəlmirsə, bu, o demək deyil ki, yoxdur.
Sual: Yazıçı nə qədər vətənini sevməli?
Cavad: Qədərini deyə bilmirəm. Mənim üçün vətənsevgisi vətəni dəyəişdirmə inancı ilə özdeşdir. Var olanların tam çoxu ilə razı deyiləm. Bu tarix, bu adət-ənənələr sökülüb yox olmalı, çağdaşlaşma meydana çıxmalıdır. İnsan haqları, təməl haq və özgürlüklər. Bu saat mənim vətənim tam bir cəhənnəmdir və orda seviləcək heç bir şey yoxdur. İnsanlarını islami xürafat əsir almışdır. Bu üzdən də İran mühitini əsla sevmirəm. Quzey Azərbaycanda da yavaş-yavaş güclənən dini fanatizmi çox təhlükəli hesab edirəm. Bunların kitabları çox asan bir şəkildə adam öldürməyə sövq edir. Belə terrorist ruhu daşıyan mühitlərdə sənət də qətl edilər.


Sual: Sevgiyə inanırsınızmı?
Cavab: Sevgi inancın ötəsindədir. Həyatımızın içində sevgini daşıyırıq, ancaq bunun bilincində deyilik. Ətrafımızdakı hər nəsnənin içində mütləq sevgi ölçüləri bizə əhatə etmiş. Öylə olmasaydı yaşaya bilməzdik. Bəzən ruhumuzda qaranlıq hiss edirik və ümidsizlik içimizi qaranlıqlarla doldurur. Bu zaman varlıq və başda da sevgi olmaqla hər şey bizi tərk etmiş olur. Qorxunc bir sarsılış içində içimizdə burxulub qalarıq. Ancaq bu hal sürəkli davam etməz. davam etsə, insan çökər. İçinə düşüb, qovrulduğumuz heçlikdən varlığa doğru axış hiss edərik. Bu zamanki sarsılış bizim heçliyin içində burxulduğumuzu ifşa edər açıqca. Daha sonra yoxluqdan varlığıa axışı öz ruhumuzda hiss edərik. Bəlli sirli şeylər bizi həyata bağlamağa başlar. Göylərdəki günəş, yer, insanlar, ayaqlarımızın altındakı toz-torpaq gözəl görünməyə başlar. Bizi tərk edən gözəllik geri dönər, ancaq daha olqun biçimdə.
Sual: Yaziçinin sevgisi necə olur?
Cavab: Yazıçının sevgisi dildir və sözcüklər. Çünkü sözlərlə varlığı qavrayırıq. Sözlər dostluğu, ağrını, acıları, əyləncəni, erotizmi, seksi, sevişməni canlandıran canlı varlıqlar kimi yazıçı ilə arxadaşlıq edərlər. Yazar sözlərin pəncərəsindən baxır dünyaya. Gerçək bir yazarın tək dostu dildir.


Sual: İlham gəlməsi üçün gözləmək lazimdir ya qələmini itiləmək?
Cavab: Bəzən insanın içində bəlli mövzular doğar. Böylə olduğunda yazmaq asan olur. Bəzən də iradə gücünə yazmaq lazımdır. İradə gücünə yazarkən iradi axış öz-özünə ilham qaynaqlarını aça bilir. İradə ilə başlayıb ilhamla bitirmək mükündür.


Sual: Dar ağacından asılan dədələrimiz, analarimizin qısası necə olmalidir? Müharibəmi sülhmü?
Cavab: Mən qısasa inanmıram. Qısas ərəb kültürüdür. İslamda iki anlayış var: 1. İmzai, yəni o törələr ki, islamdan öncə var idi və islam da onun altına imza atıb qəbul etdi. Qurban, Həcc, qısas, qadını döymə kimi qeyri-insani işlərin hamısı imzai islama aiddir. Quranda yerləşmiş ərəb kültürü. Biz bunu qəbul etmək zorunda deyilik. 2. Təsisi, yəni o islami anlayışlar ki, Hz. Məhəmməd tərəfindən təsis edilmişdir. Türklər imzai islamı tamamən atmalı və təsisi islamla uğraşmalıdırlar. Bu gün ərəb və fars xürafıtı islam adı altında beynimizi məhv etnməkdədir. Bu üzdən də qadının daş-qalaq edilməsi, qısas və bu kimi qeyri-insani və vəhşi törələr bizdən uzaq olmalı. Mən Mahatma Qandinin davranışını üstün tuturam. Hər durumda insanın bağışlama istedadı olmalıdır. Qısas almalar, tarixi, nifrət və kinlə doldurur. Bizim tariximiz kimi. Qutsallaşdırılan ərəb kültürünün basqısı üzündən tariximiz və mənəviyatımız caydırılmışdır. Ortaq dini tariximizi deyirəm. Yəni son min il türk-islam tarixini deyirəm. Çünkü son min ildə özümüz olmamışıq. Ərəb-fars inancları yolunda savaşmışıq, “cihad” etmişik.
Sual: Hər şey unudulurmu?
Cavab: Bəlkə bir insanın həyatı boyunca bəzi şeylər unudulmur. Unudulmaması da yaxşıdır. Bəzi nifrətlər və məhəbbətlər unudulmur. Çünkü həyata canlılıq gətirir. Ancaq biz, öncəsi və sonrası unutqanlıq olan bir zaman axışı içindəyik. Hər şey unudulacaq. Biz dünyada olmadan öncə nələr olmuşsa bilmirik. Bizdən sonra da nələr olacağını bilməsək yaxşıdır. İki unudulmuşluq arasında yaşayırıq və özümüz də unudulacağıq. Mütləq bir bir unudulmuşluq. Sonsuzluğun bağrında yox olacağıq.


Sual: Azərbaycan xalqinin fikir və düşüncələrində nəyin dəyişməsini istərdiniz?
Cavab: Çox şey. Ya da hər şeyin. İlk öncə iqlimini dəyişdirərdim. Iqlimimiz sevimli edərdim. Hər tərəfi ormanlıq görmək istərdim. Ormanlıqlarımız az. Ümumiyətlə türk ulusu gözəl təbiəti sevməmiş sanki. Gözəllik olan yerdə yaşamamış. Həm də vətənini abad etməmiş. Çünkü min il başı “cihada” savaşlarına qarışmış. Ayıldığında da gec olmuş. Əgər mümkün olsaydı bu sorunu kökdən çözmək istərdim. Çünkü özəlliklə İranda yaşayan türklər öz keçmişlərinin əsarətindələr. Sonra Azərbaycan xalqının inancından ərəb-fars xürafatını və bu xürafatın çağrışdırıcıları olan sözləri sökərdim.
Sual: Niyə Azərbaycanda əhalinin yarısı rusca danışır və ya öyrənməyə məcburdur?
Cavab: Son min ildə dilimiz kültür və mədəniyət dili olmadı. Yabancılaşma türklərə məxsus bir olqudur. Dünyada heç bir millət türklər qədər özgəsevər deyildir. Dünyanın hər yerində əriyən türkdür. Bu da bizdə bir xəstəlik halına gəlmiş. Ruslaşmaq da ordan gəlir. Şəhər həyatımızın dərinliyinin olmaması, qurduğumuz dövlətlərin dilini öz dilimiz etməyişimiz, dünya mədəniyətinə öz ana dilimizdə qatqıda bulunmayışımız dilimiz və kimliyimiz haqqında bizdə aşağılıq kompleksi oluşdurub. 30 milıyon Azərbaycan türkü İranda yaşayır. Heç bir milli qurumları yox. Ancaq 100 min erməninin hər şeyi var. Bunu suçlusu sadəcə farslar deyil. Fars dünənin sözüdür. Türk-islam tarixində dilimizə və kimliyimizə gərəkən ilgi göstərməyişimiz.. Türklərin intihar etmə tarixi. Aşıq Paşazadə Səlcuq dönəmində türk dilinə olan münasibəti böyləsinə anladar:

“Türk dilinə kimsənə baxmaz idi

türklər hərgiz könül axmaz idi”

Bütün türk-islam tariximiz bir tək Göytürklərin siyasi, mədəni ədəbiyatına bədəl deyildir. Füzuli və Emrə kimi türkçə yazanlar da türk dövlətləri tərəfindən özəmsənməmişlər. Bunu durduran Atatürkün jakubən uyqulamaları oldu. Atatürk silah gücünə Anadoludan Osmanlı özgəçiliyini söküb atdı. Türklərdə özünə güvən yaratdı. Türklüyü heysiyətli duruma gətirdi. Anadoludan da digər türk ölkələrinə yayıldı bu türklük duyqusu. Bu üzdən siyasi olaraq Hz. Məhəmməd ərəblər üçün nə isə, Atatürk də türklər üçün odur. Bu gün rusca danışmanın səbəbi tarixdən qaynaqlanan aşağılıq kompleksi. Yəni bir amil budur. Bir başqa amil Azərbaycan dilində gərəkən bilgi kitablarının olmamasıdır. Bunu gedərmək üçün türkiyə ilə əməkdaşlıq gərəkir. Çünkü son yüz ildə dünya fəlsəfəsi, Doğu və Batı bilgiləri, tarixi, sosioloji, elm və… hər şey Türkiyədə tərcümə edilmiş və Türkiydə millət özü də böyük yaradıclıqla uğraşmış. Məncə yaxın gələcəkdə türkiyə ilə Azərbaycan mədəni və hətta siyasi olaraq da birləşəcəklər. Bəlkə bir konfederasion ya da federasion şəklində. Bu yaxınlaşma dilimizi dünyanın etibarlı dili halına gətirəcək. Çin səddindən Adryatikə qədər ilətişim dili türkçə olacaq. Bu dilin ədəbiyatı da özünəməxsus olacaq.




Sual: Azadliq nədir?
Cavab: Bu suala tarix boyu bir çox düşüncə adamları cavab vermişlər. Məncə azadlıq, yararlı olma, faydalı olma imkanlarını gəlişdirmək üçün fürsətdir. Çünkü insan yalnız azad olduğunda öz istedadlarının dərinliyini ortaya çıxara bilir. Azadlıq insanın həm özünə, həm başqasına xəta yapma haqqını tanımasıdır. Dini pluralism, düşüncə pluralizmi olmayan yerdə azadlıq yoxdur, ola bilməz. Məsələn baxsanız islam ölkələri qaranlığına, orada din dəyişdirənlərin cəzası edamdır. Belə bir mühitdə insan nə özünü tanıya bilər, nə də dünyanı. Bu üzdən də insan şüurunun önünü kəsən əngəllər, ancaq azadlıq ortamında ortadan qaldırıla bilər. liberal-demokrasi kültüründə üç anlayış bir yerdə bütün şəklində ortaya çıxar: 1. Siyasi azadlıq (demokrasi) 2. İqtisadi azadlıq (dövlətin iqtisadi fəaliyətlərə qarışmaması) 3. Düşüncə azadlığı (dövlətin və törələrin düşüncə və din seçimi haqqına qarışmaması) düşüncə və din pluralizmi. Bu üç amil günümüzdə bilinən azadlıq anlayışlarıdır. Ancaq islam ölkələrində, o cümlədən Azərbaycanda buna rast gəlmərik. Bu tanımların ötəsində, mənə görə azadlıq, insanın daxili enerjisini faydalı olma yönündə realizə etmə olanağıdır. Bu üzdən də azadlıq olmayan ölkələrdə nə güclü və istedadlı fərdlər yetişir, nə də sosial azadlıq olur. Dini istibdad hamısını söndürür. Azadlıq— topluma, çevrəyə zərər verməmək şərti ilə düşündüyün kimi yaşama və davranma fürsətinin olmalıdır.


Sual: İnsanin çatacağı ən yüksək zirvə hansidir?
Cavab: Heçlik. İnsanın çatacağı ən yüksək zirvənin adı heçlikdir. Bu haqda Doğuda və batıda bir çox bilgilər var. İrfanda son zirvəni “fəna” adlandırırlar. Fəna, yəni heçlik. Ora da eşqlə çatmaq olurmuş. Sadəcə onların təlimlərinə görə bu insan adlanan zərrə bütün və küll olan Tanrının varlığında “Yox” olurmuş. Bu bilinən bilgi deyil. İnanılan mistik bilgilərdi. Böylə olub-olmayacağını bilən yoxduur. İnsan bilgiləri üç qismə bölünür və bu üç qism bilginin dışında heç bir şey yoxdur: 1. Bilinən bilgilər. 2. Bilinməsi mümkün olan bilgilər. 3. Bilinməyəcək olan bilgilər. Bilinməyəcək olan bilgiləri mistik izahlarla anlatmışlar tarix boyu. Dinin də doğuşu bu üzdən olmuşdur. İnsan heç bir zaman varlığı tam olaraq bilməyəcək. Bilə bilməyəcəyi üçün bu sorunu inanc yolu ilə çözmək istəmiş və bu istəyiş də davam edir. İştə insanın varacağı ən yüksək zirvə Buddizmdə “Nirvana”, İrfanda “Fəna”dır. Yəni mütləq istəksizlik. Bu görüşə görə mütləq azadlıq, ancaq mütləq istəksizliklə sağlanmış olur. Buradakı “azadlıq” qavramı çox dərindir. Yalnızca sosial anlamda deyildir. Buradakı azadlıq qavramı nəfs və varlıq qonusunu içərir. Mütləq azad olan bir Allahdır. Onun kimi varlıq bağlamında azad olma düşüncəsini açıqlar Hind irfanı.
Sual: “Bir əsər bitdikdən sonra yazar özüdə onun oxucusuna dönüşür. Yazılan anda yalnız yazardir” Bu sözlər sizindir. Əsər yazarkən olurmu ki fikirlərinizi sözlə ifadə edə bilməyəsiz?
Cavab: Hər bir əsər yazarın genişləyən iç dünyasının bir evrəsini anladar. Bu evrə daha sonra yerini başqa evrələrə buraxar. Düşüncə dialektikası da budur zatən. Yəni sürəkli dəyişim. Örnəyin L. Tolstoy kimi böyük yazarın birdən-birə bütün romanlarını sevməz olması və fəlsəfəyə sövq edilməsi də bu quralla açıqlana bilər yalnız. Mən yazdığım bir çox yazılarımı oxurkən düşünürəm ki, mən bunları nə zaman və hansı ruh halı ilə yazmışam. Çünkü gerçəkdən də sənət əsəri yazarın iç məkanından doğan bir olqudur. Yəni yazarın içində bəlli ölçüdə ortaya çıxıb və daha sonra yox olan zaman anlayışı. Buradakı zaman anlayışının ruhi ölçüsü olmalı. Çünkü zaman haqqında bir sürü bilgilər var. Zamanı iki hərəkət arasındakı məsafə olaraq tutalım. Bir əsərin yazılışı ilə başlayıb bitişi ilə bitən bir zaman təsəvvür edəlim. Bu iki hərəkət arasındakı zamanın şərhi tənqiçilərə düşən işdir. Əslində ədəbi-fəlsəfi tənqidin missionu bax bu zamanı açıqlamaqdan ibarət olmalıdır. Çünkü əsərin olumlu və olumsuz yönləri bu zaman açıqlamasında saxlıdır. Daha sonra yazarın ruhundakı transformasionlar yeni bir zaman məzmunu yazarın ruhunda doğurar. İştə bir yazarın içindəki sürəkli zamanlar çəlişkisinə rast gəlinir. Zamanların dalğalanması. Tarix sözü də zamanların şərhidir, zamanların açıqlanması anlamındadır. Bir yazarın bütün əsərlərini göz önündə bulunduraraq onun içindəki zamanaların çalxantısını və xamanların məzmun olaraq fərqliliyini sezmək mümkündür. Bu üzdən də mən daha əski bir əsərimə indi içində bulunduğum ruhumu sarmış olan yeni zaman fəlsəfəsi ilə baxdığımda orada mənim üçün yabancı, ya da yeni görünən şeylər ola bilər. Çünkü artıq o zaman öz aktivliyini mənim içimdə itirmiş və başqa bir zaman içimi doldurmuşdur. O əsərlə içsəl və ruhi təmas yerini düşünsəl təmassa buraxmışdır. Yazarın öz yaradıcılığına tənqidi baxması da bu üzdəndir, məncə. İçində bulunduğumuz ruhi pozision nəyisə bizə açıqlayır və nəyisə bizdən gizlin saxlayır. Sənət əsəri varlığın sirrini açır. Ancaq hər ruhi pozisionun görə biləcəyi bəlli sirlər var.Bəzən daha əski pozisionda gördüyümüzü yeni pozisionda görə bilmərik. Gəlişmə həp irəliyə doğöru deyildir. Yaradıcılıq “an”ların bütün həyata calanmasıdır. Aydın bir “an”ın bir sənətçi dolayısıyla bütün tarixi etkisi altına almasıdır.
Sual: Sözlə oynamaq üçün nəyi dərk eləmək lazimdir? Yaziçi olduğunu ya sözün müdrikliyini?
Cavab: Əsərlərindən çox şeylər öyrəndiyim Böyük Filosof Qadamer “dilin arxasında başqa bir dünyanın varlığına inanmalıyıq” deyir. Çox doğru təsbitdir məncə. Çünkü gerçəkdən də bizim anlaya biləcəyimiz bir tək varlıq dildir. Dilin dışında heç bir şey yoxdur. Dilin dışında olanları da dilin içinə gətirib, ona dil evində bir yer vermədikcə bizim üçün anlamsız, anlaşılmayan bir nnəsnədir. Bu üzdən də sənət əsəri üçün biricik etkən dildir. Witgeneistein “dilimizin durumu dünya haqda bizim düşüncəmizi bəlirləyir. Biz gerçəyi, yalnız dil yoluyla anlayıyırq.Dilimizin düzəni dışında var olan bir dünya haqqında düşünə bilməırik. Biz yalnız dilimizin içində olan dünyanı dərk edə bilərik. Bu üzdən də məna axtarmanın anlamı yoxdur. Məna sözlərin düzümü və dilin genəl çabasıyla oluşur, oluşdurulur” deyir. Dilimizdə söz əksikliyi varsa, məna yaratma da ortaya çıxmayacaqdır. Məncə Azəbaycan dilində çox əksiklik var və bu dillə dərin məna və fəlsəfi əsərlər yazmaq mümkün deyildir. Azərbaycanda çox yayqın olan və dayaz yazıçıların əzbər söylədikləri “sadə xalqın dili” çox yersiz və bilgisizliyin göstərgəsidir. Sənətçinin dili ilə xalqın dili ayrıdır. Xalqın dilini də dərinləşdirən yazar və şairlərdi. Xalq düzeyində qalan dil aristokrasidən məhrum buraxılaraq, başqa dillər tərəfindən yeyilər. Yəni dilimizin öz tarixi yapısı üzərində dərinləyib genişləyərək buna imkanı var, ancaq bu imkanın önünü Azərbaycanda dil haqqında yayqın olan görüşlər, özəlliklə də Azərbaycan dövlətindəki dil anlayışı kəsmişdir. Hər dil bir həyat şəklinin biçimidir. Dilimiz azad olmasa insanlarımız azad olamazlar. Ruhsal azadlıq özünü dildə göstərər. Sözlərlə gizlin iç ruh halları anlaşılan hala gətirilir. Sənət oluşdururlur. Bunu daha gözəl biçimdə Füzuli “Söz” rədifli qəzəlində açıqlar. Füzuliyə görə hər an yoxluqdan varlığa axış ancaq söz yoluyla olur. Varlığı yoxluqdan ayırd edən Füzuliyə görə ancaq sözdür. Bu üzdən də sözlərlə sənətçinin oynaması zövqlü və anlamlı oyundur. Bu oyun sonucunda zamanların üfüqlərini sözlərdə bir araya gətirə bilir və tarixi zamanları açıqlayaraq idrak edə bilirik.

Sual: Sahiblənmə duyğusu yazıçıda nə dərəcədə olmalidir?
Cavab: Sahiblənmə duyqusunun dərəcəsi olmaz. Yazar, üzərinə odaqlandığı qonunu bütün enerjisi ilə özümsəyəməzsə onu gərəkən düzeydə açıqlaya bilməz. Bu üzdən də bunun nə dərəcədə olmasını deyə bilmərəm. Ancaq yazar bütün iç enerjisini, duyqu və düşüncələrini səfərbər edərək bir qonu üzərinə odaqlanmalıdır. Bunun adına “sahiblənmə” deyə bilərsiniz. Çünkü insan yalnız sahibi olduğu varlığı daha yaxşı anlada bilər. Yalnız yaradıclıq bir türlü savaşdır. Çünkü yeni bir şey var etmək istədiyində, daha əskidən var olan dirəniş göstərəcəkdir. Bu üzdən də yaradıcı bir insan sürükli savaş içindədir. Əski ilə yeni arasındakı təzadların savaşı sənətçinin ruhunda sürüb gedər. Sahiblənmə olayını da bu bağlamda dəyərləndirmək gərəkir. Çünkü sezgici bir anlayışla yanaşsaq da bizim yenimizin özünə yer etməsi üçün, daha əskidən var olanın yerini ya dar etməliyik, ya da onu yersiz buraxmalıyıq. Inteltual savaş budur.
Sual: Yazıçı üçün Sərbəstliyin axırıncı dayanacağı nədir?
Cavab: Axırıncı dayanaq yoxdur. Sərbəstliyin sənət dünyasında dayanağının var olduğuna inanmıram. Yazıçı bəlkə özünü təhrif edə bilər, ancaq bu, azadlığın yazar ruhunda dayanaq nöqtəsinə ulaşması anlamına gəlməz. Sonsuzluq özü də var olan bir olqu deyildir. Sonsuzluq özü də var ediləndir sənətdə.


Sual: Nə qədər sərbəst insansiz?
Cavab: Sərbəstliyin bir etik ölçüsü var. Əxlaqi ölçü demirəm, etik ölçü deyirəm. Çünkü əxlaq dini və törəsəldir. Yəni hansısa dinin və törənin əxlaq anlayışına təslim olmalıdır insan. Buna cahanşümul və insan haqlarına dayanan əxlaq deməzlər. Bir də etik özgürlük var. Bu, heç bir dini və törə sınırı tanımaz. Sadəcə insanı sınır olaraq bilir. Bu üzdən də mənim azadlığımın bir etik çərçivəsi var. Bütün insanları sevirəm. Milliyətindən, dinindən, kültüründən asılı olmayaraq. Modern etik anlayış bunu gərəkdirir. Dinlər arası sınırlar qaldırılmalıdır. Son zamanlar ortaya atılmış dinlər arası dialoq çox anlamı və barışcıl bir gəlişmə. Bunun ədəbi yaradıcılıqda da etkisini görmək lazım.


Sual: Söz azadliğindan təhqir üçün istifadə etmək olarmi?
Cavab: “Təhqir” sözünün açıqlanması gərəkir öncə. Məsələn keçənlərdə Hz. Məhəmmədin həyatı ilə ilgili elmi araşdırma və açıqlamalara da “təhqir” damqası vurdular. Bu təhqir deyil, tarixi bir şəxsiyətin özəl həyatındakı mövcud bilgiləri öyrənməkdir. Bunu dartışmanın harası təhqirdi? Söyüş başqa, dehumanizə etmə başqadır. Yoxsa qutsallıq saxtakarlığının dumanlığında bəzi tarixi şəxsiyətləri həbs etmişlər. Modern insan da deyir ki, niyə bu on iki imam gecə-gündüz Allahdan bağış tələb edir? Deməli bizim bilmədiyimiz günahları olmuş ki, belə yalvararaq Allahdan əfv tələb edirlər. Yoxsa günahı olmayan, mütləq günahsız olan niyə ağlayıb-sıtğayıb Allahdan əfv diləsin? Biri gəlib deyəndə ki, hə, bax bu on iki imam da məsum deyil, o zaman saldırırlar ki, bu adam təhqir edir. Ancaq ki, bu imamlar özləri öz dualarında etiraf edirlər ki, məsuk və suçsuz deyillər və əfv diləyirlər. İnsanları olduğu kimi göstərmək təhqir deyildir. Açıq cəmiyət qutsallaşdırılmış tarixi şəxsiyətlərin qutsallıq səbəbini tarixi gerçəklər planında öyrənmək istər.
Sual: Oxucu nə üçün sizi seçir?
Cavab: Oxucunun məni nə qədər seçdiyi haqda bilgim yoxdur. Bəzi oxucularıma kitablarım xoş təsir bağışlamış. Bundan dolayı yaradıcılığımda özümə güvən yaranmış. Ancaq biz dini istibdad vurmuş bir nəslik. Millətimiz və oxucularımızla ilişkiyə girməyə dini istibdad izn vermir.

Sual: Oxuculariniza nə demək istərsiniz?
Cavab: Çox istərdim oxucularım gerçəkçi olsunlar. Dini fanatizmdən uzaq dursunlar. Çağdaş insan olmamalarını və hər qonuda dialoqdan yana olmalarını istərdim.


Sual: Güntay Gəncalp oxucularını hansı yenilik gözləyir?
Cavab: Qarşımızdakı aylarda 4 kitabım Bakıda çap olacaq. İki oynav (pyes) əsərim. Bir tarixi, fəlsəfi yazqalar (məqalələr) toplusu, öz şeirlərimlə bir yerdə tərcümə etdiyim şeirlər və bir də bir romanımla hekayələrim.


Sual: Müsahibənin suallariniz bəyəndizmi?
Cavab: Çox bəyəndim. Belə səviyəli və dərin soruların sorulacağını sanmırdım. Çox sağ olasınız bu suallara görə. Çünkü bu suallar mənim də beynimi hərəkətə keçirdi. Bu suallar məni çox düşündürdü. Əslində sualla-cavab toqquşmasında hər zaman sual üstün olmuşdur. Yaxşı sual sormaq özü bir sənətdir.


Sual: Azad səsə arzulariniz?
Cavab: Azad səsin azad düşüncələrə yataq olmasını diləyirəm. Azad düşüncə ifadəsi və dialoq olmazsa, ölkəmizdə gəlişmə olmaz və biz cahanşümul tarixin bir parçası ola bilmərik. Çox böyük sayqılarıma.

19.11.2010



Söyləşini apardı: Pəri Abdullayeva




Yüklə 67,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin