Nazirlər Kabinetinin rəsmisindən çaş-baş MÜsahiBƏ



Yüklə 27,78 Kb.
tarix17.11.2018
ölçüsü27,78 Kb.
#83163

Nazirlər Kabinetinin rəsmisindən çaş-baş MÜSAHİBƏ





Tarix: 25.05.2013 | Saat: 14:38:00 | 








BİZ ONA SUAL VERDİK, O BİZƏ MƏSLƏHƏT 

AzNews.az-ın “Onlar belə danışmır” layihəsinin budəfəki qonağı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlidir. Öncədən qeyd edək ki, Akif Əli layihənin bütün qonaqlarına verdiyimiz ənənəvi sualları digər qonaqlarımızdan fərqli olaraq yazılı cavablandırıb. Məhz buna görə də cavablardan doğan sualları Akif Əliyə ünvanlamaq mümkün olmayıb. Ancaq Akif Əli Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi mətbuat nümayəndəsi olaraq bizə görüş imkanı yaradacağı ilk fürsətdə bu sualları mütləq ona verəcəyik. Əminik ki, bu, sualları yazılı cavablandırmaqdan daha maraqlı olacaq. Ən azından oxucular üçün... 

- Akif bəy, günə əsasən hansı xəbərlərlə başlayırsınız?
- Günə bir qayda olaraq (əgər bu qaydanı pozacaq kənar təsir olmazsa) xoş və müsbət yüklü rəsmi xəbərlərlə başlayıram. Ümumiyyətlə, təkcə günə yox, hər bir işə başlayanda öncə pozitiv xarakterli söz, fikir, deyim, düşüncə ilə başlamaq lazımdır. Bədxassəli xəbəri sonrakı mərhələyə saxlamaq, ümumi iş-məişət axarının içində əritmək məqbuldur. Əqidəmcə bu, daha faydalı və səmərəli yaşam tərzidir. Yeri gəlmişkən, bəzən qəzetlərin 1-ci səhifələrinin, telekanalların informativ proqramlarının matəm xəbərləri ilə, başsağlığı mətnləri ilə, qəza, ölüm, uçqun, vəlvələ məlumatları ilə açılmasını düzgün hesab etmirəm. Oxucunu, tamaşaçını, dinləyicini ilk addımda salamlayıb sonra dərhal ona mənfi yüklü, stress tutumlu bəd xəbəri vermək şüura və ruhun əhvalına pis təsir edir. Bundan sonra istənilən müsbət yüklü informasiyanın da effekti azalacaq, qavranması, təsir gücü aşağı olacaq. Ona görə şəxsən mən səhər-səhər baxdığım çoxlu sayda qəzetlərin arasından asılı olaraq bəzilərini 1-ci səhifəsindən açıb oxuyuram, bəzilərini isə axırıncı səhifədən. Eləcə də paralel olaraq çoxsaylı TV-lərdən bəzisinin səhər proqramını seyr edirəm, bəzi pis niyabətlərə isə baxmıram və s. 

- Hər bir qurumun mətbuat xidmətinin rəhbəri həm də təmsil etdiyi orqanın üzüdür. Bu baxımdan sizin üzünüz nə rəngdədir? 
- Elnarə xanım, Mətbuat Xidməti və onun rəhbəri hər hansı qurumu təmsil edərkən bəlli səlahiyyətlər çərçivəsində onun “üzünə” yox, bəlkə simasına xas mövqeyi ictimaiyyətə çatdırmaq missiyasını yerinə yetirir. İndiki halda müsahibələriniz bilavasitə hökumətə bağlı rəsmi strukturu təmsil etdiyindən - “...sizin üzünüz nə rəngdədir?” – kimi, yumşaq desək, qeyri-səlis müraciət, düşünürəm, dövlət – KİV münasibətlərindəki ənənəvi etiket normaları ilə çox da uzlaşmır. Üstəlik ictimai mahiyyət kəsb edən jurnalistin peşə standartları onu da tələb edir ki, müraciət edəcəyi obyekt, yaxud subyekt haqqında öncədən müəyyən bilgi toplasın, müsahibin həyat yolunu, fəaliyyət istiqamətlərini və s. nəzərə almaqla sual tərtib etsin... Kəsəsi, sualın formasına dözümlü yanaşıb mahiyyətinə diqqət etsək, onu bildirməyə məcburam ki, əgər Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli haqqında öncədən kifayət qədər məlumatlı olsaydınız, özünüz də görərdiniz ki, onun üzü təkcə indiki iş yerində yox, ümumiyyətlə, bütün həyatı boyu çalışdığı bütün idarələrdə həmişə ağ olub. Kinostudiyada, Radioda, Televiziyada, Ali məktəbdə, qəzetdə... 

- Yəqin ki, mətbuatda dostlarınız var. İnformasiyaların ötürülməsi zamanı dostlar və qeyri-dostlarla münasibətləri necə tənzimləyirsiniz?
- “Yəqin ki…” niyə?! Dəqiqi, mənim mətbuatda çoxlu dostlarım var. Onların bir qismini ömür boyu çalışdığım müxtəlif iş yerlərində qazanmışam, bir qismi özü məni tapıb və dostlaşıb, bir qismi isə pedaqoji fəaliyyət zamanı dərs dediyim tələbələr arasından seçilib dosta çevriliblər. O ki qaldı informasiyanın yayılması prosesinə (sizin kontekstdə “ötürülməsi” sözünü uğurlu saymadım, çünki “ötürülmənin” sətiraltı mənasında bir qədər örtülü xəlvətilik nüansı sezilir ki, bu da bizim aşkar fəaliyyətimizə uyğun deyil); kütləviləşməsi məqbul hesab edilən rəsmi informasiyanın yayılması prosesində xüsusi dostluq amilinə ehtiyac qalmır. Çünki yayımda məqsəd kütləviliyi təmin etmək və məlumatın daha çox əhali təbəqəsinə çatdırılmasına nail olmaqdırsa, o zaman təbii ki, peşəkarlığa, operativliyə, obyektivliyə, informasiya ilə düzgün davranmaya, etibarlı yayım metodikasına və müasir texnologiyaya üstünlük veriləcək. İnformasiyanın təhrif olunmadan, kontekstdən çıxarılmadan, lüzumsuz şərhlərlə yüklənilmədən və ən başlıcası, dövlətçilik amalına sədaqət ruhunda çatdırılacağına əminlik əsas şərtlərdəndir. 

- Mətbuat xidmətləri rəhbərlərinin əksəriyyəti bu vəzifəyə mətbuatdan gəlib. Bəs niyə vəzifəyə təyin olunduqdan sonra mətbuatda çıxış etmirlər?
- “Niyə”sini təbii ki, hər vəzifə sahibi özü bilir. Çünki mətbuat xidmətinin əməkdaşı əgər dövlət qulluğundadırsa, o, öz vəzifə səlahiyyətləri daxilində çalışdığı idarənin fəaliyyətinə uyğun işləri, rəhbərliyin tapşırıq və göstərişlərini, digər aidiyyəti funksiyaları icra etməyə borcludur. Lakin bununla paralel həm də şəxsi yaradıcılıq fəaliyyəti ilə məşğul olması, mətbuatda çıxışlar etməsi, məqalə yazması, rəy bildirməsi və s. bu cür məcburi öhdəliyi yoxdur. Qanunvericilikdə dövlət qulluqçusunun elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti qadağan edilmədiyindən, hər bir vəzifə sahibinin işdən kənar qeyri-rəsmi, özəl yaradıcılığı, mətbuatda hansı periodikliklə çıxışlar etməsi və s. sırf şəxsi mülahizələrə bağlı məsələdir. Odur ki, hansısa mətbuat xidməti rəhbərinin mətbuatda niyə və nə qədər çıxış edib - etməməsi müzakirə predmeti ola bilməz. Əsas göstərici onun çalışdığı qurumda öz vəzifə borcunu keyfiyyətlə icra etməsidir. 

- İndiyə qədər iş prosesində rəhbərlik tərəfindən bağışlanılmayan ən böyük səhviniz nə olub? 
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, müsahibinizlə öncə dərindən maraqlanıb həyat yolunun məntiqinə diqqət etsəydiniz, özünüz də belə bir nəticəyə gələ bilərdiniz ki, əgər adamın indiyədək hansısa mərhələdə “rəhbərlik tərəfindən bağışlanılmayan səhvi” olsaydı, bu məqama gəlib çıxmaz, həmin “bağışlanılmadığı” anda fəaliyyətinə xitam verilər, görəvdən alınardı. Və dövlət qulluqçularına möhtərəm Prezident tərəfindən verilən “2-ci dərəcə Dövlət müşaviri” kimi yüksək ixtisas dərəcəsinə layiq görülməzdi. Onda bəlkə heç Siz də məndən bu müsahibəni almazdınız … 

- Bilirik ki, mətbuat xidmətlərinin rəhbərləri həm də nazirin, komitə sədrinin, ümumiyyətlə çalışdığı qurumun rəhbərinin müxtəlif tədbirlərdə, görüşlərdəki çıxışlarını hazırlayan şəxslər olurlar. Bəs sizdə bu baxımdan vəziyyət necədir? Bu məsul iş sizin də vəzifənizə daxildirmi? 
- İcazənizlə növbəti formal (ancaq prinsipial) korrektə zərurətinə diqqəti yönəldim. İndiki halda müsahibiniz Mərkəzi icra orqanında yox, Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetində çalışdığı üçün o, nazirin yox, bilavasitə Baş nazirin kurasiyasında olan işçidir. Bu sayaq incə məqamları ayırd etmədikcə, verilən suallardan dolayı rastlaşacağınız diskomforta dözməyə məcbursunuz... Lakin hər halda sualınızı cavabsız da qoymayıb, mahiyyətinə dair onu bildirim ki, Dövlət qulluğu haqqında qaydalara uyğun olaraq siyasi vəzifə daşımayan inzibati funksiyalı məmurun xidməti ilə bağlı icra prosesi heç bir xüsusi ictimai əhəmiyyət kəsb etmir, yalnız aparatdaxili prosedur qaydasına aid məsələdir. Odur ki, bu sualın cavabından doğan hər hansı informasiyanın kütləviləşməsi də vacib və məqbul deyildir. 

- Nə qədər şikayətlənsələr də bəzi dövlət qurumlarında bəzi “reket” jurnalistlərlə münasibətlər digər mətbu orqanlara nisbətən daha yaxşı qurulub. Bunu necə tənzimləyirsiniz?
- Nəzərdə tutduğunuz “bəzi dövlət qurumlarından” fərqli olaraq bizim qurumda “bəzi reket jurnalistlərlə” heç vaxt heç bir işgüzar “münasibətlər” qurulmadığından, bunun tənzimlənməsinə də ehtiyac qalmır. Lakin ümumən məsələyə münasibətimi bilmək istəsəniz qısaca onu deyim ki, açığı, mən kriminal aləmə aid olan “reket” sözünü mədəniyyət aləminə aid olan jurnalistikaya yaraşdırmıram. Əlində silah bir obyektə basqın edən reketin fəaliyyəti ilə silahı yalnız əlindəki qələm olan jurnalistika fəaliyyəti miqyas və niyyət etibarilə identik olmadığından bunların qoşalaşdırılması da qəribə görünür. Mətbuatdakı arzuolunmaz halları və subyektləri isə müxtəlif rıçaqlar vasitəsilə qınamaq, utandırmaq, xəbərdar edib çəkindirmək, hətta mətbuatdan kənarlaşdırmaq olar... Əslinə qalanda təcrübə göstərir ki, müxbirin üz tutduğu obyektdə tam şəffaflıq varsa, orada heç kimdən və heç nədən çəkinmədən, pis niyyətlə gələn dələduza lazımi dərs verirlər. Ara-sıra mənə də belə ziyanverici müxbirlərdən, onlara havadarlıq edən yaramaz baş redaktorlardan şikayətlər olub. Mən də səlahiyyətim çərçivəsində həmin arzuolunmaz halların qarşısını almağa çalışmışam. Təbii, təzyiqsiz, hədə-qorxusuz, “gözağartmasız”, təhqirsiz... Axı nüfuz olan yerdə mədəni rəftar daha demokratik və daha effektli idarəetmə üsuludur. Əslində naşı adamların jurnalistikaya axını mətbuat sferasının naşı idarə olunmasından irəli gəlir. Əgər KİV məkanında səriştəli idarəetmə olsaydı bu qədər təsadüfi adam həvəslənib mətbuata axışmazdı, lüzumsuz mətbu orqan, saxta müxbir vəsiqəsi və ifrat iddialar yaranmazdı. Görünür onlar zamanında haradasa boşluq, kimdəsə səriştəsizlik görüb doluşublar içəri. Halbuki ötən əsrin 80-90-cı illərində mübariz, prinsipial, qətiyyətli, vətəndaş yanğılı peşəkar jurnalistikamız var idi. Ən məsul sınaqlardan mətanətlə çıxan həmin jurnalistika Azərbaycanın müstəqilliyi, azadlığı, informasiya blokadasının yarılması, həqiqətlərin xalqa çatdırılması, əhalinin maarifləndirilməsi istiqamətində çox zəhmətlər çəkiblər. Bunu unutmaq olmaz. Təəssüf ki, sonradan ara qarışdı... Və “kiosk”, “butka”, “moyka” açmaq kimi qəzet açmaq da dəbli kommersiya layihəsinə döndü...

- Vəzifəsindən və bu vəzifəni hansı dərəcədə yerinə yetirməsindən asılı olaraq əməkdaşlar nazirin, komitə sədrinin ən yaxın adamları, sağ əli, danışan dili, düşünən beyni ola bilirlər. Bəs siz öz rəhbərinizin hansı əlisiniz?
- Xanım, siz nədənsə mətbuat xidməti əməkdaşını müəssisə rəhbərinin gah “üzü”, gah “əli”, gah “dili”, gah “beyni” və s. əcaib funksiyalarda təsəvvür edirsiniz. Bu təsəvvürün mənbəyini bilmirəm, ancaq inciməsəydiniz deyərdim ki, o mənbə haradasa provinsial baxışdan qaynaqlanır. Yeri gəlmişkən, Sizə və bəzi KİV nümayəndələrinə bir təklif edim. Lütfən dövlət qulluqçularının hər birinə müstəqil respublikanın mənafeyi keşiyində öz vicdanı müqabilində dayanan müstəqil idrak sahibi kimi baxın. Ümumiləşdirmə aparmadan hər kəsə öz mənəviyyatı, əxlaqı, əqidəsi, düşüncə tərzi və dünyagörüşü olan fərdi vətəndaş kimi baxın. Totalitarizmə xas təfəkkürdən uzaq belə differensial münasibətdə siz onları daha yaxşı anlayar, kimisə naqolay suallarla aşağılamaz, məmurlara yüksək erudisiya zəminində müvafiq suallar verib anoloji cavablar alar, bununla həm də özünüz haqqında təsəvvürləri daha dəyərli təəssüratlarla əvəzləmiş olarsınız... O ki qaldı sizin mətbuat xidməti əməkdaşını mütləq “sağ əl, sol əl, uzun dil, qısa dil, kəllə-beyin, diz, dirsək, qol, qıç və s.” bu kimi ortopedik funksiyalarda görmək istəyinizə - inanın ki, söhbət əsnasında sualların mətnində oxşar məqamlar tez-tez təkrarlandığı üçün mən artıq belə xarakterik anomaliyalara təkcə leksik vərdiş kimi baxa bilmirəm. Çünki klassik anlamda - dil təfəkkürün aynasıdır. Diqqətinizə görə təşəkkür edirəm. 

Elnarə Əlosmanqızı
AzNews.az


             

 











Yüklə 27,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin