eroziya deyilir.
E r o z i y a b a z i s i
Axar sular bir sahədə eroziya, o biri sahədə isə akkumulyasiya işi aparmaqla
tədricən öz yatağının meyilliyini bütün dərə boyunca bərabərləşdirir. Meyillik
bərabərləşdikcə çay yatağının özü də tədricən düzəlməyə və çayın daşıma qüvvəsi
də tənzimləşməyə başlayır.
Çayda axan su səthinin uzununa profili hamar olsa da, çay yatağı dibinin profili
axımın turbulent xarakter daşımasından, yatağın bəzi sahələrində müşahidə
edilən köndələn axının təsirindən və başqa səbəblərdən asılı olaraq çox mürəkkəb
quruluşa malikdir.
Çayın uzununa profilinin hipsometrik cəhətdən ən alçaq yerinə eroziya bazisi
deyilir. Meyillik, eroziya bazisindən aşağıdakı dəyişilmir və çay öz eroziya
qabiliyyətini itirir. Eroziya bazisi tamamilə müxtəlif xarakterli olub, bir çayın başqa
bir çaya töküldüyü, yaxud çayın gölə və dünya okeanının hər hansı bir dənizinə
töküldüyü yerə müvafiq gələ bilər. Dünya okeanı və onun ayrı-ayrı hissələrini təşkil
edən dənizlərin səviyyəsi əsas, mütləq və ümumi eroziya bazisi adlanır, onların
yüksəkliyi daimi bir yüksəklik kimi qəbul olunur. Lakin qeyd etmək lazımdır ki,
uzun geoloji dövr ərzində dünya okeanının səviyyəsi iqlimin dəyişməsi nəticəsində
və tektonik səbəblərdəən asılı olaraq dəyişə bilər.
Ümumi eroziya bazisindən əlavə hər bir çayın hövzəsində yerli eroziya bazisi
də var. Yerli eroziya bazisi bir çayın başqa bir çaya, yaxud çay yatağı boyunca
yerləşmiş gölə töküldüyü yerlər ola bilər. Yerli eroziya bazisi müvəqqəti xarakter
daşıyır. Onun səviyyəsi vaxt keçdikcə eroziya və akkumulyasiya proseslərinin
inkişafı nəticəsində dəyişə bilər.
Yerli eroziya bazisi, çay yatağında səthə çıxan möhkəm süxurlar, çay dərəsini
köndələninə kəsib keçən və qalxmaqda olan cavan antiklinal qırışıqların yerləşdiyi
sahə də ola bilər. Beləliklə, çayın yatağı boyunca bir neçə yerli eroziya bazisi olur.
Adətən, yerli eroziya bazisindən yuxarıda akkumulyasiya, aşağıda isə eroziya
prosesləri maneəni kəsib akkumulyasiya sahəsinə çatır və burada akkumulyasiyanın
eroziya ilə əvəz olunmasına səbəb olur.
Çayın eroziya bazisinin mənsəbdən yuxarıda, yaxud aşağıda yerləşməsi çay
suyunun miqdarından, axım sürətindən və həmçinin sahil zonanın tektonik
rejimindən asılıdır.
Yuxarıda qeyd olunduğu kimi, çay bir sahədə eroziya, o biri sahədə isə
akkumulyasiya fəaliyyətində olduğu üçün öz yatağının uzununa profilini bütün dərə
boyunca tədricən düzəltməyə və qırıntı məhsullarını daşımaq qabiliyyətini
tənzimləməyə çalışır. Əgər çay buna nail olarsa, əmələ gələn uzununa profil normal,
yaxud da tənzimlənmiş profil adlanır. Əslində isə təbiətdə normal profilə təsadüf
edilmir.
Çay dərəsində və hövzəsində iqlimin, tektonikanın, süxurların litoloji tərkibinin
və s. daima dəyişkənliyi ilə əlaqədar olaraq yatağın uzununa profili də müvafiq
dəyişikliklərə uğrayır. Ona görə də normal profil geomorfoloji ədəbiyyatda yalnız
nəzəri bir anlayış olaraq qalır.
İqlimin, tektonik hərəkətlər nəticəsində çay hövzəsi hipsometrik səviyyəsinin,
maye və sülb axımının, eroziya bazisi və ərazinin meyilliyinin daima dəyişməsi
reqressiv eroziya və qovuşmalara səbəb olur ki, bu da uzununa profilə təsir edir. Ona
görə də çayların uzununa profili, adətən, rəvan olmur. Bir yerdə yatağın meyli çox,
başqa yerdə isə az olur.
Bəzi müəlliflər hamarlanmış və rəvan uzununa profili (normal profili) çayın son
profili kimi qəbul edərək, onun yaranmasından sonra çayın eroziya qabiliyyətini
tamamilə itirməsini söyləyirlər. Əslində isə normal profil yaransa da çay ağırlıq
qüvvəsinin təsiri ilə axmaqda davam edə bilər və buna görə də müəyyən dərəcədə
eroziya fəaliyyətində olar.
Çayın profilinin inkişafını üç mərhələyə ayırmaq olar: 1)hamarlanmamış profil,
2) hamarlanmış profil (normal profil), 3) son profil
Çayların uzununa profilinin formalaşmasında əsas rol oynayan amillərdən biri
də eroziya bazisi səviyyəsinin dəyişməsidir. Geomorfologiya elminin bu vacib
məsələsi indiyə kimi mübahisəli qalır. Əvvəllər belə təsəvvür edilirdi ki, eroziya
bazisi səviyyəsinin açağı düşməsi çayın öz mənsəbindən başlayaraq dərininə
kəsilməsinə və bu prosesin tədricən axın yuxarı yayılmasına səbəb olur. Lakin
dərininə kəsilmənin kəmiyyəti çay yuxarı getdikcə azalır. Bu nəzəriyyə
söylənilərkən yerli eroziya bazisi, çayların yataqlarında üzə çıxan möhkəm
süxurların rolu nəzərə alınmamışdır. Əslində isə möhkəm süxurlar axın yuxarı
yayılmaqda olan dərinlik eroziyasını, çayın mənsəbində tamamilə əks rejimin
yarandığı dövrə qədər ləngidə bilər, yaxud da tektonik hərəkətlər bu dövr
müddətində uzununa profili formalaşdıran proseslərin tamamilə başqa istiqamətdə
hərəkət etməsinə səbəb olar.
N.N. Makkoveyevin fikrincə, eroziya bazisinin dəyişməsi ilə dərinlik eroziyası
arasında birbaşa əlaqə yoxdur. Onun fikrincə eroziya bazisinin aşağı düşməsi o vaxt
dərinlik eroziyası ilə nəticələnir ki, dəniz və göl suyunun altından çıxmış ərazinin
ümumi meyli çayın orta axımındakı meylindən 2-3 dəfə artıq olsun. Əgər meyl
bundan az olarsa, dərinlik eroziyası yalnız mənsəbə yaxın olan sahədə yayılmaqla
məhdudlaşır.
Eroziya bazisinin qalxmasının çayın uzununa profilinə təsiri məsələsi daha
mürəkkəbdir. Bu da tamamilə bir-birinin əksi olan nəzəriyyələrin meydana
çıxmasına səbəb olmuşdur. Eroziya bazisinin qalxması iki səbəbdən ola bilər: 1)
çayın töküldüyü su hövzəsi səviyyəsinin qalxması, 2) bütün çay hövzəsinin eyni
vaxtda və eyni dərəcədə çökməsi.
K.K.Markov göstərir ki, eroziya bazisinin qalxması ilə əlaqədar olaraq çayın
uzununa profilinin formalaşmasından meydana çıxan dəyişikliklər onun yuxarı
axınınadək çatmır. Eroziya bazisinin qalxmasının dağ çaylarına təsiri düzənlik
çaylarına nisbətən daha azdır.
İ.S.Şukin göstərilən müəlliflərdən fərqli olaraq qeyd edir ki, çay suları bütün
çay boyunca dinamik cəhətdən müvazinətləşmiş vahid bir sistem təşkil etdiyindən
onun hər hansı bir sahəsində baş verən hadisə başqa sahələrdə də öz təsirini
göstərməkdədir. Çayın yatımı və axımın sürəti nə qədər zəif olsa, bir o qədər bu təsir
böyük olacaqdır.
Eroziya bazisinin qalxması çayın aşağılarında akkumulyasiya proseslərinin
güclənməsinə və bu proseslərin tədricən axın yuxarı qalxmasına
səbəb olur.
Dostları ilə paylaş: |