◘Müsəlmanların qibləsi Beytül-Müqəddəsdən Kəbəyə dəyişdikdən sonra yəhudilər ortaya şəkk-şübhə çıxararaq, bu iş üçün dəlil istəyirdilər. Hərçənd əvvəlki ayələrdə icmali şəkildə Allah bu cür etirazların cavabını bildirmişdi. Bu ayədə isə uyğun həqiqət bir daha ortaya qoyulur və bəyan olunur ki, şərq də, qərb də Allahındır, haraya üz tutsanız Allah oradadır. Kəbənin qiblə kimi müəyyənləşdirilməsində məqsəd müsəlmanların birliyini nümayişə qoymaq və İbrahimin şirklə mübarizə xatirəsini təzələməkdir. Kəbənin müqəddəsliyi və möhtərəmliyi də buna əsaslanır.
◘Mərcələrin (din alimlərinin) əhkam risalələrində bildirildiyi kimi, müstəhəb namazlarda qiblə şərt deyil. Hətta yol gedə-gedə, süvari halda da bu namazları qılmaq olar. Uyğun ayəni açıqlayan bəzi rəvayətlərdə də bu məsələyə işarə olunmuşdur. İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə müstəhəb namaz haqqında nazil olmuşdur.”1 (Qeyd)
◘Əgər əvvəlki ayəyə görə, bir müxalif dəstə məscidin xaraba qoyulması yolunda çalışırsa, siz həvəsdən düşməyin ki, Allaha üz tutma yalnız xüsusi bir cəhətə həsr olunmayıb.
◘İstər şərqə, istərsə də qərbə üz tutmaq (qiblə) tərbiyəvi xarakter daşıyır. Əsas məqsəd Allahın xatırlanması və Onunla rabitədir. Quran bir dəstənin haqqında xoş sözlər deyərək buyurur: “Onlar Allahı ayaq üstə, oturmuş vəziyyətdə və yatmış halda yad edirlər.”2 (Qeyd) Qiblənin dəyişməsi ilə bağlı yaranmış hay-küyə cavab olaraq buyurulur: “Ey xalq! Yaxşılıq üzünüzü şərqə və ya qərbə doğru tutmaqda deyil. Yaxşılıq sizin Allaha həqiqi imanınızda və Allah bəyənən işlər görməyinizdədir.”3 (Qeyd)
◘Əvvəlki ayədə məscidlərin xaraba qoyulması ən böyük zülm kimi təqdim olunsa da, bu ayədə müjdə verilir ki, həmin işə görə məyus olmamalı, ümidsizliyə qapılmamalıyıq. Bütün dünya ibadət məhəlli və bütün varlıq aləmi qibləgahdır.
Dostları ilə paylaş: |