Həqiqətin parlaq siması
Hökumət nümayəndələrinin İmam Həsən Əskəri əleyhissəlama qarşı olan düşmənçiliklərinə baxmayaraq, bəzi vaxtlar o Həzrətin mənəvi məqamı onları elə təsirləndirirdi ki, onlar İmamı tərifləyib ona hörmətlə yanaşmaq məcburiyyətində qalırdılar. Übeydullah ibn Xaqan hökumətin əsas işçilərindən biri idi. Onun oğlu Əhməd Qum şəhərində şəri vergiləri toplamaq işinə baxırdı. O, İmamlara qarşı əks mövqedə dururdu. Həsən ibn Məhəmməd Əşəri, Məhəmməd ibn Yəhya və başqaları qeyd etmişlər ki, bir gün Übeydullahın oğlu Əhmədin məclisində şiələrdən (Ələvilərdən) və onların əqidəsindən söhbət açılır. Əhməd deyir: “Mən Samirra şəhərində Ələvilərdə vüqar, nəcabət, fəzilət və əzəmət baxımından öz ailəmiz və bütün Bəni-Haşim arasında İmam Həsən Əskəri (əleyhissəlam) kimi şəxs görməmişdim. Onların nəsli ona qocalar və qəbilə başçılarından çox hörmət edirdilər. Onun mövqeyi ordu başçıları, vəzir-vəkil, ümumiyyətlə, bütün camaat arasında da, bu cür idi. Yadıma gəlir ki, bir gün atamın yanında olarkən qapıçılar gəlib dedilər ki, Əbu Məhəmməd İmam Həsən Əskəri (əleyhissəlam) içəri gəlmək istəyir. Atam uca səslə onlara dedi ki, qoy gəlsin. Mən qapıçıların atamın yanında onun adını künyə ilə və hörmətlə çəkməsindən çox təəccübləndim. Çünki atamın yanında xəlifə, vəliəhd və adını künyə ilə çəkilməsinə xəlifə tərəfindən icazə verilmiş şəxsdən başqa heç kəsin adını künyə ilə çağırmırdılar. Bu vaxt buğdayı, xoşqamətli, gözəlsifətli, yaraşıqlı, vüqarlı bir cavan içəri daxil oldu. Atam onu görcək yerindən qalxıb onu qarşılamaq üçün bir neçə addam irəli getdi. Mənim yadıma gəlmir ki, atam o vaxta qədər Bəni-Haşimdən, yaxud ordu başçılarından birini o cür qarşılamış olsun. Atam onunla qucaqlaşıb üz-gözünü öpməyə başladı, daha sonra əlindən tutub öz namaz qıldığı yerdə əyləşdirdi. Özü isə onunla üzbəüz oturub söhbət etməyə başladı. Atam onunla söhbəti zamanı arabir “qurbanın olum” (başına dönüm) ifadələrini işlədirdi. Mən gördüyüm bu hadisədən təəccüb edirdim. Birdən qapıçılardan biri gəlib dedi ki, xəlifənin qardaşı Müvəffəq bura gəlmək istəyir. Adətən Müvəffəq gəlməzdən əvvəl qapıçılar və onun xüsusi ordu başçıları sarayın qapısından atamın oturduğu (işlədiyi) yerə qədər fəxri qaravulda dayanar, Müvəffəq də gəlib onların qarşısından keçərdi.
Bəli, atamın bütün diqqəti İmam Həsən Əskəri əleyhissəlamda idi və fasiləsiz olaraq onunla söhbət edirdi. Atam Müvəffəqin xüsusi xadimlərini görəndə o Həzrətə dedi: “Qurbanın olum, istəyirsinizsə, siz gedin.” Qapıçılara da tapşırdı ki, Müvəffəq görməsin deyə, onu fəxri qaravulun arxa tərəfindən aparın. İmam Həsən Əskəri (əleyhissəlam) ayağa qalxdı. Atam da durub onunla qucaqlaşaraq ayrıldı. O, otaqdan çıxıb getdi.
Mən atamın xadim və qapıçılarına dedim: “Bu şəxs kim idi ki, onun adını atamın hüzurunda künyə ilə çağırırdınız və atam onunla bu cür rəftar edirdi?” Onlar cavab verdilər ki, o, Ələvilərdən biri, İbnur-Riza adı ilə tanınmış1 Həsən ibn Əli (əleyhissəlam) (İmam Həsən Əskəri (əleyhissəlam)) idi. Mən bir az da təəccübləndim və o günü axşama qədər onun haqqında və atamın onunla o cür rəftar etməsi barədə fikirləşdim. Adətən atam (xiftən) işa namazından sonra oturub xəlifəyə çatdırılası məlumatları araşdırırdı. Namazı qılıb qurtardıqdan sonra gəlib onun yanında oturdum. Onun yanında heç kəs yox idi. Atam məndən soruşdu: “Əhməd, işin var?” Dedim: “Bəli, ata! İcazə verirsənsə, deyim.” Dedi: “İcazə verirəm, de!” Mən dedim: “Ata, səhər gördüyüm o kişi kim idi ki, sən ona o cür hörmət edir, danışığında “qurbanın olum” ifadəsini işlədərək özünü, ata-ananı ona fəda edirdin?” Atam dedi: “Oğlum, o, rafizilərin1 İmamı, İbnur-Riza adı ilə tanınmış Həsən ibn Əli (İmam Həsən Əskəri (əleyhissəlam)) idi.” Sonra bir az sükut etdi. Mən də sakitcə oturmuşdum. Atam davam edib dedi: “Oğlum, əgər Bəni-Abbas hakimiyyətdən getsə, Bəni-Haşimdə hakimiyyətə gəlməyə ondan başqa heç kimin səlahiyyəti yoxdur. Bu da onun fəzilət, ismət, ibadət, gözəl əxlaq və ləyaqətinə görədir. Onun atası da fəzilətli və böyük bir şəxsiyyət olmuşdur.” Atamın bu sözlərindən nigarançılığım və atama nifrətim daha da artdı. Artıq İmam Həsən Əskəri (əleyhissəlam) haqqında məlumat toplamaqdan başqa heç bir fikrim qalmamışdı. Onun haqqında istər Bəni-Haşimdən, istər ordu başçılarından, istər yazıçılardan, istər qazı və fəqihlərdən, istərsə də digər camaatdan nə soruşdumsa, hamı onun adını son dərəcə hörmətlə xatırladı. Hamı onu müsbət qələmə verir və öz tayfa və qəbilə başçılarından üstün tuturdu. (Beləliklə də) ona hörmətim artdı. Çünki onu, həm dostları, həm də düşmənləri yaxşı adla xatırlayaraq tərifləyirdilər...”2
Dostları ilə paylaş: |