Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: FƏLSƏFƏ


Dövlət-din münasibətləri: istiqamətlər və hədəflər



Yüklə 66,02 Kb.
səhifə2/3
tarix31.12.2021
ölçüsü66,02 Kb.
#112933
1   2   3
multi

Dövlət-din münasibətləri: istiqamətlər və hədəflər

Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin  mövcud olduğu məkan kimi tanıdır. Müasir dövrün çağırışları və Azərbaycanda dini münasibətlərin inkişaf səviyyəsi dinlə bağlı  dövlət siyasətində yeni prioritetlər və hədəflər müəyyənləşdirir. Məlumdur ki, dünyəvi dövlət quruluşu Azərbaycan xalqının mühüm tarixi nailiyyətidir.  Ölkəmiz unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanan dövlət-din münasibətlərinə malikdir ki,  bütün bunlar  dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.  Azərbaycan dövlətinin dünyəvi xarakter daşımasına dair  konstitusion norma dövlət-din münasibətlərinin əsasında  dayanır. Konstitusiyadan irəli gələrək,  hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə,  dini mərasimləri yerinə yetirməyə və yaxud  orada iştirak etməyə məcbur oluna bilməz. Azərbaycan dövləti dini münasibətləri hüququn aliliyi prinsipi və ictimai təhlükəsizlik maraqlarından  çıxış edərək tənzimləyir.

Məlumdur ki, din cəmiyyətin altsistemi kimi özündə bir sıra elementləri birləşdirir. Onların içərisində dini şüur,  dini təşkilatlar və ayinlər mühüm yer tutur.  Müasir dövrdə dinin tərkib hissələrinə münasibətdə daha diferensial yanaşma özünü göstərir. Dini münasibətlərin tənzimlənməsi siyasətlə sıx şəkildə əlaqəlidir. Həm din, həm də siyasət insanın ictimai fəallığının qədim formaları olduğundan onların qarşılıqlı təsirini cəmiyyətin bütün inkişaf  mərhələlərində izləmək olar. Siyasətlə din arasındakı bağlılıq dinin cəmiyyətdə yerinə yetirdiyi funksiyalardan irəli gəlir. Məsələn, dinin tənzimləyici funksiyası  dini münasibətlərin formalaşması  və dini qurumların müəyyən normalar əsasında fəaliyyəti ilə əlaqədardır.  İnteqrasiya  funksiyası  dinin birləşdirici potensiala malik olduğunu göstərir. Din sosial institut olaraq,  insanlar arasında həmrəylik yaradan və cəmiyyəti  möhkəmləndirən  vasitələrdən biridir.  

Azərbaycan dövlətinin  dini sahədə siyasəti  dünyada gedən qloballaşma prosesinin xüsusiyyətlərini nəzərə alır. Belə ki,  qloballaşma ölkələrin iqtisadi-siyasi və mədəni həyatı ilə yanaşı, dini təşkilatların  və hərəkatların  da fəaliyyətinə mühüm təsir göstərir. Hazırda dinlə qloballaşma arasındakı münasibətlərə dair müzakirələr aktuallığı ilə seçilir. Dünyada sabitliyə və təhlükəsizliyə təhdidlərdən biri isə dini fanatizm və radikalizmdir ki,  bu da insanların düşüncələrinə, hərəkətlərinə, dövlətlərin konstitusion əsaslarına və dünyəvi inkişaf prinsiplərinə, xalqların mənəvi dəyərlərinə təhlükələr yaradır. Buna görə də  dini sahədə məqsədyönlü siyasətin həyata keçirilməsi dövlətlə dini konfessiyalar arasında səmərəli tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin  vacib şərtlərindəndir.

Azərbaycan dövlətinin  dinlə bağlı  siyasəti dini münasibətləri demokratik normalar əsasında inkişaf etdirən, cəmiyyətdə dini müxtəlifliyi, vicdan və dini etiqad azadlığını təmin edən fəaliyyət sistemidir. Bu siyasətin tərkib hissələrindən birini Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər normativ hüquqi aktlar, habelə müvafiq  beynəlxalq konvensiyalarla tənzimlənən dövlət-din münasibətləri təşkil edir.  Qeyd edək ki,  dini siyasət sistemli xarakter daşıyır, dini sahədə qarşıya qoyulmuş məqsəd və vəzifələrin həlli üçün aşağıdakı prinsiplərə əsaslanır:

   -dini müxtəlifliyin və dözümlülüyün təmin olunması;

   -dini fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması;  

   -dini sahəyə dair idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinqlərin  aparılması;

   -dinlə bağlı  dövlət siyasətinin  mahiyyətinin ictimai rəyə çatdırılması  üçün informasiya təminatının təşkili və s.  

Azərbaycandakı dini konfessiyaların hüquqlarının təmin olunması, onların dini-mədəni dəyərlərinin qorunub saxlanılması istiqamətində aparılan dövlət siyasətinin vəzifələri  hüquqi, mədəni, ictimai-siyasi və digər əsaslara malikdir. Belə ki, bu siyasətinhüquqi sahədə vəzifələri  sırasına:

   -vicdan və dini etiqad azadlığı ilə bağlı konstitusion normaların təmin olunması;

   -dini fəaliyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;

   -dini qurumların qeydiyyatı;  

   -dövlət orqanları ilə dini qurumlar arasındakı münasibətlərin hüquqi tənzimlənməsi;

   -müxtəlif dini konfessiyaların dinc yanaşı fəaliyyət göstərmələri üçün əlverişli şəraitin yaradılması;

   -dini konfessiyalar arasında qarşılıqlı hörmət və dialoqa dəstək verilməsi;

   -dini ekstremizm və fanatizmin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi və s. daxildir.

Dini siyasətin mədəni sahədə vəzifələri:

   -Azərbaycanda etno-mədəni və dini müxtəlifliyin təmin olunması;

   -dini-mədəni  ənənələrin qorunub saxlanılması;

  -uşaqların və gənclərin mənəvi-əxlaqi, vətənpərvərlik tərbiyəsi ilə bağlı məsələlərin həllində dövlət orqanları ilə  dini qurumlar arasındakı əməkdaşlıq  və s. ibarətdir.

Dini siyasətin ictimai-siyasi sahədə vəzifələri sırasına:

   -cəmiyyətdə tolerantlığın və dini dözümlüyün təmin olunması, inanclı insanların hisslərinə hörmətlə yanaşılması üçün əlverişli ictimai-siyasi mühitin yaradılması;

   -dini icmaların sosiallaşması üçün lazımi şəraitin təmin olunması;

   -dövlətlə dini birliklər arasında sosial tərəfdaşlığın möhkəmlənməsi;

   -dini ekstremizm və fanatizmə qarşı siyasi-ideoloji  təbliğatın aparılması;

   -dinlərarası ziddiyyətlər yaradan materialların yayılmasının qarşısının alınması və s. daxildir.   

Azərbaycan dövlətinin dini sahədə siyasəti  elmi-nəzəri bazaya və konseptual əsaslara, habelə, hüquqi, kulturoloji, sosioloji və s. yanaşmalara söykənir.

Bir-birini tamamlayan bu yanaşmalar vətəndaş həmrəyliyinin möhkəmlənməsində  dinin rolunu artırır.

Hüquqi yanaşma vasitəsilə vicdan və dini etiqad azadlığı  təmin olunur, hüquqi normalar  dövlət orqanları ilə dini birliklər arasındakı münasibətləri tənzimləyir. Kulturoloji yanaşma dinə mənəvi-əxlaqi, mədəni ənənələr sistemi kimi baxmağa imkan verir. Sosioloji yanaşma isə  əsasən dini fəaliyyətin sosiallaşması ilə əlaqəlidir. Dinin sosiallaşması dedikdə dini icmaların vətəndaş cəmiyyətində iştirakı, tolerantlığın və dini müxtəlifliyin ictimai həyatda özünə mühüm yer tutmasını təmin edən proses  başa düşülür. Dinin sosiallaşmasının  əsas vasitələrindən biri dövlət orqanları ilə  dini konfessiyalar arasındakı  sosial tərəfdaşlıqdır.  

Dinlə bağlı siyasətin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətini inkişaf etdirmək və onun dəyərlərinin ictimai fikirdə özünə mühüm  yer tutmasını təmin etməkdir. Məlumdur ki, vətəndaş cəmiyyəti dünyəvi, sekulyar cəmiyyətdir və o, dini yönümlərdən asılı olmayan  ictimai münasibətlər formalaşdırır. Vətəndaş cəmiyyətində insan hüquq və azadlıqları  təmin olunur, müxtəlif birliklər və assosiasiyalarla yanaşı, dini qurumlar da sərbəst şəkildə fəaliyyət göstərir.  Dini  təşkilatlar vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi  ictimai sabitliyin və mili  həmrəyliyin   təmin olunmasında özünəməxsus yer tutur.

Azərbaycan dövlətinin dini  siyasəti xalqımızın  milli maraqlarına, demokratik dəyərlərə əsaslanır və onun zəruri şərtləri aşağıdakılardır: 

   -dini siyasətin vasitələri və mexanizmlərinə sistemli yanaşma;

   -dini siyasətin informasiya-analitik  və ekspert təminatı;

   -dövlət orqanları ilə dini birliklər arasında birbaşa dialoqun təmin olunması;  

   -vətəndaş həmrəyliyinin möhkəmlənməsində dini qurumların potensialından istifadə edilməsi və s.

Göstərilənlərlə  yanaşı, dini qurumlarla münasibətlər sahəsində dövlət siyasəti  müəyyən prinsiplərə  söykənir.  Burada  dinin  dövlətdən ayrı olması prinsipi xüsusi yer tutur. Vicdan və dini etiqad azadlığı prinsipinə görə,  hər kəs  istənilən dinə təkcə və yaxud başqaları ilə birgə etiqad etmək hüququna malikdir. Dini qurumların qanun qarşısında bərabərliyi prinsipinin mahiyyəti ondadır ki,  Azərbaycandakı  bütün dini təşkilatların fəaliyyəti vahid  hüquqi əsaslarla tənzimlənir. Dövlət orqanları ilə dini konfessiyalar arasındakı  əməkdaşlıq prinsipinə görə,ölkədə yaşayan etnik qrupların milli-mədəni, dini  dəyərlərinə dövlət səviyyəsində  hörmətlə yanaşılır. Dini qurumlar siyasətin müstəqil subyektləri kimi çıxış edir. Din öz mahiyyətinə görə yalnız etiqadla və dini ayinlərin yerinə yetirilməsi ilə məhdudlaşmır, həm də  ictimai münasibətlərin tənzimlənməsi vasitələrindən biridir. 

Dini sahədə siyasət həyata keçirilərkən müasir dövrün çağırışlarının xalqımızın milli-mənəvi dəyərlərinə, mütərəqqi dini ənənələrə təsiri nəzərə alınır. Dini münasibətlərin demokratik normalar əsasında inkişafı üçün əlverişli şərait yaratmaq, cəmiyyətdə dini sabitliyi möhkəmləndirmək bu siyasətin əsas cəhətlərindəndir.   Dini siyasətin ən mühüm xüsusiyyətlərindən biri  milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması ilə bağlıdır ki, bu da dövlətin inkişafı üçün mühüm əhəmiyyət daşıyır




Yüklə 66,02 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin