Publisistik düşüncələr
Xainlər və xəyanətkarlar
Akif ƏLİ,
Fəlsəfə doktoru,
yazıçı-publisist.
------------------------
Müasir dövrdə baş verən böyük dəyişikliklər, texniki tərəqqi, kosmik sənayenin gur inkişafı, beynəlxalq aviasiya əlaqələri, irimiqyaslı texnoloji proseslər, iqtisadiyyatda sürətlə gedən yeniliklər, informasiya-komunikasiya sahəsində inqilabi sıçrayışlar, hadisələr haqqında məlumatların anında bütün planetə yayılması, internetdə sosial şəbəkələrin fəaliyyəti, mobil tele-qurğuların geniş tətbiqi... Bütün bunlar qloballaşma erasının səciyyəvi xüsusiyyətlər kimi müasir dünyanın yeni orijinal mənzərəsini yaradır, ölkələri və xalqları ümumi birlik, bütövlük, əməkdaşlıq atmosferinə daxil edir. Təbii ki, bu proses uzaq perspektivdə etnik fərqlərin, milli özünəməxsusluğun, özəl xüsusiyyətlərin tədricən aradan qaldırılmasına və insanların kütləvi kamilləşməsinə, planetin oxşar görüntülü, identik toplum şəklində transformasiyasına aparır.
Demokratik əsaslarla dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan müstəqil Azərbaycan Respublikası da dünyada gedən proseslərdən təcrid olunub geridə qalmır; iqtisadi-siyasi, humanitar-mədəni, kommunikativ-texnoloji istiqamətlərdə inteqrasiya aydın görünür. Dünyanın ən qabaqcıl texnologiyalarının respublikamıza gətirilməsi, iqtisadi tərəqqi, mühüm beynəlxalq qurumlarda üzvlük, müxtəlif ölkələrdə keçirilən iri tədbirlərdə fəal iştirak, ölkəmizdə hər il qlobal forumların, yarışların, müsabiqələrin keçirilməsi, iqtisadi, siyasi, hüquqi islahatlar, informasiya-kommunikasiya yeniliklərinin tətbiqində dünya standartlarına uyğunlaşma... Bütün bunlar müasir Azərbaycanın mənzərəsini təşkil edir və hətta dünyada gedən mütərəqqi proseslərə adekvat adaptasiya baxımından regionda öncül nümunədir.
***
Müasir dünyanın idarə olunmasında vacib rıçaqlardan biri də hüquqi bazanın yaradılmasıdır. Humanizm prinsiplərinin prioritet təşkil etməsi, yəni insan haqlarının qorunması, hüququn aliliyi, o cümlədən beynəlxalq hüququn üstünlüyü prinsiplərinin gözlənilməsi və bu prinsiplərə riayət - ümumbəşəri nizamın dayanıqlı olması, tərəqqinin davamlılığının təmin edilməsi üçün zəruri və məqbuldur.
Hər bir ölkə cəmiyyətdaxili qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanuna əməl etmək vərdişinin aşılanmasına yönəlik hüquqi mədəniyyət vərdişləri yaratmağa çalışır. İnsanların şüuruna qanunun aliliyinə hörmət aşılamaq məqsədilə hüquqi maarifçiliyin aparılması, hüquq qaydalarının mütəmadi təbliği - hüquqi mədəniyyətin yüksəlişinə xidmət edən amillərdir. Hüquqa əməl etmək - hər bir hakimiyyətin obyektivliyinin, ağıllı siyasətinin göstəricisidir. Hüquqi mədəniyyət hər kəsdən tələb edir ki, yaşadığı cəmiyyətdə qəbul olunmuş qanunları həm bilsin, həm onlara hörmətlə yanaşsın, həm də qeyd-şərtsiz əməl etsin. Çünki yurdda bu cür tələblərin qorunması eyni zamanda beynəlxalq müstəvidə, dövlətlərarası münasibətlərə də öz təsirini göstərəcəkdir. Təhlükəsizlik baxımından beynəlxalq hüquqa riayət hətta daha çox punktuallıq tələb edir. Çünki beynəlxalq sabitlik və əmin-amanlıq ünsiyyətdə olan hər bir dövlətin hüquqi mədəniyyətinin səviyyəsindən, bu mədəniyyətin vacibliyini nə dərəcədə dərk etməsindən asılıdır.
***
Bu məqamda onu da təəssüflə qeyd etmək lazım gəlir ki, beynəlxalq hüquq sahəsində heç bir normaya riayət etməyən, hüqiqu prosedurları gözləməyən, yaxud onlara etina etməyən, yalnız öz daxili illüziyalarına qapılaraq iç xəyalları ilə yaşayan ölkələr də var. Belə şər xüsusiyyətlərə malik ölkələrin ən bariz nümunəsi yenə də təəssüf ki, bizim qonşuluğumuza düşüb. Əlbəttə bu xain qonşu bizim Tanrı verdiyi baxtımızda olmayıb, onu sonradan başqa bir şər imperiyası öz merkantil məqsədləri üçün gətirib bizim qonşuluğumuza salıb. Və qədim zəngin mədəniyyət sahibi olan Oğuz türkünün bütün sonrakı müsibətləri bu xain xislətli xəyanətkarların köçündən sonra başlayıb. Hörmətli oxucular təbii ki, “Ermənistan”ı nəzərdə tutduğumuzu bildilər. Çünki məhz onlar bizə qarşı apardıqları mənfur pozuculuq fəaliyyətlərini həm də dünya miqyasında da davam etdirirlər.
***
Sığındıqları güclü qucaqların yardımı ilə, haqsız və ədalətsiz iddialarını reallaşdırmaq üçün müxtəlif ölkələrdən gətirdikləri muzdlu ekstremist-terrorist döyüşçülər hesabına hələ gənc, müstəqil, ayaq üstə durmağa macal tapmamış Azərbaycandan “müvəqqəti əl borcu” qopara bildikləri ərazilərdə törətdilən qanunsuzluqlar beynəlxalq hüquqa ən böyük etinasızlıqdır. Yeri gəlmişkən, o güclərin özünün də işğalçıya dəstək verməsi elə beynəlxalq hüququn və mədəni birgəyaşayış prinsiplərinin başdan pozlması deməkdir!..
Daim özünü “qədim, mədəni xalq” adlandıran vəhşilərin Qarabağda törətdiyi talan, mədəniyyət adına nə varsa hər şeyi yer üzündən silməsi - ən böyük mədəniyyətsizlikdir. Özü də təkcə Azərbaycan milli mədəniyyətinə yox, ümumbəşər mədəniyyətinə qarşı “işid-çılar” sayağı xəyanətdir.
Hamının, bütün dünyanın gözü qarşısında baş verən bir hal isə əziz-giram “forpostun” beynəlxalq hüquq mədəniyyətinə “sədaqətinin” nümunəvi göstəricisidir. Xəyanət nəticəsində “Ermənistan” tərəfindən işğal edilmiş rayonlarımızın qeyd-şərtsiz dərhal azad edilməsi barədə dünyanın ən yüksək tribunası sayılan BMT Təhlükəsizlik Şurasının 4 məlum Qətnaməsi 25 ildir kağız üzərində qalmaqdadır. Hüquqi presedent kimi nonsens olan bu fakt həm də dünya güclərinə meydan oxumaqdır.
Əgər belə deyilsə... əks təqdirdə ortaya “ikili standartlar” kimi başqa bir rüsvayçı beynəlxalq hüquq pozuntusu çıxır. “Yaxşı ekstremist-pis ekstremist”, “yaxşı separatçı-pis separatçı”, “yaxşı işğalçı-pis işğalçı”... və s. Axı BMT TŞ qərar və qətnamələri əksər hallarda dərhal yerinə yetirilirsə və hətta bunun üçün gərək olan hərbi güc tətbiq edilirsə, amma özünü dünyadan təcrid edib əlahiddəlik iddialarında olan təcavüzkar, saxtakar və xəyanətkar “Ermənistan”a gələndə “dözüm” istisnası göstərilirsə, o zaman həmin ayıblı “ikili standartlar” bütün çılpaqlığı ilə boy göstərir. Bu hal həqiqətən BMT TŞ üzvü kimi dünyanı idarə etmək, xalqların taleyini həll etmək, birgəyaşayış nizamını sahmanlamaq iddiasında olan dövlətlər üçün ayıbdan başqa bir şey deyildir. İmzasına hörmət etməyənlərin başqa nə bəhanəsi ola bilər...
***
Əslində hamı Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu, işğala məruz qaldığını, ermənilərin Qarabağa əbədi zaman etibarilə lap bu yaxınlarda köçürüldüyünü bilir. Azərbaycan Respublikasının Ağdərə rayonunun Marağa kəndində ilk 200 erməni ailəsinin buralara köçürülməsinin 150 illiyi münasibətiylə ermənilərin özlərinin ucaltdığı abidə buna tutarlı sübutdur. Abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Qarabağda inşa edilib. Məlum olduğu kimi, üzərində ermənicə "Marağa-150" yazılmış həmin abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda qəsdən dağıdıldı. Abidənin yerləşdiyi Şıxarx qəsəbəsi ilə Tərtər şəhəri arasında bir-neçə dəqiqəlik məsafə var. Bu abidə ermənilərin yerli xalq olmadığını sübut edən tutarlı faktlardan biridir.
***
Bu günlərdə Avropa siyasi həyatının tərənnümçüsü Euronews kanalında çıxış edən bir Avropalı siyasətçisinin sözləri xarakterikdir. O deyirdi: “...25 ildir biz görürük ki, ermənilər işğal etdikləri ərazilərdən çıxmır, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayırlar...” Baxın, bu sözlərin məntiqi nələr aşkar edir. Sən demə, indiyə qədər susan beynəlxalq aləm həqiqətin harda olduğunu 25 ildir görürmüş və bilirmiş. Ancaq laqeydlik edirmiş... Elə ki, aprel ayının əvvəllərində Ali Baş Komandanın əmrini yerinə yetirən şanlı Azərbaycan ordusu “ərköyün erməniyə” tutarlı bir şapalaq ilişdirdi, dərhal ermənilər qarışıq bütün eyforiya içində mürgü döyən beynəlxalq güc mərkəzləri diksinib ayağa qalxdılar: “- Ay aman, qoymayın ikinci zərbədə Azərbaycan “forpostumuzu” məhv edəcək!”
Amma beynəlxalq müstəvidə ikili standartların olması neçə illərdir nə qədər sadə insanın taleyinə zərbələr vurmuşdu...
***
Bəli, biz burda işğalı təsdiq edən yalnız bir-neçə faktı misal çəkdik. Tarixin səhifələrində isə belə faktlar yüzlərlədir. Ancaq beynəlxalq hüququn işləməməsi, daha doğrusu ədaləti bərpa etməli olanların ikili standartlardan irəli gələn ədalətsizliyinin tətbiqi illər uzunu belə faktlara göz yummağa şərait yaradıb...
Dünya mədəniyyətinin inkişaf prosesi göstərir ki, qədim dövrlərdən bəri insanın bioloji vücudu eyni qalsa da, mənəviyyatı daim dəyişir, cilalanır, əxlaqı yetginləşir. İnsan mütəmadi insaniləşir, başqasına xainlik xislətindən uzaqlaşır, mədəniləşir, tərəqqiyə çatır. Bu tərəqqi ibtidai atavizm qalığı olan qəddarlığı, əxlaqsızlığı, mənəviyyatsızlığı aradan qaldırır, xainliyi, xəyanəti yox edir, müxtəlif etnosların mədəniyyətləri arasındakı ziddiyyətləri götürür, ümumbəşəri ortaq mədəni dəyərlərin yaranmasına səbəb olur. Vəhşilikdən uzaqlaşan dünya isə get-gedə gözəl olur. Müasir dövrdə qloballaşma prosesi də bütün cəhətləri ilə həm də dünyanın daha da gözəlləşməsinə, tərəqqiyə, insanın kamilliyinə xidmət etməlidir...
Ancaq hələlik nə qədər ki xain insanlar, şovinist güclər, işğalçı dövlətlər var və nə qədər ki onlara rəvac verən çoxüzlü iblisanəlik standartları var, bəşəriyyət fəlakətdən tezliklə yaxa qurtara bilməz.
İblis nədir? – Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? –İblis...
---------------------------------
20 05 2016
Dostları ilə paylaş: |