1. OĞUZ ADININ ETİMOLOGİYASI Oğuz adının etimologiyası haqqında bir çox fikirlər irəli sürülmüşdür. Məşhur macar alimi Y.Nemet oğuz sözünü ok-uz şəklində təhlil etmişdir. Onun fikrincə «ok» qəbilə, boy, «z» isə cəm ədatıdır1. Beləliklə, oğuz «boylar» deməkdir. Həqiqətən, oxun qədim zamanlarda boy mənasına gəldiyi məlumdur. Qərbi göytürk dövləti də on boydan ibarət idi və həmin on boya on ox deyilirdi.
«Ox»un boy mənası ifadə etdiyinin izi oğuz elinin boy təşkilatında* da görülür. Oğuz eli, bilindiyi kimi, iki qola ayrılır, bunlardan birinə boz-ox, digərinə üç-ox deyilirdi. İkinci adın üç oxdan meydana gəldiyi şəksizdir. Ancaq başda V.Banq olmaqla bəzi alimlər oğuzlarda «ğ» səsinin olması səbəbilə Nemetin bu fikrinə etiraz etmişlər2. Son illərdə isə oğuz adının əsli haqqında başqa izahlar ortaya çıxmışdır3. Biz Nemetin fikrinə daha çox haqq veririk4.
Məlum olduğu kimi, Orta Asiyada ilk dəfə olaraq mütəşəkkil və böyuk bir imperiyanı çinlilərin Hiun-nu adlandırdıqları qövm qurmuşdur. Elm aləmində bu qövmün türk mənşəli olduğu qəbul edilmişdir. Çin qaynaqlarının göytürklərin, uyğurların və qırğızların hiun-nuların nəslindən olduqlarını göstərmələri bu xüsusda ən mühüm dəlillərdən biridir. Türk dövlət təşkilatının həqiqi qurucuları olan hiun-nular e. ə. III əsrin sonlarında qonşuların çəkindiyi qüvvətli bir qövm halına gəldilər. E. ə. 209-cu ildə çinlilərin Mao-Tun (yəni Mətə) adlandırdıqları şəxs bu qövmün hökmdarı oldu.
Fəaliyyətindən də göründüyü kimi, Mao-Tun tarixdə türklərin məlum olan ilk hökmdarıdır. Çin qaynaqlarında belə rəvayət edilir ki, Mao-Tun gənc bir şahzadə ikən ögey anasının şiddətli təsiri altında olan atası tərəfindən hiun-nuların cənub-qərb qonşuları yüe-çilərə girov olaraq göndərilmiş, sonra isə Teoman həmin qövmə hücum etmişdir. Bundan məqsədi oğlunu öldürmək üçün düşmənlərə bəhanə vermək imiş. Həqiqətən, yüe-çilər Mao-Tunu öldürmək üçün axtarmış, ancaq tapa bilməmişlər. Çünki Mao-Tun uğrayacağı faciəli aqibəti anlayaraq qaçmış və atasının yanına gəlmişdi. Teoman oğlunun bu müvəffəqiyyətindən özünü sevinən kimi göstərmiş, ona diviziya komandirliyi vermişdir. Ancaq Mao-Tun atasının ona etmək istədiyi pisliyi unutmamış, fürsət taparaq Teomanı və yaxın adamlarını öldürmüşdür. Beləliklə, hiun-nuların taxtına sahib olan Mao-Tun hərbi səfərlərilə dövlətinin sərhədlərini genişləndirərək dövrünün ən qüdrətli hökmdarlarından biri olmuşdur1.
Mao-Tunun və xələflərinin bir sıra qoşa sərkərdələri vardı. Onlar sağ və sol olmaq üzrə iki yerə ayrılırdılar. Buradan hiun-nu imperiyasını təşkil edən elin sağ və sol olmaq üzrə iki qola ayrılmış olduğu nəticəsi çıxır. Çin qaynaqları geniş hiun-nu imperiyasının 24 sərkərdə tərəfindən idarə olunduğunu göstərir2. Buradan da hiun-nu elinin 24 boydan yarandığını söyləmək mümkündür.
Bilindiyi kimi, XIV əsrin əvvəllərində yazılmış oğuzların dastani tarixlərində3 türklərin ilk fateh hökmdarları olaraq Oğuz xandan bəhs edilir. Hətta burada da Oğuzun dini inamından dolayı atası Qara xan tərəfindən öldürülmək istənildiyi, ancaq onun döyüşdə qalib gələrək öz atasını öldürdüyü nəql edilir. Digər tərəfdən Oğuz elinin sağ və sol olmaq üzrə iki qola ayrıldığını, sağ qola boz-ox, sol qola isə üç-ox deyildiyini, oğuz elinin 24 boydan ibarət olduğunu bilirik.
Bir çox müəlliflər zikr edilən bu bənzərliklərə görə əfsanəvi Oğuz xanın tarixi Mao-Tun olması ehtimalını irəli sürmüşlər. Biz bu məsələdə diqqəti ancaq aşağıdakı hallara cəlb etmək istəyirik; oğuzların dastani tarixləri Mao-Tundan təxminən 1500 il sonra yazılmışdır və həmin dastani tarixin Oğuz xana aid hissəsi milli qayə güdən ziyalı bir türkün təxəyyülünün məhsuludur. Digər tərəfdən, oğuzların 24 boydan ibarət olduqları haqda məlumatlar da XI əsrdən qədimə getmir.