Nitq fiqurları auditoriyaya dolayı təsir formalarını özündə əks etdirirdi. Bu səbəbdən də onlar üzərində qurulmuş mülahizələri əslində məntiqə əsaslanan adi nitq üsullarının köməyi ilə şübhə altına almaq və ya inkar etmək mümkün deyildi.
Amma elokusiyanın vəzifəsi yalnız ona lazım olan fiqurları seçməkdən ibarət deyildi, həm də bu fiqurları harmonik sistemdə birləşdirmək idi. Danışıq prosesində fiqurlar «görünməli» idi (daha doğrusu ilk baxışda diqqəti cəlb etməməli idi). Fiqurların «gözəllik» xatirinə sonradan nitqə daxil edilən mövzudan tamamilə kənar elementlər kimi qəbul edilməsinin aradan qaldırılması da vacib məsələ idi. Fiqurlar nitqin təbii tərkib elementi kimi çıxış etməli idi (sanki onlarsız nitq öz mənasını itirər).
Aydındır ki, fiqurları dərindən öyrənmək həm prinsipcə dildə onların yerini və funksiyalarını anlamağı, həm də konkret onlardan hər birinin digər bütün fiqurlardan fərqli «iş prinsipi»ni müəyyənləşdirməyi tələb edir. Bununla da təcrübəli natiq bütün fiqurlar sistemini yaxşı təsəvvür etməlidir.
Bir daha təkrar edək ki, ritorika heç bir zaman fiquru nitqə kənardan daxil edilən mövzu ilə heç bir əlaqəsi olmayan element kimi qəbul etməyib. Hətta ritorika yarandığı ilk dövrlərdə də fiqurlara üzvü tərkib hissəsi kimi baxılırdı. Dil (xüsusən də təbii dil) fiqurlarsız təsəvvür edilmirdi. Əvvəllər söhbət dildə sadəcə olaraq fiqurlardan istifadədən deyil, onları mümkün qədər effektiv işlətməkdən, onların vasitəsilə məlumatı daha dəqiq ifadə etməkdən gedirdi.
Bütün bunlara baxmayaraq ritorika heç də yalnız qaydalara uyğun nitq davranışlarına icazə verən mühafizəkar elm deyildi. Ritorikanın konseptual idealarına görə qaydaların «pozulması» mümkündür və bu halları da ətraflı sürətdə nəzərdən keçirmək lazımdır. Ritorikada eyni konsepsiyanın tərkibində məntiq və paraloqika ilə yanaşı mövcüddu, lakin bu mülahizəni həm məntiqin, həm də paraloqikanın köməyi ilə ifadə etməyə icazə verilməsi demək deyildi. İnformasiyanı sadəcə olaraq başqa cür ötürmək mümkün olmadıqda paraloqik üsullardan istifadə edilirdi.
Bütün bunlar isə sonrakı tədqiqatçılara dilin «ritorik funksiyası» anlayışını işlətmək üçün şərait yaratdı. Burada bu funksiyanın yalnız tərifini verəcəyik: ritorik funksiya adı altında məntiqi üsulla ötürülməsi mümkün olmayan informasiyanı ötürmək üçün dildən paraloqik istifadə başa düşülür.
Ritorikanın «invensiya xəttin»dən «elokusiya xətti»nə doğru meyl etməsini bu elmin tənəzzül etməsi kimi qəbul etmək lazım deyil. Hər bir elm öz təlabatlarından çıxış etməklə tədqiqat obyekti seçməkdə sərbəsdir.
Ritorika tam məlumat sistemi kimi vahid güclü düşüncənin məhsulu deyil: o, tədricən yaranıb və yalnız uzun müddətdavam edən təşəkkül tapma mərhələsindən sonra tam elmi konsepsiyaya çevrilib. Bütövlükdə proses ritorikanın hər bir bölməsinin tədricən ixtisaslaşması, hər bir bölmənin məqsəd və vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsi ilə əlaqədar idi.
Elokusiya hər şeydən əvvəl «söz aləmi» ilə, daha doğrusu dilin yaradıcılıq imkanları ilə bağlı idi, təbii ki, ritorikanın daha səmərəli bölməsi kimi nəzərdən keçirilirdi. Əgər məntiq səhvlərin xarakteri və miqdarı həqiqətən kataloqa salınır və əgər belə demək mümkündürsə, ziddiyyətsiz təsvir edilirdisə – daha doğrusu pozulması məlumatın anlaşılmaz və ya yalan olmasına gətirib çıxaran bir sıra qaydalar şəklində təqdim edilirdirsə – eyni paraloqizmlərdən kreativ istifadə zamanı mümkün effektlərin xarakterini və miqdarını söyləmək praktik cəhətdən mümkün deyildi.
Elokusiya heç bir zaman dispozisiyaya ilə ziddiyyət təşkil etməyib, əksinə, aydın sürətdə ritorikanın bu iki bölməsi arasında ümumi cəhətlərin olduğunu göstərib. Əslində anlayış və mülahizələr arasındakı eyni münasibətlər sadəcə olaraq «müx-təlif tərəflərdə» bir halda mənfi, digər halda isə müsbət keyfiyyətləri yaradır.
Digər tərəfdən dispozisiya və elokusiya anlayış və mülahizələrlə eyni əməliyyatlara müraciət edirlər: tədricetmə, müqayisə, məntiqi nəticə çıxarma yolu ilə birindən digərini əldə etmə və s. Birinci halda belə əməliyyatları yerinə yetirmək qadağan edilirdi, ikinci halda isə, əksinə, icazə verilirdi.
Aydındır ki, eyni hadisələr üçün müxtəlif, bir-birinə əks reylərin verilməsinə səbəb olan elm dəyişikliklərə məruz qalmalı idi: daxili parçalanmalar ilə üzləşən elm ya məhv olmalı, ya da transformasiya etməli idi. Belə faciəvi halın yaranmasının səbəbi, yəqin ki, ritorikanın nail olduğu qeyri-adi yüksək elmi səviyyə idi: onun etdiyi «kəşflər» deyəsən buddist təriqətinin «kəşfləri» idi. Əgər bir tərəfdən yalan və digər tərəfdən doğru olan arasında sərhəd yoxdursa, eyni hərəkətlər tamamilə əks nəticələrə, eyni zamanda tamamilə əks hərəkətlər eyni nəticəyə gətirib çıxarırsa, onda belə məntiqi qanunauyğunluğu inkişaf etdirmək təhlükəli olardı: son nəticədə belə qanunauyğunluğu təqdim edən elmin zəruri olması məsələsinin özü şübhə altında qalardı.
Beləliklə, məntiqi əməliyyatlar (daha dəqiq desək, məntiq ilə əlaqədar olan əməliyyatlar) məntiq sahəsinə meyl edir. Bu məntiqi əməliyyat ilə bağlı olan invensiya və dispozisiyanın ilk növbədə isə axırıncının mövqeyinə əhəmiyyətli təsir göstərir, başqa sözlə ritorikanın ixtiyarında ancaq elokusiya qaldı. Dispozisiya ilə əlaqəsini itirən və indi bütövlükdə ritorika kimi çıxış edən elokusiya həm də perspekuitas (aydın düşünmək) və aptum (dilin məqsədəuyğunluğu) kimi kateqoriyaları dispozisiyaya güzəştə getməyə məcbur olur. Puritas (qrammatik düzgünlük) kateqoriyasının eyni şəkildə qrammatikaya güzəştə gedərək son nəticədə ornatus (bədiilik, gözəllik) bölməsi ilə kifayətlənməli olur.
Yalnız elokusiya ilə məhdudlaşmış ritorika hər tərəfdən hücumlara məruz qaldı, amma ritorikanın özünün qanunlarına görə hissəyə əsaslanaraq tam haqqında mülahizə yürütmək məntiq cəhətdən səhv idi. Elokusiya sonralar nə qədər «müstəqil» olsa da, o, ayrılıqda deyil, müəyyən elm sahəsinin tərkibində təşəkkül tapmışdı, daha doğrusu o, ritorikanın digər bölmələri, ən azı «İnvensiya» və «Dispozisiya» ilə əlaqələr sistemində qiymətləndirilməsi idi.1
XX əsrin ikinci yarısında ritorika belə idi. Ritorikanın ikinci dəfə «yaranması» XX əsrin 60-cı illərinə təsadüf edir. Məhz bu dövrdən etibarən ritorika çox perspektivli elm kimi qəbul edilir və sürətlə inkişaf etdirilir.
Ritorika öz tamlığını qoruyub saxlaya bilmədi: əvvəllər bu elmin tərkibinə daxil olan bölmələr indi ondan ayrılıb. arqumentasiya (invensiya və dispozisiya) nəzəriyyəsi kommunikasiya nəzəriyyəsinin tərkibinə daxil olub; elokusiya isə öz növbəsində işarə və işarə sistemlərinə dair elmin-semiotikanın tərkibindədir.
Müasir – «yeni», «ümumi» ritorikanın məsələləri müasir dövrdə əsasən tam təsvir edilmir,2 Ritorika öz normativlik xarakterini itirib, buna görə də müasir dərsliklərin müəllifləri tələbə auditoriyasına vermək istədikləri məlumatların həcmini və xarakterini özləri müəyyən edirlər.
Bu dərsliklərin səviyəsi həm Rusiyada, həm də Avropada çox fərqlidir, amma ədalət naminə qeyd edək ki, Avropada «ritorika ənənəsi» Rusiyada olduğu kimi tam şəkildə aradan qalxmamışdı: ritorika Avropada «gənc nəslə» öyrədilən stabil kurslardan biridir. Burada ritorika həm keçmişin adları və konsepsiyaları haqqında az-ox məlumat verməklə klassik ritorika tarixi daha doğrusu – sırf elmi aspektdə, həm də müasir ritorika, daha doğrusu sırf praktik aspektdən öyrədilir.
Müəllif bu dərslikdə klassik (nəzəri) və müasir (nəzəri və praktiki) ritorikanı birləşdirməyə çalışıb: o, həmçinin «rito-rika ənənəsi»ndə olan uyğunsuzluğu aradan qaldırmağa və müasir ritoriklərin məsləhət və rəylərindən faydalanmağa cəhd edib.
II FƏSİL.
İnvensiya
İnvensiya (tərcümədə – ixtira etmə) materialı əldə etmək və ilkin olaraq sistemləşdirmək bacarığıdır.
Ritorikanın bölməsi kimi invensiya nitqin mövzusu, daha doğrusu danışığın nəyin haqqında getməsi ilə bağlı olan problematikanın işlənilib hazırlanmasını nəzərdə tutur.1
Birinci fəsildə artıq qeyd etdiyimiz kimi, invensiya digər bölmələrə nisbətən «şeylər aləmi» ilə daha sıx bağlıdır və bu mənada əslində qeyri-nitq gerçəkliyindən nitq reallığına keçid təşkil edir. Beləliklə, materialın əldə edilməsi hər şeydən əvvəl real gerçəklikdən alınmış müəyyən sayda faktların nitq dövriyyəsinə daxil edilməsini nəzərdə tutur.
İstənilən danışan şəxs də məhz belə edir: onu məlumatlara müraciət etməyə məcbur edən motivasiyaları dildən kənarda axtarmaq lazımdır. Gündəlik reallıqda biz ətraf aləmin, fikrimizcə, lazım olan predmet və hadisələri haqqında danışırıq. Məlumatın inisiasiyası (mənimsənilməsi) həmişə artıq əvvəlcədən həyata keçirilən predmet və hadisələr qurupunun seçilməsini nəzərdə tutur.
Beləliklə, nadir hallarda mən kimdənsə nə haqqında sa danışmağı tələb edə bilərəm. Amma belə tələbin özü – hətta mən o qədər ağılsızam ki, bunu edirəm! – əslində bizim üçün (daha doğrusu həmkarım və mənim üçün), heç olmasa, hipotetik cəhətdən diqqət mərkəzində ola biləcək bir neçə predmetin olduğu deməkdir. Amma bu heç də mənim həmkarımı bu yolla «söz istehsalı»na dəvət etməyim demək deyil.
Dostları ilə paylaş: |