Bu dünyada o çox əziyyət çəkdi,
Ürəyi min bir arzuyla doluydu.
Səmanın möhtəşəm səslərini
Yerin sıxıcı nəğməsi əvəz edəmmədi.2
Həmin qəmli notlar Müşfiqdə də hiss olunur:
Olmadan aşikar doğduğu yerdən,
Böyük tanrı kimi düşmüş nəzərdən,
Çöhrəsi gülməyən xarabalardan
Daha qəmli, izsizdir eşqim!
Ülvi isə sevginin sevinc gətirməməsinin səbəbini onun «qocalmasında» axtarır:
Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa,
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.1
Gəncin ehtiyacı hissə deyil. Onların özündə bu, kifayət qədərdir. Əslində, onun ehtiyacı, bütün digər yaşıdları kimi, tamamlanmayadır. Şellinq yazır: «Yalnız insanda bir söz deyilir ki, o, başqa şeylərdə də var və tam deyilmir. Söylənmiş sözdə isə ruh özünü açıqlayır, yəni actu kimi var olan Allah».2 Gəncin məhz bu sözə ehtiyacı var. Bunu isə ilahi aləmdən bixəbər, yalnız zahiri gözəlliyi ilə alışıb yanan həmyaşıdında tapa bilmir. Bayron yazır:
Bəs qadın? Mən səni ümid,
Təsəllim, hər şeyim sanardım.
Mən necə cansız bir daşa döndüm,
Sənin siman qəlbimin səsinə kar olanda.3
Və gənc yalnız zahiri zövqü oxşayıb mənəvi aləmə isə kiçicik bir nur belə verməyən bu yalançı hissə nifrət edir, onu puç sayır. Lermontov şikayətlənir:
Sevgini, nifrəti dərk etmək
Bir dəfə ondan çərənləmək üçündür…4
Ülvi isə qarşısındakına ümumiyyətlə onu unutmağı tövsiyə edir:
Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyif ki, ürəyim erkən ovlanıb.1
Bütün bu ruh düşkünlükləri gənci öz dünyasına qapılmağa sövq edir. Məsələn, Ülvi qarşısındakından bir dünya, bir sonsuzluq umur, amma … öz dünyasından ayrılmadan:
Bircə anlıq baxışında,
Bu dünyanı umuram mən.
Səni görmək istəyəndə,
Gözlərimi yumuram mən. 2
Gənclərə xas sevgini «özündə qapanma», hər şeyə öz könül evindən dəyər verib, özü kimi zənn etmə kimi keyfiyyətlərlə təsvir edən S.Xəlilov onu qısa qapanma adlandırır – alimlərin uzaq qaçdığı, şairlərin isə böyük şövqlə tərənnüm etdiyi qısa qapanma.3 Filosofun dedikləri əksər gənclərin «sevgisinin» çox dəqiq şərhidir. Doğurdan da, sevgisi hisslər səviyyəsində boğulub qalan gənclər öz dünyalarında yaratdıqları xəyalın gücündən, sehrindən heç cür azad ola bilmirlər. Hər şey onun təsiri altına düşür və gənc həqiqi sevginin nə olduğunu bilmədən özünün qaladığı yalançı odda yanıb kül olur.
Bizim gənclər isə bu qısa qapanmaya düşmürlər, düşə bilmirlər. Əvvəla, onların könül dünyası elə dərin, elə zəngindir ki, oradan verilən dəyər də çox yüksək olur. Məhz bu dəyərin nəticəsidir ki, ruh özünə bir həmdəm tapa bilmir, gözəl qaş-göz iki gündən sonra onu bezdirir. İkincisi, onlar öz «sevgisinin» təsvirində nə qədər hissə qapılıb, onların gözəlliyini tərənnüm etsələr də, onların həyatında aparıcı rol ağılın olur, hissin deyil. Ümumilikdə götürəndə gənc sanki bir dəryadır və bu sevgi təlatümləri yalnız onun səthində, üst qatında baş verir. Dərinliklərində isə başqa bir həyat, başqa bir aləm var və okeanın – gəncin əsl mahiyyəti həmin aləmdədir. Bəli, hisslər güclüdür, lakin üzdədir. Düşüncə isə dərindir və sahibini bütünlüklə hisslərin itaətinə düşməyə qoymur. Bundan başqa, əvvəlki başlıqlardan da məlum olduğu kimi, bu gənclər nə qədər romantik, xəyalpərvər olsalar da, öz cəmiyyətlərinin əyrisini-düzünü daha yaxşı hiss edirlər, onun bütün çətinliklərini öz üzərlərində «sınaqdan keçirməklə» onlara reaksiya verirlər. Başqa sözlə desək, öz zirvəsindən cəmiyyəti seyr edən gəncin düşüncələri əks tərəfin gərginliyini duyduğuna görə, «normal elektrik cərəyanı» da yaranır.
Nəhayət, üçüncüsü, bu gənclərin daşıdıqları müqəddəs missiya onlara yalnız öz könül dünyalarına qapanıb qalmağa imkan vermir. Gəncin başqa bir qüvvə qarşısında duyduğu məsuliyyət, cavabdehlik hisslərin çağırışından daha ağırdır, daha tələbkardır. Bu səbəbdən də onun şəxsiyyətində bir ikilik sezilir, sevgisinin ən səmimi anında belə öz sevgilisinə tamam yad bir insan təsiri bağışlaya bilir. Əlbəttə, bu, onun istəyi ilə baş verən bir proses deyil. Bu, onun daim axtarışda olan mən-inin dar çərçivədən genişliyə çıxmaq istəyidir. Dediklərimizdə sanki bir ziddiyyət var. Həm sevginin yalnız hisslər səviyyəsində olduğunu və hisslərin dərinliyə enmək qüdrətində olmadığını deyirik, həm də gəncin öz sevgisi üçün geniş üfüqlər axtardığını iddia edirik. Əslində isə bu, maddi dünyadan başlayan hisslərin ruh səviyyəsində bir sonsuzluğa qovuşmaq ehtiyacıdır. Ülvi bu duyğuları necə gözəl çatdırır:
Dostları ilə paylaş: |