Yol
Xatirəsi mənim üçün daim əziz olan, həyatın xaosundan mənə ilk yol göstərən müəllimim – Seyfullah SEVİMƏ.
Həyat bir yoldur. Doğulandan düzəlirsən bu yola və Aşıq Veysəl demiş, gecə-gündüz gedirsən. Başlanğıc bəlli, son bəlli. Amma bu iki bəlli nöqtənin arası fərqli, müəmmalı, enişli-yoxuşlu olur.
Ustadlarımdan birindən kiçik bir hekayə dinləmişdim və yol haqqında bu həqiqət açılmışdı mənə.
Hər kəs dağın zirvəsinə qalxmağa çalışır. Bu yolda başlıca şərt bələdçidir. Bələdçisiz qalxanda çox çətin, hətta qorxulu olur. Adam aza bilər, qayadan uça bilər, vəhşi heyvanlara tuş gələ bilər. Bəlkə də sən özbaşına, hansı isə üsullar tapıb məqsədə çata bilərsən, lakin bu, o qədər əzablı və çətin olur ki, yolun sonuna çatanda sənin nə öz məqsədindən faydalanmağa gücün çatır, nə də bir başqasına özündən sonra bələdçilik etməyə həvəsin. Halbuki bu yolu sona vurmağın əsas ləzzəti də məhz bu ikisidir.
O boyda dağa qalxmaq üçün kifayət qədər savadlanan, özündə əzm, iradə toplayan bir insanın dinməz-söyləməz bir başqasına tabe olması, onun dediyi ilə oturub-durması, tənbehlərinə dözməsi çox ağırdır. Bu səbəbdən yolu sona vurmaq üçün digər şərt sənin fərasətin, təvazökarlığın, iradən, söz dinləmək, gördüklərindən, yaşadıqlarından ibrət götürə bilmək bacarığındır. Yolun sağ-salamat keçilməsi və sona varılması üçün bunlar çox əhəmiyyətlidir.
Bələdçinin vicdanlı, dinli-imanlı, təcrübəli olması da bu yolun keçilməsində əsas şərtdir. Bələdçilər çoxdur. Niyyətlər müxtəlifdir. Sənə lazım olan niyyəti sənin (!) niyyətinlə üst-üstə düşən, zamanında sənin gücünü düzgün dəyərləndirib sənin keçə biləcəyin yolu seçə bilən bir bələdçidir.
Ən qorxulu hal bələdçinin səni mənzil başına çatdırandan sonra səni buraxmamasıdır! Hər bələdçi yalnız öz sahəsini tanıyır. Əlbəttə, bütün yolu tanıyan bələdçi də tapmaq mümkündür. Lakin bu, Allahın elə bir nadir lütfüdür ki, hər adama qismət olmur. Öz sahəsinin sonuna gələndən sonra bələdçi özü kimi səni də inandırmağa çalışır ki, bu, bütöv yolun sonudur. Burdan o tərəfə keçsən qayadan uçacan, məhv olacan və s. İndiyə qədər inandığın bir bələdçiyə inanmamaq çox çətindir, hətta mümkün deyil.
Hər üç şərti tamamlayan isə səni bütün yol boyu izləyən içindəki Bələdçindir – Allah. Ona olan imanın və inamın sənin yanında olan müddətdə sən həm düzgün bələdçi seçə bilərsən, həm missiyan naminə Ustadın hörməti qarşısında qürurunu sındıra bilərsən, həm yolun hər əziyyətinə dözərsən, onu başa vura bilərsən, həm də gücün qalar ki, başqalarına bələdçilik edəsən.
Bunları mənə öyrədən Ustadım vaxtı çatanda məni rahatca, sevə-sevə buraxdı, yolumun qalanında uğur dilədi. Başqalarını da bu yerə gətirmək üçün özü geri qayıtdı. İndən sonra onunla qala bilməyəcəyimi bilirdi, çətin də olsa bununla barışdı. Çünki Ustad idi. Öz işini gözəl bilən, qəlbi Allahın nuru və lütfü ilə güzgü qədər cilalandığına görə İnsanı, onun istedadını, həyatdakı missiyasını aydınca əks etdirən və anladan Ustad.
Dostları ilə paylaş: |