ƏLLİ BİRİNCİ DӘRS İBADӘT
İnsan övladı yarandığı ilk gündən müqəddəs varlıqlara pərəstiş onun həyatında xüsusi yer tutmuşdur. Hətta eramızdan əvvəl yaşamış insan həyatına nəzər saldıqda belə, elə bir qövm və ya millət tapmaq mümkün deyildir ki, hansısa müqəddəs hesab etdiyi varlığa pərəstiş etməmiş olsun. Demək, pərəstiş olunan şey insanın fitri xüsusiyyətlərindəndir və insan belə bir ehtiyacının tə᾿min olunması üçün ibadət etmiş və mə᾿nəvi çətinliklərinin aradan qaldırılmasında hər şeydən uca hesab etdiyi müqəddəs varlığa arxalanmışdır.
Әlbəttə, bir çox cəmiyyətlərdə bə᾿zilərinin nadanlığı və ya inadkarlığı üzündən müqəddəs ilahi din və ayinlər təhrif edilərək öz həqiqi axarından çıxmış, əsirlər boyu tağut və batil varlıqlara pərəstiş etmişlər.
Dini tə᾿limlərdən heç bir mə᾿lumatı olmayan və ucqar bir məntəqədə yaşayan hər hansı bir şəxsin həyatına nəzər salsaq, bu həqiqətin şahidi olacağıq ki, o, özünün mə᾿nəvi rahatlıq tapması üçün hər şeydən uca və hər şeyə qadir olan müqəddəs bir varlıq axtarır və özünü onun qarşısında son dərəcə kiçik və aciz hesab edir.
Ümumiyyətlə, Allaha pərəstiş və ibadət, haqq olaraq göndərilmiş bütün ilahi peyğəmbərlərin ən başlıca şüarı olmuşdur.
Bu dərsimizdə ibadətin insan həyatında oynadığı rol, ibadətdən məqsəd və onun əhəmiyyəti haqda söhbət açacağıq:
1. Yaradılış və peyğəmbərlərin göndərilməsindən ən başlıca məqsəd, ibadətdir.
Allah-taala Zariyat surəsinin 56-cı ayəsində buyurur:
«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım».
Mə᾿lum olduğu kimi, Allahın biz insanların ibadətinə heç bir ehtiyacı yoxdur. Çünki O, hər şeydən ehtiyacsızdır. Zumər surəsinin 7-ci ayəsində bu haqda deyilir:
«...Çünki Allah sizə [sizin ibadətinizə] əsla möhtac deyildir...»
İmam Hüseyn (ə) özünün məşhur Әrəfə duasında buyurur:
«İlahi! Sənin zatın o qədər ehtiyacsızdır ki, Səndən özünə heç bir xeyir dəymir. Elə isə necə ola bilər ki, məndən ehtiyacsız olmayasan?»
Başqa bir ayədə Allah-taala peyğəmbərləri göndərməklə insanların hidayət olunmalarını göstərir:
«Biz hər ümmətə: Allaha ibadət edin, tağutdan çəkinin!-deyə peyğəmbər göndərmişdik...»1
Yuxarıda qeyd olunan iki ayədən belə nəticəyə gəlmək olur ki, ibadət və pərəstiş insanın özünə aiddir və onun kamala çatmasında ən başlıca rol oynayır. Çünki insanın kamala çatması Allaha yaxınlaşmasından asılıdır. Bu da yalnız ibadət və pəhrizkarlıqla müəyyən olur. Bəqərə surəsinin 21-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız!...»
İmam Sadiq (ə) ibadətin əsas rüknü olan namazın fəziləti haqda buyurur:
«Namaz hər bir pəhrizkar insanı Allaha yaxınlaşdıran ən gözəl vasitədir».1
Demək, insan ibadətlə təqva və pəhrizkarlığa və bunun vasitəsilə Allaha yaxınlaşmağa və nəhayət, bu yolla kamala çatmış olur.
İBADӘTİN FӘZİLӘTİ
Әli (ə) buyurur:
«Pərəstiş zəfər deməkdir».2
«İman sahiblərinin üstünlüyü onların ibadətlərindədir».3
«Allah-taala sevdiyi bəndələrinə gözəl ibadət ilham edər».4
«İbadətin ardıcıllığı səadətə yetişmək əlamətlərindəndir».
«İbadətlə Allaha yaxınlaşmaq kimi, kimsə Ona başqa bir yolla yaxınlaşmamışdır».5
İBADӘTİN HӘQİQİ MAHİYYӘTİ
İmam Riza (ə) buyurur:
«Pərəstiş və ibadətin əvvəli Allahı tanımaq, Allahı tanımağın əsas kökləri isə Onun birliyini dərk etməkdir».6
İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Sadiq (ə)-dan ibadətin həqiqi mahiyyəti haqda soruşdum. Buyurdu: «İbadət və bəndəliyin həqiqi mahiyyəti bu üç şeydən ibarətdir:
1. İnsan, Allahın Onun ixtiyarına qoyduğu şeyləri öz malı hesab etməməlidir, çünki insan heç nəyin həqiqi sahibi deyildir və hər şeyi Allahın malı hesab etməlidir. Demək, onları Allahın ona əmr etdiyi yerlərdə istifadə etməlidir.
2. Özü-özünə çarə və çıxış yolu tapıb müxtəlif tədbirlərə əl atmamalıdır (yə᾿ni, Allaha təvəkkül edərək Onun qoyduğu qanun çərçivəsində düşünüb-daşınmalıdır).
3. Yalnız Allahın ona əmr etdiyi şeylərlə məşğul və yasaq etdiyi şeylərdən uzaq olmalıdır... Bütün bunlar təqvanın ilk mərhələsidir».7
Әli (ə) buyurur:
«Bəndəlik beş şeydən ibarətdir:
1. Qarının boşluğu (az yemək);
2. Qur᾿an oxumaq;
3. Gecələri ibadətlə keçirmək;
4. Sübh namazlarında Allahla razi-niyaz etmək;
5. İbadət edərək Allahın qorxusundan ağlamaq».1
AGAHCASINA İBADӘT
Peyğəmbər (s) buyurur:
«Allahı tanımaq ibadətin başlanğıcıdır».2
Әli (ə) buyurur: «Allahı tanıtdırmayan ibadətin heç bir xeyiri yoxdur».3
«Nəfsinizdə ibadət etdiyiniz şeyə yəqinlik hasil edin ki, sizə xeyir verən varlığa ibadət etmək üçün bədən üzvlərinizi hərəkətə gətirəsiniz».4
«Elmsiz və heç bir agahlığı olmayan abidlər, dəyirmanda yerində dövr edən, lakin bir addım da olsun irəli getməyən ulağa bənzər».5
İBADӘTDӘN MӘQSӘD
Әli (ə) buyurur:
«Bə᾿ziləri savab və cənnət xatirinə ibadət edər, bu tacir və alverçilərin ibadətinə bənzər; bə᾿ziləri cəhənnəm qorxusundan ibadət edər, bu da qul və kölələrin ibadətinə bənzər; bə᾿ziləri isə Allaha şükrünü yerinə yetirmək üçün ibadət edər, bu isə azad insanların ibadətidir».6
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Camaat Allaha üç cür ibadət edər: Bə᾿ziləri tamahkar və həris insanlar kimi Allaha savab və Cənnətə xatir ibadət edər, bə᾿ziləri kölələr tək cəhənnəm odundan qorxaraq ibadət edər. Lakin mən, Allaha eşq və məhəbbətlə ibadət edirəm. Bu isə azad və şərəfli insanların ibadətidir. Allah-taala bu haqda buyurur:
«...Belələri o günün [qiyamət gününün] dəhşətli qorxusundan əmi-amanlıq içində olarlar».7
Başqa bir ayədə buyurur:
«[Ya Məhəmməd!] De ki: Әgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı başlasın...»8
Allahı sevərsə Allah da onları sevər. Allah sevən şəxslər isə dünya və axirətdə daim əmin-amanlıq içində olarlar».9
İBADӘTİN NÖVLӘRİ
Peyğəmbər (s) buyurur:
«İbadət yetmiş hissədən ibarətdir, onların ən yaxşısı halal qazanc əldə etməkdir».10
Әli (ə) buyurur:
«İlahi ne᾿mətlər barədə düşünüb-daşınmaq ən böyük ibadətdir».2
«Yerin və göyün sirləri barədə fikirləşmək xalis insanların işidir».
«İbadətin bir növü də çox salam verib mülayim danışmaqdır.»3
Peyğəmbər (s) buyurur:
«Alimlərə nəzər salmaq özü də bir növ ibadətdir. Әdalətli hakimə nəzər salmaq özü bir ibadətdir, ata-anaya sevgi və mehribanlıqla nəzər salmaq özü bir ibadətdir. Allaha xatir sevdiyin [mö᾿min] qardaşın üzünə baxmaq da özü bir ibadətdir».4
Peyğəmbər (s) buyurur:
«Elm məqsədilə evindən çıxan şəxs yiyələndiyi elmin vasitəsilə kimisə haqqa hidayət edərsə, qırx il ibadət edən abidin savabına nail olar».5
Dərsimizin sonunda bunu da qeyd edək ki, ibadətə dair müxtəlif bəhsləri təfsilatı ilə bir çox əxlaq kitablarında mütaliə etmək olar. Burada isə yalnız ibadətin əhəmiyyət və dəyəri haqda söhbət açmaqla kifayətlənirik.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Nə üçün Allah-taala Qur᾿ani-kərimdə ibadəti yaradılışdan ən başlıca məqsəd hesab edir?
2. Nəql olunmuş hədis və rəvayətlərə istinad edərək ibadətin insan həyatında oynadığı rolu bəyan edin.
3. Bəndəlik nə deməkdir?
4. Necə ibadət olunmalıdır?
5. İbadətin hansı məqsədlər daşıdığını bəyan edin.
6. İslamda hansı əməllər ibadət sayılır?
Dostları ilə paylaş: |