AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN
UNİVERSİTETİ
Sərbəst iş
Kafedra: “İctimai elmlər”
Fakültə: Humanitar Fənnlər
İxtisas: Sosial İş
Fənn: Azərbaycan tarixi
Kurs: 1
Qrup: 212807A
Mövzu: “Salarilər dövləti. Fətəli xan Əfşar”
Müəllim: Aybəniz Quliyeva
Tələbə: Aynur Bəxtiyarova
Bakı-2021
Urmiya xanlığının banisi-Fətəli xan Əfşar
Nadir şahın ölümündən sonra onun yanındakı Urmiya döyüşçülərinə başçılıq edən
Fətəli xan Əfşar Ərəşli müstəqil Urmiya xanlığının əsasını qoydu. Nadir şahın
Bağdada yürüşündə fərqlənmiş Fətəli xan ordunun çərxəçibaşı təyin olunmuşdu.
Fətəli xan Əfşar vilayətdə hakimiyyətini gücləndirdi. O, gələcək hücumlardan özünü
qorumaq və yeni torpaqlar əldə etmək üçün Urmiya qalasını möhkəmləndirdi və
güclü qoşun toplamaq işinə başladı.
Urmiyadan Xoya üç günlük, Culfaya on günlük, İrəvana altı günlük karvan yolları
vardı. Urmiya şəhərində uzun və kərpic günbəzli bazar və bazar içində bir çox
cərgələr var idi. Xaricdən gətirilən məhsullar bu bazarda və cərgələrdə satılırdı.
XVIII yüzilin II yarısında Urmiya xanlığı inzibati cəhətdən 14 mahala bölünürdü:
Mərgəvər, Tərgəvər, Bərədost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Dəl, Nazlı,
Bəkkşilu, Urmiya, Rozə. Hər mahal yerli bəylər və onların nümayəndələri tərəfindən
idarə edilirdi.
Məlumdur ki, Nadir şahın ölümündən sonra Fətəli xan Əfşar vətənə qayıdaraq, hələ
I Şah Abbasın hakimiyyəti dövründə Əfşar tayfa başçılarının tiyuluna verilən
Urmiya vilayətini müstəqil olaraq idarə etməyə başlamışdı.
Fətəli xan Əfşar Məhəmmədhəsən xan Qacarın, Kərim xan Zəndin və İran və
Azərbaycanda hakimiyyət uğrunda mübarizə edən başqalarının hücumuna qarşı
müqavimət göstərmək məqsədi ilə Urmiya əhalisini sürətlə silahlandırır və xanlığın
müdafiəsi üçün lazimi tədbirlər görür. O, on beş minlik əfqan ordusu ilə Qəzvin
yaxınlığında düşərgə salmış olan Azad xana müraciət edərək, ona birləşməyi və
Urmiya xanlığına gəlməsini təklif etdi.
Fətəli xan Azad xanla birləşdikdən sonra öz torpaqlarını genişləndirmək və
Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək niyyətinə düşür. O,
ayrı-ayrı feodalların və mahal bəylərinin hüquqlarını məhdudlaşdırmaq yolu ilə öz
dövlətini daha da qüvvətləndirirdi.
Fətəli xan Xoy xanı Şahbaz Dünbüli ilə diplomatik danışıqlar apararaq Xoy
xanlığının Urmiya xanlığı ilə birləşdirməsinə nail ola bildi. Şahbaz xan Dünbülü öz
ailə və xəzinəsini möhkəmləndirilmiş Urmiya qalasına köçürdərək həmin ittifaqa öz
sadiqliyini bildirdi. Hər iki xanlığın silahlı dəstələri birləşərək güclü bir qüvvəyə
çevirildi.
Azad xan sərdarlıq titulu alaraq birləşmiş qüvvələrin baş komandanı təyin edildi.
Bundan sonra Qaracadağlı Kazım xan, Musa xan Əfşar və tabe olmaq istəməyən bir
sıra başqa xanlarla qanlı müharibələr aparıldı. Bütün bu müharibələr Urmiya
xanlığının xeyrinə və onun qələbəsi ilə qurtardı. 1748-ci ildə Marağa, bir az sonra
isə Təbriz şəhəri Urmiya xanlığına tabe edildi. Fətəli xan öz paytaxtını Urmiyadan
Təbrizə köçürtdi. Bu zaman Urmiya xanlığının ixtiyarında on beş min əfqan, on beş
mindən artıq əfşar, Dünbülü ellərindən kürd və başqa tayfalarından ibarət döyüşçü
dəstələri var idi.
Təbrizlə Urmiya xanlığının Fətəli xan Əfşarın hakimiyyəti altında birləşdirilməsi,
Azad xanın öz qoşunları ilə həmin dövlətə qulluq göstərməsi Fətəli xanın daha artıq
qüdrət və nüfuz qazanmasına səbəb oldu. O, qonşu xanlıqları özündən asılı vəziyyətə
salmağa və torpaqlarını daha da genişləndirməyə çalışırdı. Fətəli xan Qaradağ və
Sərab xanlıqlarına qoşun yeridərək özündən asılı vəziyyətə saldı.
Həmin dövrdən etibarən Fətəli xan Azərbaycan və İran torpaqlarına (Səfəvi dövləti
sərhədləri daxilindəki ərazinin) hökmranlıq uğrunda mübarizə aparan Kərim xan
Zənd və Məhəmmədhəsən xan Qacarla rəqabət aparmağa başladı.
Fətəli xan öz məqsədlərini həyata keçirmək üçün Qarabağa, Gürcüstana və İrəvana
elçilər göndərərək birləşmək və ittifaq bağlamağı onlara təklif etdi. Lakin onun
təklifinə bu xanlıqların hakimləri rədd cavabı verdilər. Bununla əlaqədar olaraq,
1751-ci ildə Azad xan böyük ordu ilə İrəvana hərəkət edir.
Qeyd etmək lazımdır ki, Fətəli xanın İrəvana hücumunun səbəblərindən biri də qisas
almaq məqsədi daşıyırdı. Hələ 1748-ci ilin əvvəllərində irəvanlı Mir Mehdi xanın
Urmiyaya qarşı hərbi səfəri olmuşdu. Bu hücum zamanı Fətəli xan məğlub olaraq
Mir Mehdi xana müəyyən güzəştlər getməyə məcbur olmuşdu.
Azad xanın ordusu İrəvan xanlığına hücum edərək onun paytaxtını təhlükə altına
aldı. Ağır vəziyyətə düşən İrəvan xanı gürcü çarı Teymurazdan kömək istədi. Bu
çağırışa cavab olaraq çar Teymuraz başda oğlu II İrakli olmaqla yaxşı silahlandırmış
qoşununu İrəvan xanının köməyinə göndərdi, Azad xanı geri qayıtmağa məcbur etdi
və çoxlu qənimət əldə etməyə nail oldu.
Bundan sonra Fətəli xan bütün ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərərək
ona dərhal hücuma keçməyi əmr etdi. Azad xan Gürcüstana hücüm etdi. Baş verən
döyüşdə hər iki tərəfdən çoxlu adamlar həlak oldu və nəhayət gürcülər ağır
məğlubiyyətə uğrayaraq qaçmağa məcbur oldular. II İrakli Fətəli xanla sazişə
girməyə məcbur oldu.
Bu ittifaqı möhkəmləndirmək üçün İrakli öz bacısını Azad xana ərə verdi. Azad xan
eyni zamanda nüfuzlu gürcü knyazlarından olan Zal və Aslan bəyin iki yüz gürcü
əsgərini Urmiya qoşununun tərkibinə daxil edərək Urmiyaya qayıtdı.
Qeyd etmək lazımdır ki, Azad xan on beş minlik qoşunun olmasından istifadə
edərək, çox vaxtı Fətəli xanla hesablaşmır və istədiyini edirdi. Bu da onunla Fətəli
xan arasında ixtilafın əmələ gəlməsinə səbəb olmuşdur. Gürcu çarı ilə qohum
olduqdan sonra Azad xan Azərbaycanda və İranda hökmranlıq uğrunda müstəqil
fəaliyyət göstərməyə başlayır, lakin 1758-ci ildə Fətəli xan Əfşarla müharibədə
məğlub olaraq Bağdada qaçır.
Fətəli xan 1752-ci ildən 1759-cu ilədək Kərim xan Zənd, Məhəmmədhəsən xan
Qacar və Azad xan Əfşara qarşı mübarizə apardığına görə müvəqqəti olaraq
Azərbaycanın başqa xanlıqlarını özünə tabe etməyə səy göstərməmişdir. O, bu vaxt
həmçinin xanlığın daxili işlərini nizama salır, öz qoşununun sıralarını tamamlayırdı.
Diplomatik yollarla Qarabağ xanlığını tabe etməyə nail olmayan Fətəli xan 1759-cu
ildə böyük ordu ilə Gəncə və Qarabağa hücum etdi.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tarixi sənədlərdə və mövcud olan
ədəbiyyatda Fətəli xan Əfşarın Qarabağa hücumu, onun tarixi haqqında məlumat
çox səthi və yanlışdır. İlk dəfə olaraq Fətəli xanın Qarabağa hücumu haqqında
açıqlamaları və onun dəqiq tarixini tədqiqatçı Dəlili vermişdir. Onun yazdığına görə
Fətəli xan Qarabağ xanlığının ayrı-ayrı mahallarını tutaraq xanlığın paytaxtı Şuşanı
mühasirəyə aldı. Fətəli xan Şuşa qalasına yaxınlaşarkən Pənahəli xandan narazı olan
Talış, Çiləbörd məlikləri və Qarabağ mahallarının başqa bir sıra bəyləri öz silahlı
dəstələri ilə ona qoşuldular.
Şəhər əhalisinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın
qoşunları gündən-günə qalaya doğru irəliləyirdilər. Nəticədə Pənahəli xan zahiri olsa
da sazişə gəlməyə məcbur oldu və dövrün qaydasına uyğun tabeçilik əlaməti olaraq
oğlu İbrahimxəlil ağanı çoxlu qulluqçu və hədiyyələrlə Fətəli xanın yanına girov
göndərdi.
Qarabağda qazanılmış uğurdan sonra Qutqaşenli Hüseyn ağa və Ərəşli Kəlbəli
Sultan Fətəli xanın yanına gələrək tabe olduqlarını bildirdilər. Onlar Fətəli xandan
xanlıq titulu alaraq öz mahallarının hakimləri təyin edildilər. Eyni zamanda Urmiya
xanlığına tabe olmaq istəməyən və Şəki xanlığına meyl edən ərəşli Əli xan Fətəli
xanın əmri ilə öldürüldü və beləliklə Qutqaşen və Ərəş mahalları da Urmiya
xanlığına tabe edildi.
Fətəli xan Əfşarın qonşu xanlıqları özünə tabe etməsi, öz ərazilərini
genişləndirilməsi məqsədini güdsə də, Azərbaycan torpaqlarının müəyyən hissəsinin
birləşdirilməsinə səbəb olurdu ki, bunun da mütərəqqi əhəmiyyəti var idi. Eyni
zamanda bu dövrdə Azərbaycanın müxtəlif xanlıqlarında olduğu kimi Urmiyada da
müxtəlif ictimai qüvvələr (kəndlilər, sənətkarlar, tacirlər, xırda feodallar və
tiyuldarlar) – Azərbaycan torpaqlarının birləşdirilməsi siyasətini yeridir və bu işdə
Urmiya xanlarına yardım edirdilər.
Bütün bunlara baxmayaraq mütərəqqi qüvvələrin fəaliyyəti Azərbaycandakı feodal
dağınıqlığını aradan qaldırmaq üçün kifayət deyildi, çünki böyük və nüfuzlu
feodallar, nüfuzlu bəylər və ali ruhanilərin buna əks olan fəaliyyəti, iqtisadi əsasın
olmaması, natural təsərrüfat və hər şeydən əvvəl beynəlxalq şərait Azərbaycan
torpaqlarının vahid bir dövlət tərkibində birləşməsinə imkan verməzdi.
1760-ci ilin axırlarında Kərim xan Zənd Azərbaycana hücum edir. Ancaq Fətəli
xanın ordusu Kərim xanın ordusunu elə ilk döyüşdə məğlubiyyətə uğratdı. Kərim
xan özü İsfahana qaçdı, ailəsi və xəzinəsinin yerləşdiyi Piri qalası Urmiya qoşunları
tərəfindən mühasirəyə alındı. Bir qədər mühasirədən sonra qala təslim oldu. Zənd
döyüşçülərinin bir çoxu öldürüldü, Fətəli xan Kərim xanın xəzinəsini ələ keçirdi,
ailəsini əsir edib Urmiyaya göndərdi.
Nəhayət, Kərim xan 1762-ci ilin axırlarında Urmiyanı doqquz ay mühasirədə
saxladıqdan sonra ala bildi və şəhərə daxil oldu. O, İmamqulu xan Əfşarı Urmiyaya
xan təyin etdi və təcili İsfahana qayıtdı. Kərim xan Azərbaycanın bir sıra xanlarını,
o cümlədən Fətəli xanı, Qarabağlı Pənahəli xanı və digərlərini də özü ilə apardı.
1759-cu ildən başlayaraq Fətəli xan yenidən xarici siyasətini fəallaşdırır. O, dəfələrlə
qarabağlı Pənahəli xanın yanına elçilər göndərir, onun Urmiya xanlığı ilə ittifaqa
girməsini tələb edir, lakin də rədd cavabı alır.
Fətəli xanın iki oğlu Cahangir xan və Rəşid xan hələ bir az bundan əvvəl İsfahana
sürgün edilmişdi. Bu iki sərkərdədən ehtiyat edən Kərim xan onların İsfahanda
nəzarət altında saxlanılmasını əmr etmişdi. 1764-cü ildə Kərim xanın adamları Fətəli
xanın öz boyun şalını onun boynuna salaraq boğurlar.
Fətəli xanın öldürülməsi və İmamqulu xanın Urmiyanın irsi xanı olması xanlığın
qüdrət və nüfuzunu zəiflətsə də onun müstəqilliyi qaldı.
Fətəli xan Əfşar güclü ordu yarada bilmişdi. Xanın daimi silahlı dəstələri isə qismən
kənd təsərrüfatı işlərindən azad edilmiş muzdlu əsgərlərdən ibarət idilər. Onların
sayı dörd mindən beş minə qədər çatırdı. Urmiya xanlığında olan daimi dəstələr öz
geyim formaları və hərbi intizamı ilə digər xanlıqların hərbi dəstələrindən
fərqlənirdilər. Urmiyadaki daimi silahlı dəstələr piyada, atlı və zəmburəkçi-topçu
dəstələrinə bölünürdü.
Urmiya xanlarının müntəzəm döyüşçü dəstələrinə, daşıdıqları formaya görə «qara-
çuxalılar» adı verilmişdi. Zəmburəkçi-topçu dəstəsinin də özünə məxsus görkəmi və
geyimi var idi.
Qara-çuxa dəstələrinə döyüşçülər çox vaxtlarda yoxsullaşmış bəylərdən, onların
qohumlarından, maaflardan, həvəskarlardan və s. qəbul edilirdi.
Urmiya xanlığındakı silahlı dəstələr Azərbaycanın digər xanlıqlarında, xüsusilə
Türkiyə sərhəddində yerləşən xanlıqlardakı silahlı dəstələr kimi təxminən eyni hərbi
bölgü sisteminə malik idilər.
«Qara-çuxalılar» inzibati bölgüyə görə on, yüz və min nəfərə ayrılırdılar ki, bunları
onbaşı və ya dəstəbaşılar, yüzbaşı və ya sultanlar, minbaşı və ya sərhənglər idarə
edirdi. Min nəfərlik dəstəyə eyni zamanda bir «foc» da deyilirdi. Hər foca bir
sərhəng müavini (yavər), on sultan, çoxlu naib (sultanların müavinləri) və yüz nəfər
onbaşı komandanlıq edirdi. Hər focun özünün piyada, atlı, zəmburəkçi-topçu
dəstələri var idi.
Qeyd etmək lazımdır ki, Urmiya xanlarının silahlı dəstələri təkcə keyfiyyətcə deyil,
həm də kəmiyyət etibari ilə başqa xanlıqlardakı dəstələrdən fərqlənirdi.
1828-ci il Türkmənçay müqaviləsindən sonra Urmiya xanı da İran tərəfində qalan
digər vilayətlərin hakimləri kimi Abbas Mirzə ilə sazişə girməyə məcbur olur.
Maraqlıdır ki, Təbriz, Marağa, Qaracadağ və başqa xanlar şahzadəyə kömək üçün
hər biri bir foc silahlı dəstə göndərdikləri halda, Urmiya hakimləri iki nizami foc
göndərmişdi.
Urmiya xanlığının silahlı dəstələrinin miqdarını və onların döyüş qabiliyyətini
göstərmək üçün aşağıdakı bir faktı misal gətirmək olar. Urmiyalı Fətəli xan Əfşar
Kərim xan Zəndlə apardığı müharibə zamanı ona qarşı 80.000 nəfərlik ordu çıxara
bilmiş və onu İranın cənubunda olan Kuh Gəlüyə qalasına qaçmağa məcbur etmişdi.
Ədəbiyyat:
1.
Tofiq Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi (ali məktəb tələbələri
üçün dərs vəsaiti). Bakı, 2011, 388 s.
2.
Dəlili H.Ə. Azərbaycanın cənub xanlıqları (XVIII əsrin II yarısında). Bakı,
Elm, 1979, 144 s.
Dostları ilə paylaş: |