Nəticə
Bu mövzunu araşdırarkən mən bir çox yerli ədəbiyyatla tanış oldum,xeyli sayda internet resursdan Nərmanov haqqında ətraflı məlumat topladım. Nəriman Nərimanovun seçilmiş əsərlərinin içərisindən “Həyat” qəzetində çap olunmuş felyetonlarla və digər məqalə, məktub və digər yazılarla tanış oldum. Həqiqətən də, Nərimanovun mədəniyyət və mətbuat tariximizdə əvəzsiz xidmətini ancaq onun publisistik yazılarını oxuduqdan sonra anlamaq olur. Hələ çar Rusiyası dövründə mətbuat vasitəsilə xalqı maarifləndirməyə çağırmaq, mətbuatdan tribuna kimi istifadə etmək hər adamın işi deyildi. Felyetonlarında dövrün ən müxtəlif problemlərinə, xalqın ağrılı məsələlərinə öz üslubu ilə toxunur, situasiyaları təhlil edir və çıxış yolunu öz imkanları daxilində göstərirdi. Bolşevik ideologiyasına xidmət etməsinə baxmayaraq daim xalqın maariflənməsi üçün vuruşmuş, bəzən təqiblərə məruz qalmışdır. Lakin heç bir zaman əqidəsindən dönməmiş, həmişə doğru olanı etmişdir. Nərimanov üçün xalqın maariflənməsi hər şeydən öndə dururdu. Xalq onun hər şeyi idi. Həm həkim kimi xalqın fiziki ağrılarının müalicəsi üçün əlindən gələni edir, həm də publisist kimi onların mənəvi ağrılarını aradan qaldırmağa çalışırdı. Felyetonlarını oxusaq, bütün bu məsələlərin öz təsdiqini necə tapdığının canlı şahidi olarıq. Nərimanovun əsərləri ilə tanış olmamış onun haqqında hər hansısa mühakimə yürütmək, sadəcə cahillik olardı. Bəşəriyyətin Azərbaycan xalqına bəxş etdiyi azsaylı dahidən biri kimi xalqımızın daima yaddaşında qalacaq. Mətbuat tariximizi Nərimanovsuz təsəvvür etmək qeyri-mümkündür. Əgər onun felyetonları, məqalələri və digər publisistik yazıları olmasaydı, həqiqəndə mətbuat baxımından çox geridə olardıq. Felyetonlarını çox aydın bir dildə, hər kəsin başa düşəcəyi tərzdə yazması onu digərlərindən fərqləndirirdi. Yalnızca publisist kimi deyil, həkim kimi, teatrşünas kimi fəaliyyət göstərməsi xalqın istər mənəvi, istərsə də fiziki ağrılarını azaltmaq, yox etmək təşəbbüsündən irəli gəlirdi. Nərimanovun felyetonları və digər publisistik yazıları mətbuat və mədəniyyəttariximizin əvəzedilməz sərvətidir. Bu sərvəti qorumaq yalnız jurnalistlərin deyil, bütün Azərbaycan xalqının borcudur.