Fəsil Bu fəsildə (hissədə) Əmirəl-möminin Əli əleyhis-salamın hikmətli söz və nəsihətləri toplanıb və ona, o Həzrətdən soruşulmuş bəzi sualların cavabları və nəzərdə tutduğu şeylər barəsində bəyan etdiyi qısa kəlamları əlavə edilib.
1
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə-fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasına süd verən) erkək dəvə balası kimi ol.1
2
İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:
Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş kəs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünü əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.2
3
İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq və acizliyin məzəmməti və səbrlilik, zahidlik və günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:
Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam və dərəcəyə çatmaq şücaət və cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq və nadanı natiqləşdirir). Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir). Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya və onun malına möhtac deyil.) Günahlardan uzaqlıq (ilahi əzab müqabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pərhizkarlıq da onu dünya və axirət çətinliklərindən xilas edir.)
4
İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm, gözəl xasiyyət və təfəkkürün mədhində) buyurmuşdur:
İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah və əmin-amanlıqda saxladığı kimi, Allahın istədiyi şeyə razı olan şəxs də rifah və əmin-amanlıqda olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edib). Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir və ziyanının görür).
5
İmam Əli əleyhis-salam (sir saxlamaq, gülərüzlülük və çətinliklərə qatlaşmağın mədhində) buyurmuşdur:
Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. (Ağıllı şəxs yadı öz sirrindən xəbərdar etməz.) Gülərüzlülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. (Gözəl xasiyyət və gülərüzlülüklə xalqın ürəyini ələ almaq mümkündür.) Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
Nəql edilib ki, o Həzrət əleyhis-salam bu mətləbin yozumunda həmçinin belə buyurmuşdur: Sülh və barışıq eybləri örtməkdir.2
6
İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək və bəxşiş etməyin faydaları və hər kəsin öz əməlinin savab və cəzasına çatacağı barəsində) buyurmuşdur:
Özündənrazı kimsəyə qəzəb edən çox olar. (Çünki özündən razı olan kimsə xalqı xar sayar və buna görə də hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır.3 Bəndələrin dünyadakı əməlləri axirətdə gözləri önündə olacaq.4
Dostları ilə paylaş: |