R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
03 sentyabr 2010-cu il
Bakı, Azərbaycan
-
SEÇKİQABAĞI TƏŞVİQAT DÖVRÜNDƏ MEDİANIN FƏALİYYƏTİ İLƏ BAĞLI TƏKLİFLƏR İRƏLİ SÜRÜLÜB
-
VİDADİ İSGƏNDƏROVA QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB
SEÇKİQABAĞI TƏŞVİQAT DÖVRÜNDƏ MEDİANIN FƏALİYYƏTİ İLƏ BAĞLI TƏKLİFLƏR İRƏLİ SÜRÜLÜB
Bu gün (03 sentyabr) RATİ-nin mətbuat mərkəzində seçkiqabağı təşviqatla bağlı medianın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericilik təkliflərinin təqdimatı keçirilib.
Tədbiri açan RATİ-nin sədri Emin Hüseynov təkliflərin Avropa Komissiyasının maliyyələşdirdiyi “Azad dalğalar” layihəsi çərçivəsində Media Hüququ İnstitutu (MHİ) tərəfindən hazırlandığını bildirdi. Hüseynov bu təkliflərlə yanaşı RATİ tərəfindən də müəyyən təkliflərin olduğunu və onların da bu təkliflər siyahısına daxil edilərək müvafiq qurumlara göndəriləcəyini əlavə etdi. O, RATİ-nin təklif etdiyi təkliflər barədə ətraflı məlumat verərək, onların zərurətinə toxunmuşdur.
MHİ-nin layihə koordinatoru Xalid Ağaliyev hazırlanan təkliflər barədə ümumi məlumat verdi və onların əhəmiyyətinə toxundu. Ağaliyevin sözlərinə görə, bu təkliflər hazırlanarkən Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin tələbləri və digər ölkələrdə mövcud olan praktika öyrənilib. MHİ-nin nümayəndəsi bu təkliflərin Avropa Şurasının Nazirlər Komitəsinin Kütləvi İnformasiya Vasitələrinin Seçki Kampaniyalarını İşıqlandırma Qaydalarına Dair 15 nömrəli Tövsiyələri əsasında irəli sürüldüyünü vurğuladı.
Tədbir zamanı MHİ və RATİ tərəfindən hazırlanan təkliflər aşağıdakılardır:
Seçkiqabağı təşviqat müddəti ilə bağlı
Seçki qanunvericiliyinə edilən son dəyişikliklərə görə, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Demokratiya yoluna yeni qədəm qoyan ölkələrdə ictimai fəallığı oyatmaq, iddialılıarın öz proqramlarını topluma bildirmələrinə daha əlverişli ortam yaratmaq üçün təbliğat müddətinin daha uzun zaman kəsimini əhatə etməsi əlverişlidir. Həm də müddətlə bağlı məqamların qanunvericilik çərçivəsində aydın təsbit olunmasına ciddi ehtiyac var. Belə çərçivələr ən azı minimum demokratik seçkilərin keçirilməsinə şərait yaradır. Daha uyğun olardı ki, seçkiqabağı təbliğata seçki günündən 45 gün öncədən start verilsin.
Çap və elektron mediaya yönəlik tələblər
Medianın seçki kampaniyalarını ədalət, balans və qərəzsizlik prinsiplərinə sayğı ilə işıqlandırması, həmin prinsiplərin təmin olunması qanunvericilikdə dəqiq əksini tapmalıdır. Elektron media ilə müqayisədə çap mediası bəzən aydın siyasi yönümü ilə seçilə bilir. Çap mediası öz auditoriyası və ona olan təsir gücünün nisbəti baxımından da elektron mediadan ciddi fərqlənir. Çap mediasının fəaliyyəti qanunvericilik çərçivəsinə salınır, onlara hakimiyyət qurumları nəzarət edir, bu üzdən onların müxtəlif siyasi baxışları əks etdirmək öhdəliyi olmalıdır.
Çap mediasında ödənişli reklamın qəbul edilib-edilməməsinə rəqabəti ümumi, bərabər qaydalar əsasında təşkil etmək şərtilə çap mediası quruluşunun özü qərar verməlidir. Hökumət qurumlarına məxsus qəzetlər bütün siyasi qüvvələrə bərabər yanaşmalı, ayrı-seçkiliyə yol açan tariflər tətbiq etməməlidir.
Elektron medianın ədalətli seçkilərə xidmət etməsi təmin olunmalıdır. Qanunvericilik elektron mediada plüralist fikirlərin ifadəsinə dəstək verərək onlara şərait yaratmalıdır. Qanunvericilik teleradionun plüralist yanaşmanı hədəf götürərək siyasi spektrin bütün çalarlarını əks etdirməsini, seçicilərin bol məlumat əldə etməsini təmin etməlidir. Elektron media iddialılara balanslı yanaşmalı – bütün önəmli fikir və mövqeləri çatdırmalıdır.
Seçkilərin ədalətli, balanslı və qərəzsiz işıqlandırılması vəzifəsi yalnız dövlətə aid olan elektron media quruluşlarının üzərinə qoyulmamalıdır. Vəzifəsi ictimai mənafeyə xidmət etmək, xüsusən seçkilər dönəmində fərqli baxışlara yer ayırmaq olan dövlətdən maliyyələşən elektron media quruluşları seçkiləri işıqlandırarkən siyasi spektri tam və qərəzsiz göstərməyə təminat verməlidir.
Seçkilər zamanı ictimai rəyin formalaşmasında önəmli rol oynayan özəl elektron medianın qərəzsizlik prinsipinə əməl etməsi də təmin edilməlidir.
Ədalətli və qərəzsiz yayıma həm xəbər buraxılışlarında, həm də günün problemlərinə aid veriliş və diskussiyalarda əməl olunmalıdır. Çünki bəzi insanlar öz seçimlərini həmin proqramlara söykənərək edirlər. Diskussiyalar, müsahibə və debatlar mühüm əhəmiyyət daşımaqla topluma namizədləri müqayisə etmək imkanı yaradır.
Seçki kampaniyaların işıqlandırılması dönəmində yüksək vəzifə tutan hökumət məmurlarının xidməti funksiyalarının xəbərlərdə işıqlandırılması, beləliklə onların əlavə üstünlük qazanması problemlər yarada bilər. Belə situasiyalarda medianın məqsədi əlavə üstünlük verməmək olmalıdır. Bunu digər iddialı partiya və ya namizədlərin xeyrinə əks tədbirlər görülməsi ilə etmək olar.
Azərbaycanda keçirilən son seçki -2009-cu il bələdiyyə seçkiləri dövründə yalnız 3 telekanal ödənişli efir vaxtı ayırmış və bununla bağlı MSK-ya müraciət etmişdi. Nəticədə ölkədə fəaliyyət göstərən ümumrespublika və regional telekanallar özlərini faktiki olaraq seçki prosesindən kənarda qoyaraq, seçki kimi əhəmiyyətli prosesə biganəlik nümayiş etdirmişdilər. Bütün telekanalların (təsərrüfat subyektliliyi formasından asılı olmayaraq) icbari qaydada ödənişli seçki təşviqatı üçün efir vaxtı ayırması və həmin efir vaxtı üçün öz qiymətlərini təklif etməsi MSK tərəfindən təmin edilməlidir. Eyni zamanda milli tezlikdə yayımlanan hər bir özəl (ümumrespublika və regional) telekanal həftə ərzində ən azı 2 saat ödənişli təşviqata vaxt ayırmalıdır.
Dövri nəşrlərdə ödənişsiz yer ayrılması və ödənişsiz efir vaxtı
Hökumətin təsisçisi olduğu bütün dövri nəşrlərin iddialı siyasi qüvvələrə bərabər əsaslarla pulsuz yer ayırması təmin olunmalıdır.
Ödənişsiz efir vaxtının ən önəmli cəhəti seçki kampaniyalarının işıqlandırılmasında medianın yol verə biləcəyi ədalətsizlik və qərəzsizlik riskini kompensasiya etmək imkanıdır. Ödənişsiz efir vaxtları medianın heç bir rolu olmadan iddialılarla seçicilərin birbaşa əlaqə vasitəsi rolunu oynamalıdır.
Mövcud qanunvericiliyin cızdığı çərçivəyə görə, ödənişsiz efir hər həftə üçün (cəmi 3 həftə) 3 saat olaraq müəyyən edilib. Həmin müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində televiziya ilə radio arasında bərabər bölünür.
Ödənişsiz efir hər həftə üçün 12 saatadək artırılmalıdır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin hər həftə 6 saatlıq ödənişsiz efir vaxtı ayırması təmin olunmalıdır.
Qanunvericiliyin AzTV-nin ödənişsiz efirə cəlb edilməməsini nəzərdə tutan müddəaları ləğv edilməli, yerdə qalan 6 saatlıq ödənişsiz efir vaxtı AzTV-nin hesabına təmin edilməlidir.
“Reklam haqqında” Qanuna müvafiq əlavələr edilməlidr ki, ən azından seçki təşviqatı dövründə ödənişsiz siyasi təşviqat və siyasi reklamlar bu qanunla tənzimlənməsin. Çünki “Reklam haqqında” Qanuna əsasən, 1 saat ərzində 12 dəqiqdən artıq reklam vermək qadağandır. Bu isə nəticə etibarilə telekanallar tərəfindən sui-istifadə hallarına gətirib çıxaracaq ki, onlar bu 12 dəqiqəni siyasi reklamlara deyil, kommersiya reklamlarına ayıracaq.
Ödənişsiz efir vaxtından istifadə ilə bağlı
Mövcud təcrübəyə görə, siyasi qüvvələr üçün ayrılmış ödənişsiz efir vaxtından istifadə formasını efir vaxtını ayıran qurum müəyyən edir. Efir vaxtı bir qayda olaraq debatlara həsr edilir. Bu təcrübə Avropa Şurasının müəyyən etdiyi ölçülərin işığında yenidən işlənib dəyişdirilməlidir. Ödənişsiz efir vaxtından istifadə zamanı media quruluşunun heç bir rolu olmamalıdır. Ödənişsiz efir vaxtının iddialılar arasında bölünməsi təmin olunmalı, hər iddialının ona ayrılmış vaxtdan hansı formada istifadəsi onların öz seçimlərinə buraxılmalıdır.
Ödənişsiz efir imkanından istifadə vaxtı
Mövcud təcrübəyə görə, iddialı siyasi qüvvələrin ödənişsiz efirdən istifadə vaxtı olaraq saat 19:00 müəyyən edilib. İddialılara zamanın seçilməsində sərbəstlik verilməlidir. Ödənişsiz efirdən istifadə vaxtı olaraq saat 20:00-22:00 aralığının seçilməsi daha geniş seçici kütləsinin izləməsi imkanları nəzərə alındıqda daha uyğun olardı.
Ədalətli, balanslı və qərəzsiz təşviqata nəzarət
Qanunvericiliyə görə, seçki kampaniyalarında təşviqata seçki komissiyaları tərkibində yaradılmış Mətbuat Qrupu nəzarət edir. Qrup jurnalistlərdən ibarət tərkibdə formalaşdırılır. Mətbuat Qrupunun seçkiqabağı təşviqat qaydaları pozulduqda təqdimatla hüquq mühafizə qurumlarına, məhkəmə və müvafiq icra hakimiyyəti qurumlarına təqdimat vermək hüququ var.
Nəzarət mexanizminin daha effektiv işləməsini təmin etmək məqsədilə Media Qrupunun yaradılması daha uyğundur. Bu qrup yalnız jurnalistlərdən ibarət tərkibdə formalaşdırılmamalı, təbliğat texnologiyalarına bələd olan mütəxəssislərin təmsilçiliyi təmin olunmalıdır. Qrup yalnız mətbuata nəzarət etməməli, ümumilikdə seçki kampaniyalarının mediada ədalətli, balanslı, qərəzsiz işıqlandırılmasını diqqətdə saxlamalıdır.
Seçki kampaniyalarının mediada işıqlandırılmasında ədalət, balans, qərəzsizlik prinsiplərinə əməl olunmasına fayda vermək üçün Milli Teleradio Şurasına əlavə səlahiyyətlə verilməsi təmin olunmalıdır.
Video: http://obyektiv.tv/index.php?option=com_jomtube&view=video&id=469&Itemid=33&lang=az
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,599/lang,az/
VİDADİ İSGƏNDƏROVA QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB
Bu gün (03 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi. Bu günkü prosesdə tərəflərin son çıxışları dinlənilməli olduğu halda, hakim cavabdeh Vidadi İsgəndərovun xahişini nəzərə olaraq, onun gətirdiyi şahidlərin dindirilməsinə icazə verdi.
Qüdrət Zülfüqarov bildirdi ki, Göyçay polislərinin ondan rüşvət almasını təsdiq edib və əlavə edib ki, bu barədə keçirilən tədbirdə də məlumat verib.
Digər şahid Namiq Əliyev də onun dediklərini təsdiqlədi və vurğuladı ki, Vüqar Həşimov Q. Zülfüqarovu saxlayan zaman biz Rüfət İbayevə 3000 manat pul vermişik.
Xüsusi ittihamçıların vəkili Əlirza Əbilov bildirdi ki, istintaq təzələndiyi və yeni şahidlər dindirildiyi üçün o çıxış üçün yenidən hazırlaşmalıdır və bunun üçün vaxt verməsini hakimdən xahiş etdi.
Təqsirləndirilən şəxs Vidadi İsgəndərov bunu süni vaxt uzadılması olduğunu deyərək etiraz etsə də, hakim vəkilin xahişini nəzərə alaraq prosesi 16 sentyabr saat 15:30-a təyin etdi.
Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Yol Polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.
Foto : http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,600/lang,az/
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |