Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir. Müəssisə - mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formalarıbarədə aşağıdakıları bilmək vacibdir.
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
a) Sənaye müəssisələri - sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
d) sığorta müəssisələri - əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.
Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.