Qrammatik norma. Sintaksis haqqında ümumi məlumat
Qrammatik normalar ədəbi dilin qrammatik quruluşunun nitq prosesindəki fəaliyyətini tənzimləyir. Uzlaşma, idarə və yanaşma əlaqəsinin tələbinə görə söz birləşmələrindəki tərəflərin, cümlədəki üzvlərin düzgün sıralanması, müəyyənlik və qeyri-müəyyənlik bildirən təyini söz birləşmələrindəki ikinci tərəfin mənsubiyyət şəkilçisi ilə işlədilməsi və s. başlıca qrammatik normalardır.
Sintaksis.
Sintaksis sözü yunanca syntaxis sözündən olub, tərtib etmə, birləşdirmə mənasını verir.
Sintaksis sintaktik əlaqələri, söz birləşmələrini, cümlələri, cümlə üzvlərini öyrənir.
Əsas sintaktik vahidlər söz birləşmələri, cümlə, cümlə üzvləri və s.-dir.
Sintaktik əlaqələr.
Dil vahidləri sintaktik funksiya daşıya bilmək üçün cümlədə bir-biri ilə sintaktik-qrammatik cəhətdən əlaqələnməlidir. Sintaktik əlaqələrin iki növü var: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi.
Tabesizlik əlaqəsi qrammatik cəhətdən bərabərhüquqlu sözlər arasında olur. Məsələn: Vətənə dözümlü və iradəli igidlər gərəkdir.
Tabesizlik əlaqəsi ya cümlənin həmcins üzvləri arasında, ya da tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur.
Tabelilik əlaqəsi.
Tabelilik əlaqəsi ilə bağlanan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqəsinin üç növü var: uzlaşma, idarə, yanaşma.
Uzlaşma əlaqəsi cümlənin əsas üzvləri arasında olur. Mübtəda ilə xəbər uzlaşır. Bu uzlaşma şəxsə və kəmiyyətə görə olur. Mübtəda ilə xəbər arasında uzlaşma həmişə gözlənilir, heç vaxt pozulmur. Lakin kəmiyyətə görə uzlaşma I və II şəxslərdə həmişə gözlənildiyi halda, III şəxsin cəmində xəbərin mübtəda ilə uzlaşması bu qayda üzrədir:
-
Mübtəda insan anlayışı bildirdikdə xəbər cəmdə olur. Məsələn: Tamaşaçılar onu alqışladılar. Lakin bəzi hallarda xəbər təkdə də işlənir. Məsələn: Qonaqlar gəldi.
-
Mübtəda heyvan, quş anlayışı bildirdikdə xəbər həm təkdə, həm cəmdə ola bilir. Məsələn: Quzular mələşirlər. Quzular mələşir.
-
Mübtəda bu anlayışları bildirmədikdə xəbər onunla uzlaşmır. Məsələn: Çaylar daşır.
İdarə əlaqəsi. Cümlədə tabeedici sözün tələbinə görə tabe sözün müxtəlif hallara düşməsinə idarə deyilir.
Məsələn: “Mən dünən dostumu bağda gördüm.” Cümləsində idarə əlaqəsi aşağıdakı sözlər arasındadır:
dostumu gördüm bağda gördüm.
İdarə əlaqəsində əsas söz çox vaxt fel olur. Fellər ismin adlıq və yiyəlik hallarından başqa, qalan hallarda olan sözləri idarə edir.
Yanaşma əlaqəsi. Bu əlaqədə tabe söz heç bir qrammatik şəkilçi qəbul etmədən tabeedici sözə yanaşaraq, ona tabe olur. Məsələn: azad ölkə, yaşıl çəmən, beş uşaq, çox danışmaq, sakitcə oturmaq və s.
Yanaşma əlaqəsinin əsas əlaməti sözlərin sırasıdır. Bu əlaqədə həmişə tabe söz tabeedici sözdən əvvəl gəlir.
Söz birləşmələri
İki və daha artıq sözün qrammatik və məna cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məsələn: ana laylası, ağıllı uşaq və s.
Söz birləşmələri quruluşca iki cürdür: sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: məktəb illəri, yaz ayları, oxumaq həvəsi və s. Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurdun gözəl mənzərələri, Vətənin azadlığı uğrunda şəhid olanlar və s.
Söz birləşmələrinin növləri.
Söz birləşmələrinin növləri onların komponentləri ilə müəyyənləşdirilir. Söz birləşmələrinin iki növü var:
-
İsmi birləşmələr. 2. Feli birləşmələr.
İsmi birləşmələr.
İsmi birləşmələrin ən geniş yayılmış növü təyini söz birləşmələridir. Belə birləşmələri tərəflərin arasındakı qrammatik münasibətlərinə görə 3 qrupa bölürlər.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında qrammatik əlaqə olmur.
Məsələn: uca dağ, döyüşkən əsgər – sifət, isim;
taxta qapı, dəri çanta – isim, isim;
beş kitab, çox uşaq – say, isim;
həmin oğlan, belə dost - əvəzlik, isim;
gələcək gün, açılmış gül – feli sifət, isim və s.
İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi qeyri-müəyyən yiyəlik hal şəkilçisi, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul etmiş olur. İkinci növ təyini söz birləşmələrinin hər iki tərəfi, əsasən isimlərlə, bəzən də say və məsdərlə ifadə olunur.
Məsələn: vətən həsrəti, ata nəsihəti – isim, isim;
beş arzusu – say, isim;
yaşamaq həvəsi – məsdər, isim və s.
Üçüncü növ təyini söz birləşmələrinin hər iki tərəfi şəkilçi qəbul edir. Bu birləşmələr yiyəlik hal və mənsubiyyət şəkilçiləri ilə düzəlir.
Məsələn: çayın kənarı, ananın arzusu – isim, isim;
sizin oğlunuz - əvəzlik, isim;
yaxşıların yaxşısı – sifət, sifət;
oxumağın faydası – məsdər, isim və s.
Feli birləşmələr.
Əsas (ikinci) tərəfi felin təsritlənməyən formaları (məsdər, feli sifət, feli bağlama) ilə ifadə olunan söz birləşmələrinə feli birləşmələr deyilir.
Məsələn: məktubu yazmaq, vətəni sevmək (əsas tərəfi məsdər)
məktubu yazan, vətəni sevən (əsas tərəfi feli sifət)
məktubu yazarkən, vətəni sevəndə (əsas tərəfi feli bağlamadır)
Cümlə
Cümlə bitmiş bir fikri ifadə edir. Cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə həm ayrı-ayrı sözlərin, həm də söz birləşmələrinin bir-biri ilə əlaqələnməsi yolu ilə yaranır. Məsələn: Arif universitetdə oxuyur. Onun anası uşaq həkimidir. Birinci cümlə sözlərin )Arif, universitet, oxumaq), ikinci cümlə isə iki söz birləşməsinin (onun anası, işaq həkimi) məna və qrammatik cəhətdən əlaqəsindən yaranmışdır.
Cümlə yalnız bir sözdən də ibarət ola bilər. Məsələn: Axşamdır. Sakitlikdir və s.
Cümlələr quruluşuna görə sadə və mürəkkəb olur.
Sadə cümlənin bir qrammatik əsası olur.
Məsələn: Zəng vuruldu: Dərs başlandı.
Mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Müəllim sinfə daxil oldu, tələbələr ayağa qalxdılar.
Cümlənin məqsəd və intonasiyaya görə növləri.
Cümlənin məqsəd və intonasiyaya görə dörd növü var: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi.
Nəqli cümlə.
Nəqli cümlələrdə müəyyən bir iş, hadisə , əşya və s. Haqqında məlumat verilir. Nəqli cümlələr adi intonasiya ilə deyilir. Məsələn: Yaz gəlir. Sular bulanır və s.
Sual cümləsi.
Sual məqsədi ilə işlədilən cümlələrə sual cümləsi deyilir. Belə cümlələr bir şey haqqında məlumat almaq və ya hər hansı bir məlumatı dəqiqləşdirmək məqsədi ilə işlədilir. Sual cümlələri üç yolla yaranır:
-
Sual ədatlarının köməyi ilə. Məsələn: Dərslərini oxudunmu? İmtahandan qorxmursan ki? Axı sən bunları bilirdin? Bu cümlələr – mi, ki və axı sual ədatlarının köməyi ilə yaranmışdır.
-
Sual əvəzliklərinin köməyi ilə. Məsələn: Neçə yaşın var? Hansı universitetdə oxuyursan? Bu cümlələr necə, hansı sual əvəzliklərinin köməyi ilə yaranmışdır.
-
Sual intonasiyasının köməyi ilə. Məsələn: Dərs başlandı? Sən gəlirsən? Sual cümlələrinin bu növündə intonasiya cümlənin sonunda yüksəlir.
Ritorik sual cümlələri verilmiş suala heç bir cavab tələb etmir və cavab almaq məqsədi ilə işlədilmir. Məsələn: “Ayrılarmı könül candan?”
Əmr cümləsi
Əmr, istək, arzu, xahiş, nəsihət və s. Kimi mənaları bildirən cümlələrə əmr cümlələri deyilir. Əmr cümlələri – Məsələn: Xəstəyə su verin. Dərslərini yaxşı oxu və s.
Nida cümləsi.
Yüksək hiss və həyəcanla deyilən cümlələr nida cümləsi adlanır. Nəqli, sual və əmr cümlələri həyəcanlı intonasiya ilə deyildikdə nida cümlələrinə çevrilir. Nida cümlələri iki yolla yaranır.
-
İntonasiyanın köməyi ilə. Məsələn: Qalx, qalx, ana Vətən! Bəsdir, aparın bunları! Və s.
-
Nidaların köməyi ilə. Məsələn: Aman, köməyə gəlin! Ot, partla ürəyim! Və s.
Nida cümlələrinin sonunda, adətən, nida işarəsi qoyulur.
Cümlə üzvləri.
Bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən sözlərə cümlə üzvləri deyilir.
Cümlənin beş üzvü var. Cümlənin təşkilindəki vəzifəsinə görə cümlə üzvləri iki növə bölünür.
-
Baş üzvlər: mübtəda, xəbər.
-
İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.
Həmcins üzvlü cümlələr.
Eyni bir cümlə üzvü ilə bağlı olub, eyni suala cavab verən və qrammatik cəhətdən cəhətdən bərabərhüquqlu olan üzvlərə həmcins üzvlər deyilir.
Həmcins üzvlər arasında tabelilik əlaqəsi olur və onlar bir-biri ilə ya sadalanma intonasiyayası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır.
Cümlənin bütün üzvləri həmcins ola bilir.
Məsələn: Sinifdə oğlanlar və qızlar var (həmcins mübtədalar).
Oqtay həm oxuyur, həm də işləyir (həmcins xəbərlər).
Aysel gülləri, çiçəkləri sulayır (həmcins tamamlıqlar).
İndi şəhərdə də, kənddə də qaz var (həmcins zərfliklər).
O, bacarıqlı, tərbiyəli və ağıllı oğlandır (həmcins təyinlər).
Mübtəda. cümlədə haqqında danışılan şəxsi əşyanı bildirən baş üzvdür. Kim? nə? bəzən də hara? Suallarından birinə cavab verir, ismin adlıq halında olan sözlərlə və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Bərdə (hara?) qədim şəhərdir. Bulaq suyu (nə?) sərin olur və s.
Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür, yəni heç bir cümlə üzvünə tabe olmur. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur.
Xəbər. Xəbər mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvdür. Nə edir? (felin bütün şəkil və zamanlarında) kimdir? nədir? necədir? haradadır? və s. Suallarından birinə cavab verir.
Xəbər cümlədə ən çox mübtəda ilə bağlı olur, mübtədadan asılı olur və şəxsə, kəmiyyətə görə onunla uzlaşır.
Xəbər ifadə vasitələrinə görə iki növə bölünür: feli xəbər, ismi xəbər.
Feli xəbər yalnız təsriflənən fellərlə, ismi xəbərlər isə adlarla ifadə olunur. Məsələn: Azərbaycan sürətlə inkişaf edir. Bakı Azərbaycanın paytaxtıdır.
İkinci dərəcəli üzvlər baş üzvlərə aid olub, onları müxtəlif cəhətdən izah edir.
Tamamlıq. Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir.
Tamamlığın iki növü var: vasitəsiz tamamlıq və vasitəli tamamlıq.
Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur. və kimi? nəyi? nə? (bəzən də haranı?) suallarından birinə cavab verir.
Məsələn: Məktubu (nəyi) yola saldım.
Vasitəli tamamlıqlar kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? suallarından birinə cavab verir. Məsələn: Biz onunla fəxr edirik.
Anaya hədiyyə aldıq və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur.
Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur.
Təyin. Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah edən ikinci dərəcəli üzvə təyin deyilıir. təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarından birinə cavab verir. Məsələn: Araz intizamlı oğlandır. Sinifdə iyirmi şagird var və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur.
Təyin həmişə yanaşma əlaqəsi ilə başqa cümlə üzvlərinə tabe olur.
Zərflik. Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür. Zərfliklər iş, hal və hərəkətin zamanını, yerini, tərzini, kəmiyyətini, səbəbini, məqsədini və s. bildirir.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Uşaqlar həyətdə oynayırlar. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s.
Zərflik daha çox zərflərlə ifadə olunur.
Ara sözlər.
Ara sözlər danışanın ifadə olan fikrə münasibətini və fikrin ifadə tərzini bildirir, fasilə və xüsusi intonasiya ilə cümlə üzvlərindən ayrılır. Məs.: təəssüf, bəlkə, beləliklə, həqiqətən, adətən, doğrudur, səncə, məncə, mənə görə, aydındır ki, düzü, təbii ki, şübhəsiz, əlbəttə bə s. Göründüyü kimi, bunlardan bəzisi az və ya çox dərəcədə öz leksijk mənasından ayrılmış olr (bəlkə, şühəsiz, güman ki və s.), bəzisi isə həm də leksik mənaya malikdir (doğrudur, aydındır, bilirsənmi və s.).
İsmi və feli ara sözləri vardır: 1) xoşbəxtlikdən, birincisi, əksinə və s. 2) tutaq ki, görünür, deyirəm ki və s.
Xitab.
Xitab cümlədə müraciət məqsədi ilə işlədilir. İnsan adı bildirən xitablarda əsas məqsəd dinləyicilərin diqqətini cəlb etmək, başqa canlıların, cansız əşya və mücərrəd anlayışların adlarını bildirən xitablarda isə əsas məqsəd ifadənin təsirini artırmaqdır.
Sən elə bilmə ki, ömrün qocalır, biz sənin arxanıq, dostunuq, ey Kür (S.Vurğun).
Xitablar insanları, əşyaları, hadisələri adlandırmaqla bərabər, həm də onları səciyyələndirir. Məhz buna görə də xitabların çoxu ekspressivdir.
İfadəni qüvvətləndirmək, nitqin təsir gücünü artırmaq üçün xitablar müxtəlif şəkildə təkrarlanır. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan! (S.Vurğun)
Cümlədə xitablar nidalarla birlikdə işlədilir. Bu, müəyyən hissi halları ifadə edir. Nida xitaba xüsusi intonasiya, çalarlıq verir.
Xitabların cümlənin əvvəlində, ortasında və sonunda işlədilməsi cümlənin məzmununa təsir göstərmir, lakin emosionallıq, müraciət, çağırış baxımından fərqlənir. Xitablar müraciət funksiyası daşımaqla yanaşı, müraciəti emosional-ekspressiv rənglər və boyalarla gerçəkləşdirir.
Mübtəda və xitab adlıq halda olan sözlə ifadə olunur. Xitab mübtədadan nitqə yüksək tonla deyilməsinə, intonasiyaya, yazıda vergül və ya nida işarələri ilə fərqlənir.
Murad və Yusif bu işin iştirakçılarıdırlar.
Murad və Yusif bu işin iştirakçısıdır?
Əli və Məmməd məhkəmədə dindirildilər.
Əli və Məmməd məhkəmədə dindirildi?
Sadə cümlənin struktur-semantik tipləri (təktərkibli, cüttərkibli cümlələr).
Sadə cümlə baş üzvlərin iştirakına görə iki növə bölünür.
-
Təktərkibli cümlələr
-
Cüttərkibli cümlələr.
Baş üzvlərdən birinin iştirakı ilə qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir.
Təktərkibli cümlələr iki növə bölünür: mübtəda əsasında formalaşan təktərkibli cümlələr, xəbər əsasında formalaşan təktərkibli cümlələr.
Mübtəda əsasında formalaşan təktərkibli cümlənin aşağıdakı növləri var:
-
Adlıq cümlə
-
Söz cümlə.
Adlıq cümlə əşyanın və ya hadisənin adını çəkmək yolu ilə onun varlığı haqqında məlumat verir.
Məsələn: Ay işığı. Durna qatarı. Sakit bir hava və s.
Söz cümlələri isə bir sözdən ibarət olub hər hansı məlumatı verir. Məsələn: Gecə. Soyuq. Şaxta və s.
Xəbər əsasında formalaşan təktərkibli cümlələrin üç növü var:
-
Şəxssiz cümlə
-
Qeyri-müəyyən şəxsli cümlə
-
Ümumi şəxsli cümlə.
Şəxssiz cümlə. Mübtədası olmayan və təsəvvür edilə bilməyən cümlələrə şəxssiz cümlələr deyilir. Şəxssiz cümlənin xəbəri III şəxsin təkində olur.
Məsələn: İşə baxıldı. Sərhəddə sakitlikdir və s.
Qeyri-müəyyən şəxsli cümlə. İş və hərəkətin qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlə deyilir.
Belə cümlələrin xəbəri, əsasən. Fellə ifadə olunur və III şəxsins cəmində olur. Məsələn: Qapını döyürlər. Bizi gözləyirlər və s.
Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zamanda hamıya aid olduğunu bildirən cümlələrə ümumi şəxsli cümlə deyilir.
Ümumi şəxsli cümlələrdə iş görən konkret şəxs kimi deyil, ümumi şəkildə nəzərdə tutulur. Xəbəri II şəxsin təkində və III şəxsin cəmində olur. Bu cümlələr atalar sözlərindən, məsəllərdən, hikmətli sözlərdən ibarət olur.
Məsələn: Bu günün işini sabaha qoyma. Əvvəl düşün, sonra danış. Yüz ölç, bir biç və s.
Cüttərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir. Məsələn: Müəllim sinfə daxil oldu. Şagirdlər ayağa qalxdılar.
Cüttərkibli cümlələr ikinci dərəcəli üzvlərin iştirakına görə iki növə bölünür: müxtəsər, geniş.
Müxtəsər cümlələrdə yalnız baş üzvlər iştirak edir:
Məsələn: Atam gəldi. Gün çıxdı və s.
Geniş cümlələrdə baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər də iştirak edir. Məsələn: Qoca palıd küləyin təsirindən ağır-ağır yırğalanırdı.
Cüttərkibli cümlələrdə mübtəda ya iştirak edir, ya da asanlıqla bərpa olunur.
Bütöv cümlələrdə bütün cümlə üzvləri normal şəkildə iştirak etdiyi halda, yarımçıq cümlələrdə bəzi üzvlər buraxılmış olur və asanlıqla bərpa edilə bilir. Bu, əsasən, dialoqlarda müşahidə edilir:
-
Sən harda yaşayırsan?
-
Bakıda.
Buraxılan üzvləri əvvəlki cümləyə əsasən bərpa etmək mümkün olur. Verilmiş cümlədə mübtəda və xəbər (Mən yaşayıram) buraxılmışdır.
Mürəkkəb cümlə.
İki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir.
Mürəkkəb cümlələr onları təşkil edən sadə cümlələr arasındakı sintaktik bağlılığa görə iki növə bölünür: tabesiz mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələr bərabərhüquqlu, biri digərindən asılı olmayan sadə cümlələrin birləşməsindən düzəlir.
Məsələn: Yağış güclənir, məhsulun toplanması gecikirdi (səbəb-nəticə əlaqəsi).
Tabesiz mürəkkəb cümlələr tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Tərkib hissələr arasında zaman, səbəb-nəticə, ardıcıllıq, aydınlaşdırma, bölüşdürmə, qarşılaşdırma əlaqələri olur.
Həm yağış yağır, həm də güclü külək əsirdi (zaman əlaqəsi).
O, gözəl görünürdü: ağ köynək, qara şalvar geyinmişdi (aydınlaşdırma əlaqəsi).
Tabesizlik bağlayıcıları: və, ilə (-la)2, amma, ancaq, lakin, nə, nə də (-ki), ya, ya da (ki), yaxud (-da), istərsə (-də) yəni və s.
Tabeli mürəkkəb cümlələr.
Tabeli mürəkkəb cümlələri təşkil edən sadə cümlələrdən biri digərindən asılı olur, onu izah edib aydınlaşdırır. Tabe edən cümlə baş cümlə, asılı olan cümlə budaq cümlə adlanır. Onların arasında tabelilik əlaqəsi olur. Budaq cümlə baş cümlədə buraxılmış cünlə üzvünü əvəz edir. Buna görə də beş cümlə üzvünün adı ilə adlandırılır: Mübtəda, xəbər, təyin, tamamlıq və zərflik budaq cümləsi..
-
Deyirəm ki, sənə inanıram (tamamlıq budaq cümləsi)
Deyirəm. Nəyi? Sənə inanmağımı.
-
Gəlmişik ki, alı məktəblərə qəbul olaq (məqsəd budaq cümləsi)
Gəlmişik. Hansı məqsədlə? Nə üçün? Ali məktəblərə qəbul olmaq üçün.
Zərfliyin müxtəlif məna növləri olduğu üçün zərflik budaq cümləli tabeli mürəkkəb cümlələrin də müxtəlif növləri yaranır:
Tərzi hərəkət budaq cümləsi.
Zaman budaq cümləsi.
Yer budaq cümləsi.
Kəmiyyət budaq cümləsi.
Səbəb budaq cümləsi.
Məqsəd budaq cümləsi və s.
Tabeli mürəkkəb cümlələrdə bəzən budaq cümlə baş cümlədən əvvəl işlənir. Məsələn: Yağış yağsa, hava açılar. Kəndə çatmışdım ki, külək başladı – cümlələrində budaq cümlə baş cümlədən əvvəl işlənmişdir.
Tabeli mürəkkəb cümlənin tərəfləri arasında tabelilik bağlayıcıları, intonasiya, bağlayıcı sözlər işlənə bilir.
Tabelilik bağlayıcıları: ki, çünki, ona görə ki, əgər, hərgah, hərçəng, madam (ki), indi ki, o səbəbdən ki və s.
Mübtəda budaq cümləsi tabeli mürəkkəb cümlədə mübtəda baş cümlədə iştirak etmir. Baş cümləyə verilmiş mübtəda sualları ilə onu müəyyənləşdirmək olar. Məsələn, Məlum olur ki, insanın saçının tökülməsi və saqqalının ağarması onun qocalığına dəlalət etməz. (Ü.Hacıbəyov) Baş cümlədə olan “məlum olur ki” hissəsində “nə” sualına cavab tapmaq üçün ikinci hissəyə müraciət edirik.
Xəbər budaq cümləsi, adətən, ismi xəbərlərlə ifadə edilməli cümlələrdə xəbər iştirak etmədikdə yaranır. O, baş cümlənin işarə əvəzliyi ilə ifadə edilmiş xəbərini izah edir. Baş cümlədə budur, odur, belədir, elədir, bu idi, o idi və s. kimi xəbərlər olduqda budaq cümlə xəbəri izah edir. Sadələşdikdə cümlənin xəbəri olur. Məsələn, Arzum budur, boy arasız, ananıza tez çatasız.
Tamamlıq budaq cümləsi baş cümlədə olmayan tamamlığı əvəz edir. Tamamlıq xəbərə aid olduğu kimi, tamamlıq budaq cümləsi də baş cümlənin xəbərini tamamlayır. Tamamlıq hansı hallarda ifadə olunursa, həmin vəziyyətlərdə də tamamlıq budaq cümləsi olur. Məsələn:
Dedi: sənlə yoxdur aram,
Dedim: axı sənətkaram.
Çox özünü öymə, dedi. (H.Arif)
Təyin budaq cümləsi baş cümlədə isim və substantivləşmiş hər hansı üzvü (mübtəda, tamamlıq və s.) izah edir. Təyinin sualları olan necə?, nə cür?, hansı? Suallarından birinə cavab verir. Məsələn, Həmin Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum (N.Vəzirov)
Zərflik budaq cümləsi də öz növbəsində baş cümlənin iştirak etməyən zərfliyini əvəz edir.
Zərfliyin özünün bir neçə mövü olduğu kimi, zərflik budaq cümləsinin də həmin adda növləri vardır.
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki iş hal və hərəkətin necə icra olunduğunu bildirir və necə? , nə cür? suallarına cavab olur. Məsələn, Elə acmışam ki, sanki bir ildi çörək yeməmişəm.
Müqayisə budaq cümləsi tərzi-hərəkətə çox yaxındır. Bu müqayisə daha çox məntiqi xarakterdə olur. Məsələn, Maşın elə gedirdi ki, sanki qanadlı quşdur.
Zaman budaq cümləsi baş cümlədəki iş, hal və hərəkətin zamanını bildirir və nə vaxt? nə zama? suallarından birinə cavab verir. Məsələn,
Çaldı vəqta ki, ərəb ləşkəri-ətrakə zəfər
Dini abamızı eylədi hər zirü-zəbər. (Sabir)
Yer budaq cümləsi baş cümlədə icra olunan iş, hal və hərəkətin yerini bildirir və yer zərfliyinin suallarına cavab olur. Məsələn, O yerdə ki, sən varsan, bil ki, varam mən. O yerdən ki, su axmadı, orada yaşamaq, ev tikmək olmaz.
Səbəb budaq cümləsi baş cümlədəki iş, hal və hərəkətin səbəbini bildirir, nə səbəbə? , nə üçün? , nədən ötrü? suallarına cavab verir. Məsələn,
Onunçün öyrətdim ki, əlimi bu sənətə
Bir gün sənə əl açıb düşməyim xəcalətə. (Nizami)
Kəmiyyət budaq cümləsi baş cümlədə icra olunan iş, hal və hərəkətin kəmiyyətini bildirir və nə qədər? sualına cavab verir. Məsələn, Nə qədər apara bilirsən, o qədər götür. Nə qədər ki, sən tapşırmışdın, o qədər də mən aldım.
Nəticə budaq cümləsi çox vaxt tərzi-hərəkət budaq cümləsinə oxşasa da, ümumi nəticə bildirdiyi üçün ondan ayrılır. Belə ki, nəticə budaq cümləsində baş cümlədən sonra “nəticədə” sözünü fikrən əlavə etmək olur. Bundan əlavə, nəticə budaq cümləsi sadələşmir. Məsələn, O qədər edəcəksən ki, o nataraz dədən tutacaq qolundan qatacaq Yastı Salmanın qabağına, (M.İbrahimov). İlk baxışda cümlə kəmiyyət budaq cümləsinə oxşayır. Amma diqqətlə yanaşdıqda nəticə mənası aydın görünür.
Şərt budaq cümləsi də sadələşməsi mümkün olmayan qrammatik konstruksiyadan ibarət olur. Belə cümlələrdə baş cümlədəki iş, hal və hərəkətin şərti izah edilir. Məsələn. Ürəyimə gələni deməsəm, buradan getmərəm.
Tapşırıq 1. Aşağıdakı cümlələrdə sintaktik əlaqələri göstərin.
-
Vaqif Vidadini oğlu Əli bəyin toyuna dəvət etdi.
-
Qaragöz qız əlindəki gülləri Nərimana verdi.
-
Maya kədərlə Qaraşın üzünə baxdı.
-
Novruzəli əlindəki kağızı qutuya saldı.
-
Sabirin satiralarını bütün xalq sevir.
Nümunə: Kərim müəllimin dediklərinə diqqətlə
qulaq asırdı.
Tapşırıq 2. Verilmiş söz birləşmələrini cümlədə işlədin.
Vətən torpağı; Bakı şəhəri; şirin alma; yaxşı yoldaş; qızıl saat; kitab mağazası; qırmızı parça; yeni ev.
Tapşırıq 3. Köçürün. Aşağıdakı cümlələrdə III növ təyini söz birləşmələrini göstərin.
1. Onun oyunu tükənməz həyat qüvvəsi və igidlik ifadə edirdi. 2. Quzey qışlaqda qurbağaların şən səsləri eşidilirdi. 3. Mən onların sadə, mehriban münasibətlərindən ruhlanaraq bütün suallarına həvəslə cavab verirdim. 4. Nazxanımın səhnəyə ilk çıxışı çox maraqlı oldu. 5. Təkcə bir yox, maarif şöbəsinin işçiləri də həyəcan keçirirdilər.
. Tapşırıq 4. Aşağıdakı cümlələri köçürün, feli birləşmələrin altından xətt çəkin.
-
Uşaqlar meydançada oynayarkən müəllim yanlarından keçir, baxıb gülümsəyirdi. 2. Onun arzusu inkişaf etmiş bir xarici ölkəyə oxumağa getmək idi. 3. Evə çatanda yağış daha da güclənmişdi. 4. İclasda deyilənlər çox düşündürdü. 5. Dağlardan əsən külək onun saçlarını oxşadı.
Tapşırıq 5. Azərbaycan. Şəhər, azərbaycanlı, bağ, dünya, həyat tərzi, idmançılar sözlərini ayrı-ayrı cümlələrdə mübtəda kimi işlədin.
Tapşırıq 6. 10 dənə nəqli cümlə yazın.
Tapşırıq 7. Yalnız tərkibində xitab olan cümlələri köçürün.
1, Bakı şəhəri. Dənizkənarı bulvar. 2. Bu qız bizim qrup nümayəndəmizdir – Aydan. 3. Dünya, səndən kimlər gəldi, kimlər getdi? 4. Aşpaz xörəyin duzuna baxdı. 5. Artıq hava qaralır, şər qarışdı. 6. Qızım, sənə deyirəm, gəlnim, sən eşit. 7. Əziz vətən, mənan dərin, beşiyisən gözəllərin.
Tapşırıq 8. Verilmiş sadə cümlələri mürəkkəb cümlələrə çevirin.
1. Çiçək dərsdə oturmuşdu. Fikri başqa yerdə idi. 2. Namiq dərslərini hazırladı. Kitab-dəftərini çantasına yığdı. 3. Şübhəm doğru çıxdı. Bir neçə müddətdən sonra onun iç üzü açıldı. 4. Onu doğru yola çəkmək istədim. Bütün cəhdlərinə baxmayaraq uğur qazanmadım.
Dostları ilə paylaş: |