1. Hələb türkmənləri. Bu türkmən icması arasında yaşayan kınık oymağı bir az əvvəl haqqında danışdığımız kınıkların Şimali Suriyada qalmış bir qismidir. Bu icma Qanuninin ilk səltənət illərində üç qola ayrılmışdı. Bunlardan Kırım Kətxudanın buyruğunda olan birinci qolun 51, Həsən Kətxudanın idarəsindəki ikinci qolun 40, kəndxudası bilinməyən üçüncü qolun da yenə 40 nəfər vergi ödəyən əhalisi olduğu məlumdur.
II Səlim dövründə kınıkların əhalisi bir mislinə yaxın artaraq 254-ə çatmışdır. Həmin dövrdə onlar tək bir kəndxudaya tabe idilər ki, bu da yuxarıda adı çəkilən Kırım Kətxuda idi.
Kınıklar XVII əsrin ortalarına qədər əski yaşayışlarını davam etdirmişlər. Sultan İbrahim dövründə onların Rum (Sivas) vilayətində Aralıq-evi adlı bir yerdə yaşadıqları məlumdur2. 1104-cü ildə (1692/1693) Hama və Xümus sancaqlarında yerləşdirilən türkmən oymaqları arasında kınık-uşaq adlı bir oymaq da vardır. Bu oymaq bəhs etdiyimiz kınıkların köçəri qalığı yaxud başqa bir oymaq idi3. Hama yörəsinə yerləşdirilən bu oymağın 60 nəfərlik kiçik bir oymaq olduğu məlum olur4.
2. Ankara. Ankara yörükləri arasındakı kınık oymağı 123 nəfər vergi əhalisi olan bir oymaqdır. Bu kınık oymağı Səfəri-Hisar (Sivri-Hisar) nahiyəsində yaşayırdı5. Daha əvvəl də bir neçə dəfə işarə edildiyi kimi, Ankara oğuz boylarına and ən çox yer adları olan bölgələrin arasında birinci yer tutur. Bu yer adları XII əsrdə şöhrətləri Xorasanadək yayılmiş qələbəlik bir türkmən icmasının yadigarı idi. Məhz bu yadigarlar içində kınık boyuna aid 9 kənd vardır.
3. Qaracaqoyunlu (Aydın). Aydın sancağında yaşayan qarasaqoyunlu icması arasındakı kınık oymağı əhalisi çox az olan bir təşəkküldür. 37 vergi evi olan bu oymaq kınıklar adını daşıyır. Onun 11 evlik alalar adlı kiçik bir obası da vardı. Elə həmin icma arasında qonuqlar adlı bir oymağa da rast gəlirik. Bunun düzgün oxunuş şəkli konuklar olmalıdır. Ancaq dəftərlərin birində k açıq halda kəsrə ilə hərəkələnmişdir. Ona görə də kınık kəlməsi bir işdə xüsusiyyəti nəticəsində bu şəkli almışdır. Mən bu xüsusda yalnız k-nın hərəkələnməsini nəzərə aldım.
Fateh dövründə biri 217, digəri 65 nəfərlik iki qol halında yaşayan kınıkların XVI əsrdə yeni qollara ayrıldığı və müxtəlif yerlərdə yaşadığı məlum olur. Bu qollardan biri (56 ev) Tirə ətrafında, digər bir qol da Tirəyə bağlı Məskənçi kəndində yaşayırdı. Kınıkların o biri qolları isə Ayasuluğ yörəsindəki Qarcılar, Bəylik dərə, Uzunluca, Kilsə, Boz-Alan, Kiçik Kədfiyə, Yeddi bərquş kimi kəndlərdə yerləşmişdilər1.
XVI əsrdə Anadoluda Səlcuqlu adlı bəzi oymaqlara və Səlcuq və Səlcik şəklində yer adlarına və şəxslərə də rast gəlinir. Səlcuqlu adlı oymaqlardan biri Tarsus bölgəsindəki kusun boyunun obaları arasındadır. 925-ci ildə (1519) bu oba 45 vergi evindən ibarət idi. Eyniadlı bir oymağa da Afyon-Qarahisar bölgəsində rast gəlinir. Bu da 30 evdən ibarət idi. Üçüncü bir oymaq da atçəkənlər arasındadır. Bu oymağın adı səlcuqlu şəklində yazılır. Bu oymaqların da adlarının şəxs adlarından götürüldüyü şübhəsizdir.2