276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
7. İran yıvaları. İranda monqol istilasından sonra bu adda böyük bir oymaq nəzərə çarpmır. Ancaq səfəvi dövründəki qacar boyunun obaları arasında yıva adlı bir oba müşahidə edilir. Qacar boyunun əslində Anadoludan (Boz-ox bölgəsindən) olduğu daha əvvəl bir neçə dəfə deyilmişdir. XVI əsrin sonlarında İmamqulu xan kimi məşhur qacar bəylərinin qacarın yıva obasına mənsub olduğunu bilirik2.
24. KINIK
Kınıklar, biliidiyi kimi, səlcuqlu xanədanının çıxdığı boydur. Halbuki bu boy oğuz boylarının islamiyyətdən əvvəlki siyasi və ictimai mövqelərinə görə Rəşidəddinin siyahısından axırıncı yerdə dayanır.
Kınıklar bizim yer adları cədvəlində 81 kənd ilə kayı və əfşardan sonra üçüncü sırada yer almışdır3. Bu yer adlarından çox mühüm bir qisminin Anadolunun fəthində iştirak etmiş kınıklara aid olduğu şübhəsizdir. Lakin bu boyun tarixi səlcuqlu xanədanını yaratmaq və Anadolunun fəthində böyük bir rol oynamaqla sona yetməmişdir. XIII əsrdə Suriyadakı qələbəlik türkmən icması arasında yenə bu boydan əhəmiyyətli bir qolun olduğu gözə çarpır. Həqiqətən, bu türkmən icmasının üç-ox qolunu başlıca olaraq yürəgir, kınık, bayındır və salurlar təşkil edirdi. Bu üç-oxlar daha əvvəl deyildiyi kimi, məmlük ordusunun yanında Çuxurovanın fəthində iştirak etdilər və orada məskən saldılar. Belə olduqda Çuxurovadakı ən qədim türk xalqının nüvəsi bu üç-ox boylarından meydana gəlmişdir.
Kınıklar yürəgirlər kimi Çuxurovada geniş bir yerdə məskən saldılar. Bura qərbdə Ceyhan çayından şərqdə Gavur dağlarına qədər uzanırdı. Yəni kınıkların məskəni bu günkü Ceyhan qəzasının bir qism torpaqları ilə Osmaniyyə qəzasını əhatə edirdi. Kınıklar, yürəgirlər kimi üç-oxların və Çuxurova bölgəsinin ən güclü təşəkküllərindən biri idi. Lakin onların başındakı ailəyə dair bu günə qədər heç bir məlumat əldə edilməmişdir.
1375-ci ildə erməni kralını Sisdə mühasirəyə alan türkmən bəylərindən Əbu Bəkr heç şübhəsiz ki, kınıkların bəyi idi.
Başda Ramazan oğullarının yürəgirləri olmaqla üç-ox türkmənləri boz-oxlar kimi məmlük əmirləri arasındakı mövqe və mənsəb uğrunda gedən mübarizələrdən istifadə edərək öz qayələrinə görə hərəkət etməyə başladılar. Onlar 1378-ci ildə üzərlərinə göndərilən Təmür bayın komandanlıq etdiyi məmlük ordusunu tarmar etdikdən sonra məmlük hakimiyyətindən tamamilə xilas oldular.
783-cü ildə (1381/1382) Hələb valisi olan Yel Buğa üç-oxları yenidən özünə tabe etmək üçün ilk tədbir olaraq onlar arasına təfriqə salmağa başladı. Doğrudan da, Yel Buğa bu tədbirində müvəffəq olmuş və 785-ci ildə (1383) kınıklar yürəgirlər üzərinə hücum etmişlər1.
Kınıklar bu hadisədən bir neçə il sonra yanlarında üç-oxlara mənsub digər təşəkküllərlə birlikdə Qazi Bürhanəddinin ölkəsində hərc-mərclik yaratdılar. Ancaq XVI əsrdən etibarən bu kınıklardan bir daha bəhs edilmir. Onlar hansı səbəbə görə siyasi əhəmiyyətlərini itirdilər? Hazırkı vəziyyətdə bu sualın cavabını vermək mümkün deyildir.
Osmanlı fəthinin ilk illərində Kınık nahiyəsinin bəyi Güc-əri oğlu Həmzə bəy idi. Bu bəyin kınıklara mənsubiyyətinə dair heç bir məlumat olmasa da, bu ehtimalı qəbul etmək olar. Osmanlı hakimiyyətinin ilk illərində kınıkların oturaq həyata keçdikləri məlum olur. Aralarında lap az köçəri ev vardı ki, onların da sonradan başqa yerlərdən gəlmiş olduqları şübhə doğurmur. Kınıkların yaşadıqları yer XIX əsrin ikinci yarısına qədər öz adları ilə adlanan bir qəza idi. Amma heyrət doğurur ki, bu gün Çuxurovada heç kim Kınık qəzasının yerini dəqiq müəyyən edə bilmir. Kınık sadəcə ərazinin deyil, eyni zamanda bir qala və qəsəbənin də adı idi.
Kınık qalasının Torpaq qalası olduğu zənn edilir. Qəsəbəyə gəldikdə, onun da qalanın şimal və şərqindəki yer olduğunu təxmin etmək olar. Bu qəsəbə 928-ci ildə (1522) iki məhəllədən ibarət idi. Vaxt keçdikcə böyüyən qəsəbənin 954-cü ildə (1547) artıq 5 məhəlləsi var idi. Xülasə, XVI əsrdə 75 kənd və əkinliyi olan Kınık qəzası çox abad bir vəziyyətdə idi. Lakin XVII əsrdə qəza qəsəbəsi, kəndləri və əkinlikləri ilə birlikdə o dərəcədə təxrib edildi ki, bu gün nə Kınık qəzasının, nə də kınık kəndlərinin əksəriyyətinin yeri bilinmir1.
XVI əsrdə kınık oymaqları
XVI əsrdə Hələb türkmənləri Ankara yörükləri ilə Aydındakı qaracaqoyunlu icması arasında bu adda bəzi kiçik oymaqlar vardı ki, ən əhəmiyyətlisi Hələb türkmənləri arasında olan oymaqdır.