Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə72/102
tarix04.12.2023
ölçüsü6,75 Mb.
#138177
1   ...   68   69   70   71   72   73   74   75   ...   102
276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014

Büğdüz Əmən: boz-oxlar qolundan olduğu göstərilir. Hal­buki büğdüz boyu üç-oxların boyudur. Boz-oxların Aruzdan son­ra gələn ən nüfuzlu bəyi kimi nəzərə çarpır. Ləqəbi «bıyığı qanlı»dır, bundan əvvəl adı çəkilən Yey­nə­yin dayısıdır. Pey­ğəmbərin üzünü görən yeganə oğuz bəyi olduğu söy­lə­nir. Aruz ilə Qazan arasındakı düşmənlik və döyüşlərdə Büğdüz Əmənin də adı çəkilir2.
Dülək Evrən: Eylik Qocanın oğludur; ləqəbi «dönəbil­məz»­­dir. Bu ləqə­bi nəyə görə aldığı aydın deyil. Onun Ağ Mə­lik Çeşmə (?) qızı ilə nikah­lan­dığı və Sofi Sandal (?) məliyə qan qusdurduğu söyləndiyi kimi, «öz adına xor­lanıb eldən çıx­dığı» da yazılmışdır. Bu ibarənin inandırıcı izahı veril­mə­mişdir. Bu ibarə Dülək Evrənin öz dəyərini bilməyərək, ailəsini, bo­yu­nu və elini buraxıb getdiyini izah etmək məqsədimi güdür? Dülək Evrən boz-ox­lardan idi. Son dastanda Aruzun əyanları arasında adı çəkilir3.
Alp Rüstəm: oğuz bəylərindən adı türkcə olmayan iki bəy­­dən biridir (o biri Şir Şəmsəddindir). Atası boz-ox bəylərin­dəndir, adı Düzəndir, sonuncu dastanda da adı çəkilir. Orada Alp Rüstəm üç-oxlardan Ənsə Qoca oğlu Oxçu ilə savaşacağını söyləmişdi4. Alp Rüstəmin Təpəgöz ilə vuruşması da qeyd edilir1. Bu, Təpəgözün üç-oxlardan daha çox boz-oxlarla düş­mən oldu­ğu­nu təsdiq edir. Alp Rüstəm özünü «iki qardaş bə­bə­­yin öldürüb zəlil gə­zən» kimi tanıdır2.Bu acınacaqlı hadi­sə­nin necə və nə şəkildə baş verdiyi barədə təfsilat yoxdur.
Tərs Uzamış: üç-oxlardandır. Sonuncu dastanda Büğdüz Əmən onunla təkbətək döyüşmək istədiyini söyləmişdi3. Tərs Uzamış hər vaxt olduğu ki­mi, laübali bir hərəkətlə Qazanın qar­şısında oturmaq istəyən Uşun Qoca oğlu Əyrəyə: «Mərə, Uşun Qoca oğlu, bu oturan bəylərin hər biri oturduğu yeri qılıcı, ətməyiylə alıbdır, mərə, başmı kəsdin, qanmı tökdün, acmı do­yurdun, yalıncaqmı donatdın» demişdi4.
Salur Qazan ilə birlikdə ad və sanları sadalanan üç-ox və boz-ox bəy­lə­rinin başlıcaları bunlardır. Salur Qazan zamanında yaşamış kimi göstərilən bir çox şəxslər vardır ki, onlardan bu­ra­da bəhs edilməmişdir...

8. ORDALAR
Xan, bəylərbəyi və bəylər ordalarda (ordu) yaşayırdılar. Or­dalar çoxlu çadır və otaqdan düzəldilmiş böyük qərar­gahlardır. Ordalarda qələbəlik bir xalq var idi. Orda sahibi və ailəsi, nö­kərlər, xidmətçilər, çobanlar da burada yaşayırdı.
Ordalarda feodalların ümumi işlərini gördükləri divanları var idi. Onla­rın ən yaxın adamları naiblər idi5. Bəylərbəyi Qa­za­nın naibinin adı Əlig Qo­ca oğlu Sarı Qılbaş idi ki, Şöklü Mə­liyin Qazanın ordasına basqını zamanı ölmüşdü. Oğuz yabğula­rının naiblərinə kül-ərkin (güzərkin) deyildiyi mə­lum­dur. Oğuz­lar islam ölkələrinə gəldikdən sonra kül-ərkin kəlməsini iş­lət­məmiş, ona görə də bu söz tədricən unudulub getmişdir. Böyük feodalların ən yaxın adamları arasında inağlar da nəzəri cəlb edir. İnağlar hökmdar və bütün bəylərin həmişə yanlarında gəzən, onların şəxsi həyatlarına daxil ol­muş adamlar idi. İnağ kəlməsinə Kaşğaridə və digər əski əsərlərimizin heç birində rast gəlinmir. Səlcuqlularda hökmdara çox yaxın adamlara bəzən xas bəy deyilirdi. İnağ sözü elxani dövründən etibarən işlən­məkdədir.
Bəylərin, bəy uşaqlarının heç bir zaman yanlarından ay­rıl­mayan dostları var idi ki, onlara ümumi olaraq yoldaş deyildiyi məlumdur6. Yoldaş kəlməsi mənasına görə monqolca nökər sö­zünün qarşılığıdır. Lakin dastanlarda nö­kər sözü yoldaşın si­nonimi kimi işlənmişdir1. Tarixdə də yoldaş kəlməsinin bu mə­nada işləndiyinə dair bəzi misallar vardır. Sivas-Kayseri və di­gər bəzi şəhərlərin hökmdarı Qazı Bürhanəddin bir döyüşdə ona sədaqətlə xidmət edən Xəlil adlı dulqədirli bir əsgərə xələt geydirmiş, dirlik vermiş və ona «yoldaş Xəlil» demişdir2. İran­da səfəvi hökmdarı Sultan Məhəmməd döv­ründə şamlı bəylər­dən İsmayılqulu bəy (sonra xan) hökmdarın məiyyətində yax­şı xidmət etdiyi üçün ona «yoldaş», «yoldaşbaşı» ünvanı veril­mişdi3. Os­manlı dövründə də yeniçərilərə «yoldaş» sözü ilə müraciət edildiyi məlum­dur.
Qazan bəyin yoldaşlarının 300 nəfər olduğu aydın olur4. Rə­şidəddindəki fəsildə qeyd edildiyinə görə, Tuman atasının tax­tına çıxmaq istədiyi zaman məiyyətinə 300 adam götür­müş­dü5. Səlcuqlu tarixçisi Zahir Nişapuri də Səl­cuq oğlu İsrailin (As­lan) Qəznəli Mahmudun hüzuruna gedərkən yanında 300 yara­şıqlı igid olduğunu söyləyir6. Bu qeydlər bizə, bəlkə, el bəylə­rinin yoldaşlarının sayının 300 olduğu fikrini verə bilər. Lakin bəylərin yoldaşla­rı­nın sayı 40 idi. Bunlardan biri bəy və ya şah­za­dənin naibi idi. Bəylərin yol­daşlarının sayının 40 olması, das­tanların və tarixi mənbələrin göstər­di­yi­nə görə heç bir sim­volik mahiyyət daşımır. Qaraman hökmdarı I Məhmət bəy, Sü­leyman bəy və Əlaəddin bəyin məiyyətlərindəki igidlərin sayı 40 idi7. Əziz Astarabadinin bir ifadəsindən8 Qazı Bürhanəddi­nin nökər, yəni yoldaş­la­rının 40 nəfər olduğunu iddia etmək müm­kündür. Ağqoyun­lu­ların başçısı ol­mazdan əvvəl Uzun Hə­sən bəyin də yoldaşlarının 40 nəfər olduğuna dair bəzi dəlillər vardır9.
Bəylərin və oğullarının 40 yoldaşı olduğu kimi, xatunların da 40 incə bel­li qızdan ibarət yoldaşları var idi10.
9. AİLƏ HƏYATI
Hamısı bəy olan bütün qəhrəmanların tək bir qadınla evli ol­duq­ları özü­nü göstərir. Dastanlarda nə məşuqədən, nə də oy­naş­dan bəhs edilir. Qəhrə­manların bircə arvadları vardır. Bu, diqqətəlayiq bir xüsusdur.
Bəylərbəyi Qazanın belə tək bir arvadının (boyu uzun Burla xatun) adı çəkilir. Doğrudanmı oğuzlarda ikinci bir qadınla ev­lənmək ənənəsi yox idi? Bunu təkzib edən bir misala şəxsən rast gəlmədiyimi söyləməliyəm. İbn Fəl­dan oğuz sübaşısının və qonaq qaldığı bir oğuzun tək arvadlı olduğunu gör­müşdü. On­ların qadınlara qarşı ehtiram və sevgi ilə davrandıqları aydın nə­­zə­rə çarpır. Qəhrəmanlar bir çox hallarda qadınlarının məs­ləhəti ilə hərə­kət edir­dilər. Qəhrəmanlar qadınlarına «görklüm» (gözəlim) sözü ilə müra­ci­ət edirdilər. Qadınlar ərlərinə acıqları tutanda acı və sərt sözlər söyləyir­di­lər. Ev­lənmədə qız evinin oğ­lan evindən kalım və ya başlıq istəməsi (mal tə­ləb et­məsi) adəti var idi1. X əsrdə oğuzlarda həmin adətin olduğunu gör­müş­dük. Bir-birinə yaxın ailələr hələ beşikdə olarkən uşaqlarını nişanla­yır­dılar2. Oğ­lan nişanlandığı qızın barmağına öz üzüyünü taxardı3. Qız da ni­şan­­­lısına özü tikdiyi qırmızı rəngli qaftan göndərərdi, oğlan bu qaftanı geyi­nərək gərdəyə gi­rərdi. Nişanlandıqdan bir müddət sonra toy edilərdi. Toy zamanı evlənənin üzüyünə yoldaşlarının ox atması adəti də var idi4.
Təzəbəy gərdəyə girəcəyi yeri ox ataraq təyin edərdi5.
Dastanlarda bəylərdən bir çoxlarının bir-biri ilə düngür (qu­da) olduqları gözə çarpır. Bəylərbəyi Qazan Bayındır xanın kü­rəkəni olduğu kimi, anası da boz-ox bəylərbəyisi Aruz Qo­canın bacısı idi. Yenə üç-oxlardan Baybura bəy oğlu Beyrək boz-ox­lardan Baybecan bəyin qızı ilə evlənmişdi. Yenə iç oğuz­dan ol­ması fərz edilən Qazılıq Qoca boz-oxlardan sayılan Büğdüz Əmə­­nin bacısı ilə evlənmiş, bu nigahdan oğlu Yeynək doğul­muş­­dur. Bu mi­sallar oğuzlar arasında kənardan evlənmək adə­tinin olduğu hökmünü verə bil­sə də, bu barədə qəti bir söz söy­lə­mək mümkün deyildir. Çünki bu evlən­mələrdə sadəcə siyasi və ictimai bir qayə güdülmüş ola bilər. Üstəlik, Qara Günənin oğlu Qara Budağın əmisinin (yəni Qazanın) qızı ilə evləndiyini bi­lirik6.
Dastan qəhrəmanlarının bəzilərinin özləri kimi yaxşı at mi­nən, qılınc qur­şanan qız istəmələri diqqəti cəlb edir. Bu bir na­ğıl ünsürü deyildir, türk el və boylarında hər zaman belə qız və qadınlara rast gəlmək mümkündür. XV əsrdə Anadoludan ke­çən avropalı bir səyyah türkmən qadınlarının igid­liyini, kişilər kimi vuruşduqlarını eşitdiyini və buna heyrət etdiyini yazmış­dır7. Buna görə də Beyrəyin adaxlısı (nişanlısı) Banıçiçək ilə güləşməsi heç kimi heyrətləndirməməlidir. Çünki Kaşğari1 «qız ilə güləşmə, qısraq ilə ya­rış­ma» şəklində bir atalar sözü işlət­mişdir. Bu atalar sözünü bilməyən və ya ona əməl etməyən Bey­rək sevgilisinə məğlub olmaqdan güclə qurtarmışdı.
Müxtəsəri, dastanlarda qadınlara yüksək və dəyərli bir yer ve­­rilmişdir. Dəli Domrul fədakarlıq sözünü anasından deyil, gözləmədiyi halda arva­dın­dan eşitmişdir2. Oğuz elində qadın­la­rın cəmiyyət içində nə qədər şərəfli və yüksək bir mövqe tut­duq­larını bundan başa düşmək mümkündür ki, Əbül­qa­zinin «Şəcəreyi-tərakimə»sinə mənbə olan «Oğuznamə»lərdə bir çox qadın­ların oğuz elində bəylik etdikləri bildirilir.
Bəylərin yeni doğulmuş uşaqları «sarması qızıl beşiklərdə» yatırılır və da­yələrə (dadı) verilərək böyüdülürdü. Qız uşaqları­nın doğulması onlarda, ərəblərdə olduğu kimi, qüssə yaratmırdı. Baybecan bəy qızı olması üçün qa­lın oğuz bəylərindən alqış, yə­ni dua etmələrini rica etmişdi3. Bəylərin yetiş­miş cavan oğul­larına qarşı davranışları şəfqət və sevgi ifadə edir, ata ilə oğul arasındakı münasibətlər isə rəsmiyyətdən uzaq görünür. Das­tan­larda anaya qarşı ehtiram hər vəsilə ilə bildirilir, «ana haqqı tanrı haqqıdır» deyilir4.
Dastanlarda qardaş sevgisi və qardaşı olmağın əhəmiyyəti müxtəlif vəsi­lə­lər ilə bildirilir. Hətta dastanlardan bəzisinin mövzusu əsir düşmüş qarda­şın xilas edilməsi və qisasının alın­ması haqdadır.
Uşun Qoca oğlu Səyrək kafirlərin Alınca qalasında dustaq olan qardaşını xilas etmək təşəbbüsünün qarşısını almaq istə­yən ata və anasına belə demiş­di:

Üç yüz altmış altı alp ava binsə,


Qanlı geyik üzərinə qovğa qopsa,
Qardaşlı igidlər qalxar, qopar olur,
Qardaşsız miskin igid ənsəsinə yumruq toxunsa,
Ağlayıban dörd yanına baxar olur,
Ala gözdən acı yaşın tökər olur.
Basat da böyük qardaşı Qıyan Səlcuqun Təpəgöz tərəfindən öldürül­dü­yü­nü biləndə onun üçün yanıqlı bir ağı deyib uzun-uzadı ağlamışdı.
Dastanlarda hörmət saxlamaq mənasında salam vermə və əl öpmədən bəhs edilir. Salam forması «baş endirib, bağır bas­maq»­­dı5. Bu, Anadolu türk­lərində son zamanlara qədər başlıca salam şəkli olub, bu gün Türkiyənin ucqar vilayətlərində özünü göstərir. Bu salam şəklinin milli bir səciyyəsi olub-olmadığı barədə indi qəti bir hökm vermək mümkün deyil. Yenə das­tanlarda bir yerdə «əl qavuşdurub ol igidə salam vergil» deyilir. İbn Fəldan İtil boyu bulqarlarının öz hökmdarlarına papaqlarını qoltuqları altına qoy­duq­dan sonra başları ilə salam verdiklərini söyləyir. Kirman hökmdarı Alp Arslanın qardaşı Gavurd bəy qar­daşı oğlu Məlikşah ilə döyüşdə əsir alındığı zaman Məlik­şah əmisinin yanına gedəndə atından düşmüş və papağını da ba­şından çıxart­mışdı1. Kaşğaridə «yükünç» sözü işlənir2. Yü­künç baş əyə­rək salamlama mənasını verir. Monqolların öz bö­yüklərini diz yerə vurmaq­la (farsca tərcüməsi: zanu zədən) sa­lam­la­dıq­larını bilirik.
Oturmaq forması haqqında dəqiq bir ifadə yoxdur. Hər hal­da çox yayıl­mış oturuş forması bardaş qurma olmalıdır. Danış­maq istəyən adam bö­yüklər qarşısında diz çökərdi. Bu gün Tür­kiyədə bu adət hələ də yaşamaq­da­dır. Kiçiklər böyük­lərin, əllə­rin­dən, böyüklər də onların boyunlarından öpər­lər. Uzun zaman ayrı düşənlər qovuşduqda, bir-birlərini qucaq­layırlar.

10. ORDU
Dastanlarda ordu və əsgər sözlərinin qarşılığı kimi türkcə çəri, farsca ləşkər kəlmələri işlədilir. Ordu və əsgər mənasında olan qədim türk sözü «sü» tamamilə işlənmir. Oğuz ordusu bü­tünlüklə atlı əsgərlərdən təşkil edi­lir, sağ və sol olmaqla əsasən iki qola ayrılırdı. Dastanlardakı oğuz elində si­ya­si üstünlük üç-oxlarda olduğu üçün, onlar daha şərəfli sayılan sağ qolu təş­kil edirdilər.


Şöklü Məlik ilə Salur Qazan arasında baş verən vuruşmada oğuz ordu­su­nun döyüş mövqeyi belə idi: köks, yəni mərkəzdə Salur Qazan, sağ qolda Qa­zan bəyin qardaşı Qara Günə, sol qolda boz-oxların başçısı Dəli Dündar vu­ru­şurdu. Bəylər at üs­tündə döyüşçülərin içərisində qızğın vuruşmalarda iştirak edir­dilər.
Dastanlarda oğuzların başlıca silahları ox, qılınc, qarğı (ci­da; sün­gü) və çomaqdan (toppuz, gürz) ibarət idi. Müdafiə si­lahları isə qalxan, arxa zirehli və işuq (tuğulqa) idi. Oxun türklərin milli silahı olduğu məlumdur. Tarixdə bu silahı türklər və monqollar kimi məharətlə işlədən çox az xalq ta­pılar. Dastanlarda oxun qayın ağacından hazırlandığı qeyd edi­lir. Osmanlı oxları isə şam ağacından hazırlanırdı.
Oxların ucundakı dəmir parçasına təmrən, arxasındakı üç tük parçasına da yülək (yelək) deyilirdi. Yeləyin oxun hədəfə istiqamət almasında mühüm rolu vardır. Oxların qoyulduğu qaba bəliğ, bəzən də sadaq deyilirdi. Bu qab­ların 80-90 ox tutduğu da qeyd edilir. Dastanlarda qəhrə­man­ların ağca tozlu, qatı yaylarından da tez-tez bəhs edilir. Toz yaylara dolanan kirişə sırıma deyilir. Yaylar ümumiyyətlə inək da­ma­rın­dan hazırlanırdı. Lakin bəzi qəh­rə­manların yaylarının kiriş­lə­rinin qurd damarından olduğu qeyd edilir1. Yayların qab­ları yoxdur: qaruya (biləyə) asılaraq daşınırdı. Oğuzlar və ümu­miyyətlə türklər praktiki olmadığı üçün çox zaman yay qa­bın­dan istifadə et­məmişlər. Qəhrəmanlar həm məharətlərini ar­tır­maq, həm də əylənmək üçün bütə, yəni nişangaha ox atardılar.
Qarğı dastanlarda sinonimi olan bu sözlərlə də ifadə edilir: süngü, cida, göndər. Bunlardan süngü qədim türk sözüdür. Ci­da monqolca olmalıdır. Bu üç kəlmə də XV əsr osmanlı tarix­lə­rində işlənir. Qarğı qoltuq qısılaraq dürt­mək, sancmaq üçün istifadə edilirdi. Hücum silahlarından biri də çomaqdır. Çomaq türklər tərəfindən hər yerdə, hər zaman istifadə edilən bir silah­dır. O, ağacdan və dəmirdən qayrılır. Ağac çomağa Türkiyədə bozdağan deyildiyi də məlumdur. Müdafiə silahları, deyildiyi kimi, qalxan, zireh, və işuq, yə­ni tuğulqa idi. İşuq Kaşğari tərə­findən adı çəkilən türkcə bir kəl­mədir və dəbil­qə mənasını verir. Bunun sinonimi olan tu­ğulqa isə monqol sözü olmalıdır.
11. MİNİCİLİK
Atın qədim türklərin həyatında nə qədər əhəmiyyətli yeri olduğu məlum­dur. Dəvə ərəblər üçün nə qədər lazımlı idisə, at da türklər üçün o qədər la­zımlı idi. Geniş çölləri onunla keçər, ətindən yeyər, südündən içki (qımız) ha­zırlayar, gönündən və qılından da faydalanardılar. Dastanlarda oğuz elinin və qəh­rə­manlarının həyatında atın əhəmiyyəti aydın nəzərə çarpır. On­lar «pi­yada ərin ümidi olmaz; at işlər, ər öyünər» kimi sözləri tez-tez söylə­yər­dilər. Qəhrəmanların atları lap çox idi. Bu, ta­ri­xi məlumatlara da uyğundur. İslam muəlliflərinin fikrinə görə, türklər saysız-hesabsız atı olan bir xalq olaraq tanındıqları kimi, X əsrdə türk xaqanı da miniciləri çox bir hökmdar olaraq məş­hur idi2. Dastanlarda qəhrəmanların atlarının adların­dan bəhs edilmir. Onlar görkəmləri ilə yadda saxlanır, tanınır­dı1. Bunu təbii hesab et­mək lazımdır. Çünki atların lap çox olduğunu söy­ləmişdik. Zamanı­mızda Türkiyədə də atlara ad qoymaq adə­ti yoxdur.
Qəhrəmanlar ayğırlara minirlər. Çünki türk atlarının ayğır­ları daha yax­şıdır. Halbuki ərəb atlarında qısraqlar üstün sayı­lır­dı. Türklər ayğır olmayan atı axtalayardılar. Belə atlar daha dözümlü olurdular. Türklərin axtalanmış atları ərəb ölkələrində də ad çıxartmışdı.
Atların başları bir çox hallarda qoç və toxlu başlarına oxşa­dılırdı2. At nö­vünü göstərmək üçün yund sözü işlədilirdi3. Yax­şı at üçün işlənən söz qə­dimdə və indi də işlənən «yüyü­rək» sözüdür. Ancaq atların yeriş-qaçış tərzləri haqqında açıq bir şey söylənmir.
Dastanlarda cins və yaxşı atlar olaraq bədəvi* atlardan da­nı­şı­lır. Bu atlar «bədəvi atlar ıssını görüb oxradıqda» sözü ilə tə­riflənirdi. Bədəvi atlar sözü ilə ərəb atları nəzərdə tutulur, bir yer­də isə «ərəb atları» ibarəsi işlənmişdir4. «Bədəvi at» sözü­nün ağqoyunlular tərəfindən işləndiyi və onların bu atlara çox üstünlük verdikləri də məlumdur. Uzun Həsən bəy şəxsən özü bə­dəvi atın (əsbi-bədəvi) cinsini daha çox bəyənirdi5. Ərəb atı­nı yalnız Yaxın Şərq­dəki türklər deyil, Xəzərarxası türkmən­lə­ri­nin də yaxından tanıdıqları nəzərə çarpır. Onların ifadələrində də ərəb atı təriflənir6. Səlcuqlu dövründən bəri Anadoluda hər yerdə axtarılan cins atlar yetişdirildiyini bilirik. Bu atlar əsa­sən Qaraman yörəsində yetişdirilirdi. Marko Polonun7 türkmənlərin yetiş­dirdiklə­rini gös­tərdiyi gözəl türkmən atları bunlardır.
XIV əsrdə bir ərəb salnaməçisi də8 Gərmiyan və Kastamo­nu atlarını tə­rifləyirdi. Lakin son əsrlərdəki uzun sürən döyüş­lər və digər səbəblər ilə əlaqədar türk kəndlisinin yoxsullaşması Anadoluda atçılığı da yox etmişdir.

12. GEYİM


Dastanlardakı qəhrəmanların geyimi haqqında açıq bir fikir söylənmir. Paltara dastanlarda da ton (don) deyilir. Köynəyin (kömmək-könlək) də adı çəkilir. Bundan başqa, boz-oxların baş­çısı at ağızlı Aruz Qocanın erkək dərisindən kürk və papaq geydiyindən bəhs edilir1.
X əsrdə adlı-sanlı oğuzların bilavasitə qonşu islam ölkə­lə­rində emal edilmiş köynək və qaftan geydiklərini bilirik. Xalq isə hər halda özünün to­xuduğu incə yun və incə keçədən paltar geyinirdi. Dastanlarda da qəhrə­man­ların gündəlik geyimləri içə­risində ağ qaftan nəzərə çarpır2. Qırmızı rəngli qaftanı isə ancaq evlənməli olanlar geyərdilər3.
Dastanlarda baş örtüsü olaraq börk və sarığın adı çəkilir. Börk türklərin milli baş geyimidir. Börkün XIII-XIV əsrlərdə qırmızı rəngdə olduğunu bi­li­rik4. Anadoluda ilk dəfə ağ rəngli börk geyməyi XIII əsrin ikinci yarısındakı Dənizli hüdud bölgəsi bəylərindən Məhmət bəy dəb halına salmışdır5. Bu gün Türkiyənin bir çox yerlərində iki cür baş geyiminə börk deyilməkdədir.
Sarığa gəlincə, Toğrul bəyin 1038-ci ildə Nişapura girdiyi za­­­man başın­da sarıq olduğu məlumdur. XIV və XV əsrlərdə Ana­­­­doluda hökmdar və bəy­­lər də sarıqdan istifadə edirdilər. Türk sarığı orta böyüklükdə və qıvrım­dı, gözəl bir görünüşə ma­­­­lik idi. Bu sarıq Misirdə türkmən sarığı kimi tanın­mışdı6.
Dastanlarda ayaqqabı olaraq «ədik» və «soqman» adları çəkilir7. Ədik8 (ətük) son 15-20 ilə qədər Maraş, Adana, Antəb və Xa­tay vilayətlərində ge­yil­­mək­də idi. Bu, boğazı təqribən 40 santi­metr uzunluqda, ökçəsiz (daban­sız), bur­nu dik, sarı və qırmızı rəngli çəkmələrdir. Edik bir neçə əsr əvvəl bütün Anadolu türk­mənləri tərəfindən geyilirdi. Hətta qadınların belə edik geydik­ləri məlumdur9. Soqmana gəlincə, bu da çəkmə mənasında olsa da, ədikdən fərqlənib-fərqlənmədiyi yaxşı bilinmir10.
XV əsrdə osmanlılar da daxil olmaqla Türkiyə türklərinin qiyafələri ça­ğa­tay türklərininki ilə eyni idi. Misirli müəllif ibn İyas Anadolu türklə­rinin qiyafələrini türkmən qiyafəsi kimi təs­vir edir. Dastan qəhrəmanlarının ge­yim­lərinin də Türkiyə türk­lə­rinin geyimləri ilə eyni olduğu məlum olur.
Oğuzların saçlarını uzatdıqları, bunun əksinə, üzlərini qırx­dıqları əvvəl­cədən deyilmişdir. Türkiyədə də xalqın və əsgər­lə­rin üzlərini qırxdıqları nə­zərə çarpır. Misirin fəthindən sonra os­manlı xidmətinə girən çərkəz məm­lüklərinin ilk işi saqqal­la­rını qırxdırmaq və türkmən qılığına (yəni osmanlı qiyafəsinə) girmək olmuşdur1. Ancaq bizim dastan qəhrəmanları kimi Ana­dolu türkləri də bığ saxlayırdılar.
Qəhrəmanlardan Qazılıq Qoca oğlu Yeynək «qulağı qızıl küpəli»* təsvir edilir2. XIV-XV əsrlərdə bəzi türk hökmdar və bəylərinin də Yeynək kimi qulaqlarına sırğalar taxdıqlarını bi­lirik3.
Yenə dastanlarda Oğuz elində bəzi igidlərin üzlərində örtük olduğu söy­lənilir. Bunlar başlıca olaraq Qanturalı, Qara Çəkür və oğlu Qırx Qınuq və boz ayqırlı Bamsı Beyrək idi4. Bu gənc­lərin çox yaraşıqlı olduqları üçün üz­lərinə niqab tutduqları başa düşülür. Bu sonuncu qiyafənin göz dəymə inamı ilə əlaqədar ol­ması ehtimal edilir.
13. OVÇULUQ
Bəylər zümrəsinə mənsub olan qəhrəmanlar vaxtlarını dö­yüş­lərdə, ov­çu­luq etməkdə və toy verməkdə keçirirdilər. Bəy­lərin ovçubaşıları var idi. On­lar bəzən öz yurdlarındakı ovlaqlarda və qoruqlarda tək, bəzən də iç­lə­rindən birinin dəvəti ilə kollektiv şəkildə ovla məş­ğul olurdular. Başlıca ov hey­van­ları qaçarlardan maral, cey­ran, uçarlardan da qaz, ördək, kəklik və gö­yər­çin idi. Bəs­lənən ov quşlarından qırğı, şahin və sunqurun adları çəki­lir5.
Osmanlı ov təşkilatında xüsusi atmacaçılar, qırğıçılar, ça­kırçılar, şahin­çi­lər var idi6. Türkiyədə son zamanlarda atmaca, doğan və şahin ilə ov edi­lirdi. Atmaca sərçə və bıl­dırçın kimi kiçik quşlar, qırğı əsasən kəklik, şahin və kəkliklə bərabər qaz, ördək ovlamaq üçün istifadə edilirdi. Dastanların birində ov ilə əlaqədar bir adətdən bəhs edilir. Bu adətə görə başqasının tor­paqları içində ov edən bir adamdan torpaq sahibi pay ala bilər­di1. Digər türk ölkələrində də olan bu adətin2 əsası hazırda Ana­doluda yaşamaqdadır.
Müxtəsəri, oğuz bəylərinin həyatında ovçuluğun mühüm bir yeri var idi.
14. ƏYLƏNCƏLƏR
Dastanlarda bəlli zamanlarda keçirilən bayram və şənliklərə dair heç bir şey söylənilmədiyi kimi, tarixi əsərlərdə də bu möv­zu ilə əlaqədar hər hansı məlumata rast gəlinmir. Biz das­tanlarda bəylərin tez-tez toy verdiklərini gö­rürük.
Toy ziyafət deməkdir. Toylar doğum, bəy oğlunun ilk ovu, bir diləklə əla­qədar, bir fəlakətdən qurtarmaq, müxtəsəri, hər han­sı bir sevinc vəsiləsilə verilirdi. Toyların digər türk qövmlə­rində olduğu kimi, oğuzların ictimai hə­yatında da mühüm bir ye­ri vardı. Toylar yalnız bəylərə deyil, xalqa da ve­ri­lirdi. Bu, o qədər əsaslı bir ənənə idi ki, oğuzlarda və digər türk qövmlə­rin­də siyasi və ictimai quruluşun mühafizəsi toylarla çox yaxından əlaqədar idi. Bəylərbəyi Salur Qazan bəy üç-ox və boz-ox bəy­ləri ordasına gələn zaman (ildə bir dəfə) onlar üçün böyük bir toy verərdi. Toyda yeyilib-içildikdən son­ra Qazan xatununun əlin­dən tutub eşiyə çıxar, toya dəvət olunanlar toyun verildiyi yerdəki bütün əşyaları yağmalayardılar. Yağmadan sonra bəy­lər Salur Qazanı salamlayar və atlarına minib, yurdlarına dö­nər­dilər. Ancaq Sa­lur Qazan adətin əksinə olaraq son dəfə evini yal­nız üç-ox bəylərinə yağma­lat­mışdı. Boz-ox bəylərinin toya, yağ­maya dəvət edilmə­məsinin səbəbi mə­lum deyildir. Qazanın bu hərəkəti boz-oxların başçısı Aruz Qocanın üsyan et­­məsinə və bir daxili döyüşə səbəb olmuşdur. Türklər Yaxın Şərq ölkələ­ri­nə gəldikdə digər ənənələrlə ya­na­şı bu yağ­malı toy adətini də gətirmişdilər. Fars dilində olan mənzum və mənsur əsər­lərdə görünən «xani-yağma» (yağ­ma süfrəsi) sözü bu yağmalı toyu ifadə edir.
Səlcuqlulardan başqa, Suriya atabəyləri dövlətində (zəngilər) və osman­lı­larda da bu adətin davam etdiyi özünü göstərir3.
Dastanlarda uşaqların və gənclərin oynadıqları aşıq oyu­nun­dan da bəhs edilir. Bu, milli bir oyundur. Göytürklər döv­rün­də bu oyunun oynandığı mə­lum idi, bu oyun indi də Türki­yədə oynanmaqdadır. Qədim zamanlardan bə­ri kürək sümüyü və aşıqla fala baxmaq türklərin adətlərindən biridir1.
15. DAVRANIŞLARI
Dastan qəhrəmanları soyuqqanlı insanlar kimi görünmürlər. Onlar qarşı­laş­dıqları hadisələrə daşqın və coşqun reaksiya gös­tə­rirlər. Beləcə, «acığı tutanda» yəni hirslənəndə bığların­dan qan sızan, yaxud qara daşı kül edən igid­lərin, sevdikləri əsir dü­­şəndə və ya öləndə «böyürə-böyürə» ağladıqları gö­zə çarpır.
Bəylər başqa qövmlərin əsilzadələri kimi məğrur, şərəf və heysiyyət­lə­ri­nə son dərəcə düşkün insanlar idi. Haqlarında da­nı­şılan ən kiçik dedi-qo­du­ya laqeydlik göstərməzdilər. Belə hal­­­lardan ölümü üstün tutardılar. Dirsə xan övladı olmadığı üçün qara otaqda oturdulmuş, qabağına qara qoyun yəx­­nisi qoyul­du­ğu üçün çox mütəəssir olmuş və Bayındır xanın ordasını tərk et­mişdi2. Yenə bəylərdən Bəkil ovçuluqdan məharətinin özün­dən deyil, atından gəldiyini deyən Bayındır xana və ya Qazana «alplar içində bizi qus­qu­numuz­dan palçığa batırdın» deyərək acıqlı bir halda ordasına getmişdi3. Şəxsən Salur Qazan o biri bəylərin «çoban olmasaydı, Qazan kafiri ala bil­məz­di» sözləri ilə başına qaxınc qalxacaqlarından qorxaraq Qaracıq çoba­nın yardımını rədd etmişdir4. Qanturalı da5 dəvə ilə güləşərkən sevgilisi Sel­can xatundan «dəvənin burnundan yapış» sözlərini eşidəndə özü-özünə de­mişdi: «mərə, mən bu dəvənin burnuna yapışacaq olsam, qız sözü ilə yapışdı derlər. Yarın oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, deyələr»6.
Dastanlarda «dəstursuzca», yəni izin almadan döyüşən ada­mın yağısına girişməyin, düşməninə hücum etməyin eyib ol­du­ğu israrla bildirilir. Hətta bəylərdən Şir Şəmsəddin «dəs­tur­­suz­ca Bayındır xanın yağısın» basmaqda ad çıxarmışdı1. Bu xüsus, yəni izin almadan bir adamın bir boyun, bir elin düşmə­ninə hü­cum etməsinin eyib sayılması başlanğıcda əldə ediləcək do­yum­­luğa (qənimətə) ortaq olmaq məqsədi ilə əlaqədar sayı­lır­dı. Çünki türk­lərdə də hər yerdə olduğu kimi, döyüşün əsil qayəsi qənimət əldə etmək idi. Daha sonralar bu düşüncə (qəf­lətən, icazəsiz hücumun eyib sayılması) şərəf və heysiyyəti qo­rumaq duyğusuna çevrilmişdir.
Qəhrəmanların sevinclərini bildirən hərəkətlərdən biri də qas-qas gül­mək­ləri idi2. Bu gün Anadoluda bu sözdən hələ də istifadə edilir. Sevincli bir xəbər «muştuluq» və «gözün aydın» sözləri ilə bildirilirdi3. Döyüşlərdə düşməni məğlub etdikdə və ya hər hansı bir təhlükədən qurtardıqda qul və qa­ravaş (kişi və qadın kölə) azad edərdilər. Salur Qazan bəy Şöklü Məliyi məğ­lub etdiyi zaman 40 qul və 40 qırnaq (qaravaş-cariyə) azad et­miş, onları azadlığa çıxartmışdı4. Salnaməçilər Fateh Sultan Məh­mədin də Otluqbeli dö­yüşündə qələbə qazanması müna­si­bətilə 40.000-dən artıq qul və qaravaş azad etdiyini yazırlar5.
Oğuzlar heyrətlərini əsasən bir əlini digərinə vurmaqla bildirirdilər6. Bu davranış gözlənilməyən sevindirici və ya kə­dər­ləndirici, hiddətləndirici bir hadisə və xəbərə ani reaksiya idi. Həmin davraniş forması indi də Türkiyədə özünü göstərir7.
Dastanlarda görünən digər bir adət də qəhrəmanlar öldükdə atlarının kə­si­lib yuğ aşı (ehsan - tərcüməçi) verilməsi barədə on­ların vəsiyyətidir8. Bu, çox qədim bir türk adəti idi. Göytürklər zamanında ölənin atlarının özü ilə birlikdə basdırıldığını və ya kəsildiyini bildiyimiz kimi9, X əsrdəki oğuz­lar­da da ölənin atla­rının kəsilib ətinin yeyildiyini görürük. Bu gün də Tür­ki­yə­də bir adam öləndə yemək bişirilib xalqa paylanır1. XI dastanda ölü­lərə aş (ye­mək) verildiyindən də bəhs edi­lir2. Türklərdə və monqollarda belə bir adə­tin olduğunu bilirik3.
Üç-ox – boz-ox arasındakı qardaş qırğınını göstərən sonuncu dastanda ölüm ayağında olan Beyrək atının quyruğunun kəsil­məsini tələb etmiş, yol­daşları da bunu yerinə yetirmişdilər4. Bu da çox qədim bir türk adəti idi. Al­tay və Pazırıq qazıntılarında tapılan atların bizim qəhrəmanların atları kimi özləri ayğır, quyruqları da kəsikdir5. Buraya qədər yazdıqlarımızdan os­man­lı xanədanının çox qədim türk adətlərini yaşatdığı aydın­laşmış olur. Deməli, hunlar dövründən gələn, ölənin atının quy­ruğunun kəsilməsi adəti də bun­lar­dan biri idi.
Yavuz Səlimin böyük qardaşı Əhməd bəyin oğlu Süleyman bəy gənc ya­şında 919-cu ildə (1513) Misirdə taundan vəfat et­mişdi. Qəşəng bir gənc olan Süleyman bəyin dəfn mərasimi Ana­dolu türklərinin adəti üzrə keçiril­mişdir. Yəni məhrum şahzadənin tabutunun önündə quyruqları kəsilmiş, yə­hər­ləri tər­sinə çevrilmiş olan atları aparılmış, sındırılmiş yay-oxu da tabutu­nun üzərinə qoyulmuşdu6.
Dastan qəhrəmanlarının fəzilət duyğularına gəlincə, bunlar başlıca ola­raq cəsur və mərhəmətli olmaq, gücsüzləri qorumaq, yoxsullara yardım et­məkdir. Zəiflərə, qocalara sataşan və yol­çulara, çobanlara hücum edənlər on­lar nəzərində pis adamdır. Dastanların dili ilə, Alınca qalasının kafirləri oğuz elindən əsir tutduqları Uşun Qoca oğlu Əyrəyi onu qurtarmağa gələn qar­da­şı Səyrək ilə döyüşdürmək üçün ona qardaşı haqqında: «şunda bir dəli igid yolçunun-yolaqçının, çobanın-çoluğun ətməyin alır»7 demişdilər.
Yoldaşları Dirsə xanda oğluna nifrət yaratmaq üçün oğ­lu­nun gözəl qız­ları ram etdiyi, qocalara həqarətdə bulunduğu ba­rədə iftiralar söyləmişdilər1. Bir az yuxarıda dastan qəhrəman­la­rının tez əsəbiləşən insanlar olduqlarını söy­ləmişdik. Lakin onlar sevdiklərinə qarşı şəfqətli, şirindilli olduqları kimi, düş­mən­lərinə qarşı da mərhəmətli davranır, döyüşlərdə aman istə­yəni öldür­mür­dülər2. Beyrək onun öldüyünü söyləyərək sev­gi­lisi ilə evlənmək üzrə olan Yalançı oğlu Yartacuğu ayağına düş­düyü və qılıncının altından keçdiyi üçün əfv etmişdi3.
Dastanlarda göstərilən alp elə bir cəsur, təmkinli, mərhə­mət­­li, zəifləri qo­ruyan (qalmış igid arxası), öyünməyi sev­mə­yən insandır ki, bu günkü mil­lətlərin qəhrəman tipinin eynidir. Alplar bir-birinin adını soruşmazdılar, bu, nəzakətsizlik sayı­lır­dı4. Bu gün belə kəndlilər arasında birinin adını nə­zakət ifadə edən bir kəlmə ilə soruşurlar5.
Alpları qorxutmaq, cəsarətlərini qıran sözlər söyləmək də onlar arasında eyibli bir davranış idi6.
Bütün tarixləri boyunca türklər üzərində ictimai bir ruh ha­kim olmuşdur. Onlar sevinci də, fəlakəti də hamılıqla, birlikdə qarşılayardılar. VIII əsrdəki göytürk kağanının «Türk budunu üçün gündüz uyumadım, gecə uyumadım» deməsi bu ruhun gö­zəl bir ifadəsidir. Xaqan, sultan və bəyin vəzifəsi xalqı özlərin­dən narazı salmamaq və onlara firavan bir həyat təmin etmək­di
Dastanlarda acları doydurmaq, çılpaqları geydirmək, borc­lunu borcdan qurtarmaq başlıca mənəvi hərəkətlərdən sayılır. Salur Qazana dair «Şəcə­reyi-tərakimə»dəki mənzumədə onun 41 atın ətini bir qazana doldurub bu əti əli ilə xalqa payladığı ya­zılmışdır. Osmanlı salnaməçiləri də Osman və Orxan bəy­lə­rin öz əlləri ilə yoxsullara aş payladıqlarını yazırlar7.
Yenə dastanlarda quru çaylar üzərində körpü salmaq, uzaq yollar kəna­rında imarətlər qurmaqdan bəhs edilir8. Birinci his­sədə türk hökmdarlarının və bəylərinin idarə etdikləri yerləri cami, mədrəsə, xəstəxana, imarət, kar­van­sara, hamam və kör­pü­lər ilə bəzədikləri qısaca qeyd edilmişdi. Bu gün bu abidə­lə­rin bir qismi onların bu sahədə göstərdikləri böyük xidmət və qey­rətin yadigarı kimi zamanımıza qədər gəlmişdir. Ancaq bu əsərlərə can ve­rən sultan və bəylərin yaşadıqları binalar o qədər sadə şeylər idi ki, indi çoxunun yeri bilinmir.
16. DASTANLARIN ƏHƏMİYYƏTİ

İgidləri mürüvətli,
Qocaları dadlı və hörmətli oğuz.

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin