p r o l ü v i u m adlanır. Bu çöküntülər relyefdə, adətən, gətirmə konusları, yaxud
da dağətəyi şleyflər əmələ gətirir. Allüvial çöküntülər prolüvial çöküntülərdən
onunla fərqlənir ki, prolüvial çöküntülərdə qranulometrik və laylaşma cəhətdən pis
çeşidləşmə gedir. Qeyd etmək lazımdır ki, prolüvial çöküntülərdə çeşidləşmə üfüqi
istiqamətdə müşahidə edilir. Konusların zirvələrinə yaxın sahələrdə ən iri qırıntılar,
kənarlara getdikcə xırda məhsullar, lap kənarlarda isə gillicə çökür. Relyefin inkişaf
tarixində ərazinin tektonik hərəkətləri rejiminin dəyişməsilə əlaqədar olaraq,
konusların zirvəsi gah dağlara doğru soxulur, gah da dağ ətəklərindən uzaqlaşır.
Buna görə də konusların çöküntülərində təbəqələşmə izləri müşahidə edilir.
Konusların zirvələri dağlara soxulduğu dövrdə daha iri məhsulların xırda
məhsullarla, dağların uzaqlaşdığı dövrdə isə xırda məhsulların iri məhsullarla
örtülməsi müşahidə edilir.
Eroziya və akkumulyasiya prosesləri, zaman və məkan cəhətcə bir-birini əvəz
edir. Ona görə yer üzərində elə bir geomorfoloji kompleks tapmaq olmaz ki, orada
bu proseslərdən biri inkişaf etmiş olsun. Lakin bəzi yerdə eroziya, bəzisində isə
akkumulyasiya prosesləri üstünlük təşkil edir. Dağlıq ölkələrdə eroziya prosesləri və
erozion relyef formaları geniş yayılmışdır. Lakin burada akkumulyasiya proseslərinə
və akkumulyativ relyef formalarına (allüvial terras, gətirmə konusları və s.) təsadüf
edilir. Əgər axar sular dağlardan və yüksəkliklərdən yuyub gətirdiyi qırıntı
məhsullarını bütünlüklə quruda çökdürsəydi, yer üzərində akkumulyativ relyef
formaları üstünlük təşkil edərdi. Əslində isə bu qırıntı məhsullarının çox hissəsi
çaylar vasitəsilə okean və dənizlərə aparılaraq, çökmə süxurları əmələ gətirir. Ona
görə də quruda erozion relyef formaları daha geniş yayılıb.
Bitki örtüyü zəif, süxurlar isə aşınmaya davamsız olduqda, çoxlu qırıntı
məhsulu toplanır. Əgər yamaclar dik olarsa, yağışlar leysan xarakteri və qar örtüyü
intensiv surətdə əriməyə başlayırsa toplanmış qırıntı məhsulları və palçıqlı-daşlı
axınların yaranmasına səbəb olur. Kənd təsərrüfatında yamaclardan düzgün istifadə
edilməsi və bitki örtüyünün məhv edilməsi bu hadisələr daha da qüvvətləndirir. Bu
axınlar ümumi yarğan və dərələrdə birləşərək sel, sil, mur adları ilə məşhur olan
axınlar əmələ gətirir.
Dostları ilə paylaş: |