T u r a c. Mən özüm getmişəm.
G ü l s a b a h. Sən özün deyirdin ki, səni güclə vermişlər.
T u r a c. Mən yalan demişəm.
X u d a y a r. Başuvuza dönüm, indiki vaxtda gücnən bir toyuğu tutmaq olmur.
G ü l ə r. Axmaq qız... bunlar çox güman ki, bütün gecəni sənə yalvarmışlar. Sən indi həyatını, öz gənc ürəyini bunların yalvarışına qurban verirsən. Sən azad bir qadın kimi işləyib, cəmiyyətin sağlam və dəyərli bir üzvü ola bilərsən, verdiyin qurban çox böyükdür. O sənin həyatındır. Biz hamısını bilirik. Düşün, doğru cavab ver! Sən buna getmək istəmirdin?
T u r a c. Qoy, nə olursa olsun, mən doğrusunu deyəcəyəm. Yox, mən getmək istəmirdim.
Q ü d r ə t (lojada yerindən sıçrayaraq). Bəsdir, saxlayın! Örtün pərdəni, mənim kitabımda bu sözlər yoxdur. Mənim kitabımda qızı güclə verirlər və aparırlar. Örtün pərdəni!
Ə m r u l l a. Başuva dönüm, dayan, bu saat qurtarır.
Q ü d r ə t. Yox, mən istəmirəm. Mən özgəsinin fikrinə möhtac deyiləm. O onların qüvvətinə təslim olur.
G ü l s a b a h (səhnədən üzü salona dayanaraq). O keçmişdi, yoldaş Qüdrət, indi zaman başqadır. Bəs qanun, bəs hökumət, bəs inqilab, bəs qadınlara verilən azadlıq, sizin gözləriniz bunları görmür?
Q ü d r ə t. Mən öz atasının ağ saçları üzərindən atılıb keçən bir Azərbaycan qızını tanımıram. Yoxdur.
G ü l s a b a h. Vardır, siz onları görmürsünüz!
Q ü d r ə t. Haradadır, kimdir?
G ü l ə r (sərt bir hərəkətlə irəliyə keçərək). Budur mən! Mən hələ bu saat öz anamın cənazəsi üzərindən atılıb gəlmişəm.
S ə s l ə r. Adə, o kimdir? Nə olmuşdur? Səs salmayın! Yavaş! Ne meşayte![xxii]
G ü l s a b a h. Çıxın səhnəyə, baxın salona! Bunlar hamısı dünən çadralarda çürüyən, günəşə həsrət qalan gücsüz qadınlardır. Zaman dəyişmiş, əsrlər toqquşmuş, iplər qırılmış, hamısı həyata çıxmışdır. Həyat, hərəkət, sürət, temp, inqilab, sən bunları görmürsən. Sənin gördüyün və tanıdığın həyat isə keçmişdir.
Q ü d r ə t. Onlar hamısı keçmiş isə, mənim yazdıqlarım da keçmişdir.
G ü l s a b a h. Tarixin təkərini döndərmək olmaz, yoldaş Qüdrət Arslan, onlar keçmişdir. Açın gözlərinizi. Kamandan sıçrayan ox, geri qayıtmaz.
S ə s l ə r. Çıxardın onu zaldan.
G ü l s a b a h. Örtün pərdəni.
Pərdə örtülür.
Ə m r u l l a (salonda). Yoldaşlar, teatrların yarış komissiyasından gələn heyət sizə bir neçə söz demək istəyir.
D a ş d ə m i r. Bu gün burada gördüyümüz vəziyyət təsadüfi bir şey deyildir, yoldaşlar. Zaman irəliləyir, dünənki dahilər kütlənin yeniləşmiş fikrinə və quruluşuna qarşı dayana bilməyib, özlərini itirirlər. Bu vəziyyəti, diqqətlə baxanlar, hər yerdə görə bilərlər. Biz teatrın vəziyyətini yoxlamalı və onun böyük yarışa qoşula biləcəyini təyin etməli idik. Biz bütün teatrları yoxlayıb ancaq beş teatrı yarışa qoşduq. Bu gün biz böyük bir sevinclə deyə bilərik ki... sizin teatrınız ən birinci yer tutur. O qüvvət, o yaradıcılıq, xüsusən iki gənc aktrisada gördüyümüz istedad, temperament, ümumiyyətlə, o incəsənət döyüşü ki, burada gördük, doğrudan da oyunun sənətkar bir rejissor əlindən çıxdığını açıq göstərir. Sevinməli bir şey vardır. Teatr inqilab odu içində yanır. Yanğın var. Hücum var. Nəsillər döyüşür, sistemlər döyüşür, sonu isə, inandırıram ki, qələbədir... Bu axın davam edərsə, şübhəsiz teatr yarış bayrağına ümid edə bilər.
Ə m r u l l a. Hələ əsərimiz də birincilik qazanmışdır, yoldaş Daşdəmirov.
D a ş d ə m i r. Əsəriniz birincilik qazanmışdır. Ancaq bu əsər deyildir. Mən bu əsərlə tanışam. Yarışda birincilik qazanan əsər isə Ötgün Zamanbəyli adlı bir nəfərindir. Əsərin adı “Əsrlərin toqquşması” dır.
Ş ö v q i. Tələsməyin, yoldaşlar, bu saat pərdə açılacaq – oyunun son pərdəsi başlanacaqdır.
Q ü d r ə t. Yox, açmayın pərdəni! Bu əsər köhnədir. O, əsrlərin toqquşmasında əzilib məhv olmuşdur.
S ə s l ə r. Çıxardın onu zaldan, o keflidir!..
T u r a c ( yalvarıcı bir səslə). O xəstədir.
Q ü d r ə t (dalğın baxışlarını Turaca doğru qaldıraraq, demək olar ki, inlər bir səslə). Mən xəstə deyiləm, Turac, xəstə deyiləm! Mən böyük bir faciənin qəhrəmanıyam. Dayanın, yoldaşlar! Açmayın pərdəni! Dayanın (Səhnə qarşısına atılıb, hərəkət etməkdə olan pərdəni tutaraq). Mənə də qulaq asın! Mən bir zamanlar böyük Qüdrət idim. Basılmaz bir Arslan idim. Indi nəyəm: basılmış Arslan. Məni məğlub edən kimdir? Zaman, mənim saymadığım, hesablaşmadığım kütlə, temp, sürət, hərəkət. Ötgün Zamanbəyli, kimsənin saymadığı və tanımadığı bir tələbə, öz tələbəm... Deyirlər ki, mən kefliyəm. Yox, mən ancaq indi ayılmışam. Mən həyatı düşünməmişəm. Mən onun nəbzini, can damarını itirmişdim, ancaq indi tapıram... Gülsabah, Gülər, Turac, Ötgün, əsrlərin toqquşması... Mən bu döyüşün içində yelkənsiz bir gəmi, əsgərsiz bir general idim... Mən bilmirdim ki, əsrlər, döyüşürkən, ortada qalanlar kəllələrin döyüşündən əzilir, suyu çıxır... Mən bir faciənin qəhrəmanıyam. Mən indi öz faciəmi yazacağam. O, köhnəlməz... çünki bu başlanmış axın dayanmayacaqdır. Onu heç bir qüvvət toxdada bilməz.
G ü l s a b a h. Qoşul kütləyə, Qudrət Arslan, sənin nicatın oradadır.
Q ü d r ə t. Mən yatmışdım, sən məni oyatdın. Gülsabah, məni yenidən həyata sən çıxartdın. Sən inqilabın qızısan: sənin əlin əsrin dəmir pəncəsi, sənin nəfəsin inqilabın yaradıcı qüvvəsidir.
G ü l ə r. Məni də həyata o çıxartdı.
T u r a c. Məni də həyata o çıxartdı.
X o s m ə m m ə d. O olmasaydı, mən hələ xalis tezisdim ki, vardım.
Q ü d r ə t. Artıq mən kütlədən ayrı bir vücud deyiləm. Kütlənin vurar bir qoluyam... (İrəli gələrək, salondakı kütləyə) Yoldaşlar! Mən bu gündən sizinlə addım-addıma gedən və quruluş cəbhəsində qələmlə yarışan bir əsgərəm... əlbir vuruşmaq, əlbir sökmək və tikmək!
D a ş d ə m i r. Yarışın şərti: repertuar və quruluşu keyfiyyətcə yaxşılaşdırmaqdır.
Q ü d r ə t. Mən hazıram!
G ü l s a b a h. Mən də hazıram!
G ü l ə r. Mən də hazıram!
T u r a c. Mən də hazıram!
A k t y o r l a r. Biz hamımız hazırıq!
G ü l s a b a h (üzünü salona çevirərək). İşçilər, əməkçilər, gənclər! Biz səhnəmizi yüksəltmək üçün qəti vuruşa başlayırıq. Bizə kömək etmək sizin borcunuzdur.
S a l o n. Biz hazırıq!
İşıqlar sönür. Yalnız Zaman səhnədəki oyun üçün doğan günəşin qızıl şəfəqləri altında...
Z a m a n.
Hücum bütün təbiətə, yerə, suya, irmağa!
Hücum birgə vurğumuzla məğlub olan torpağa!..
P ə r d ə
1 Arif Hikmət surətində müəllif, ibarəçiliklə, yalançı alimliklə məşğul olub özünü ixtisaslı kimi
göstərən gopçu bir aktyor tipi yaratmışdır. İşlətdiyi ayrı-ayrı sözlər teatr və sənət istilahları olsa da, heç bir məna ifadə etmir. Məsələn, onun ekspozisiyaya verdiyi məna, sözün həqiqi mənasını qətiyyən anlamadığını göstərir.
2 MXAT – Moskva Bədaye Akademik Teatrı.
Dostları ilə paylaş: |