Orfoepik normalar.
Nitqimizin şifahi qolunun son yüz ildə fəaliyyət dairəsi, inkişafı son dərəcədə genişlənmişdir. Azərbaycan xalqının içtimai-siyasi, mədəni, iqtisadi həyatında baş vermiş dəyişikliklər, kino, radio və televiziya kimi tribunaların yaranması və s. amillər şifahi nitqin ünsiyyət imkanlarını xeyli artırmışdır. Bunlar da öz növbəsində Azərbaycan şifahi ədəbi dilinin normalarının, ədəbi tələffüz qaydalarının elmi təhlilinin lazımı dərəcədə izah olunmasına imkan vermişdir. Bu sahədə Ə. Dəmirçizadə, M. Şirəliyev, Ə. Əfəndizadə apardıqları tədqiqat işlərində dəyəli fikirlər söyləmişlər. Ə. Dəmirçizadə tələffüz normalarını müəyyənləşdirərkən göstərir ki, xüsusən şifahi ədəbi dilin təzahür vasitəsi olan tələffüzün normaları, qayda-qanunları da məhz seçmə və əvəzetmə yolu ilə müəyyənləşdirilir. M. Şirəliyev orfoepiya qaydalarını dəqiqləşdirərkən ədəbi tələffüzün əsas prinsipi sırasında tələffüzdə ağırlıq törədən, dilin ahəngini pozan cəhətlərdən qaçmağı, asanlıqla, sürətlə tələffüz edilən incə, gözəl səslənən cəhətləri saxlamağı məsləhət görürdü. Dilimizin orfoepik normalarının gözlənilməsini, dəqiqləşdirilməsini göstərən belə dəyərli elmi fikirlər bu gün də söylənilməkdədir.
Konkret olaraq demək lazımdır ki, ayrı-ayrı sözün, qrammatik forma və sintaktik quruluşun dildə istənilən sabit və vahid qaydaları orfoepik normaları təşkil edir. Dərslik ədəbiyyatlarında deyildiyi kimi, nitqdə orfoepiya normalarını müəyyən etdikdə aşağıdakı prinsiplər əsas götürülür:
tələffüzün asanlığı; 2. danışığın təbiiliyinin qorunması; 3. şəkilçilərin qısa variantda saxlanılması; 4. tələffüzü çətin, yazılışı deyilişindən fərqlənən sözlərin danışıq dilinə uyğun variantının qəbul edilməsi; 5. fonetik hadisələrin tətbiq olunmasının qarşısının alınması; 6. dilimizin təbiəti, səs və heca sistemi nəzərə alınmaqla bir sıra sözlərin tələffüz normalarının dəqiqləşdirilməsi; 7. alınma sözlərlə bağlı fonetik normaların qətiləşdirilməsi; 8. ahəng qanununun gözlənilməsi.
Şifahi ədəbi dilin imkanlarından bacarıqla istifadə eməyi bacaran natiq nitq prosesində dilimizin daxili qanunlarını qorumuş olur, belə nitq dinləyicilər tərəfindən asan qavranılır, estetik təsirilə seçilir.
Nitq də mədniyyət kimi saflıq, təmizlik sevir. Nitqdə bu saflığın pozulması ədəbi tələffüzlə bağlı bir sıra qüsurlar yaradır. Bunlara aid aşağıdakıları qeyd etmək olar: 1. Nitqdə yerli dialekt və şivələr hesabına söz və ifadələrdə təlffüz normaları pozulur. Məsələn, həlbəttə, hasand, ahali, haçar. Dəyşət, nöş(nə üçün) və s. 2.Qrafik prinsipə görə, dildə sözün iki tələffüz şəklindən daha tipik olanı orfoepiya üçün əsasdır. Məsələn: nitqdə darvaza, xalça, pençək, pendir, rahat, pəncərə, qəbul sözləri həm orfoqrafiya, həm də orfoepiya qaydaları baxımından düzgün sayılır. Lakin dərvaza, xəlçə, pəncək, pənir, rahət, pencərə, qabul şəklində deyiliş dialekt xüsusiyyəti hesab olunur və ədəbi tələffüzə yaramır.
Nitqdə tələffüz pozulması hallarının biri də bəzi alınma sözlərin kitab tələffüzü ilə bağlı olması hesabınadır. Məsələn: Maskva, intanasiya, kankret, fanetika, arfaqrafiya və s. kimi deyilməli olan sözlər elə yazıldığı kimi – Moskva, intonasiya, konkret, fonetika, orfoqrafiya şəklində səhv tələffüz olunur.
Dilimizə məxsus söz və şəkilçilərin deyilişində də qüsurlar vardır: vicdan-vijdan, uşaq-uşax, məqsəd-məksət, işləyir-işdiyir və s.
Uşaqlar ailədən, radio və televiziya verilişlərindən, bağçada tərbiyəçilərdən, məktəbdə müəllimlərdən tələffüz qaydalarını eşidib mənimsəməli, mədəni nitqə verilən tələbləri öyrənməlidir. Belə vasitələrlə nitq mədəniyyəti vərdişlərinin çox erkən yaradılma qayğısına qalınmalıdır.
Dostları ilə paylaş: |