Strategiyalı oxu nədir?
Strategiyalı oxu ilə bağlı müxtəlif yanaşmalar var. Mütəxəssislərin fikrincə,
strategiyalı oxu mətni dərk edərək, düşünərək oxumaqdır. Onlardan bir qismi düşünür
ki, strategiyalı oxu şagirdə daha məharətlə düşünməyi öyrədir, bir qismi isə strategiyalı
oxunu təlimin əsas məqsədi hesab edir. Yəni bu cür oxu anlamaya, tətbiqə və təhlilə
aparan əsas yoldur. Bununla şagird sürətli düşünmək, sual vermək, əvvəlki biliklərin
əsasında yeni biliklər qazanmaq, fikir mübadiləsi aparmaq, oxuduqlarından nəticə
çıxarmaq və bütün bunlardan həyatda qarşılaşdığı problemlərin həllində istifadə etmək
bacarıqlarına yiyələnir.
Strategiyalı oxuda şagird öz oxu fəaliyyətini özü təşkil və idarə edir. O, verilən
mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problemin həlli kimi görür
və beləliklə, məqsədinə nail olmaq üçün öz fəaliyyətlərini düşünülmüş şəkildə təşkil
edir, yəni öz strategiyasını qurur.
Oxu strategiyasını qurmağı bacaran şagird mətnin oxusundan gözlənilən nəticəni
artıq oxuya başlamazdan əvvəl aydın təsəvvür edə bilir. O, dəqiq bilir:
- Hansı suallar cavablandırılmalıdır?
- Oxu hansı plana əsasən təşkil edilməlidir?
- O, bu haqda artıq nələri bilir?
4
- Səmərəli oxu üçün nələr etmək lazımdır?
Strategiyalı oxu həm də şagirdə öz oxu nəticələrini yoxlamaq və əldə etdiyi
nəticələr üzərində düşünmək imkanı verir. Beləliklə, şagirddə vacib idraki bacarıqlar ̶
əsas ideyanı müəyyən etmək, onları əvvəlki biliklərlə əlaqələndirmək, oxuduğu mətni
başqa mətnlərlə müqayisə etmək, mətndə təsvir olunanları təsəvvüründə canlandırmaq
kimi bacarıqlar formalaşır. Bunları isə təfəkkürün yüksək mərhələsinə ̶ təxəyyülə
doğru atılan addımlar kimi qiymətləndirmək olar. Bununla şagirdlər həm mətni
qavrayır, həm də qavrama prosesinin mərhələlərini strukturlaşdırırlar.
|