Yaşadığım hər saniyə ağır yük kimi üstümə çökürdü sanki. Sanki hər saniyə daha çətinləşirdi yaşamaq. Axı mən əvvəl də yaşayırdım. Ama belə çətin deyil. Düzdür, əvvəl də çətin anlarım olurdu. Ama bu qədər boğulmurdum. Axı mən möcüzəni görmüşdüm. Möcüzəni hiss etmişdim. Möcüzəni yaşamışdım. Möcüzəni görəndən sonra adi həyata uyğunlaşa bilmirdim. Özümə yer tapa bilmirdim. Elə bil məni sıxırdılar. Ruhumu sıxırdılar. Nəfəsimi kəsirdilər. Dəli olmaq dərəcəsinə çatmışdım. hər dəfə ağlayırdım. Onun, evindən götürdüyüm 13 yaşında ikən çəkdirdiyi şəklə baxıb ağlayırdım. Onun şəklinə baxmaq əzablarımı daha da artırırdı. Mən onu istəyirdim, onun şəklini deyil.
Mənim möcüzəm. mənim Sevincim. Mənim uşaqsı sevgilim. Mənim ürək param. Mənim məsumum. Mənim saf incim...
Onun son baxışları...Onun göz yaşları...Gözümün önündən getmirdi. Hər gün vicdanımla söhbət edirdim. Mənə ittihamedici suallar verirdi. mənsə aciz qalırdım. Sual verirdi, cavab verirdim. Mən sual verirdim, ama o susurdu. Onu gördüyüm o son səhnəni yüzlərcə dəfə təhlil edirdim. Müxtəlif variantlar seçirdim. Nəsə cavab tapmaq istəyirdim. Əzabımı azaldacaq, vicdanımı rahatladacaq bir cavab.
Onun sözləri...O ağlayırdı. Ama bu mənim başqa bir qadınla yatdığıma görə deyildi. Bu, mənim o qadını ağlatdığıma görə idi. Və o, incimişdi. Və bu da mənim cəzam! Mənə mükafat olaraq möcüzə göndərildi, ama mən onu qoruyub saxlaya bilmədim. Mən kobud, çirkli, iradəsiz, imanı zəif bir məxluqam. Mən möcüzəni itirdim. Və bu da cavab!
Insanlara necə deyim, necə başa salım bilmirəm. hara gedim, kimə sığınım, bilmirəm. onu harada axtarım, harada gözləyim bilmirəm. onu geriyə necə qaytarım, özüm onun yanına necə gedim, bilmirəm. heç nə bilmirəm. mən heç nə bilmirəm. bağışla məni ,Allahım. Sən mənə qarşı yetərincə səbrli və mərhəmətli oldun. Sadəcə, mən nankor çıxdım. Bağışla məni.
Dizlərimi qucaqlayıb, divana qısılmışdım. Onu axırıncı dəfə gördüyüm o yerdə,indi mən oturmuşdum. Yenə beynimdə cavabsız suallar uçuşurdu. Ruhum sıxılırdı. Və ruhum daima sıxılmaqdan yorulmuşdu. Ama yenə də sıxılırdı.
Pəncərədən həyətdə oynayan uşaqların səsi eşidilirdi. Və bu səslər mənim vicdanımı daha da sızıldadırdı. 10 -12 yaşlı uşaqların səsləri. Hansı ki, o səslərin arasında onun səsi eşidilmir. Cəld ayağa qalxıb, pəncərəyə yaxınlaşıram. Bilə -bilə ki, o yoxdur. Bilirəm ki, o, uşaqların arasında yoxdur. Ama yenə də diqqətlə uşaqları tək-tək nəzərdən keçirirəm. bu, artıq məndə refleksdir. Uşaq səsləri eşidən kimi pəncərəyə yaxınlaşıram. “Bəlkə” ümidi ilə. Ama yoxdur. O, uşaqların arasında yoxdur. Axı necə olsun? Möcüzə adi insanların içində necə ola bilər? Ruhum sıxılır. Beynim yorğundur. Pəncərədən uzaqlaşmaq istəyirəm. ama bacarmıram. Elə bil daş asılıb ayaqlarımdan...
O, həmişə burada otururdu. Bax, burada-pəncərənin içində. Sonra hərdən belə qaçırdı- baş barmağımla onun gəzdiyi yerləri göstərirəm. hərdən gülürdü. Və o gülüş...Mən indiyə qədər heç bir uşaqda elə gülüş görməmişəm. bu, başqa bir gülüş idi. Məsumluğun və gözəlliyin təcəssümü olan gülüş. Hərdən sakit və düşüncəli halı vardı. Görəsən, o, o anda nə keçirirdi beynindən? o, mənim düşüncələrimi asanlıqla oxuya bilirdi. Mənsə onunkunu yox.
Musiqi mərkəzini yandırıb, sevdiyim mahnıları qoyuram. Elə 1-ci mahnı sona çatmamış, hiss edirəm ki, hövsələm çatmır. Musiqi mərkəzini söndürürəm.
Bəlkə narkotika qəbul edim. Bəlkə bir müddət də olsa ağrılarım keyidi. Bəlkə hisslərimə novakain vurdurum. Bəlkə içim, sərxoş olum. Bəlkə çıxım küçələrə, səhərəcən gəzim. Neyləyim? Bilmirəm...
13
***
Artıq 3 ay 10 gündür. O yoxdur. O hələ də gəlməyib. Və deyəsən heç gəlməyəcək də. Haqlıdır. Mən də bu qədər saf və təmiz olsaydım, mundar və çirkli bir adamın yanına gəlməzdim.
Yəqin çəmənlikdə uşaq dostları ilə oynayır. Bir dəfə mənə demişdi ki, “mənim olduğum yerdə çoxlu uşaqlar var. Bir çox gülürük, çoxlu oyunlar oynayırıq.” Yəqin oradadır. Görəsən, mən heç yadına düşürəmmi? Görəsən, heç darıxırmı məndən ötrü? Onun baxışları...Ah, nələrimi verməzdim onun baxışlarını yenidən görə bilmək üçün. O, gəlməyəcək. Vəssalam. Adi həyata davam!
-Camal, sənə nə olub? Axır vaxtlar çox soyuq davranırsan mənə.-Şahin iş fasiləsi zamanı qolumdan tutub, məni yanına çəkdi: -Bəlkə mənim həyat tərzimə görə belə davranırsan?
Necə deyim ona? Necə deyim ki, nə sən, nə başqaları, ümumiyyətlə, bu həyata aid heç nə və heç kim məni maraqlandırmır. Necə deyim ki, mən möcüzəmi geri istəyirəm və onu itirdiyimə görə vicdan əzabı çəkirəm. necə deyim? Necə başa salım???
-Necə həyat yaşayırsan özün bilərsən. hər kəs özünə cavabdehdir. Hər kəs yaşadığı həyata görə özü cavab verməli olacaq.- sakit, ama hirsli idim.
-Camal, sən çox yaxşı adamsan. Heyif ki, mən sənin kimi ola bilmədim. –Şahin yazıq-yazıq mənə baxırdı.
Ağlamaq istəyirdim. Kimdir yaxşı insan? Mən? mən möcüzəmi itirdim. Mən necə yaxşı insan ola bilərəm?
-Şahin, mən də yaxşı insan deyiləm. Əgər yaxşı olsaydım...-cümləmin sonunu gətirə bilmədim.
-Bilirsən? sən bir az qəribə adamsan. Ama çox yaxşı dostsan. Mərdsən, dürüstsən, səmimisən. başa düşürəm. başa düşürəm ki, məni düz yola gətirmək istəyirsən.
-Şahin, mən heç kimi hansısa yola gətirmək istəmirəm. mənə görə düz görünən sənə səhv görünə bilər. Mən demirəm ki, sən səhv yoldasan. Sadəcə qəlb qırmaq, hisslərlə oynamaq çox pis bir şeydir...
-Camal, bilirsən bu gün yuxuda nə görmüşəm?
-Nə?
-Görürəm ki, nəsə bir şey yeyirəm. ama çox murdal bir şeydir. Içindən dəmir-dümür çıxır. O qədər iyrəncdir ki... ama mən yenə də yeyirəm...Ürəyim bulanır və qusmaq istəyirəm...Sonra səni gördüm. Qarşımızda böyük bir pilləkən vardı. Pilləkanın başında gur işıq saçır. Mən pilləkanları çıxmaq istəmirəm. sənsə əlimdən tutub, məni zorla pilləkanlarla qaldırmaq istəyirsən...
Arada sükut yarandı. Mən yuxunu yozmağa çalışdım. Ama yozacaq halda deyildim. Yorğun idim.
-Camal, sən məni işığa doğru aparırdın...Yəni sənin yolun işıq yoludur...
Susurdum. Nə deyəydim. Əgər mənim yolum işıq yoludursa, bəs mən bunu niyə hiss etmirəm? niyə suallarım cavabsız qalır? Niyə Allah susur?
Birdən onun –möcüzəmin dediyi sözləri xatırladım:
“Niyə ölmək haqda düşünürsən? bəlkə yaxşılıqlar etməyi düşünəsən.”
-Ayıl, Camal.-öz özümə dedim.-Ayıl artıq. Sən bu həyatı yaşayırsan. Deməli, belə lazımdır. Məgər Allahdan çox biləcəksən? Allah sənə bir şans verir. Sənsə bunu anlamırsan. O, sənə möcüzəni göstərdi. O, sənə göstərdi ki, Sevgi var. Niyə bu Sevgini qazanmaq və bu Sevgiyə layiq olmaq üçün mübarizə aparmırsan? Niyə? məgər saf Sevgi istəmirdin? Bəs özün niyə saflaşmırsan???
Gözlərimi yumdum və açdım. Gülümsədim.
-Camal, nə olub?-Şahin təəccüblə mənə baxırdı.
-Heç...Sadəcə sualıma cavab tapdım...-gülümsədim.
***
Həyat sənə şans verir. Həyat həmişə sənə bir şans verir. Əsas odur, həyatda verdiyin suala cavab tapa biləsən. Əsas odur ki, hansı yolla getdiyini biləsən. Əsas odur ki, varlığının və yaradılış səbəbini dərk edəsən. Əsas odur ki, Allahı kəşf edəsən...
Və mən kəşf etmişdim. O, həmişə mənim yanımda olub. Təsəvvür etdiyimdən daha da yaxın. Sadəcə mən Onu “görməmişəm”. çünki “kor” olmuşam. O, mənə şanslar verib. Ama mən onları sezməmişəm. O, mənə bir möcüzə göndərdi. Məgər möcüzələri görmək hər adama müyəssər olur???
Bəsdir, ağlayıb sızıldadım! Bəsdir, özümü yazıq bildim. Vaxtdır! O Sevgiyə layiq olmağın vaxtıdır. O Sevgiyə layiq olduğumu sübut etməyin vaxtıdır!
Həyatımı dəyişdim. Dəyişmək istəyirdim və dəyişdim. Qarşıma bir məqsəd qoymuşdum: yaxşılıqlar etmək. Bacardığım qədər yaxşılıqlar etmək!
Qonşuda yaşlı bir dul qadın vardı. Evində su kranı xarab olmuşdu. Onu təmir etdim.
Keçən bazar qonşuluqda yaşayan 2 yaşlı adamın yığılan zibillərini tulladım, bazarlıqlarını etdim.
Növbəti gün həyətdə velosiped sürən uşaqlara baxıb, köks ötürən uşağı gördüm. Öyrəndim ki, həmin uşağın valideynlərinin velosiped almağa imkanı yoxdur. Qonşu uşaqlar da öz velosipedlərini paylaşmaq istəmirlər. Mən də 2 gün sonra onun qapısına kağızla birlikdə təzə velosiped qoydum. Kağızda yazılmışdı: “Yavərə hədiyyə. Möcüzələr var...”
Iş yoldaşımın anası xəstə idi. Həm qayğıya həm də pula ehtiyacı vardı. Onun əvəzinə də işləyib, onun alacağı pulu ona verirdim.
Qəzeti heç satılmayan köşkdən bütün qəzetləri alırdım.
Qonşuluqda yaşayan əlil Samiri axşamlar gəzintiyə çıxarırdım.
Şahinlə bacardıqca fəlsəfi, psixoloji söhbətlər aparırdım. Və deyəsən, getdikcə məni anlamağa başlayırdı.
Ailəmə tez –tez baş çəkirdim. Onları ziyarət edir, danışırdım. Düzdür, onlarla mənim ortaq söhbətimiz nə ola bilərdi ki? Ancaq yenə də danışmağa mövzu tapırdım. Anamın üzü daha çox gülürdü. Atam eyhamlarını daha da azaltmışdı.
Həftə içi, bir gün avtobus kirayələyib, 1 gün ərzində insanlara şoferlik edərək, pulsuz xidmət göstərirdim. Insanların çoxu eyni reaksiya göstərirdilər: “Axı niyə pulsuz işləyirsən? dəli olmusan?” mənsə gülürdüm. Bilirdim ki, insanların ən çox buna ehtiyacı var: təbəssümə! Onların xeyir-duası mənə bəs idi. Əgər yaşayıramsa, insan kimi yaşamağı da bacarmalıyam!
Gecə başımı yastığa qoyanda etdiyim hərəkətlərin hesabatını götürür, edəcəyim yaxşılıqları planlaşdırırdım. Hərdən onun gözləri gəlirdi gözlərimin önünə. Artıq onun üçün darıxmırdım. Onun üçün mübarizə aparırdım. Daha doğrusu, Allah üçün...
***
-Axırda sənə “Yaxşılıq Mələyi” ordeni verəcəklər.-Şahin oturduğu masa arxasından atmaca atdı: -Hamının işinə çatırsan. Axır vaxtlar çox qayğıkeş və həssas olmusan.
-Bundan sonra belədir.-gülümsəyərək dedim.-Hələ klublar açmağı planlaşdırıram.
-Nə klubları?
-Mədəniyyət və “beyin dəyişmə” klubları. Məncə indiki zamanda insanların ən çox buna ehtiyacı var.
-Day ağ eləmə. kimdir sənin klubuna gələn?
Arada sükut yarandı.
-Bilirsən nə var?
-Nə?-ötəri Şahinə baxdım.
-Mən evlənirəm.
Bir anlıq şok keçirdim. Elə bildim, Şahin mənimlə zarafat edir. Necə yəni Şahin evlənir?
-Bilirəm, indi şokdasan. Inanmırsan dediklərimə. Ama mən ciddiyəm. nəsə... Təfərrüatlarını işdən sonra danışaram.
Ilk dəfə idi ki, işin sona çatmasını bu qədər səbirsizliklə gözlədim. Böyük həyəcanla, mənə bu işdə ən yaxın olan dostumun, xasiyyətcə məndən fərqli olsa da, həyatı ciddi almasa da, içində zərrə qədər pislik olamyan bu insanın nə deyəcəyini gözlədim.
Işdən çıxanda hava qaralmışdı. Asta addımlarla Sahil metrosuna doğru addımlayırdıq.
-Hə, de görüm, ürəyimi partlatma.
-Nə deyim?-Şahin bic-bic güldü.
-Yaxşı da. Guya bilmirsən? dedin ki, evlənirsən. nəhayət! Necə oldu ki, bu qərara gəldin?
-Bilirsən necə oldu?
O gün evə gedəndə yolda biri ilə rastlaşdım. Tanış biri ilə. Heç dəyişməmişdi. Eyni məlahətlə, eyni zəriflikdə qalmışdı...
Şahini, ilk dəfə idi ki, belə görürdüm. Bu dəfə təkcə dodağı deyil, gözləri də gülürdü. Sanki üzünə məsumluq gəlmişdi.
-Mən onu məktəb illərində sevirdim. Adı Qönçə idi. Sakit, ağıllı, bir az da utancaq qız idi. O, mənim ilk məhəbbətim idi. Ilk uşaqsı sevgim. Ilk qəlb döyünüşlərim. Onu görəndə elə bil uşaqlıq illərimə qayıtdım. Necə də saf idim. Təmiz idim. Düşüncələrim, hisslərim saf idi. Onunla danışdıq. Bir az hal=əhval tutandan sonra öyrəndim ki, evli olub, ama boşanıb. Gözlərində kədər vardı. Ama yenə də o uşaq Qönçə kimi baxırdı. Iş axtarırdı. O qədər müdafiəsiz və zif görünürdü ki, içimdən onu müdafiə etmək və qorumaq hissi keçdi. Telefon nömrəsini aldım. Özümünkünü ona verdim. Arada zəngləşib görüşürdük. Və mən hiss edirdim ki, məndə məni bu qıza bağlayan nəsə var. Nəsə güclü bir bağ. Axı onu ilk dəfə mən sevmişdim. Ilk dəfə mən ona demişdim ki,”mən səni sevirəm.” ilk dəfə o duyğuları mən yaşatdırmışdım ona. Mənim üçün fərqi yoxdur, o, evli olub yoxsa yox. Çünki mən də “təmiz” deyiləm. ama onu qorumalıyam. Axı o, mənim uşaqsı sevgilim idi.
-İnsanlar cismən çirklənmirlər. Ruhən çirklənirlər. Düşüncə olaraq çirklənirlər.
-Məncə də.-Şahin qolunu çiynimə atdı.-Mən də elə buna görə onunla evlənmək istəyirəm.
-Ama söz ver ki, bu evlilik əbədi olacaq. Onsuz da o qız bir dəfə boşanıb. Hissləri qırıqdır.
-Bilirsən? sənin hərəkətlərin mən də təsir etdi.
-Hansı hərəkətlərim?
-Yaxşı insan olmağın. Mən də sənə baxıb, yaxşı insan olmaq istədim. Qəhrəman olmaq istədim. O qızın qəhrəmanı...Çox şanslıyam ki, sənin kimi bir dostum var.
Şahinin sözləri məni həm sevindirdi, həm də təəccübləndirdi. O, dəyişmişdi. Çox dəyişmişdi. Və sevindirici hal bu idi ki, müsbətə doğru dəyişmişdi.
-İnsan yaşa dolduqca əbədi bir şey istəyir.-Şahin zəif, yorğun səslə dedi:-Nə qədər olar gəlib-keçici münasibətlər? Hər münasibət bitəndə hiss edirdim ki, məndən nəsə gedir. Mən yavaş-yavaş duyğularımı itirirdim. Ən əsası da insanlıq duyğularımı...Mən heyvanlaşırdım.
-Şahin, qulaqlarıma inanmıram. Bu, doğrudan sənsən?-zarafata saldım.
Şahin gülümsədi. və mən o anda hiss etdim ki, Şahin dəyişib. Onun gülüşü dəyişib. Indi uşaqsı məsum gülüşlərlə gülür. Əvvəllər isə xain və özündənrazı gülüşləri vardı.
-Hə, bir də yadıma düşmüşkən deyim.
-Nə?-ona tərəf çevrilib ayaq saxladım.
O da ayaq saxladı:
-Bu gün qəribə bir yuxu görmüşəm.
-Nə yuxusu?
-Yuxumda bir qız görmüşəm. təxminən 13-14 yaşlarında...
Hiss edirəm ki,bədənim soyuyur və soyuq tər gəlir.
-Əynində ağ don vardı. Çəhrayı düyməli ağ don.
Artıq qəlb döyünüşlərimin sayı artır. Bədənimin titrədiyini hiss edirəm. ama susuram. Diqqətlə Şahinin dodağından çıxacaq kəlmələri izləyirəm.
-O qədər məsum çöhrəsi vardı ki...Mənə dedi ki, “Camala deyərsən ki, az qalıb. Biz tezliklə görüşəcəyik...”
Hər kəsin zəif nöqtəsi var. 25 yaşındakı insanlar da uşaqlar kimi hönkür-hönkür ağlaya bilər. Bu, emosionallıq deyil. Hisslərə sərhəd qoya bilməzsən.
Hiss etdim ki, içimdən bir şəlalə keçdi. Və mən küçənin ortasında, Şahinin qarşısında ağlayırdım. Küçədən keçənlərə fikir vermədən ağlayırdım. Hönkür-hönkür ağlayırdım. Ama gülürdüm də. Gülürdüm və ağlayırdım. “Gülüş içində göz yaşları” buna deyirlərmiş. Mən ilk dəfə o an anladım, ÖLÜM SEVİNCİ necə olan bir hissmiş...
-Camal, nə oldu sənə?-Şahin təlaşlanmışdı:-Nə olub, hə? axı mən nə dedim ki? O qız kimdir, Camal? Onu tanıyırsan? Camal! Camal! Özünə gəl! Hamı bizə baxır, Camal! Camal...Camal...
***
-Camal, mənim ağıllı balam.-anam məni qucaqladı.
Anamın isti qucaqlamalarına öyrəşmişdim. O, məni tez-tez qucaqlayırdı.
-İşlərin necədir, Camal?
-Yaxşı. Normal...-cibimdən 2 bileti çıxarıb anama uzatdım.
-Bu nədir, Camal? –anam təəccüblə biletlərə baxdı.
-Antalyaya səyahət biletləridir. Atamla çoxdandır ki, birlikdə bir yerə getmirsiniz. Sizin üçün almışam. Gedin, istirahət edin.
-Mən o kişiylə 2 addım da yol getmərəm. –anam hirslə biletləri kənara tulladı.
-Ana, bəsdir, əl çəkin bu Nifrətdən. neçə il bir yerdə yaşayırsınız. Yəni heçmi yaxşı günləriniz olmayıb? Heçmi atam sənin üçün xüsusi bir şey etməyib? Illərlə bu qədər nifrət nəyə lazımdır? Həyatınızın sonunda sizdən soruşacaqlar: “Necə ömür sürdünüz?” deyə. Nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, “bir-birimizə nifrət edərək.” ? bumudur həyat? Bumudur yaşamaq? Yazıq deyilmi qəlbləriniz? Bu qədər kini və nifrəti özündə necə saxlayır?
-Ay Camal, özün də bilirsən ki, atanın xasiyyəti tünddür.
-Ama yaxşı cəhətləri də var. Elə deyilmi? Axı heç kim tam pis deyil. Niyə ancaq pisi görürsən? insan yaxşını da qiymətləndirməyi bacarmalıdır. Əl çək bu Nifrətdən. sevgini seç! Inan ki, Sevgi daha gözəldir.
-Mənim atana olan fikrim dəyişməyəcək, Camal. O, mənim ən gözəl illərimi məhv edib. Onunla bağlı xatırlanası heç bir xoş xatirəm yoxdur.
Nəsə demək istədim. Ama susdum. Anlayırdım ki, hər insan Sevgini kəşf etmə qabiliyyətində ola bilməz. hər insan Sevgini görə bilməz.
-Yenə də sən düşün. Mən o biletləri sizə almışam.-deyib, ayağa qalxdım. Qapıya doğru addımladım.
-Atana deyəcəm ki, Camal bilet alıb. Vəssalam.
Gülümsədim. Anamın yanağından öpüb, qapını açdım. Bir anlıq geri çevrilib, anama dedim:
-Ana, möcüzələr var...
O an bilmirdim ki, bu cümləm anama deyəcəyim son cümlə olacaq. O an bilmirdim ki, anam məni bundan sonra ancaq o cümlə ilə xatırlayacaq. O an bilmirdim ki, anam mənim cəsədimin üstündə ağlayarkən “Oğlum axırıncı dəfə qapıdan çıxarkən “ Ana, möcüzələr var.” Demişdi.” Deyəcək.
-Nə? anam dediyim cümlənin nə məqsədlə və niyə qəfildən dediyimi anlamağa çalışdı. Heç özüm də bilmirdim niyə bu cümləni dedim. Sadəcə içimdən bu cümlə gəldi və dedim.
O, fikirləşənə qədər mən ona gülümsəyib, qapıdan çıxdım. O an bilmirdim ki, mən anamın yaddaşında o təbəssümlə qalacam.
Binaya doğru addımlayırdım. Içimdə qəribə bir sakitlik və huzur var idi. Gülümsəyirdim. Bilmirdim kimə və niyə. ama gülümsəyirdim.
Qəfildən gözüm məhəllimizdə oyanayan 2 yaşlı uşağa sataşdı. Cəld gözüm qeyri-ixtiyari onun anasını axtardı. Ama ətrafan 1-2 azyaşlı uşaqdan başqa heç kim yox idi.
“Heç 2 yaşlı uşağı da tək –nəzarətsiz buraxarlar?” fikri keçdi beynimdən. maşının səsi baxışlarımı həmin səmtə yönəltdi. Maşın gəlirdi. Özü də çox böyük sürətlə. Və o uşaq əlində top maşın yolunda dayanmışdı. Hiss etdim ki, maşın çevriləndə o uşağı görməyəcək. Və onu əzəcək. Bütün cəldliyimlə uşağa doğru qaçdım. Maşın çox sürətlə gəlirdi. Uşağa çatmağımla onu kənara itələməyim bir oldu. uşaq yerə yıxıldı və ağlamağa başladı. Qalan heç nə yadımda deyil. Deyəsən, maşın məni vurmuşdu...
Epiloq
Yanımda o var. Əlindən tutmuşam. Ikimiz də sakit dayanmışıq. Içimdə heç bir hiss yoxdur. Tək bir hissdən başqa: huzur və xöşbəxtlik.
Evin kənarında dayanmışıq. Evin ortasında kəfənə bükülmüş bir cəsəd var. Və anam o cəsədin yanında oturub, “ Oğlum, can oğlum”, “ Oğlum 26 yaşında cavan getdi.” Deyib, öz-gözünü cırmaqlayır. Otaqdakı digər qadınlar da ona qoşulur. Bacım kənarda oturub, xısın-xısın ağlayır. Qonşu qadın anamı sakitləşdirməyə çalışır...
Mən bu mənzərə qarşısında heç nə hiss etmirəm. yana çevrilib, əlindən tutduğum möcüzəmə baxıram.
-Onlar niyə bu qədər göz yaşı tökürlər? Niyə bu qədər ah-nalə edirlər? Axı mən xöşbəxtəm. özü də heç bu qədər xöşbəxt olmamışdım. Onlarsa mənim ən xöşbəxtliyimdə ağlayırlar.
-Axı onlar bilmirlər ki, sən xöşbəxtsən.
-Bəs necə etmək olar ki, onlar bilsinlər ki, mən xöşbəxtəm. özü də çox xöşbəxt.
Allahın izniylə bir gün yuxularına göndərilərsən və o zaman onlara deyərsən. axı ölülərin və dirilərin ruhlarınının qovuşduğu yeganə məkan yuxulardır.
-Düzdür, gərək onlara deyim ki, ölən insan üçün bu qədər çox ağlamasınlar. Onlar ölümə faciə kimi baxır. Əslində isə bu sadəcə dünya dəyişimidir. Oradan –həyat adlandırdıqları yerdən, bura -ədalət və sevginin olduğu yerə...Kaş onlar biləydilər ki, mən necə huzurla doluyam. Kaş onlar bu Sevgidən zərrə qədər də olsa hiss edəydilər...
SON
17.03.13 -09.06.13
Dostları ilə paylaş: |