Naməlum şəraitdə kəsilmiş və üzərində Allahın adının zikr olunub -olunmadığı bilinməyən heyvanların ətini yeməyin hökmü nədir?
بسم الله الرحمن الرحيم
إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله.
Şübhəsiz ki, bu məsələ şəriət məsələlərindəndir. Demək olar ki, bütün fəqihlər və mühəddislər öz kitablarında bu barədə KİTAB ƏL-ƏTİMƏ(Qida kitabı) adlı xüsusi bölüm açmışlar. Və bu məsələ diqqət olunması vacib olan qida məsələlərindəndir. Allahu Təalə bu barədə öz kərim kitabında belə buyurur:
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
"Ey insanlar! Yer üzərində olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir."(əl-Bəqərə 168)
فَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاشْكُرُوا نِعْمَتَ اللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ
"Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin."(ən-Nəhl 114)
Deməli, Rəbbimiz bizə qidalarımızda halal və təmiz olanlara yönəlməyimizi və buna riyaət etməyimizi əmr edir. Bu məsələ şəri bir məsələdir. Dəstamazın, təyəmmümün, namazın, orucun, zəkatın, ticarətin və digər şəriət məsələlərinin şərtləri olduğu kimi bu məsələnin də özünə xas şərtləri mövcuddur.
Bu şərtlərdən birincisi: Heyvanı kəsən adamın ərkənlik yaşına çatmış, ağlı başında müsəlman və ya əhli kitab, yəni, nəsrani(xristian) və yəhudi olmasıdır. Deməli, ağlı başında olmayanın, yəni, dəlinin və ya sərxoşun, həmçinin ərkənlik yaşına çatmamış uşağın və əhli-kitab olmayan kafirlərin(məsələn, məcusilərin, buddistlərin, atəşpərəstlərin) kəsdikləri heyvanın ətinin yeyilməsi haramdır. Amma əhli-kitab kafirlərin, yəni, yəhudi və nəsranilərin kəsdikləri Uca Allahın bu ayəsi ilə bizə halal edilmişdir.
الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ
" Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır."(əl-Məidə 5)
Bu ayədə "kitab əhlinin yeməkləri" deyildikdə onların kəsdikləri heyvanlar nəzərdə tutulur. Bunu İmam Buxari sahabə İbn Abbas(r.a)-dan nəql etmişdir. Bu məsələdə müsəlman ümməti icma etmiş və bu icmaya yalnız şiələr müxalif olmuşlar.
İkinci şərt: Heyvanın şəriət qaydası ilə kəsilməsidir. Yəni, ulqumunun, qida və nəfəs borusunun və boğaz damarlarının kəsici bir alət ilə kəsilməsi. Deməli, bu qaydaya riyaət olunmadan, məsələn, tokla vurularaq və ya döyülərək öldürülən və ya özü ölən heyvanların əti leş hökmündədir və yeyilməsi də haramdır. Uca Allah bu barədə belə buyurur:
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ
"Sizə leş haram edildi"(əl-Məidə 3)
Və sonra da leşin nələr ola biləcəyini bəyan edərək buyurur:
الْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ
"Boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır-"(əl-Məidə 3)
Üçüncü şərt isə heyvanı kəsərkən Allahın adının zikr olunmasıdır. Uca Allah buyurur:
وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ
"Üstündə Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır."(əl-Ənam 118)
فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِن كُنتُم بِآيَاتِهِ مُؤْمِنِينَ
"Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə Onun adı çəkilmiş – "bismilləh" deyilib kəsilmiş heyvanlardan yeyin."(əl-Ənam 121)
Mühüm qeyd: Bəziləri heyvanın kəsimində vacib olan bu şərtləri oxuduqda elə zənn edə bilər ki ətin alınmasında və yeyilməsində bu şərtlərin hamısının bilinməsi vacibdir. Bu səbəbdən də bəziləri mütləq şəkildə bu şərtlər əsasında kəsildiyi bilinən heyvanın ətini yeyir və bunun əksinə olanı isə haram bilir. Şübhəsiz ki, bu xətadır. Bu və bu kimi xətalar əsasən bir səbəbdən doğur. O da cəhalət və elmin azlığıdır. Ümumiyyətlə, hər bir müsəlman bilməli və daima bu gerçəkliyin fərqində olmalıdır ki, Allahın dinindən elmsiz danışmaq ən böyük günahlardandır və bu əməl Allaha iftira atmaq hökmündədir. Bu barədə Uca Allah belə buyurur:
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
"Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır."(əl-İsra 36)
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا
" Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?"(əl-Əraf 37)
Məxluq üzərinə iftira atmaq böyük günahlardandırsa, Xaliq üzərinə atılan iftiranın böyüklüyünü artıq sən düşün! Əksər müsəlmanlar böyük günahdır deyə zinadan, oğurluqdan və bu kimi çirkin əməllərdən çəkindiyi halda, Allahın dinindən elimsiz danışmaqdan çəkinmir və unudur ki, bunun böyüklüyü zinanın, oğurluğun və bu kimi günahların böyüklüyündən daha şiddətlidir. Uca Allah onun adından yalan danışaraq elmsizcəsinə "bu halaldır" , "bu haramdır" deyənlər barəsində belə buyurur:
وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَٰذَا حَلَالٌ وَهَٰذَا حَرَامٌ لِّتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ ۚ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ
"Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar."(ən-Nəhl 116)
Məsələnin izahı: Yuxarıda da qeyd etdiyim kimi kəsilmiş heyvanın ətinin halal olması üçün üç şərt mövcuddur. Bizə bu məsələdə vacib olan məhz birinci şərtin bilinməsidir. Yəni, heyvanı kəsənin müsəlman və ya nəsrani, yəhudi olması və məhz bunun bilinməsi kifayətdir. İkinci və üçüncü şərt isə araşdırılmır. Yəni, heyvanın hansı şəraitdə kəsilməsinin və üzərində Allahın adının zikr edilib-edilməməsinin bilinməsi şərt deyil.
Bu barədə Şeyx İbn Useymin belə deyir: "Kəsilmiş ətin hökmündə əsl olan hökm nədir? Halallıq yoxsa haramlıq? Əgər deyilsə ki, "halallıq"- bu xətadır. Yox, əgər deyilsə ki, "haramlıq"- bu da səhvdir. Doğru olan bu məsələdə təfsilata getməkdir. Yəni, ətin kim tərəfindən kəsildiyi bilinmirsə, bu halda həmin əti yemək haramdır. Yox, əgər müsəlman və ya əhli kitab tərəfindən kəsildiyi bilinirsə, bu halda həmin əti yemək halaldır. Bu barədə soruşmaq və araşdırmaq lazım deyil. Çünki, bu məsələdə əsl olan halallıqdır."(İbn Useymin "Buxarinin şərhi" cild 7 səh.8)
Bunun dəlillərindən biri İmam Buxarinin öz Səhih əsərində(2057) möminlərin anası Aişə(r.a)dan nəql etdiyi hədisdir. Həmin hədisdə deyilir ki, bir dəstə camaat Allah Rəsulunun yanına gəlib belə deyir: "Ey Allahın Rəsulu! Bir dəstə camaat bizə ət gətirir və biz də bilmirik ki, həmin heyvanı Allahın adını zikr edərək kəsiblər ya yox." Yəni, heyvanın kəsimində vacib olan şərtlərdən üçüncüsü bilinmir. Fikir verin, Allah Rəsulu onlara nə cavab verir: "Siz özünüz bismilləh deyib yeyin!" Yəni, araşdırmağa ehtiyac yoxdur. Halbuki, Allah Rəsulu müsəlmanların adından bir nümayəndə göndərə və bunu dəqiqləşdirə bilərdi. Amma belə etmədi və zahirən hökm verdi, " bismilləh deyib yeyin!"-söylədi. Çünki müsəlmanın və əhli kitabın kəsdiyi heyvanın əti əslən halaldır. Bunun əksinə bir dəlilin ortada olması halı isə istisnadır.
Bu, Allahın bizə olan rəhmətidir. Rəbbimiz bizi gücümüz çatmayan şeylərə mükəlləf etməmişdir. Aləmlərin rəbbi olan Allaha həmd olsun! Uca Rəbbimiz kərim kitabında belə buyurur:
رِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ
Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir." (əl-Bəqərə 185)"
Ancaq çox təəssüflər olsun ki, bəzi insanlar dinimizin bu asanlığına görə Allaha həmd etmək əvəzinə, özlərini daha da çətinliyə salır və hər məsələni araşdırmağa və sorub-soruşdurmağa yönəlirlər. Bu isə Allah Rəsulunun sünnətinə ziddir. Xeybərin fəthi günü bir yəhudi qadın Allah Rəsuluna qoyun əti təqdim edir və o da həmin ətdən yeyir və heç bir şey də soruşmur.( Buxari 2617, Müslim 2190)
Bax bu, "çətinləşdirməyin, asanlaşdırın!"- deyən Allah Rəsulunun əxlaqı idi və öz əshabını da bu əxlaq üzərə tərbiyələndirmişdir. O əshabına xitab edərək demişdir: "Həqiqətən Allahu Təalə bəzi şeyləri sizə əmr etdi. Onlara riyaət edin! Sizin üçün bəzi hədlər qoydu, o hədləri aşmayın! Bəzi şeyləri isə sizə qadağan etdi və o qadağaları pozmayın! Bəzi şeylər barəsində isə susdu və bunu unutqanlığından ötrü deyil, məhz sizə olan rəhmətindən dolayı etdi. O şeylər barəsində heçnə soruşmayın!"(Tabarani 18441 və Hakim 7114)
Və bəzən də sahabələrin yersiz araşdırmaları və ehtiyac duyulmayan sorğu-sualları nəticəsində onlara halal olan şeylər haramlaşırdı. Bütün bunların nəticəsində Allah rəsulu belə demişdir: "Müsəlmanların ən zalımı o kəsdir ki, haram olmayan bir şey barəsində yersiz sual verir və onun sual verməsinə görə həmin şey haram edilir."(Buxari 6859)
Başqa bir hədisdə isə belə deyilir:"Sizi sərbəst buraxdığım məsələlərdə siz də məni sərbəst buraxın (yəni, məndən heç bir şey soruşmayın) . Sizdən əvvəlkiləri də çoxlu sual vermələri həlak etdi."(Buxari 6858, Müslim 1337)
Buna misal olaraq da əl-Bəqərə surəsindəki yəhudilərin Musa(ə) ilə olan qissələrini qeyd etmək olar. Bu barədə Uca Allah buyurur:
"Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi.Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!"Onlar dedilər: "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir Ona baxanları sevindirir".Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür Əgər Allah istəsə, biz düz yolda olarıq".Musa dedi: "Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur" Onlar: "İndi sən əsl həqiqəti bildirdin!"– dedilər və onu kəsdilər Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər."(əl-Bəqərə 67-71)
Hörmətli oxucu! Diqqət yetir! Görürsənmi ki, yəhudilərin yersiz suallarına görə Allah onlar üçün məsələni necə çətinləşdirdi?! Onlar hər sual verdikdə Allahın hökmü bir az da qəlizləşirdi. Deyən lazımdır ki, heç sizə inəyin rəngi, vəsfi və ya yaşı lazımdır?! Əgər onlara əmr edilən vaxt həmin anda əllərinə keçən hər hansı bir inəyi kəssəydilər məsələ də bununla öz həllini tapar və çətinləşməzdi.
Son olaraq: Ey Allahın qulu! Sənə vacib olan şey kəsilən heyvanın kim tərəfindən kəsildiyinin bilinməsidir.
Bu isə ümumən götürülür. Yəni, özünü İslama, Xristianlığa və ya Yəhudiliyə nisbət edən hər bir şəxsin kəsdiyini yeyə bilərsən və bu barədə artıq sorğu-suala, araşdırmaya və dərinliyə getməyə də ehtiyac yoxdur. Bu təqvaya və Allah Rəsulunun sünnətinə daha müvafiqdir. Mükəlləf (cavabdeh) olmadığın işləri öz nəfsin üçün çətinləşdirmə. Allah Rəsulu buyurur: "Bir şeyi öz nəfsiniz üçün çətinləşdirməyin, yoxsa Allah o şeyi sizin üçün çətinləşdirər"(Əbu Yalə 3694) Və şübhəsiz ki, İbn Useyminin də Buxarinin şərhində dediyi kimi bu kimi şeylərdə xırdaçılıq etmək bəyənilmir. Bu barədə Allah Rəsulu belə deyir:"Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən."(Muslim 173)
Bu asanlıq, aləmlərin rəbbi olan Allahdan bizə olan bir rəhməti və sədəqəsidir. Nə üçün rəbbimizin rəhmətindən üz çevirir və sədəqəsini də qəbul etmirik?! Necə ki, bir gün Ömər ibn Xattab(r.a) gəlib Allah Rəsulundan səfərdə namazların hansı səbəbdən qısaldığı barəsində soruşur və Allah Rəsulunun cavabı isə belə olur:"Bu Allahın sizə olan sədəqəsidir. Onun sədəqəsini qəbul edin!!!"(Müslim 686)
Müəllif: Əbu Zeyd
Dostları ilə paylaş: |