Quranın təhrİfİnə daİr İttİhamlara cavab


Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimləri



Yüklə 219,53 Kb.
səhifə52/65
tarix10.01.2022
ölçüsü219,53 Kb.
#109255
1   ...   48   49   50   51   52   53   54   55   ...   65
4. 5. Quranın təhrif edildiyini düşünən qeyri-şiə alimləri

İndi isə Quranın təhrif olunduğunu düşünən qeyri-şiə alimlərinə - sələfilərin bəzi sələflərinə ötəri nəzər salaq. Hicrətin 21-ci ilində dünyaya gəlmiş, qiraət və təfsir elmlərini İbn Abbasdan öyrənmiş, Aişə, Əbu Hüreyrə və Abdullah ibn Ömər kimi səhabələrdən hədis nəql etmiş görkəmli tabei Mücahid ibn Cəbrin (642-722) belə söylədiyi qeyd olunmuşdur: “Əhzab surəsi Bəqərə qədər və ya ondan da uzun olmuş, Müseylimə ilə döyüşdə (Quran hafizlərinin şəhadəti səbəbindən) çoxlu ayələr əldən çıxmışdır”. (İbn Əbdülbirr Y. Ət-Təmhid, 4/275) O həmçinin Ali-İmran surəsinin 81-ci ayəsinin katiblərin səhvi ucbatından səhv yazıldığını söyləyir, “nəbiyyin” sözünün yerinə “əlləzinə utul-kitab” oxunmasını düzgün sayırmış. (Mücahid ibn Cəbr. Təfsir, 254; Təbəri M. Təfsir, 6/553-554) Bir daha xatırladaq ki, o, ayənin mövcud Qurandakı formasını fərqli və hətta zəif bir qiraət deyil, yazanların səhvi hesab edir və bununla Allah kəlamının səhvən dəyişdirildiyini düşünürmüş. Təbəri başqa bir alim olan Rəbi ibn Ənəsin (vəfatı: 757) sözügedən ayəni Mücahidin dediyi tərzdə öyrətdiyini də qeyd etmişdir. (Təbəri. Təfsir, 6/554)

Əməvi xilafətinə yaxın alimlərdən olmuş İbn Şihab Zöhri (671-741) deyir: “Bizə məlumat çatıb ki, çoxlu Quran ayələri nazil olmuşdu, lakin onları bilənlər Yəmamədə öldürüldülər. Onlardan sonra da həmin hissələr nə bilindi, nə də yazıldı”. (İbn Əbu Davud, 99) Süfyan Sauri (716-778) isə yalançı Müseyliməyə qarşı Yəmamə döyüşündə şəhid olmuş yüzlərlə Quran hafizini xatırlayaraq deyirmiş ki, bununla Quranın bəzi hissələri itmişdir. (Sənani Ə. Əl-Müsənnəf, 7/329)

Bütün bu fikirlər Peyğəmbərdən sonra Quranın bəzi hissələrinin əldən çıxdığını və mövcud Quranda yer almadığını göstərir. Çünki Müseylimə Kəzzaba qarşı döyüş və orada yüzlərlə Quran hafizinin şəhidliyi Xəlifə Əbu Bəkrin dövrünə aiddir.

Quranın təhrif olunduğunu düşünən qeyri-şiə alimlərinə misal olaraq, məşhur əs-Sünən kitabının müəllifi Əbu Davudun oğlu Abdullah ibn Əbu Davudun da adını çəkmək olar. O özünün əl-Məsahif kitabında “Həccac ibn Yusifin Qurana yazdıqları” və “Həccacın Osman müshəfinə etdiyi dəyişikliklər” kimi fəsillər ayırmışdır.

Hicrətin ilk əsrlərində yaşamış Əhli-sünnə alimi İbn Şənbuz (vəfatı: 940) Quranın təhrif olunduğunu söyləyir və onu fərqli şəkildə oxuyurmuş. (Xətib Bağdadi Ə. “Tarix Bağdad”, 1/296; İbn Xəllikan Ə. “Vəfəyat əl-əyan”, 4/299-300; Zəhəbi M. “Tarix əl-İslam”, 24/28) Sufi məsləkli olsa da, ən məşhur sünni alimlərindən olmuş İbn Ərəbi çoxlu ayələrin Osman müshəfində yer almadığını təəssüflə və açıq şəkildə söyləmişdir. (İbn Ərəbi M. “Əl-Futuhat əl-məkkiyyə”, 2/447) Onun sözlərindən iksir mislində olanları seçib toplamağa çalışmış və qətiyyətlə təsdiqləmiş başqa bir qeyri-şiə alimi Şərani isə yazırdı: “Əgər zəif qəlblərdə şübhə yaranmasaydı və hikmət ona layiq olmayanlara aşkarlanmasaydı, Osmanın topladığı Quranda yer almayan ayələrin hamısını açıqlayardım”. (Şərani Ə. “Əl-Kibrit əl-əhmər”, 285)

Sələfi etiqadlı Alusi təfsirində yazır ki, Osmanın xilafəti zamanı qiraətlər toplananda Zeyd ibn Sabit Əhzab surəsinin 23-cü ayəsini Xüzeymə ibn Sabitdən tapıb Qurana əlavə etmişdir, lakin belə kiçik əlavələr ciddi dəyişiklik sayılmır. (Alusi, 1/24) Bu isə ən yaxşı halda o deməkdir ki, Osmana qədər müsəlmanların əlində olan Quran tam deyilmiş və üstəlik, Quranın bəzi ayələri mütəvatir şəkildə deyil, vahid sənədlə bizə çatmışdır.

Və nəhayət, yenə sünni alimlərindən olmuş İbn Xətib Misri Quranın təhrif olunması barədə əl-Furqan kitabını yazmışdır. “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!” (Hicr/9) ayəsini Quranın sözlərinə deyil, məfhum və məzmununa aid edən İbn Xətib öz kitabında Həccac ibn Yusifin Quranın 12 yerində dəyişiklik etdiyini, bir ayədə işlənmiş sözü başqa bir ayədə işlənmiş sözlə əvəzlədiyini yazmışdır. (İbn Xətib M. “Əl-Furqan”, 50-52) Səhabələrin Quran ayələrini fərqli şəkildə oxumalarına dair misallara da bu kitabda geniş yer verilmişdir. (Yenə orada, 106-111)

Quranın təhrif olunduğunu düşünmüş, söyləmiş və ya təsdiq etmiş qeyri-şiə alimlərinin siyahısını uzatmaq da olar. Üstəlik, Şiə hədis kitablarının müəlliflərini ittiham edən məntiqlə yanaşsaq, Buxarini (810-870), Müslimi (815-875), sünən və müsnəd müəlliflərinin hamısını da buna əlavə edə bilərik. Lakin biz hansısa alimlərə, icma edilməyən, yekdilliklə qəbul olunmayan hansısa fikirlərə görə heç bir firqəni ittiham etmirik. Uyğun firqə alimlərinin böyük əksəriyyəti – oxunuşun nəsxinə dair fikirlərində yanlışa yol versələr də - belə alimlərlə razılaşmadıqlarını açıq şəkildə bildirmişlər. Misirdə əl-Furqan kitabı yazıldıqdan dərhal sonra öz məzhəbdaşları müəllifə sərt etirazlarını bildirmiş, sözügedən kitab yığışdırılıb məhv edilmiş və bu fikrə qarşı çoxlu əsərlər qələmə alınmışdır.

Əl-Əzhər alimlərindən olmuş Məhəmməd Mədəni şiələri təhrif düşüncəsində ittiham edənləri qınayaraq yazırdı: “Bir misirli 1948-ci ildə əl-Furqan adlı kitab yazıb Əhli-sünnə mənbələrində yer almış çoxlu saxta təhrif hədislərini qeyd etmişdi. Sonra həmin kitablar əl-Əzhərin tələbi ilə dövlət tərəfindən müsadirə olundu. İndi demək olarmı Əhli-sünnə Quranın müqəddəsliyini inkar edir və ya onun azaldığını düşünür?!” (Mədəni M. “Rəccə əl-bəs”, 382-383)





Yüklə 219,53 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin