44
İmam Əli əleyhis-salam (gözəl sifətlər barəsində) buyurmuşdur:
İnsanın qədir-qiyməti onun himməti miqdarındadır. (Buna görə də əgər himməti böyük olsa hörmətli və əziz, himməti az olsa isə xar və zəlil olar.) Düzlüyü isə comərdliyi miqdarındadır.1 Həmçinin onun şücaət və cəsurluğu şərəfinin qədərində, çirkin və nalayiq işləri ar bilməsi miqdarındadır. (Deməli, çirkin işi hər nə qədər çox ar bilsə şücaət və cəsurluğu da bir o qədər çoxdur.) Eləcə də namus və isməti qeyrəti qədərdir.2
45
İmam Əli əleyhis-salam (qələbə barəsində) buyurmuşdur:
Qələbə uzaqgörənliklədir. Uzaqgörənlik fikri işə salmaqladır. Fikir isə sir və gizli şeyləri qorumaqladır. (Deməli, öz gizlin sirrini faş edən kəs rəy və fikrini qorumayıb və uzaqgörənlikdən xaric olub və nəticədə məqsədinə çatmayacaq.)
46
İmam Əli əleyhis-salam (comərd və alçaq adam barəsində) buyurmuşdur:
Səxavətli və comərd şəxsin ac (möhtac) olanda hücum etməsindən qorxun. (Çünki belə olan halda, xalqın etinasızlığı onu qıcıqlandırır və o, onlara hakim olub intiqam almaq üçün özünü təhlükəyə atır.) Həmçinin alçağın tox olandakı (varlanandakı) hücumundan çəkinin. (Çünki varlılıq onu arzusuna çatdırar və o, təbiətinə uyğun olaraq əli altında olanlara əziyyət verər, incidər onları.)
47
İmam Əli əleyhis-salam (könüllərin ələ alınması barəsindəki tapşırığında) buyurmuşdur:
İnsanların qəlbləri hürkəkdir (bir-birləri ilə tanış deyildirlər). Buna görə də kim (yoldaşlıq, yaxşılıq və dostluq ilə) onları ələ alsa, ona üz tutarlar.
48
İmam Əli əleyhis-salam (dünya üzünə gülən şəxs barəsində) buyurmuşdur:
Nə qədər ki, nəsibin və qismətin səni xoşbəxt saxlayır (dünya sənə yardır), eyibin (gözlərdən) gizlin qalar.1
49
İmam Əli əleyhis-salam (əfv etmək barəsində) buyurmuşdur:
İnsanların əfv etmək və bağışlamağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlarıdır. (Çünki əfv etmək qüdrətdən asılıdır. Buna görə də zəifin əfv etməsi mənasızdır.)
50
İmam Əli əleyhis-salam (səxavətin mənası barəsində) buyurmuşdur:
Səxavət və (layiq olan kimsəyə bir şey) bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən (istəyən şəxsin və ya xalqın töhmətindən) qurtulmaqdır.
51
İmam Əli əleyhis-salam (bəzi sifətlər barəsində) buyurmuşdur:
Ağıl kimi sərvət yoxdur. (Çünki ağıl dünya və axirət səadəti və xoşbəxtliyini qazanmaq yolunu göstərir.) Nadanlıq kimi yoxsulluq yoxdur. (Çünki nadan hər bir şeyin əldə edilməsi üçün başqasından soruşmağa möhtacdır. İnsanı nalayiq və xoşagəlməz işlərdən saxlayan) ədəb kimi miras yoxdur.1 Məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur. (Çünki düzgün fikir məsləhətləşmə ilə əldə edilir.)
52
İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:
Səbr iki cürdür: (Biri) bəyənmədiyin şeyə səbr etmək (ki, bu növ səbr şücaət və cəsurluqdur) və (digəri) sevdiyin şeyə səbr etmək (ki, bu cür səbr namus və ismətdəndir).
53
İmam Əli əleyhis-salam (varlılıq və yoxsulluq barəsində) buyurmuşdur:
Varlılıq (insan üçün) qürbətdə vətəndir. (Çünki ona görə hamı adamla dostluq və tanışlıq edir.) Yoxsulluq isə vətəndə də qürbətdir. (Çünki onun nəticəsində hamı adamdan uzaqlaşır.)
54
İmam Əli əleyhis-salam (qənaətin faydası barəsində) buyurmuşdur:
Qənaət tükənməz sərvətdir. (Çünki qənaət etmək, eləcə də əldə olana qane olmaq ehtiyacı uzaqlaşdırır. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
Bu kəlam Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilmişdir.
55
İmam Əli əleyhis-salam (sərvətin ziyanı barəsində) buyurmuşdur:
Sərvət şəhvət və nəfsi istəklərin özəl və təməlidir. (Çünki sərvət nəfsi istəklərə çatmağa imkan yaradır.)
56
İmam Əli əleyhis-salam (öyüd verən kəs barəsində) buyurmuşdur:
Səni (pisliklərdən qorxudaraq) çəkindirən kəs, səni (xeyir və yaxşılığa) müjdələyən şəxs kimidir. (Çünki şər’i dəf etmək xeyirdir.)
57
İmam Əli əleyhis-salam (düşünmədən danışmağın ziyanı barəsində) buyurmuşdur:
Dil yırtıcıdır (yırtıcı heyvan kimidir) ki, əgər özbaşına buraxılsa (düşünmədən və ağlın rəhbərliyi olmadan istədiyini desə, sahibini) parçalayar (məhvinə səbəb olar).
58
İmam Əli əleyhis-salam (arvadın məzəmmətində) buyurmuşdur:
Arvad əqrəbdir (onun kimi əziyyətedicidir) ki, sancmağı (onunla əlaqədə olmaq) şirindir.
59
İmam Əli əleyhis-salam (yaxşı işə əvəz vermək barəsində) buyurmuşdur:
Biri sənə salam verəndə sən (onun cavabında) ondan yaxşı salam ver. Sənə ehsan və yaxşılıq ediləndə sən ona ondan artıq əvəz və mükafat ver, (yaxşılığın əvəzini daha artıq yaxşılıqla çıx) hərçənd ki, fəzilət və üstünlük yaxşılığı ilk edənə məxsusdur.1
60
İmam Əli əleyhis-salam (vasitəçiliyin xeyri barəsində) buyurmuşdur:
Vasitəçi və ağız açan, (başqasından bir şey) istəyənin qanadıdır (onun üçün quşun, vasitəsi ilə öz istədiyinə nail olduğu qanadı kimidir).
61
İmam Əli əleyhis-salam (qəflət barəsində) buyurmuşdur:
Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir (və xəbərsizdir ki, birdən məsafə qət olunar və həmişə olacaqları yerə çatarlar və carçı car çəkər ki: düşün və yüklərinizi açın).
62
İmam Əli əleyhis-salam (tənhalığın ziyanı barəsində) buyurmuşdur:
Dostları əldən vermək qürbətdir. (Çünki bu, vətəndən uzaq düşmək kimidir.)
63
İmam Əli əleyhis-salam (nalayiq insanlardan minnət götürməmək barəsində) buyurmuşdur:
Ehtiyacın təmin edilməməsi onu ləyaqətsiz adamdan istəməkdən daha asandır. (Çünki onun təmin edilməməsi qəm-qüssəyə səbəb olur. Amma onu ləyaqətsiz adamdan istəmək təmin edilib-edilməməsindən asılı olmayaraq xəcalətliliyə səbəb olur.)
64
İmam Əli əleyhis-salam (bəxşiş barəsində) buyurmuşdur:
Azı bağışlamaqdan utanma. Çünki ümidsiz qoymaq ondan da azdır (və utanmağa daha layiqdir).
65
İmam Əli əleyhis-salam (iffətlilik və şükr etmək barəsində) buyurmuşdur:
İffət yoxsul və kasıbın zinət və bəzəyi, (Allahın nemətlərinə) şükr etmək isə varlının yaraşığıdır.
66
İmam Əli əleyhis-salam (arzular barəsində) buyurmuşdur:
İstədiyinə çatmayanda hər nə cür olsan qəmlənmə. (Çünki çatılmayan şeyə görə qəmlənmək ağılsızlıqdır.)
67
İmam Əli əleyhis-salam (nadanın məzəmmətində) buyurmuşdur:
Nadanların hamısı ya ifratçıdırlar (öz hədd və əndazələrini aşırlar), ya da çox süst və səhlənkar (ki, öz hədd və əndazələrinə çatmırlar).
Dostları ilə paylaş: |