Qara günə: Qazan bəyin qardaşı, bəylərin yığıncağında böyük qardaşının sağında oturardı. Qara Günənin də bir oğlu var idi, adı da Qara Budaq idi. Ona bəzən Dəli Budaq da deyərdilər. Şah Abbas dövründəki Çüxri-Sə’d (Sə’d Çuxuru - əsasən İrəvan bölgəsi) bəylərbəyisi Əmir Günənin bu oğuz bəyi kimi eyni adı daşıdığını görürük. Əmir Günə qacar boyunun ağcaqoyunlu obasına mənsub idi, özü də Sarı Arslan ləqəbini daşıyırdı. Boğaziçindəki Əmirgan məhəlləsi də bu bəyin adından qalmışdır. Amma əsaslı olan misal Şah Abbasın hökmdarlığının ilk illərində bir əmirin Budaq, atasının isə Qara Günə adını daşımasıdır. Bu adların dastanların təsiri ilə qoyulduqları tam aşkardır4.
Aruz (Uruz) Qoca: boz-ox qolunun ən böyük bəyidir. Aruz Qocanın çox uzun boylu, qollarının və baldırlarının nazik, özünün arıq olduğu söylənir; ləqəbi də «at ağızlı» idi. Aruzun iki oğlu olduğunu görürük: Qıyan Səlcuq və Basat. Bunlardan Qıyan Səlcuqun Təpəgözlə vuruşmada ödünün partlaması nəticəsində öldüyü bildirilir. Qıyan Səlcuq sözlərinin ilk kəlməsi bir oymağın adıdır, yoxsa ləqəbdir, bilinmir. Hər halda ikinci ehtimal daha qüvvətlidir.
Təpəgözü məğlub edən Basata gəlincə, onun adı üç-ox-boz-ox çəkişməsinə aid dastanda da çəkilir, amma aqibəti haqqında bir məlumat verilmir. Görəsən, o da atası Aruz Qoca kimi qardaş qırğınında öldürülmüşdür? Aruz Qocadan sonra boz-oxların başçısı kimi onun nəvəsi, Qıyan Səlcuq oğlu Dəli Dündarı görürük. Dəli Dündar orunda bəzən Qazandan sonra ikinci, bəzən də Qazanın qardaşı Qara Günədən sonra üçüncü sırada dayanır. Onun haqqında deyilən «bir savaşda üç kəz Qazanı atdan yıxan» ifadəsi digər bir üç-ox-boz-ox döyüşünə işarədir.
Şir Şəmsəddin: Atasının adı Qəflət Qocadır. Müsəlman adı daşıyan iki bəydən biridir. Şir Şəmsəddin «dəstursuzca Bayındır xanın yağısını basan» sözü ilə təriflənir1.
Beyrək: Qazanın inağıdır, iç oğuzdandır. Özü çox yaraşıqlı bir gəncdir, ona görə çox vaxt niqab ilə gəzərdi. Beyrək istər gözəl görkəmi, istərsə də əla əxlaqı ilə «qalın oğuzun imrəncəsi» ləqəbini almışdı. Onun haqqında: «apalaca gərdəyinə qarşı gələn, yeddi qızın umudu» sözləri də söylənir. Sonuncu dastana görə Aruz tərəfindən öldürülmüşdür.
Yeynək. Qazılıq Qocanın oğludur. Qazılıq Qocanın Bayındır xanın vəziri olduğu söylənir. Görünür, Qazılıq Qocanın adı eyniadlı dağın adından alınmışdır. Yeynəyin öz atası Qazılıq Qocanı əsirlikdən qurtardığına dair bir dastan vardır. O, bir yerdə bəylər başı olaraq vəsf edilir. Bu, Yeynəyin bir zamanlar bəylərbəyilik etdiyi hökmünü çıxarmağa kafi olmasa da, onun yüksək mövqeli bir bəy olduğuna işarədir. Yeynəyin Qazana «keşiş» dediyi və «qalın oğuz bəylərini bir-bir atlarından yıxdığı» da söylənir. Bunlar Yeynək və Qazan arasında səbəb və təfsilatını bilmədiyimiz bir vuruşmanın olduğunu ifadə edir. Yeynəyin ailəsinin köklü və ən qüdrətli ailələrdən biri olduğu şübhəsizdir. Bu ailənin üç-oxlardan olması da ehtimal edilir. Bu bəy haqda ayrıca: «Qur qurma quşaqlı, küllahı altun küpəli» də deyilir.