Press-reliZ 25 iyun 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 27,94 Kb.
tarix05.07.2018
ölçüsü27,94 Kb.
#55800

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
25 iyun 2009-cu il

Bakı, Azərbaycan



  • MEDİA HÜQUQU İNSTİTUTU OFİSİNDƏN ÇIXARILIR

  • AZAY QULİYEV VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

  • AZƏR ƏHMƏDOVUN İDDİASI TƏMİN OLUNMAYIB

  • MTRŞ-YƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • YENİ MÜSAVAT” QƏZETİNİN MÜXBİRİ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

  • EYNULLA FƏTULLAYEV İNGİLTƏRƏNİN VOKİNQ ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI SEÇİLİB

  • JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB


MEDİA HÜQUQU İNSTİTUTU OFİSİNDƏN ÇIXARILIR

 

     Media Hüququ İnstitutu (MHİ) Bakı şəhəri  Kaveroçkin küçəsində icarəyə götürdüyü ofisindən vaxtından əvvəl çıxarılır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nun rəhbəri Rəşid Hacılı məlumat verib.



Onun sözlərinə qörə mənzilin icarə müqaviləsinin uzunmüddətli olmasına baxmayaraq, ev sahibi təcili olaraq çıxmağımızı tələb edir. Hacılının əldə etdiyi məlumtaləyə əsasən müqavləni pozmaq ücün ev sahibinə  müəyyən dövlət qurumları tərəfindən təzyiq edildilib.    Yaranmış vəziyyətlə əlaqədar MHİ yeni ofisə köçməyi planlaşdırır.

AZAY QULİYEV VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün (25 iyun) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri və digər QHT nümayəndələri ilə “Park İNN” otelində görüş keçirib. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı aparılan müzakirədə VCMK üzvləri təkliflərlə çıxış ediblər. Sözügedən Qanuna dəyişikliklər layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək iclasının gündəliyindən çıxarılması, məsələ ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevlə görüşün təşkil olunması, mövcud Qanunun liberallaşdırılması və s. təkliflər irəli sürülüb.

Azay Quliyev bildirdi ki, təklif edilən Qanun dəyişikliyi ilə əlaqədar sədri olduğu QHT-lərə Dövlət Dəstəyi Şurası da yeni təklif paketi təqdim edib. O, tədbirdə verilən təklifləri Milli Məclis və digər aiddiyəti qurumlarda səsləndirəcəyinə də söz verdi.

Photo:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,272/lang,az/


AZƏR ƏHMƏDOVUN İDDİASI TƏMİN OLUNMAYIB
Dünən (24 iyun) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun Milli Təhlükəsizlik Nazirliyinə, (MTN) Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı məlumat verib.

Vəkil bildirdi ki, hakim A.Hüseynov iddianı əsassız hesab edərək, qəbul olunmaması barədə qətnamə çıxarıb. F.Namazlı onu da vurğuladı ki, qərardan apellyasiya şikayəti veriləcək.

            Qeyd edək ki, iddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A.Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A.Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir.
MTRŞ-YƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Dünən (24 iyun) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” (SGHM) ictimai birliyinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) SGHM-in prezidenti Elçin Məmmədli məlumat verib.

Prosesdə iddiaçı SGHM-in prezidenti Elçin Məmmədli və onun səlahiyyətli nümayəndəsi Müşfiq Abdullayev, cavabdeh tərəfdən isə MTRŞ-nin hüquq və lisenziya şöbəsinin müdiri Nemət Cavadov iştirak edib.

MNRŞ-nin nümayəndəsi N.Cavadov iddiaya etiraz edib və iddia əsassız olduğu üçün işə xitam verilməsi barədə vəsatət qaldırıb. İddiaçı E.Məmmədli iddiasının əsaslı olduğu barədə hakimə izah verib.

Hakim M.Bayramov növbəti məhkəmə prosesini 29 iyun saat 15.00-a təyin edib.

Xatırladaq ki, SGHM Sumqayıt şəhərində yeni telekanalın açılması təşəbbüsü ilə 2009-cu ilin yanvar ayında MTRŞ-na müraciət edib və rədd cavabı aldığı üçün “lisenziya verilməməsinin qanunsuz hesab olunması” iddiası ilə məhkəməyə müraciət edib.
YENİ MÜSAVAT” QƏZETİNİN MÜXBİRİ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB
İyunun ayının 23-də naməlum şəxslər gecə saat 22.00 radələrində “Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Məmmədlinin evinə gələrək ona mənəvi təzyiq ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən E.Məmmədlinin bildirdiyinə görə, həmin vaxt yaxınlıqda yaşayan anasının evində olub.

“Həyat yoldaşım zəng edərək, naməlum şəxslərin məni axtardığını dedi. Dərhal evə qayıtdım və yolda təhlükəsizlik tədbiri kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bu barədə məlumat verdim. Həyətdə dörd nəfər naməlum şəxsi vardı. Özünü Nizami Məmmədov kimi təqdim edən şəxs bildirdi ki, VAZ 2109 markalı avtomobilin sahibi yol polisi olan əmisi oğlu Samir Məmmədovla mübahisə edib və özünü jurnalist kimi təqdim etdikdən sonra hadisə yerindən uzaqlaşıb. N.Məmmədov dedi ki, əmisi oğlu ona həmin jurnalistin kimliyini araşdırmağı tapşırıb və mənim də eyni markalı avtomobilim olduğundan evimə gəlib maraqlanıblar” – deyən E.Məmmədli vurğuladı ki, yol polisləri ilə heç vaxt mübahisə etmədiyini dedikdən sonra, onlar onu yox, Eldar adlı jurnalisti axtardıqlarını deyiblər və üzr istəyərək çıxıb gediblər.

E.Məmmədli 102 xidmətinə etdiyi zənglə bağlı dünən (24 iyun) Abşeron rayon Polis İdarəsinə çağırılaraq, hadisə ilə əlaqədar olaraq dindirildiyini və bu barədə qanuni tədbirlər görülməsini xahiş etdiyini bildirdi.
EYNULLA FƏTULLAYEV İNGİLTƏRƏNİN VOKİNQ ŞƏHƏRİNİN FƏXRİ VƏTƏNDAŞI SEÇİLİB

Dünən (24 iyun) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur. Emin Fətullayev onu da bildirib ki, Eynulla Fətullayev İngiltərənin Vokinq şəhərinin fəxri vətəndaşı seçilib. Vokinq şəhərinin meri Tina Liddinqtonun “Şamlar hələ yanır” kampaniyası çərçivəsində jurnalistə ünvanladığı açıqcada bildirilir: “ Əziz Eynulla! Ümidinizi itirməyin, mən sizin haqqınızda düşünürəm”

Emin Fətullayev onu da əlavə edib ki, son 15 gün ərzində Eynulla Hollandiya, Kanada, Böyük Britaniya, İsveç və digər ölkələrdən məktublar, açıqcalar alıb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il, 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il, oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.


JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB
Dünən (24 iyun) Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Vətəndaşların əmək hüquqlarının qorunmasına dəstək” adlı layihə çərçivəsində dəyirmi masa keçirilib.

Layihənin direktoru, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin əsas məqsədi vətəndaşların müəssisələrdə rastlaşdıqları əmək mübahisələrinin tipik səbəblərini araşdırmaq, problemlərin həllində onlara yardımçı olmaq və gələcəkdə bu kimi halların baş verməməsinə nail olmaqdan ibarətdir.

“JuHİ həyata keçirdiyi bu proqram ölkə vətəndaşlarına əmək hüquqlarının qorunması yollarını öyrənməyə kömək etməkdən, vətəndaşlara əmək hüquqları pozulan zaman üz tutmalı olduqları ünvanı göstərməkdən, əməyin qorunmasına cavabdeh olan dövlət qurumları (və digər orqanlar) ilə əmək hüququ pozulan vətəndaşlar arasında canlı debatlar yaratmaqdan ibarətdir”.

Dəyirmi Masada Dövlət Əmək Müfəttişliyinin məsul əməkdaşı Tahir Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Azər Quliyev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fəxrəddin Mehdiyev, Həmkarlar ittifaqı qurucularından Akif Cabbarlı, həmçinin, əmək mübahisəsi ilə rastlaşmış vətəndaşlar, QHT və KİV təmsilçilərin iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.



MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 27,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin