Maddə 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı
51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.
51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.
51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi
52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.
52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.
52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Dostları ilə paylaş: |