Mən
«Mən» ilahi aləmlə əlaqə, insanın ilahi, saf bir başlanğıcının mövcudluğuna dəlildir. Yaradanın bütün ilahi sifətlərinə sahib olan insan həm də Ondan yaradıcılıq keyfiyyəti alıb: Allahın təyin etdiyi bir çərçivə daxilində, verdiyi istedad, bacarıq vasitəsilə yaratmaq, var etmək. Nələr yaratmayıb bəşər?! Allahın yaratdığına öz təfəkkürünün də məhsulunu qatmaqla bənzərsiz sənət şedevrləri, Allahın verdiyi təbiətə paralel ikinci təbiət!
Bir «mən» yüksək ideyalarla yaşayır, digəri sadə bir insan, milyonlardan biri olmaq istəyir. Biri ruhunun ən yüksək məqamında oturub, İnsan olmağın bütün mahiyyətini duyur, digəri bir ot, bir ağac kimi qayğısız, varlığından bixəbər olmağa üstünlük verir.
İki «mən»in müharibə zolağı! Biri azadlığa, digəri məsuliyyətə çağırır. Biri İnsanlığı, digəri vətəndaşlığı xatırladır. Biri ülviyyəti, gözəlliyi, digəri sərt qanunları, cəmiyyətin tələblərini öyrədir. Biri sadəcə «mən»dir, digərinin vəzifəsi çoxdur: valideyn, övlad, tələbə və s.
Ürəyin daha böyük hissəsi ürəyin istəmədiyi şeylərə ayrılır. Kiçik, gizlin hissəsi də ürəyin öz istəklərinə. Ürəyin istəmədiyini edəndə daha böyük ürəklə girişirik – ürəksizliyi gizlətmək üçün. Ürəyin istəyini isə çəkinə-çəkinə, gizlincə edirik – ürəyin böyük həvəsini ört-basdır etmək üçün. Elə isə bu ürək kimə, nə üçün xidmət edir?
Dostları ilə paylaş: |